Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Güclü dövlət olan Azərbaycan inkişafını öz hesabına təmin edir

Güclü dövlət olan Azərbaycan inkişafını öz hesabına təmin edir

17.07.2020 [08:29]

Prezident İlham Əliyev: İlin sonuna qədər qarşıda duran bütün vəzifələr icra edilməlidir
Qlobal pandemiyanın fəsadları dünya iqtisadiyyatında açıq-aydın hiss olunur. Dünya üzrə mal və xidmətlərə istehlakın azalması, əmək bazarına çıxış imkanlarının məhdudlaşması fonunda iqtisadi aktivlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Pandemiyanın davam etməsi ilə əlaqədar dünya iqtisadiyyatında resessiyanın nə vaxt başa çataraq iqtisadi artımla əvəz olunacağını tam təxmin etmək hələ də qeyri-mümkündür. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin aprel ayındakı proqnozunu iyun ayında 4,9 faizədək pisləşdirib.
Təbii ki, qlobal miqyasda müşahidə edilən mənfi proseslər məqsədyönlü siyasət sayəsində beynəlxalq birliyə six inteqrasiya edən Azərbaycana da öz mənfi təsirlərini göstərib. Cari ilin 6 ayında ölkə üzrə ümumi daxili məhsul istehsalında 2,7 faiz azalma müşahidə edilib. Bununla belə, iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlətimizin başçısının bildirdiyi kimi, ölkəmizdə vəziyyəti məqbul saymaq mümkündür. Son altı ayda ümumi iqtisadiyyatımızda müəyyən geriləmə müşahidə edilsə də, ayrı-ayrı istiqamətlər üzrə artıma nail olunub. Məsələn, bəhs olunan dövrdə respublikamızda kənd təsərrüfatı çətinliklərə baxmayaraq, 2,2 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 11 faizdən çox artıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində Azərbaycanla dünya ölkələri arasında müqayisə apararaq vurğulayıb: “Aparıcı beynəlxalq maliyyə qurumlarının verdiyi açıqlamaya görə, dünyanın 150 ölkəsindən çoxu maliyyə yardımı üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Azərbaycan öz inkişafını öz hesabına təmin edir”.
Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda lider ölkədir
Müəyyən çətinliklərlə müşayiət olunan qlobal pandemiya şəraitində Azərbaycanın dünyanın bir sıra digər ölkələri ilə müqayisədə dayanıqlılıq nümayiş etdirməsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu baxımdan BMT-nin bir qədər bundan əvvəl yaydığı “Davamlı inkişaf hesabatı - 2020” sənədi də istisna deyil. Sənəddən aydın olur ki, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedə yer alıb. O cümlədən Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə bir sıra istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olub. Bunlar səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət, güclü institutlar kimi istiqamətlərdir. Respublikamız “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur.
Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Ölkədə hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma müşahidə olunub. Sənəddə qeyd olunduğu kimi, bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir. BMT tərəfindən yayılan hesabatdan da göründüyü kimi, yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, respublikada mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfinədn də təsdiq olunur. Prezident İlham Əliyev respublikamızın BMT-nin yaydığı hesabatda irəliləməsini yüksək dəyərləndirərək “Bir rəqəmi də gətirmək istərdim. Bu yaxınlarda BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatı işıq üzü görüb. Bu hesabatda Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Onu da bildirməliyəm ki, bu göstəriciyə görə Azərbaycan regionda liderdir. Baxmayaraq ki, ümumi daxili məhsul bir qədər aşağı düşüb, bu da təbii səbəblər üzündən baş verib. Bütövlükdə ilin altı ayını müsbət qiymətləndirmək olar. İlin sonuna qədər qarşıda duran bütün vəzifələr icra edilməlidir”, - deyə bildirib.
İndiki mərhələdə postpandemiya dövrü üçün iqtisadiyyatın inkişafına real zəmin yaratmaq əsas vəzifədir
