Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib

Prezident İlham Əliyev: Son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib

09.09.2020 [09:00]

Ölkədə həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması sayəsində təhsil sahəsində də yeni keyfiyyət dəyişiklikləri yüksək səviyyədə təmin olunub
Son 17 ildə müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq dünyaya nümunəvi inkişaf modeli təqdim edib. Ölkəmizin bəhs olunan dövrdə yaxşı nəticələr qazandığı sahələrdən biri də təhsildir. Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq təhsilin inkişafı, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla zəngin maddi resursların insan kapitalına çevrilməsi, bütövlükdə intellektual cəmiyyət formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib və qarşıya qoyulan hədəflərə çatmaq üçün yeni nəsil islahatlar həyata keçirilib. Son nəticədə aparılan islahatlar, müasir infrastrukturun qurulması, müəllimlərin peşəkarlığının artırılması və digər belə mühüm tədbirlər ölkəmizin təhsil sistemində yeni keyfiyyət dəyişikliklərini təmin edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən hər bir ölkə üçün təhsilin inkişafını şərtləndirən amillərə diqqət çəkərək vurğulayıb: “Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır”.
Müasir infrastrukturun yaradılması ölkəmizdə təhsilin inkişafını şərtləndirən çox mühüm amildir
Ölkəmizdə təhsilin inkişafını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında da müasir infrastrukturun qurulmasının önəmini xüsusi qeyd edə bilərik. Məlum olduğu kimi, Azərbaycan dövləti ölkəmizdə infrastruktur təminatını dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırmağı hədəfləyib. Bu strateji xəttə uyğun olaraq son 17 ildə respublikamızda müxtəlif sahələrdə çoxlu sayda infrastruktur layihələrinin icrası yüksək səviyyədə təmin edilib, o cümlədən həm orta, həm də ali məktəblərin maddi-texniki bazası intensiv şəkildə möhkəmləndirilib, yeni təhsil müəssisələri inşa edilib və yaxud mövcud olanlar əsaslı şəkildə yenidən qurulub. Bu gün biz yeni yaradılan və ən yüksək standartlara cavab verən təhsil infrastrukturunun timsalında Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən ölkəmizin müasirləşdirilməsi siyasətinin real təzahürlərini görürük. Dövlətimizin başçısı ölkəmizdə təhsil infrastrukturunun yenilənməsindən məmnunluğunu bildirərək vurğulayıb ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib.
Qeyd etmək yerinə düşər ki, respublikamızda təhsil sahəsində infrastrukturun yenilənməsi bilavasitə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Ölkəmizin iqtisadi potensialının, maliyyə imkanlarının artmasına adekvat olaraq təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilən vəsaitlərin həcmi də getdikcə artırılır. Əlamətdar haldır ki, respublikamızda təhsil infrastrukturunun yenilənməsi çətin pandemiya şəraitində də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev 5 may 2020-ci il tarixində “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb. Bundan başqa, dövlət başçımız təkcə son vaxtlarda Masallı rayonunun Qızılağac, Balakən rayonunun Yeni Şərif, İsmayıllı rayonunun Sumağallı, Qobustan rayonunun Təklə Mirzəbaba, Qəbələ rayonunun Zarağan, Samux rayonunun Çobanabdallı, Ağcabədi rayonunun Sarıcalı, Tərtər rayonunun Xoruzlu kəndlərində, Gəncə, Şəki şəhərlərində və digər ünvanlarda yeni ümumtəhsil məktəbi binalarının tikintisi ilə bağlı tədbirlər haqqında, eləcə də Mingəçevir şəhərində 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalayıb. Hazırda bəhs olunan sərəncamların icrası istiqamətində intensiv iş aparılır.
Ölkəmizdə təhsil infrastrukturunun yenilənməsindən söhbət açarkən bu sahədə Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi reallaşdırılır. İndiyədək bu layihə üzrə ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb. Həmişə təhsilin inkişafına xüsusi həssaslıqla yanaşmış Ümummilli Liderimizin adını daşıyan Fond həmçinin “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verir.
