Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bölgədə sabitlik və quruculuq dövrü başlayır

Bölgədə sabitlik və quruculuq dövrü başlayır

15.01.2021 [08:48]

Bölgədə yeni dövr başlayır - sabitlik və quruculuq dövrü. Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin şəxsində dövlət başçılarının imzaladığı üçtərəfli Bəyanat regionda sabitliyin təmin olunması və geniş quruculuq işlərinə başlanılması baxımından növbəti uğurlu addım oldu. Yerli və xarici ekspertlərin də vurğuladıqları kimi, bu Bəyanat bütövlükdə regionda iqtisadi, ticarət, humanitar və nəqliyyat əlaqələrinin bərpasına xidmət edir. Bəyanata əsasən, bundan sonra bu məsələlərin həlli ilə məşğul olmaq üçün hər üç ölkənin Baş nazirlərinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılacaq. Həmin İşçi Qrupuna 2021-ci ilin martın 1-nə kimi konkret mexanizm və vaxt çərçivəsi müəyyən etməklə regionda kommunikasiyaların açılması, iqtisadi və ticarət əlaqələrinin bərpa olunması tapşırılacaq. Bu, həm region dövlətlərinin, o cümlədən Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın, həm də digər dövlətlərin mənafeyinə uyğundur.
Beləliklə, Azərbaycanın bir çox siyasətçiləri və millət vəkilləri yanvarın 11-də Moskvada imzalanmış bu üçtərəfli Bəyanatı Azərbaycanın strateji maraqlarına uyğun sənəd kimi dəyərləndirirlər. Məsələn, millət vəkili Hikmət Babaoğlu bildirib ki, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli Bəyanat bizi strateji hədəflərimizə daha da yaxınlaşdırdı və regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.
Milli Məclisin sədr müavini Adil Əliyev isə deyib ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbə diplomatik meydanda da davam etdirildi. Adil Əliyev onu da bildirib ki, bu görüş - diplomatik müstəvidə qazanılmış bu qələbə ilə Azərbaycan yalnız Ermənistan tərəfinə yox, görüşlə bağlı qabaqcadan məntiqsiz fikirlər irəli sürən, uğurlarımıza kölgə salmağa cəhd edən bütün antimilli qüvvələrə də çox ciddi zərbə vurmuş oldu.
Beləliklə, artıq bölgədə dinc quruculuq və inkişaf dövrü başlayıb. Digər tərəfdən, 30 il blokada vəziyyətində qalan Naxçıvanla birbaşa avtomobil və dəmir yolu əlaqəsi yaranır ki, bu da muxtar respublikanın inkişafı, gediş-gəliş və yükdaşımaları ilə bağlı problemlərin aradan qalxması deməkdir. Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin işə düşməsi həm də Türkiyə ilə Naxçıvan vasitəsilə quru əlaqələrimizin yaranması deməkdir. Bu xəttin işə düşməsi nəticəsində Türkiyənin Azərbaycan üzərindən Türk dünyasına asan çıxışı təmin ediləcək.
Həmin üçtərəfli Bəyanat imzalanandan sonra dövlət başçılarının keçirdiyi birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün bu görüş çox vacib idi. Prezident İlham Əliyev demişdir: “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”.
Daha sonra Azərbaycan Prezidenti xüsusi olaraq vurğulamışdır: “Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək haqqında düşünməliyik”.
44 günlük Vətən müharibəsi həm də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Türkiyə ilə Azərbaycanın birliyi Vətən müharibəsindən sonra regionda yeni çoxtərəfli əməkdaşlıq imkanlarının yaradılmasına da təkan verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi “Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq”.
Dövlət başçısı onu da bildirb ki, biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq: “Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”.
Beləliklə, müharibədən sonra bölgədə yeni reallıqlar yaranıb və cənab Prezidentin də bəyan etdiyi kimi biz yeni bir işbirliyi formatını təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik. Təbii ki, bundan sonra Ermənistanın vəziyyəti bu ölkənin rəhbərlərinin atacağı addımlardan, verəcəyi qərarlardan birbaşa asılı olacaq.
Yeni dövrün ilkin addımları isə artıq işğaldan azad edilmiş torpaqlarda atılmaqdadır. Tezliklə, işğaldan azad edilmiş şəhər, rayon, kənd və qəsəbələrimizdə yeni yollar tikiləcək, dəmir yolları inşa ediləcək. Geniş quruculuq işləri aparılacaq, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılacaq. Biz Azərbaycan Prezidentinin əzmi, ölkəmizin qüdrəti sayəsində bu işləri lazımi səviyyədə həyata keçirəcəyik.
İLKİN ƏLİYEV
Gənc Politoloqlar Mərkəzinin sədri

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31