Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan COVID-19-un mənfi təsirlərini minimuma endirmək və vəziyyəti nəzarətdə saxlamaq üçün bütün zəruri tədbirləri görüb

Azərbaycan COVID-19-un mənfi təsirlərini minimuma endirmək və vəziyyəti nəzarətdə saxlamaq üçün bütün zəruri tədbirləri görüb

03.06.2021 [09:00]

Prezident İlham Əliyev: Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır
Ötən il və cari ilin əvvəlindən bəri dünyanın əksər ölkələrinin mənzərəsi yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə ilə səciyyələnib. Bu baxımdan öz siyasətini daim milli maraqlar və meydana çıxan yeni qlobal çağırışlar əsasında quran Azərbaycanın da həyatı istisna olmayıb. Ölkəmizdə COVID-19 infeksiyasına ilk yoluxma faktı qeydə alınan andan etibarən Azərbaycan dövləti təhlükəli xəstəliklə mübarizə məsələsinə həssas yanaşma sərgiləyib və özünün çətin vaxtlarda ölkə vətəndaşlarının yanında olmaq ənənəsinə sadiq qalıb. Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq ölkənin bütün əlaqədar qurumları pandemiyaya qarşı mübarizədə koordinasiyalı fəaliyyət göstərirlər ki, bu da reallaşdırılan tədbirlərin səmərəliliyini daha da artırır. Azərbaycanın dövlət başçısı Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda təqdim olunan çıxışında ölkəmizdə qlobal pandemiyaya qarşı milli səviyyədə görülən mübarizə tədbirlərindən ətraflı bəhs edib. “Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanıdır. Qurumun “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib.
Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılıb
Məsuliyyətli dövlət olan Azərbaycanın yeni növ koronavirus xəstəliyinə qarşı mübarizə gündəliyində bir sıra aktual məsələlər yer alıb. Burada insanların sağlamlığının qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi isə əsas prioritetlər kimi müəyyənləşdirilib. Vurğulamaq yerinə düşər ki, Azərbaycan pandemiyaya qarşı geniş əhatə dairəsinə malik olan mübarizə tədbirlərini sırf daxili imkanlarına, o cümlədən də son 17 ildə qurulan müasir səhiyyə infrastrukturuna əsaslanmaqla həyata keçirib. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq səhiyyə sahəsində müasir çağırışlarla səsləşən islahatlar aparılıb, böyükhəcmli dövlət əsaslı vəsait qoyuluşu hesabına 600-dən çox xəstəxana tikilib və yaxud yenidən qurulub. Belə güclü səhiyyə infrastrukturu ölkəmizin pandemiyaya qarşı mübarizə imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmizin səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir. Ölkədə elektron səhiyyə platformasının əhatə dairəsi genişləndirilir və rəqəmsallaşma uğurla təmin edilir. Azərbaycanı fərqləndirən cəhət ondan ibarətdir ki, ölkəmizdə daha çox sayda yeni növ koronavirus xəstəsi məhz stasionar şəraitdə müalicə almaq imkanına malikdir. Bütövlükdə, respublikamızda pandemiya şəraitində koronavirus xəstələrinin müalicəsi məqsədilə 46 xəstəxana ayrılıb. Bunlar ölkənin ən yaxşı xəstəxanalarıdır. Eyni zamanda, respublikamızda səhiyyə infrastrukturunun möhkəmləndirilməsi pandemiya şəraitində də davam etdirilir. 2020-ci ilin əvvəlindən bəri Prezident İlham Əliyev bölgələrə səfərləri çərçivəsində bir neçə xəstəxananın açılışında şəxsən iştirak edib. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə modul tipli xəstəxanalar yaradılıb. Beləliklə, Azərbaycan çox qısa müddətdə koronavirus xəstələrinin keyfiyyətli müalicəsini təmin etmək üçün ölkə ərazisində çarpayı sayını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Ölkəmizin bu üstünlüyünü nəzərə çatdıran Prezident İlham Əliyev “Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır”, - deyə vurğulayıb.
COVID-19-un səmərəli müalicəsində erkən və dəqiq diaqnostika mühüm rol oynayır. Bu baxımdan da Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Vaxtilə Azərbaycanda cəmi 6 laboratoriya fəaliyyət göstərirdi. Pandemiya şəraitində artan tələbatı qarşılamaq, xəstəliyi erkən mərhələdə və dəqiq müəyyənləşdirmək məqsədilə ölkə üzrə yeni müasir laboratoriyalar quraşdırılıb. Artıq respublikamızda 30-dan çox belə laboratoriya fəaliyyət göstərir. Pandemiya dövründə respublikamızda tibbi maska, dezinfeksiyaedici vasitələr və xüsusi geyimlər istehsalının qaydaya salınması da böyük uğurdur.
Yuxarıda vurğuladığımız kimi, pandemiya dövründə Azərbaycanın gündəliyində əhalinin sosial müdafiəsinin təmin edilməsi xüsusi yer tutub. Əlamətdar haldır ki, pandemiya dövründə respublikamızda heç bir sosial layihə ixtisara salınmayıb. Reallaşdırılan sosial dəstək tədbirləri isə təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edib. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev deyib: “COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir”.
Hazırda respublikamızda cari ilin yanvarından başlayan peyvəndləmə prosesi uğurla davam etdirilir. Artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu o deməkdir ki, indiyədək ölkə əhalisinin 20 faizinə peyvənd vurulub. Hazırda respublikamızda 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir.
Respublikamızda COVID-19 pandemiyasına qarşı milli səviyyədə həyata keçirilən belə əhatəli mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır”, - deyə bildirib.
Ölkəmizdə pandemiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri öz müsbət nəticəsini verir. Artıq xeyli müddətdir ki, respublika miqyasında COVID-19-a yoluxma sayında kəskin azalma müşahidə edilir. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır.
Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini həmişə təbliğ edib
Yeni növ koronavirus pandemiyasının dünyada yayılma arealı kifayət qədər genişdir – təhlükəli xəstəlik qısa müddətdə 200-dən çox ölkəni əhatə edib. Dünya üçün ciddi təhdidlər yaradan belə təhlükəli pandemiyaya qarşı qlobal səylər əlaqələndirilməlidir. Yalnız bu yolla pandemiyaya qarşı mübarizədə qalib gəlmək mümkündür. Öz növbəsində COVID-19 pandemiyasına qarşı milli səviyyədə kifayət qədər səmərəli mübarizə aparan respublikamız bu sahədə beynəlxalq səylərin də əlaqələndirilməsinə davamlı töhfələr verməyə çalışır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
Vurğulamaq yerinə düşər ki, Azərbaycan pandemiya şəraitində qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantıları və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirilib. Xatırladaq ki, Azərbaycanın BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində qlobal pandemiyaya qarşı mübarizəyə həsr olunan Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü bütün qitələrdən olan 150 dövlət tərəfindən dəstəklənib. Yalnız işğalçı Ermənistan ölkəmizin xoş niyyətə əsaslanan bu təşəbbüsünə qarşı çıxdı.
Azərbaycanın qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə yönələn səylərindən biri isə dünya miqyasında vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi ilə bağlıdır. Respublikamız bəzi ölkələrin ehtiyaclarından bir neçə dəfə artıq peyvəndə sahiblənmələrini, inkişaf etməkdə olan ölkələrin isə öz əhalisini qorumaq imkanından məhrum qalmalarını ictimai şəkildə pisləyib. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb.
Azərbaycan bəhs olunan problemin həlli məqsədilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 658 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31