Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir

Prezident İlham Əliyev: Sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir

01.09.2020 [09:17]

Hücum diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycanın mövqeyini gücləndirib
Ötən əsrin doxsanıncı illərinin əvvəllərindən başlayaraq Ermənistan Azərbaycana qarşı təcəvüzkarlıq siyasətini davam etdirir. Ermənistan xarici havadarlarının köməyi ilə respublikamızın 20 faiz ərazisini, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu - Laçını, Kəlbəcəri, Ağdamı, Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı işğal edib. Forpost dövlətin işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı doğma ev-eşiyindən didərgin düşüb. Erməni silahlı qüvvələrinin Xocalda törətdiyi qətliyam XX əsrin bəşəri faciələrindən biri sayılır. Xocalıda 613 dinc sakin düşmən tərəfindən öldürülüb, mindən çox insan itkin düşüb. Bu insanların azərbaycanlı olmaları onların yeganə “günahı” idi. Ötən dövrdə ermənilər zor gücünə zəbt etdikləri Azərbaycan torpaqlarında misli görünməmiş vandalizm əməlləri törədiblər - yeraltı və yerüstü sərvətlərimizi talayıblar, maddi mədəniyyət abidələrimizi öznünküləşdirməyə çalışıblar və yaxud bu mümkün olmadıqda onları dağıdıblar.
İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan hazırda substantiv danışıqlardan çəkinərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirir və işğal məhsulu olan mövcud status-kvonu sonsuzluğa qədər uzatmağa çalışır. Eyni zamanda, forpost dövlət son vaxtlarda işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini daha da gücləndirib. Bundan başqa, düşmən qüvvələrinin iyulun 12-də və sonrakı günlərdə dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribata əl atmaları, mövqelərimizi, o cümlədən də sərhədə yaxın ərazilərdəki kəndlərdə mülki vətəndaşları, yaşayış evlərini artileriya atəşinə tutmaları onu göstərir ki, Ermənistan yeni əraziləri ələ keçirmək niyyətindədir.
Bütün bu deyilənlərin fonunda Azərbaycan diplomatiyasının üzərinə çox böyük missiya düşür. Xarici siyasətlə məşğul olan əlaqədar qurumlar, xarici ölkələrdəki nümayəndəliklərimiz, səfirliklərimiz, diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Ermənistan dövlətinin faşist mahiyyətinin, erməni vandalizminin ifşa edilməsində fəallıq göstərməlidirlər. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bütün bu kimi məsələlərə növbəti dəfə xüsusi diqqət çəkib. “Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın dövlət başçısı beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə dünya birliyinin nəzərinə çatdırır
Çoxşaxəli fəaliyyətində daim milli maraqlardan çıxış edən Prezident İlham Əliyev Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində də prinsipial yanaşma sərgiləyir. Azərbaycanın ədalətə və tarixi faktlara söykənən dəyişməz mövqeyini nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqının səbrinin həddi var. Ona görə danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.
Eyni zamanda, Azərbaycanın dövlət başçısı bütün beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini əsaslandırır, Ermənistanın işğalçılıq siyasətini, bu dövlətin faşist mahiyyətini qətiyyətlə dünya birliyinin nəzərinə çatdırır. Təkcə son vaxtlarda biz bir neçə mühüm beynəlxalq tədbirdə dövlətimizin başçısının Ermənistanın baş nazirini əsaslandırılmış faktlar qarşısında çıxılmaz vəziyyətdə qoyduğunun, ona əməlli-başlı tarix dərsi keçdiyinin şahidi olmuşuq. “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında baş verənləri xatırlayaq. Həmin toplantıda Azərbaycanın hücum diplomatiyasını əyani şəkildə nümayiş etdirən Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətinə, Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət çəkib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə bildirib.
