Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq

Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq

20.05.2021 [09:28]

Prezident İlham Əliyev: Şuşanın azad edilməsi günü - 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik
Uca dağlar qoynunda yerləşən Şuşa hər bir azərbaycanlı üçün son dərəcə əziz, xüsusi məna kəsb edən bir şəhərdir. Bizi qədim tarixə malik olan bu yaşayış məskəninə sıx mənəvi tellər bağlayır. Şəhərin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub. O vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. İşğal dövründə ermənilər Şuşanın aurasını dəyişməyə, şəhərin simasından azərbaycanlı izlərini silməyə, buradakı tarixi dini-mədəniyyət abidələrini özününküləşdirməyə çalışsalar da, istəklərinə nail ola bilmədilər. Bəli, mənfur düşmən tərəfindən şəhərdə çoxlu sayda tikili, o cümlədən tarixi abidələr dağıdıldı, məscidlərimiz təhqirlərə məruz qaldı. Ancaq 28 il yarım əsarətdə qalan Şuşa öz əzəmətini, ab-havasını, milli Azərbaycan ruhunu qoruyub saxladı. Prezident İlham Əliyev cari il mayın 12-13-də keçirilən “Xarıbülbül” musiqi festivalının açılışındakı çıxışında Şuşanı Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirərək qətiyyətlə bildirib ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. “Şuşanın azad edilməsi günü - 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Alınmaz qala olan Şuşanın işğaldan azad edilməsi ayrıca bir qəhrəmanlıq dastanıdır
Son üç onillik ərzində Azərbaycan dövləti və xalqımız heç vaxt ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə barışmadı. Ötən dövrdə artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması məsələsi daim Azərbaycanın gündəliyinin mərkəzində dayanırdı. Prezident İlham Əliyev həm respublika daxilində, həm də xaricdə qatıldığı müxtəlif tədbirlərdə Azərbaycanın haqsızlıqla üzləşdiyini, Ermənistanın işğalçılıq siyasəti apardığını Özünə xas olan yüksək diplomatik məharətlə diqqətə çatdırırdı. Dövlət başçımız həmişə qətiyyətlə bildirirdi ki, ölkəmiz özünün ərazi bütövlüyünü istənilən yolla təmin edəcək.
Azərbaycan düşmənin işğalçılıq siyasətinə öz Ordusunun gücü ilə son qoydu. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirərək işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoydu. 44 günlük müharibədə Ordumuzun qazandığı şanlı qələbə sayəsində tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Müharibənin hər günündə Silahlı Qüvvələrimizin əsgər və zabitləri misilsiz şücaətlər göstərdilər və daim irəli getdilər. Verilən məlumatlara görə, müharibə zamanı düşmənin hərbi birləşmələrində təxminən 10 min əsgər və zabit fərarilik edərək döyüş mövqelərindən qaçıb. Azərbaycan Orusunda isə bir dənə də olsun belə fakt qeydə alınmayıb.
Ümumiyyətlə, Vətən müharibəsində Azərbaycan Ordusu dünya hərb tarixinə bir sıra yeniliklər gətirdi. Hazırda ayrı-ayrı ölkələrdə hərbi mütəxəssislər respublikamızın 44 günlük müharibədə tətbiq etdiyi innovasiyaları, taktiki və strateji planlaşdırmaları, əməliyyatların uzlaşdırılmasını, az itkilərlə daha böyük üstünlüklər qazanmasını araşdırmaqla məşğuldurlar. Noyabrın 8-də Şuşanın xüsusi əməliyyatla geri qaytarılması Vətən müharibəsinin ayrıca bir səhifəsidir. Şuşa uğrunda döyüşlər müharibənin taleyini böyük dərəcədə həll etdi. Şuşanın işğaldan azad edilməsinin önəminə diqqət çəkən Prezident İlham Əliyev deyib: “300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın - alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi”.
Ertəsi gün Azərbaycanın Silahlı Qüvvələri daha 70-dən çox yaşayış məntəqəsini, bir sıra strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etdi. Artıq aydın görünürdü ki, işğalçı Ermənistanın hərbi resursları tamam tükənib və müharibəni davam etdirmək iqtidarında deyil. Beləliklə, döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üzləşən düşmən noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın şərtlərinə əsasən, formalaşdırılıb. Bəhs olunan sənədlə üzərinə bir sıra öhdəliklər götürən işğalçı Ermənistan sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz geri qaytardı. Vətən müharibəsində qazanılan şanlı qələbə xalqımızın tarixində əbədi qalacaq.
Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq bəhs olunan ərzilərdə bərpa işlərinə, zəruri infrastrukturun qurulması ilə bağlı layihələrin icrasına start verilib. Şübhə yoxdur ki, güclü dövlət olan Azərbaycan işğaldan azad olunan ərazilərimizə, o cümlədən də Şuşa şəhərinə Böyük Qayıdışı yüksək səviyyədə təmin edəcək.
Şuşanın tarixi ənənələri, dini-mədəni abidələri bərpa olunur
Şuşa şəhəri həmişə Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri kimi tanınıb. Çox haqlı olaraq bu şəhəri obrazlı şəkildə “Azərbaycan mədəniyyətinin beşiyi” də adlandırırlar. Hələ 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 1992-ci il mayın 8-i tarixinədək - Şuşa şəhəri işğal altına düşənədək burada müntəzəm qaydada musiqi festivalları, “Vaqif” poeziya günləri təşkil olunurdu. Bu qəbildən olan tədbirlər, bir qayda olaraq, qonaqlı-qaralı keçir və əsl mədəniyyət bayramına çevrilirdi.
İşğal dövründə Şuşanın bu kimi gözəl ənənələrinə son qoyuldu. Mənfur düşmən bütün digər işğal edilmiş ərazilərimizdə olduğu kimi, Şuşada da xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. O cümlədən şəhərdəki tarixi abidələr ya dağıdılıb, ya da onların əvvəlki simaları dəyişdirilib, divarlara yeni erməni “izləri” yamaq edilib.
Artıq gözəl, əziz Şuşamızın yeni növrağı başlayıb. Şəhərin tarixi ənənələri, dini-mədəni abidələri bərpa olunur. Prezident İlham Əliyev Şuşanın bərpa olunmasına xüsusi həssaslıqla yanaşır. Dövlət başçımız 7 may 2021-ci il tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Müharibə başa çatandan sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə üç dəfə Şuşaya səfərə gəlib, burada müxtəlif tədbirlərə qatılıb, icrası nəzərdə tutulan layihələrlə tanış olub və Özünün dəyərli tövsiyələrini verib. Səfərlərinin birində Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin üç görkəmli simasının - Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın vaxtilə erməni vandalları tərəfindən güllələnən heykəllərini tarixi məkanlarına - Şuşaya gətirib. Şuşanın Cıdır düzündə dövlətimizin başçısının təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan “Xarıbülbül” festivalı əsl musiqi bayramına çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festivalda iştirak ediblər. Azərbaycanda yaşayan müxtəlif xalqların yaradıcı qruplarının qatıldıqları festival müharibədən sonra Şuşada keçirilən ilk musiqi tədbiridir. Prezident İlham Əliyev festivalın açılışındakı çıxışında Şuşada belə bir tədbirin keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirərək vurğulayıb: “Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”.
Gələcəkdə qədim Şuşada “Xarıbülbül” festivalı hər il keçiriləcək. Bundan başqa, “Vaqif” poeziya günləri də bərpa olunacaq. Hazırda dahi şairin işğal dövründə ermənilər tərəfindən dağıdılan məqbərəsi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur.
Şuşada bərpa proqramı çərçivəsində işğal dövründə ermənilərin dağıtdıqları və yaxud təhqirlərə məruz qoyduqları məscidlərin bərpası, həmçinin yenilərinin tikilməsi nəzərdə tutulub. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev beş il bundan əvvəl işğaldan azad olunan Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarını tikdirmişdi. Həmin məscidin açılışına qatılan dövlətimizin başçısı demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. İndi həmin günlərə şahidlik etmək bizə sonsuz qürur hissi bəxş edir. Artıq Şuşadakı Yuxarı Gövhərağa məscidinin bərpası tamamlanıb. Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyulub. Eyni zamanda, ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağına suyun verilməsi təmin olunub. Ümumiyyətlə, hazırda Şuşanın bərpası ilə bağlı icra olunan layihələrin sayı kifayət qədər çoxdur. Layihələr şəhərin tarixi simasının qorunması prinsipi ilə həyata keçirilir. Bütün bunlar böyük rəmzi məna daşıyır - bir tərəfdən Azərbaycan dövlətinin gücünü nümayiş etdirir, digər tərəfdən isə dövlətimizin, xalqımızın tarixi keçmişimizə, zəngin mədəniyyətimizə həssas münasibətini ifadə edir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31