Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ağdamın işğalından 27 il ötür

Ağdamın işğalından 27 il ötür

23.07.2020 [09:12]

İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının köməyi ilə Dağlıq Qarabağı zəbt etdikdən sonra bununla kifayətlənmədi. Azərbaycanın daha 7 rayonu düşmən dövlətin silahlı qüvvələrinin təcavüzünə məruz qaldı. Belə inzibati-ərazi vahidlərindən biri də Ağdam rayonudur. Bəhs olunan dövrdə Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən digər yaşayış məntəqələri kimi, Ağdama da düşmən hücumlarının ardı-arası kəsilmirdi. Nəhayət, 1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ağdam şəhəri süqut etdi. Artıq Ağdamın işğalından 27 il ötür.
Ağdam dağlıq və aran Qarabağın strateji əhəmiyyətə malik yaşayış məntəqəsi idi
Düşmənin uzun müddət ərzində Ağdamın işğalına can atması heç də təsadüfi deyildi. Bu, ilk növbədə o amillə bağlı idi ki, Ağdam həm dağlıq, həm də aran Qarabağın strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsi idi. Burada həyat daim qaynayırdı, insanlar çox fəal idilər. Düşmən tərəfi Ağdamı ilhaq etməklə Dağlıq Qarabağda qurulan separatçı rejimin təhlükəsizliyinə böyük təminat yaratmış oldu.
Qeyd edək ki, Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər rayonları ilə həmsərhəd olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Ümumi sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
Ulu Öndər Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində ötən əsrin 70-80-ci illəri Ağdamın da tarixinə inkişaf və tərəqqi dövrü kimi düşüb. Həmin dövrdə rayonda aqrar sektorun bir sıra gəlirli sahələri inkişaf etdirilib, yeni istehsal müəssisələri işə salınıb, çoxlu sayda təhsil, səhiyyə və digər təyinatlı sosial obyektlər istifadəyə verilib. Hazırda böyük bir hissəsi erməni işğalı altında olan rayonun 10 kəndi Azərbaycanın nəzarətindədir. Son 16 ildə həmin yaşayış məntəqələrində Prezident İlham Əliyevin göstəriş və tapşırıqları əsasında genişmiqyaslı quruculuq və yenidənqurma işləri aparılıb. Yeni infarstruktur layihələrinin icrası bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamlarına əsasən 2003-2014-cü illərdə rayonun ərazisində salınmış 18 qəsəbədəki evlərdə, 6937 məcburi köçkün ailəsi olmaqla, 26380 nəfərəhali yaşayır.
Ağdam sakinləri düşmənlə döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar
Ağdam Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən müharibənin çətinliklərinə ən çox məruz qalan yaşayış məntəqələrindəndir. Ağdam sakinləri 1988-ci ildən başlayaraq əvvəlcə Ermənistandan, sonradan isə Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınlara tərəddüdsüz qucaq açır, onların çətinliklərini bölüşürdülər. Eyni zamanda, ağdamlılar düşmənlə döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalıblar. Statistik rəqəmlər ağdamlıların qəhrəmanlıqları barədə konkret təsəvvür yaradır. Ermənistan silahlı birləşmələrinə qarşı döyüşlər zamanı rayonda 6 min nəfərə yaxın həmvətənimiz şəhid olub. Rayonun 16 Milli Qəhrəmanı var.
Düşmənin işğalı nəticəsində rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edilib, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq tamamilə məhv edilib. O cümlədən 143 min ağdamlı öz doğma yurdundan didərgin düşüb. Hazırda ümumi sayı 198.600 nəfər olan əhalinin 90 min nəfərə qədəri rayonun öz ərazisində yaşayır, 101 min nəfər məcburi köçkün isə respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdamın işğalı ilə güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgə itirildi.
Ağdamdan olan məcburi köçkünlər doğma yurd-yerlərinə qayıdacaqlarına böyük ümid bəsləyirlər
Ağdamın çoxlu sayda yaşayış məntəqəsi düşmən təcavüzünə məruz qalsa da, Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində rayonun tamamilə işğalına yol verilmədi. Azərbaycanın nəzarətində qalan ərazilərdə tezliklə infrastrukturun bərpasına başlanıldı. Ölkənin digər bölgələrində məskunlaşmaq məcburiyyətində qalan ağdamlıların rayonla əlaqələri bərpa olundu. Ulu Öndər ağdamlı məcburi köçkünlərin sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılmasına böyük diqqət göstərirdi. Bu məqsədlə təkcə 2001-2002-ci illər ərzində imzalanan üç Fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərini həll etmək üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılıb və bunun müqabilində 18 qəsəbə salınıb, 6076 mənzil tikilib, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilib, beş mindən artıq ailəyə birdəfəlik yardımlar göstərilib. Ulu Öndər Heydər Əliyevin 2001-ci ilin sentyabr ayında imzaladığı Fərmandan ağdamlı məcburi köçkünlər də bəhrələniblər. Belə ki, Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Erge ərazilərində inşa edilən 500 mənzillik qəsəbələr ağdamlılara dövlət tərəfindən göstərilən qayğının təzahürü idi. Qeyd olunan yaşayış məntəqələrində yüksək səviyyəli sosial infrastruktur qurulub.
Ağdamlılara qayğı siyasəti son 16 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Dövlət başçımızın 2004-cü ilin fevral ayının 4-də imzaladığı Ağdamda yeni qəsəbələrin salınması ilə bağlı Sərəncama əsasən, Bərdə və Ağcabədi rayonlarındakı çadır düşərgələrində və yük vaqonlarında müvəqqəti yerləşdirilən 3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi ərazisində yeni qəsəbələr salınıb, onlara maliyyə yardımı və torpaq sahəsi ayrılaraq məşğulluqları təmin edilib.
Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də, Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. Əsas məqam ondan ibarətdir ki, həm Ağdamın Azərbaycanın nəzarətində olan qəsəbələrdə, həm də respublikanın digər bölgələrində məskunlaşan ağdamlılar doğma yurd yerlərinin işğaldan azad ediləcəyinə və məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıdacaqlarına böyük ümid bəsləyirlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31