Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Azərbaycanın qazandığı Zəfərin sadəcə Türk dünyası üçün deyil, bütün dünya üçün önəmi böyükdür”

“Azərbaycanın qazandığı Zəfərin sadəcə Türk dünyası üçün deyil, bütün dünya üçün önəmi böyükdür”

27.04.2021 [08:38]

Bu gün dünyanın diqqəti Cenevrədə olacaq. Belə ki, 27-29 aprel tarixlərində bu şəhərdə “5+BM” formatında keçiriləcək qeyri-rəsmi toplantı Kipr adasının gələcəyi baxımdan əhəmiyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatının himayəsində keçiriləcək toplantıya Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Kiprin rum kəsimi ilə yanaşı, Türkiyə, Böyük Britaniya və Yunanıstan da qatılacaq. Bəs Kipr türkləri bu toplantıdan nə gözləyirlər? Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatarın “Yeni Azərbaycan” qəzetinə verdiyi özəl müsahibəsində həm bu, həm də digər məqamlara aydınlıq gətirilib.
- Cənab Prezident, Kipr adasının gələcəyinə dair BMT çərçivəsində aparılan müzakirələrin son durumu ilə bağlı nə deyə bilərsiniz?
- Qeyd edim ki, Kipr türkləri olaraq mövqeyimiz qətidir. Bundan sonra adada hər hansı federasiyanın yaranması qeyri-mümkündür. Çünki federasiya ilə bağlı uzun illər davam edən müzakirələrə rum tərəfinin 2004-cü ildə keçirilən “Annan Planı” ilə bağlı referendum zamanı, xüsusilə də 2017-ci ildə Crans Montanada sərgilədiyi uzlaşmaz mövqe ucbatından son verilib. Yəni Kipr türk xalqı olaraq hesab edirik ki, problemin həlli üçün ortaya yeni ideya qoyulmaldır. Bu yeni həll təklifinin mərkəzində suveren iki dövlətə əsaslanan razılaşma dayana bilər. Bu təklifimiz bölgənin ən böyük və ən güclü ölkəsi olan ana vətənimiz Türkiyə tərəfindən də dəstəklənib. Prezident seçkiləri kampaniyası zamanı açıqladığım və mənim qalib gəlməyimlə xalqımızın da buna dəstək verdiyi təsdiqlənən yeni həll təklifi həm ŞKTC, həm Kipr adası, həm də bütövlükdə, bölgəmiz üçün olduqca önəmlidir. Bütün dünya bilsin ki, xalqımız bundan sonra daha 50 il də nəticəsiz müzakirələrin davam etməsini istəmir. Onu da deyim ki, bu yeni təklif böyük əks-səda doğrurub və türk tərəfinin “5+BM” qeyri-rəsmi toplantısının keçirilməsi ideyası BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən də dəstəklənib. Cənab Quterreş “yeni fikirlərə açıq və tərəfləri dinləməyə hazır olduğunu” bəyan edib. Beləliklə, 27-29 aprel tarixlərində Cenevrədə keçiriləcək “5+BM” qeyri-rəsmi toplantısının məqsədi BMT Baş katibinin söylədiyi kimi Kipr adasındakı tərəflər arasında davamlı, ədalətli və qəbul edilməsi mümkün olan müzakirələrin başlaya bilməsi üçün ortaq zəminin olub-olmadığını müəyyən etməkdir. Heç şübhəsiz ki, danışıqlar masasında ana vətənimiz Türkiyənin də olması bizim gücümüzə böyük güc qatacaq. Ölkəmizin, xalqımızın və yetişən gənc nəsilin gələcəyini qeyri-müəyyənliklər içərisində təhlükəyə ata bilmərik. Xalqımızın bir daha 1974-cü ildən öncəki qaranlıq günlərə geri dönməsinə heç zaman imkan verməyəcəyik.
- Sizin Prezident seçilməyinizdən sonra ŞKTC-yə əlavə güc, əlavə ruh gəlib. Hazırda daxili və xarici siyasətdə qətiyyətli mövqe sərgilənir. Bəs ŞKTC-nin iqtisadi və maliyyə imkanlarının güclənməsi ilə bağlı hansı layihə və proqramlarınız var? Bu istiqamətdə Türkiyə ilə birgə atılan addımlara dair fikrinizi də bilmək maraqlı olardı...