Qarşıdan yeni dərs ili gəlir. Sevindirici haldır ki, ölkə üzrə çoxlu sayda məktəbli və tələbə növbəti dərs ilini yeni inşa olunan təhsil müəssisələrində qarşılayacaqlar. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni dərs ili ərəfəsində bir sıra yeni tikilən təhsil müəssisələrində yaradılan şəraitlə tanış olublar. Bu sırada dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ADA Universitetinin iki yeni korpusunun açılışını, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusunun istifadəyə verilməsini qeyd edə bilərik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni dərs ili ərəfəsində həmçinin paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Bundan əvvəl isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəb binasının, eləcə də Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Bütövlükdə, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir. Təhsil Nazirliyindən bildirilib ki, 2020-ci ilin sonunadək qurum tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək ki, onlardan da 60-ı modul tipli məktəbdir. Qeyd edək ki, Prezident İlham Əliyevin son aylarda imzaladığı sərəncamlara əsasən, ölkəmizin ayrı-ayrı bölgələrində yeni modul tipli məktəblərin inşasına əlavə vəsait ayrılıb. Dövlət başçımız vurğulayıb ki, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır.
Təhsil sahəsində islahatlar bundan sonra da davam etdiriləcək
Təbii ki, təhsil sahəsində qazanılan uğurlarla kifayətlənmək mümkün deyil. Zaman dəyişir və qarşıya daim yeni çağırışlar çıxır. Azərbaycan dövləti də ölkənin təhsil sistemini zamanın dəyişən tələblərinə adekvat şəkildə inkişaf etdirməyi hədəfləyib. Prezident İlham Əliyev Özünün qətiyyətli mövqeyini bildirərək vurğulayıb ki, təhsildə islahatlar dərinləşməlidir. “Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır”, - deyə dövlətimizin başçısı qeyd edib.
İndiki dövrdə milli təhsil sistemimizin ölkənin ümumi inkişafına və dünyadakı müasir trendlərə uyğunlaşdırılması çox vacib məsələdir. Əks halda təhsilimiz ümumi inkişafla ayaqlaşa bilməz. Məlum olduğu kimi, hazırda ölkəmiz dördüncü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. Nüfuzlu Davos İqtisadi Forumunda da bildirildiyi kimi, respublikamız regional sənaye mərkəzinə çevrilməkdədir. Eyni zamanda, bütün dünyada olduğu kimi, respublikamızda da rəqəmsallaşma tendensiyaları daha da artıb. Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edib. Paralel şəkildə, ölkədə bir sıra yeni sahələr üzrə kadrlara tələbat artır. Bu kimi yeni çağırışlar Təhsil Nazirliyinin, ali məktəblərin fəaliyyətində mütləq nəzərə alınmalıdır. “Bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son vaxtlarda respublikamızda yeni trendlərə uyğun olaraq təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi istiqamətində görülən tədbirlər təqdirəlayiqdir. Hazırda ölkə üzrə müvafiq peşə təhsili müəssisələrinə tələbələrin qəbulu şəffaflıq gözlənilməklə elektron qaydada iki mərhələdə aparılır. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Təhsil Nazirliyi sentyabrın 7-də Avropa İttifaqı, və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığına dəstək və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5.6 milyon avro dəyərində yeni layihəyə başlayıb. Layihənin məqsədi seçilmiş 7 peşə təhsili mərkəzinə innovativ layihələrin tətbiqi ilə infrastruktur, avadanlıqların müasirləşdirilməsidir. Habelə müxtəlif təlim və tədbirlərin dəstəklənməsi ilə Azərbaycanda peşə təhsili müəssisələrinin potensialı yüksəldiləcək. Peşə təhsili mərkəzlərində təhsil alan 5 mindən çox tələbə bu təşəbbüsdən faydalana biləcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 339 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31