Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ordusu öz üstünlüyünü növbəti dəfə nümayiş etdirdi

Azərbaycan Ordusu öz üstünlüyünü növbəti dəfə nümayiş etdirdi

18.07.2020 [01:14]

Prezident İlham Əliyev: Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar

İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllində maraqlı deyil. Düşmən tərəf müxtəlif manipulyativ hərəkətlərlə, o cümlədən də vaxtaşırı qoşunların təmas xəttində təxribat cəhdlərinə əl atmaqla münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesini pozmağa və işğal nəticəsində yaranan mövcud status kvonu qoruyub saxlamağa çalışır. Düşmən tərəf belə bir təxribata növbəti dəfə iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizə qəfil artileriya atəşi açmaqla əl atıb. Qoşunların təmas xəttində düşmənin növbəti təxribat cəhdlərinin qarşısı Azərbaycanın Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. Döyüşlərdə itkilər versək də, qarşı tərəfə sarsıdıcı zərbələr endirilib.

Ümumiyyətlə, respublikamız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi ədalətə və beyəlxalq hüquqa əsaslanaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına çalışır. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlətimizin başçısı ölkəmizin prinsipial yanaşmasını bir daha nəzərə çatdıraraq vurğulayıb: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir”.

Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Qoşunların təmas xəttində iyulun 12-dən başlayan təxribatların timsalında işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində ziddiyyətli mövqedən çıxış etdiyini bir daha görmək mümkündür. Ermənistanın rəhbərliyi bir tərəfdən, beynəlxalq ictimaiyyətə üz tutaraq qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək istəyir. Digər tərəfdən isə, düşmən ölkə hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə soxulmağa, mövqelərimizi zəbt etməyə uğursuz cəhdlər göstərir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Ermənistan rəhbərliyi bu dəfə də öz ənənəsinə sadiq qalaraq törətdiyi təxribatlara görə yalanlar uydurur, günahı növbəti dəfə Azərbaycanın üzərinə atmağa çalışır. Halbuki bunun heç bir məntiqi izahı yoxdur. Qoşunların təmas xəttində gərginliyin növbəti dəfə artmasının bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan rəhbərliyi dırnaqarası “Azərbaycan diversiyasını” əsaslandırmaq üçün çox ağılsız və özlərinin səviyyəsinə uyğun arqumentlər gətirib. Guya ki, Azərbaycanın hərbi qulluqçuları - iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd göstəriblər. Sual olunur: hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə, Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə gülünc “hərbi əməliyyat” keçirməz. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyinin gülünc iddialarla və göz yaşları tökməklə Azərbaycanı şərləmək cəhdlərinə bu dəfə də heç kim inanmayıb. Beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin verdikləri bəyanatlarda Ermənistana obyektiv olaraq açıq-aydın inamsızlıq və qınaq ifadə olunub. Axı erməni yalanı ortadadır. Əksinə, beynəlxalq təşkilatların və dünya dövlətlərinin bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək öz əksini tapıb. Beynəlxalq birlik tərəfindən separatizm kəskin şəkildə qınanılır, bunun təhlükəli presedentlər yarada biləcəyi nəzərə çatdırılır. Prezident İlham Əliyev bəhs olunan nitqində Azərbaycanın sağlam məntiqə, tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə bir daha diqqət çəkərək “Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur”, - deyə bildirib.

Qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının alınması məqsədilə Azərbaycan dövləti öz fəaliyyətini iki istiqamətdə qurub. Bir tərəfdən Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırıqları əsasında ordumuz düşmənin hərbi bölmələrinin atəş nöqtələrini susdurub, sərhədlərimizi qətiyyətlə qoruyub, şəhidlərimizin intiqamını alıb. Eyni zamanda, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti qurumlara göstəriş verilib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu diversiyası ilə əlaqədar məlumatlandırılsın və baş verənlər barədə onlara  dolğun məlumat çatdırılsın. “Mən dərhal Təhlükəsizlik Şurasının toplantısını çağırdım və orada qeyd etdim ki, operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir və bu təxribat nəticəsində həlak olanlar hansı ordunun əsgərləridir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Onu da qeyd etmək yerinə düşər ki, düşmənin hərbi bölmələrinin dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatlar Ermənistan dövlətinin faşist mahiyyətini bir daha ortaya qoydu. Belə ki, Ermənistanın silahlı qüvvələri 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mülki əhalidən canlı sipər kimi istifadə etməyə çalışır, digər tərəfdən isə, bizim yaşayış məntəqələrimizi, sosial infrastrukturu intensiv atəşə tutur. 76 yaşında ağsaqqal Əziz Əzizovun həlak olması, yaşayış məntəqələrində evlərin dağıdılması deyilənləri bir daha təsdiqləyir.

Döyüş mövqelərində düşmənə sarsıdıcı zərbələr endirilib

İşğalçı Ermənistanın silahlı bölmələri heç vaxt açıq döyüşlərdə qələbəyə nail olmayıblar. Eyni zamanda, indi ötən əsrin doxsanıncı illərinin əvvəlləri deyil. Ötən dövrdə, xüsusilə də son 17 ildə müasir ordu quruculuğu Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin proritet istiqamətlərindən birini təşkil edib. Bu gün Azərbaycan Ordusunun arsenalında ən müasir silah-sursat var. Eyni zamanda, respublikamızda yüksək standartlara cavab verən müdafiə sənayesi qurulub. Ordumuzun təchizatının əhəmiyyətli hissəsi məhz daxili istehsal hesabına təmin edilir. Paralel şəkildə kadr hazırlığı diqqət mərkəzində saxlanılır. Düşmənin son təxribatlarının qarşısının alınmasında müxtəlif ranqlardan olan hərbiçilərin, o cümlədən də general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin həlak olması bir daha onu göstərir ki, Azərbaycan Ordusunda ayrı-seçkilik yoxdur, lazım gəldikdə yüksək rütbəli zabitlərimiz də döyüşlərə atılırlar. Azərbaycan xalqı belə qəhrəman oğulları ilə fəxr edir.

Düşmənin dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi növbəti təxribatın cavabını da məhz Azərbaycanın güclü ordusu verib. Prezident İlham Əliyevin bildirdiyi kimi, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. “Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”, - deyə dövlətimizin başçısı vurğulayıb. Şəhidlərimiz olsa da, ordumuzun rəşadəti qürur doğurur. Verilən məlumata görə, çoxsaylı erməni hərbçisi öldürülüb, düşmənin hərbi birləşmələrinin sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi sıradan çıxarılıb, o cümlədən məlum postun da bütün infrastrukturu darmadağın edilib. Qarşı tərəfin itkiləri barədə məlumat verən Prezident İlham Əliyev bildirib ki, düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir.

Vurğulamaq yerinə düşər ki, işğalçı Ermənistan bundan əvvəl də qoşunların təmas xəttində təxribat cəhdlərinə əl atıb. Ancaq hər dəfə ordumuzun sayıqlığı nəticəsində belə təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmənə sarsıdıcı zərbələr endirilib. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Azərbaycan əsgərləri ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə giriblər və orada möhkəmləniblər. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi işğalçılardan təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur. Bütün bu kimi faktlar Azərbaycanın işğal faktı ilə heç vaxt barışmayacağını bir daha təsdiqləyir. Azərbaycan Ordusu düşmənin dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi növbəti təxribatın qarşısını qətiyyətlə almaqla zəfər salnaməsinə yeni bir qürur doğuran səhifə yazılıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31