Azərbaycan həqiqətlərinin dünya birliyinin diqqətinə çatdırılması, Ermənistan dövlətinin faşist mahiyyətinin faş edilməsi baxımından Türkmənistanın paytaxtı Aşqabad şəhərində baş tutan MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclası da xarakterikdir. Həmin iclasda dövlətimizin başçısı Ermənistana böyük diplomatik zərbə vurdu, desək, əsil həqiqəti ifadə etmiş olarıq. Məlum olduğu kimi, Ermənistan hakimiyyətinin siyasi iradəsi ilə Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl ucaldılıb. Kimdir bu şəxs? Yenə də tarixi faktlara müraciət edək. Adıçəkilən şəxs əslində qəhrəman deyil, o, zamanında çəsus kimi faşist ideologiyasına xidmət göstərib və buna görə də layiqli cəzasını alıb. Ermənistan dövlətinin Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl ucaltması ilə Dağlıq Qarabağda, Xocalıda, digər işğal edilmiş ərazilərdə sərgilədiyi insanlığa zidd əməllər arasında əslində bir bağlılıq var. Bu ona dəlalət edir ki, Ermənistanın siyasəti məhz faşizm ideologiyasından qidalanır.
“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”. Bu fikirləri isə dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə ifadə edib. Bəhs olunan panel müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məqamları diqqətə çatdıran Prezident İlham Əliyev diplomatik məharət göstərərək Ermənistanın baş nazirini küncə sıxışdırdı, onu dərsini yaxşı bilməyən uşaq durumuna saldı. “Beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir”, - deyə dövlətimizin başçısı panel müzakirələrdə qətiyyətlə vurğulayıb.
Beynəlxalq səviyyədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza tam təmin olunub
Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycanın mövqeyini gücləndirib. Həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamız beynəlxalq səviyyədə yüksək dəstək qazanıb. İndiyədək ayrı ayrı dövlətlər, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, İƏT, Qoşulmama Hərəkatı ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən sənədlər qəbul ediblər. Xatırlatmaq yerinə düşər ki, bu günədək heç bir ölkə və beynəlxalq təşkilat, həmçinin Ermənistanın özü də qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Bir müddət öncə separatçı rejim “DQR”də saxta prezident seçkiləri təşkil etdi. Ancaq həmin “seçkilər” də dünya miqyasında qəbul edilmədi və tanınmadı. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbuldakı çıxışında bütün bu kimi faktlara istinad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi bazanın formalaşdığını vurğulayıb. Bu xüsusda fikirlərini bildirən dövlətimizin başçısı deyib: “Son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Əgər münaqişə getdiyi dövrdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibsə, ondan sonrakı dövrdə bütün digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, NATO və digər təşkilatlar. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd var. Yəni, hüquqi baza tam təmin edilib”.
Biz yuxarıda Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatdan bəhs etdik. Həmin təxribatla bağlı işğalçı Ermənistana çox ciddi beynəlxalq qınaq göstərildi. Açıq-aydın görünür ki, forpost dövlətin yalançı göz yaşları axıtması, dünyanı aldadıb özünü məzlum kimi təqdim etməsi daha bir işə yaramır. Məlum olduğu kimi, düşmən tərəfin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısı alındıqdan sonra Ermənistan rəhbərliyi yenə də vay-şivən qopardaraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı, o cümlədən forpost dövlətin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına - KTMT-yə üz tutaraq bu qurumdan kömək istədi. Ancaq KTMT-dən heç bir bəyanat gəlmədi, qurum məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verməklə kifayətləndi.
Tovuz istiqamətində aparılan döyüşlərlə əlaqədar Azərbaycana gələn beynəlxalq dəstək isə kifayət qədər böyük oldu. İlk və daha güclü dəstək təbii ki, qardaş Türkiyə Respublikasından gəldi.
Eyni zamanda, əksər nüfuzlu beynəlxalq təşkilatlar da Tovuz döyüşləri ilə əlaqədar Azərbaycana birmənalı dəstəklərini nümayiş etdiriblər. Bu sırada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri müvafiq sənədlərin önəmini xüsusi qeyd edə bilrik.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 305 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31