- ŞKTC iqtisadiyyatının təməl daşlarını turizm və ali təhsli kimi xidmət sektoru təşkil edir. Xarici ölkə vətəndaşlarının bizdə ali təhsil alması üçün ali təhsil proqramı hökumət tərəfindən hərtərəfli şəkildə dəstəklənir. Məhz bunun nəticəsidir ki, ŞKTC ali təhsil üçün münbit bir məkan kimi qəbul edilməkdədir. Ölkəmiz, eyni zamanda, Şərqi Ağ dənizdə önəmli və cazibəsi hər keçən gün daha da artan istirahət məkanıdır. Biz, xüsusilə bu iki sektora xarici sərmayənin qoyulması üçün davamlı addımlar atırıq. Otel və konfrans turizmi, xüsusi sahələrlə bağlı turizm, sağlamlıq turizmi və aqrar sənaye ölkəmizdə xarici sərmayədarları gözləyən və onlar üçün əlverişli imkanlar vəd edən sahələrin bir qismidir. Onu da deyim ki, ŞKTC-yə sərmayə qoymaq istəyən qardaş ölkədən gələcək iş adamlarına qapımız hər zaman açıqdır və onlara hər cür dəstəyi verməyə hazırıq. Bildiyiniz kimi, on illərdir ŞKTC-yə tətbiq edilən haqsız təcrid siyasəti var. Buna görə də birbaşa ticarət məsələsində problemlərlə üzləşirik. Bu istiqamərtdə ana vətənimiz Türkiyənin bizə dəstəyini heç zaman unutmayacağıq. Ölkəmizdə, xüsusilə də rabitə və nəqliyyat kimi infrasturktur sahələrinin inkişafı üçün Türkiyə tərəfindən sərmayələr qoyulur. Yeri gəlmişkən, 2019-cu ildən etibarən bütün dünyanı cənginə alan COVID-19-un səbəb olduğu çətin zamanlarda belə Türkiyənin sarsılmaz dəstəyinin bir daha şahidi olduq. Türkiyə vaxt itirmədən ŞKTC-yə tibbi ləvazimat, tibbi heyət göndərdi, ŞKTC-də qısa zamanda pandemiyalı xəstələrin müalicəsi üçün bir yeni xəstəxana tikdi. Mən yaradılan bu fürsətdən istifadə edərək həmin ağır dönəmlərdə də Kipr türk xalqının rifahı naminə atılan bu addımlara görə Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana bir daha dərin təşəkkürümü bildirirəm.
- Siz ali təhsil məsələsinə toxundunuz. Məlum olduğu kimi, Azərbaycanda bəlli sayda gənclər ŞKTC-dəki ali məktəblərdə burslu təhsil alırlar. Bəs bu istiqamətdə gələcəkdə hansısa yeniliklər gözlənilirmi?
- Dediyim kimi, ali təhsil ŞKTC iqtisadiyyatının ən önəmli sahələrindən biridir. Hazırda ölkəmzidə 100 minə yaxın xarici tələbə təhsil alır və onların yüzlərcəsi Azərbaycandan gəlir. Dövlətimizin ayırdığı təhsil bursları ilə ŞKTC-də ali təhsil alan tələbələr arasında azərbaycanlı tələbələr də var. Ali təhsillərini tamamlayıb vətənlərinə dönən həmin gənclər Azərbaycanda ŞKTC-nin daha yaxından tanıdılması üçün önəmli rol oynayırlar. Onu da deyim ki, bu tələbələrin bir qismi ŞKTC-də qalıb işləməyə üstünlük verə bilərlər. Və biz onlara da hər cür dəstək verməyə hazırıq. Hesab edirəm ki, ölkələrimiz arasında təhsil sahəsində sıx əməkdaşlıq qurula bilər. Məsələn istər tələbələr, istərsə də elmi dərəcə almaq istəyənlər qarşılıqlı olaraq ölkələrimizin mədəniyyəti, tarixi, siyasi həyatı ilə bağlı elmi araşdırmalar apara bilərlər.
- Cənab Prezident, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini necə dəyərləndirirsiniz? Bu qələbə Türk dünyası üçün hansı önəm kəsb edir?
- Azərbaycanın işgal altındakı torpaqlarını azad etmək üçün apardığı şərəfli mübarizə nəticəsində möhtəşəm Zəfər qazanmasını Kipr türk xalqı böyük bir sevinclə qarşıladı. Azərbaycanlı qardaşlarımıza bu müharibə müddətində mənəvi dəstək verdik. Kipr türklərinin Azərbaycanla bir könül bağı vardır. Mövcud könül bağının verdiyi güclə hər zaman can Azərbaycanın yanında olmağa davam edəcəyik. ŞKTC, Türkiyə və Azərbaycan “bir millət üç dövlət” olaraq hər zaman birlikdə olacaq. Azərbaycanın qazandığı Zəfərin sadəcə Türk dünyası üçün deyil, bütün dünya üçün önəmi böyükdür. Beynəlxalq qanunlar əsasında da hər zaman Azərbaycan ərazisi kimi tanınan bu torpaqları işağldan azad etməklə Azərbaycan həm də bu vaxta kimi münaqişə ilə bağlı qəbul edilmiş BMT-nin qətnamələrinin icrasını təmin etmiş oldu.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31