Pandemiya şəraitində yuxarıda qeyd olunan amillərə görə iqtisadiyyatın müəyyən qədər zəifləməsi təbiidir və bu, müvəqqəti xarakter daşıyır. İndiki mərhələdə postpandemiya dövründə iqtisadiyyatın inkişafına real zəmin yaratmaq əsas vəzifədir. Respublikamızda dövlət başçısının göstərişləri əsasında hazırlanan proqramlar və qəbul edilən qərarlar da məhz pandemiya şəraitində iqtisadiyyatın funksionallığının təmin edilməsinə və postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılmasına hesablanıb. “Əminəm ki, dünya iqtisadiyyatı pandemiyadan çıxmağa başlayan kimi, bizdə də bu sahədə vəziyyət bərpa olunacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, respublikamızda indiki mərhələdə iqtisadiyyatın funksionallığını qorumaq və postpandemiya dövrünə hazırlıq məqsədilə 3 əsas hədəf müəyyənləşdirilib. Bunlar makroiqtisadi sabitliyin gözlənilməsi, iş yerlərinin və məşğulluğun qorunması, məşğulluğun inkişafı və büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisiyaların dəstəklənməsindən ibarətdir. Dövlət başçısının tapşırığına uyğun olaraq İqtisadiyyat Nazirliyi 7 sektor üzrə - tikinti, dağ-mədən, rəqəmsal iqtisadiyyat, telekommunikasiya, kənd təsərrüfatı, emal sənayesi, daxili turizm, nəqliyyat, turizm və logistika olmaqla, müvafiq araşdırmaları başa çatdırmaq üzrədir. Nəticələr qısa müddət ərzində hər bir sektoral sahə üzrə hökumətə təqdim olunacaq.
Hazırda pandemiya və neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində müxtəlif istiqamətlər üzrə nəzərdə tutulan dəstək proqramları uğurla reallaşdırılır. Məlum olduğu kimi, iqtisadi artıma və sahibkarlığa dəstək Tədbirlər Planının mühüm istiqamətlərindən biridir. Qeyd olunan istiqamətlər üzrə aidiyyəti dövlət qurumları və müəssisələrin məlumatlarını özündə cəmləşdirən elektron məlumat portalı yaradılıb. Məlumatlar əsasında iqtisadiyyatda baş verən proseslərin operativ monitorinqi aparılır. Nəticələr hökumətə mütəmadi şəkildə təqdim olunur.
Respublikamızda bəhs olunan Tədbirlər Planı çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin və mikro sahibkarlıq subyektlərinin dəstəklənməsi böyük aktuallıq daşıyır. Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsaitin ödənilməsi təmin edilib.
Nazirlər Kabinetinin bəhs olunan iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı həyata keçirilən tədbirlər planı çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib: “Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir”.
Şəffaflığın təmin edilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir
Son illərdə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ardıcıl şəkildə həyata keçirilən islahatların böyük bir qismi kölgə iqtisadiyyatının aradan qaldırılmasına, bütün sahələrdə şəffaflığən təmin edilməsinə hesablanıb. Nəticə, əlbəttə ki, sevindiricidir. Prezident İlham Əliyev təkcə gömrük və vergi orqanlarında şəffaflığın təmin olunması hesabına büdcəmizə böyük həcmlərdə əlavə vəsaitlərin cəlb olunduğuna diqqət çəkərək vurğulayıb: “2015-ci ildə və bu ilin altı ayında idxalın həcmi eyni idi. Ancaq 2015-ci ildə gömrük orqanları 7 yüz milyon manat vəsait toplamışlar, bu il 2 milyard manatdan çox. Yəni, təxminən 3 dəfə çox. Nəyin hesabına? Şəffaflığın hesabına, qaçaqmalçılığa qarşı mübarizə hesabına, düzgün yanaşma nəticəsində. Əgər bu sahədə və vergilər sahəsində ciddi islahatlar aparılmasaydı, biz bu vəsaitdən məhrum olacaqdıq. Onda biz öz büdcəmizi nəyin hesabına təmin edə bilərdik? Ona görə bu sahədə aparılan islahatlar və real nəticələr bizim büdcə planlarımızın da tam şəkildə həyata keçirilməsinə imkan yaradır. Ona görə mən dəfələrlə demişəm ki, dövlət gəlirləri sahəsində tam şəffaflıq təmin edilməlidir. Sahibkarlar üçün elə bir şərait yaradılmalıdır ki, onlar artıq ağ iqtisadiyyata tam keçid edə bilsinlər. Onlar üçün artıq güzəştli dövr də təmin edilmişdir. Onlarla həm gömrük, həm vergi orqanları məsləhətləşmələr aparıblar, görüşlər keçiriblər, onlara izah edilib ki, dövləti aldatmayın və rahat yaşayın, gecənizi rahat yatın. Ona görə mən bu sahələrdə görülmüş işləri qiymətləndirirəm”.
Digər sahələrdəki göstəricilər gəlincə, ölkə üzrə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə də diqqət yetirmək yerinə düşər. Belə ki, bunların həcmi ötən ilin 5 ayına nisbətən cari ilin müvafiq dövrü üzrə 6,8 faiz artıb. Mütəxəssislərin də bildirdikləri kimi, resessiya şəraitində bu rəqəmlərin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31