Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
22.01.2021 [21:24]
Prezident İlham Əliyev: Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq
Xəbər verildiyi kimi, 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycanla Türkmənistan arasındakı siyasi dialoqun bugünkü yüksək səviyyəsindən, hər iki ölkənin beynəlxalq səviyyədə bir-birinə qarşılıqlı dəstək göstərməsindən məmnunluq ifadə olunub. Bildirilib ki, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq hər iki dövlət öz imkanlarını təqdim edərək birgə səylərlə regional əməkdaşlığın möhkəmlənməsinə, Avrasiyanın nəqliyyat və enerji xəritəsinin yenidən formalaşmasına sanballı töhfələr verir. Azərbaycanla Türkmənistan karbohidrogen ehtiyatları ilə zəngin olan “Dostluq” yatağı üzrə bəhs olunan sənədi imzalamaqla Xəzərdə beynəlxalq hüquqa əsaslanan və hər iki ölkənin maraqlarına cavab verən yeni fəaliyyətin əsasını qoyublar. Görüşdə “Dostluq” yatağının birgə işlənməsinin önəminə diqqət çəkən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb: “Mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”.
Azərbaycan hər zaman Xəzər dənizində əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib
Bu gün Xəzəryanı ölkələr arasında möhkəm hüquqi bazanın olduğunu söyləmək mümkündür. Bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Məlumdur ki, Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin görüşləri 1992-ci ildən etibarən keçirilməyə başlayıb. Azərbaycan Respublikası hər zaman Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib və dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət göstərib. Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün iki və çox tərəfli formatlara üstünlük verilib. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunub. Bundan başqa, Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə edilib ki, bu da öz növbəsində, bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Prezident İlham Əliyev Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin önəminə diqqət çəkərək “Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb. Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik”, - deyə vurğulayıb.
Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində bütün dünyada məşhur olan transmilli şirkətlərlə Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında tarixə “Əsrin müqaviləsi” kimi düşən sənəd imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Xəzərin mineral sərvətlərindən istifadə üçün dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmuş, bu istiqamətdə dənizdə beynəlxalq əməkdaşlığa yol açılmışdır. “Əsrin müqaviləsi”ndən sonra Xəzər dənizinin zəngin resurslarının işlənməsinə dair yeni kontraktlar imzalandı. Hazırda əksər region dövlətləri, eləcə də Avropanın ayrı-ayrı ölkələri özlərinin enerji təhlükəsizliyini respublikamızın təşəbbüsü və fəal iştirakı ilə yaradılan şaxələndirilmiş mənbələr və dəhlizlər vasitəsilə təmin edirlər.
“Dostluq” yatağının işlənməsi layihəsi Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Azərbaycanda neft sənayesinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çox haqlı olaraq Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində dönüş mərhələsi kimi dəyərləndirilir. Ötən əsrin yetmişinci illərinə qədər Xəzərdə istifadə olunan texniki vasitələr yalnız dənizin dərinliyi 40 metrə qədər olan sahələrində işləməyə imkan verirdi. 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar - qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr gətirilib. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yaradılıb və keçmiş SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər əməliyyatların aparılmasını Azərbaycan neftçilərinə həvalə edib. Dənizin 200 metr dərinliyindəki sahələrdə işləyə bilən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranıb. Beləliklə, 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanıb, 1979-cu ildə “Günəşli”, 1985-ci ildə “Çıraq”, 1988-ci ildə “Azəri” yatağı aşkar edilib. Ümumiyyətlə, Xəzər dənizində geoloji-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynamışlar.
Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yataq zəngin neft-qaz ehtiyatlarına malikdir. Sonradan rəmzi olaraq “Dostluq” adı verilən bu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq keçmiş SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.
Keçmiş SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb.”Dostluq” yatağı bizim neftçilər tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətt koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli məqsədilə etibarlı zəmin formalaşdırıb. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il tarixlərində Türkmənistana səfərləri baş tutub. Eləcə də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il tarixlərində ölkəmizdə səfərdə olub.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl respublikamızın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. “Dostluq” yatağının işlənməsi üzrə memorandumun imzalanması ilə dövlət başçısının verdiyi mesaj həyatda öz təsdiqini tapdı. Bu layihə Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl infrastrukturu, ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi önəmi artacaq. Memorandumun imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından çox önəmli addımdır. Sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Eyni zamanda, bu layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti vardır. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Memorandum Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır. Layihənin önəmindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.
Çox doğru olaraq 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə toplantısı ərəfəsində bu memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında münasibətlərin, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin təsdiqidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

