Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri mövcuddur
24.06.2021 [09:31]
Prezident İlham Əliyev: Biz çox şadıq ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir
Milli maraqlar üzərində qurulan çoxvektorlu praqmatik xarici siyasət kursu Azərbaycanın dünya miqyasında nüfuzunu artırıb və ölkəmizə çoxlu dostlar qazandırıb. Qısa müstəqillik tarixində respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə, Avropa İttifaqına (Aİ) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə, bütövlükdə beynəlxalq münasibətlər sisteminin iştirakçısı olan ayrı-ayrı milli dövlətlərlə kifayət qədər yüksəksəviyyəli münasibətlər qurmağa nail olub.
Azərbaycanın çıx tərəfdaşlıq münasibətləri qurduğu dost ölkələrdən biri də bütün müsəlman aləminin nüfuzlu dövlətlərindən olan Pakistan İslam Respublikasıdır. İki ölkənin yüksəksəviyyəli rəsmilərinin tez-tez Bakıya və İslamabada səfərlər etmələri Azərbaycanla Pakistan arasında münasibətlərin artan dinamikasını təcəssüm etdirir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edib. Dövlətimizin başçısı qəbulda Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və hər iki tərəfin müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə güclü siyasi iradə göstərdiyini diqqətə çatdırıb.
Qardaş ölkələr olan Azərbaycan və Pakistan ikitərəfli əlaqələrini daha da gücləndirirlər
Bu gün Azərbaycan ilə Pakistan arasında sıx tərəfdaşlıq münasibətləri müxtəlif istiqamətləri əhatə edir. Bu barədə söhbət açarkən iki ölkə arasında siyasi diqloqun yüksələn xəttlə inkişafını xüsusi qeyd edə bilərik. Dost Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr sırasında yer alır. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə möhkəm hüquqi əsaslar yaradan təxminən 35 sənəd imzalanıb. Bu sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə xüsusi önəm daşıyır. İki ölkənin dövlət başçıları arasında və digər səviyyələrdə keçirilən görüşlər qarşılıqlı münasibətlərin dərinləşməsinə güclü impuls verir. Xatırladaq ki, indiyədək Azərbaycan Prezidenti Pakistana, həmçinin dost ölkənin dövlət başçısı respublikamıza bir neçə dəfə səfər ediblər.
Azərbaycanla Pakistan arasında siyasi münasibətlər, həmçinin xarici işlər nazirlikləri, digər qurumlar, eləcə də parlamentlər səviyyəsində də davam etdirilir. Qeyd edək ki, ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı məqsədilə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Pakistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupları yaradılıb. 2018-ci ilin sentyabr ayında Pakistan Senatının Sədri ölkəmizin müstəqilliyinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Həmçinin ötən ilin sentyabrında Azərbaycan Respublikasının Milli Məclisinin Sədri ilə Pakistan İslam Respublikası Senatının Sədri arasında videokonfrans formatında görüş keçirilib. Bir qədər bundan əvvəl Pakistanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb. Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın səviyyəsi əlaqələrimizin inkişafına geniş imkanlar yaradır.
İki dost ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq, həmçinin iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığı genişləndirmək imkanları da kifayət qədər genişdir. 1995-ci ildə imzalanan protokala əsasən, təsis edilən Azərbaycan-Pakistan Birgə Hökumətlərarası Komissiyasının iclasları müntəzəm qaydada keçirilir. Azərbaycanla Pakistan arasında ticarət və kənd təsərrüfatı sahələrində birgə işçi qrupları fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi son 2 il ərzində iki dəfədən çox artaraq 8 milyon dollardan 32 milyon dollara yüksəlib. Qarşılıqlı investisiya fəallığının artırılmasına hər iki tərəf güclü siyasi iradə göstərir. Həmçinin qeyd etdiyimiz kimi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları mövcuddur. Eyni zamanda, turizm sahəsində də yaxşı perspektivlər var. Azərbaycan 2017-ci ilin yanvar ayından etibarən qardaş Pakistanı respublikamıza sadələşdirilmiş viza prosedurlarının - onlayn viza sisteminin şamil olunduğu ölkələrin siyahısına daxil edib. Nəticədə Azərbaycana səfər edən pakistanlıların sayında yüksək artım dinamikası müşahidə olunub. Bütün bu kimi faktlar Azərbaycan ilə Pakistan arasında əlaqələrin intensivliyini təcəssüm etdirir. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev “Biz çox şadıq ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Pakistan və Azərbaycan iki qardaş ölkə olaraq ikitərəfli əlaqələrini gücləndirir”, - deyə vurğulayıb.
İki dost ölkə arasındakı münasibətlərdən söhbət açarkən Heydər Əliyev Fondunun Azərbaycanın Pakistanla humanitar əlaqələrinin dərinləşməsinə sanballı töhfələr verməsini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Pakistanda çoxsaylı humanitar layihələr reallaşdırılıb. Vurğulamaq yerinə düşər ki, respublikamızla Pakistan arasında əlaqələrin möhkəmlənməsinə, o cümlədən humanitar əməkdaşlığın dərinləşməsinə verdiyi sanballı töhfələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ölkənin yüksək mükafatı - “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.
Azərbaycan dost Pakistanın Vətən müharibəsinin ilk günlərindən ölkəmizə mənəvi-siyasi dəstək verməsini yüksək qiymətləndirir
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Bu qələbənin əldə olunmasında isə Azərbaycana dost ölkələrin mənəvi-siyasi dəstəyi mühüm rol oynadı. 44 günlük Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanında olan dost ölkələrdən biri də Pakistan idi. Prezident İlham Əliyev bildirib ki, biz xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq.
Ümumiyyətlə, Pakistan daim Azərbaycanın haqq mübarizəsini, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyib. Prezident İlham Əliyev bunu ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha bir nümayişi kimi səciyyələndirərək deyib: “Mən, həmçinin qeyd etmək istərdim ki, Pakistan bizim torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkələrdən biridir. Bu, ölkələrimiz arasında qardaşlıq əlaqələrimizin daha bir nümayişidir. Azərbaycan xalqı bunu bilir. Biz hər zaman Azərbaycanı kimin dəstəklədiyi və müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk. Ona görə də bütün şəhər və ölkə boyu Pakistan bayraqlarının olması təəccüblü deyil, bunun nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq güclənəcək”.
Yeri gəlmişkən, bəhs edilən qəbulda Prezident İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də ölkələrimizin hərbi sahədə əməkdaşlıq imkanları ilə bağlı olub. Xüsusi vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın Silahlı Qüvvələrinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ölkəmizdə, həmçinin hərbi-müdafiə sənayesinin inkişafı istiqamətində ardıcıl, sistemli və məqsədyönlü addımlar atılır. Azərbaycan Pakistanla da bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Əməkdaşlığımız uğurla inkişaf edir. Biz müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdiririk. Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir. Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq”, - deyə bildirib.
Sonda onu da qeyd edək ki, Pakistan artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi kimi, respublikamız da Kəşmir məsələsində döst ölkəyə dəstək göstərir. Yuxarıda da bəhs olunan qəbulda da bildirildiyi kimi, Azərbaycan bu məsələ ilə bağlı açıq mövqeyini dəfələrlə nümayiş etdirib. Bu mövqe ədalət, beynəlxalq hüquq və iki ölkə arasındakı qardaşlıq əlaqələrinə əsaslanır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

