Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Elektron Naxçıvan" - dünyaya virtual pəncərə

"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə

03.07.2010 [10:24]

Elmi-texniki tərəqqi əsri sayılan XXI yüzillikdə informasiya cəmiyyətinə keçid, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə özünü sivilizasiyalı dünyanın ayrılmaz bir parçası hesab edən hər bir dövlətin əsas prioritetlərindən biridir. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev qloballaşma və inteqrasiya proseslərinə qoşulmaq istiqamətində ölkəmiz üçün böyük əhəmiyyətə malik olan, 2003-2012-ci illəri əhatə edən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nı təsdiq edib. 2004-cü ildə isə ölkəmizin Prezidenti İlham Əliyevin “Rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun inkişafı haqqında” və 2008-ci ildə “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə dair qəbul etdiyi qərarlar respublikamızın Cənubi Qafqaz və Transxəzər məkanında qabaqcıl ölkəyə çevrilməsi, regionda informasiya cəmiyyətinin formalaşması prosesini  daha da sürətləndirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə Muxtar Respublikada informasiya texnologiyalarının geniş tətbiq olunması, daha da inkişaf etdirilməsi və sürətli internet şəbəkəsinin yaradılması istiqamətində bir sıra dövlət əhəmiyyətli proqramlar gerçəkləşdirilib. Bu gün blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Trans Asiya-Avropa fiber-optik kabel magistralı ilə informasiya blokadasını yararaq dünyaya bağlanır, Naxçıvanın tarixi keçmişi, bu günü haqqında geniş məlumatlar dünyaya çatdırılır.
Naxçıvan Dövlət Universitetinin ardıcıl dövlət qayğısı, dünya universitetləri və beynəlxalq təşkilatlarla sıx beynəlxalq əlaqələr saxlaması nəticəsində müasir texnologiyalarla təmin olunması, təhsilin informasiyalaşdırılması istiqamətində mühüm nəticələr əldə etməsi ölkədə aparılan siyasətin konkret bəhrələrindəndir.
Azərbaycan ali təhsil ailəsinin öndə gedən üzvlərindən biri olan Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik yönlü, dünyaya inteqrasiya edilmiş ali təhsil ocağıdır. Universitetin 108 hektarlıq kampusa, çoxsaylı klassik və ən müasir tipli tədris korpuslarına, universitet şəhərciyinə malik olması bu ali təhsil ocağını ölkəmizdəki digər universitetlərdən fərqləndirir. Naxçıvan Dövlət Universiteti çoxprofilli xarakterinə əsasən klassik universitetdirsə, strukturuna, yeni texnologiya ilə təchiz edilməsinə, beynəlxalq əlaqələrinin genişliyinə görə inkişaf etmiş çağdaş ali təhsil ocaqları sırasında dayanır. Hazırda Avropa Rektorlar Klubunun və Asiya Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri Birliyinin üzvü olan universitetin dünyanın 30-dan çox ölkəsinin ali təhsil ocaqları ilə geniş əlaqələri formalaşıb. Bu ali təhsil ocağının 10 fakültəsində 46 ixtisas üzrə təhsil alan 4 mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olan 356 nəfər professor-müəllim heyətinin böyük səyləri ilə universitetdə müstəqil Azərbaycanın daha parlaq gələcəyinə uğurla xidmət edə biləcək vətənpərvər və yüksək hazırlıqlı mütəxəssislər hazırlanır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun böyük qayğısı və təşkilatçılığı, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, AMEA-nın yaxından iştirakı və dəstəyi ilə Naxçıvan Dövlət Universitetində 2005-ci ildə geçəkləşdirilmiş “Elektron Naxçıvan” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində atılan ilk əhəmiyyətli addımlardan olub.
“Elektron Naxçıvan - 1: Problemlər və həllər”
17-18  iyun 2005-ci il
Konfrans Azərbaycanda ilk dəfə Bakı-Naxçıvan arası videokonfrans bağlantısının qurulması ilə tarixi əhəmiyyət kəsb edib. ölkənin elm və təhsil tarixində birinci dəfə olaraq Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu arasında videokonfrans əlaqəsi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfransda geniş məruzə edərək Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişafı sahəsində ölkəmizin Prezidenti İlham Əliyevin ardıcıl qayğı və diqqətindən danışıb, təhsil sistemində elektron informasiya məkanının yaradılması, elmin, təhsilin və sahibkarlığın inkişafı üçün bu sahəyə yeni investisiyaların cəlb edilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi zərurətindən bəhs edib, Naxçıvandakı məqsədyönlü inkişafdan danışıb, konkret vəzifələr irəli sürüb.
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun İnformasiya cəmiyyətinin qurulması istiqamətində dövlət siyasətinin əsas prioritetləri və Naxçıvan MR-in sosial-iqtisadi inkişafında informasiya-kommunikasiya texnologiyalarının rolu problemlərinə həsr edilmiş məruzəsi dinlənilib. Təhsil naziri, professor Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov milli təhsilin daha da inkişaf etdirilməsində, akademik elmi qurumların müasir elmi-təşkilati vəzifələrinin həyata keçirilməsində yeni informasiya texnologiyalarından istifadənin üstünlükləri ilə bağlı məruzələr ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyevin informasiya texnologiyaları: zaman və müasir dövr məsələlərinə həsr olunmuş məruzələrində geniş ümumiləşdirmələr aparılıb. “Elektron Naxçıvan” Naxçıvan Muxtar Respublikasında, ümumən ölkəmizin elm və təhsil sistemində elektron hərəkatın başlanğıcı idi. “Elektron Naxçıvan - 1” də beynəlxalq əməkdaşlığı yalnız  Türkiyənin Qars Qafqaz Universiteti təmsil edirdi. Konfrans zamanı “Virtual İpək Yolu”  layihəsi çərçivəsində peyk rabitəsi vasitəsilə Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan bölməsi arasında qlobal internet şəbəkəsinin açılması da mühüm tarixi əhəmiyyət kəsb edirdi.
Konfransda qəbul edilən qərara əsasən, ölkə başçısının Sərəncamı rəhbər tutularaq “Elektron Azərbaycan” Dövlət Proqramı tipində “Elektron Naxçıvan” proqramı işlənib, informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına diqqət artırılıb, “Elektron Naxçıvan” adlı poçt markası buraxılıb, Naxçıvanda informasiya cəmiyyətinin qurulması istiqamətində görüləcək işlər haqqında məlumatların ictimaiyyətə çatdırılması məqsədilə www.nakhchivan.az saytı yaradılıb.
“Elektron Naxçıvan - 2: Elmin və təhsilin inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu və əhəmiyyəti”
24  iyun 2006-cı il
Bu beynəlxalq elmi-rraktiki konfrans Universitetin Tibb fakültəsində yeni yaradılmış tədris laboratoriyalarının açılışı ilə öz işinə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfrans iştirakçılarını təbrik edib, beynəlxalq elmi forumun  işinə uğurlar arzulayıb. Bu dəfə videokonfrans layihəsinin həyata keçirilməsi çoxistiqamətli videobağlantı ilə yadda qalıb. Videokonfransda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı və Lənkəran Dövlət universitetləri, Azərbaycan Dövlət İqtisad Universiteti, Türkiyə Cümhuriyyətinin Qars Qafqaz və Kocaeli universitetləri və İsveç Texnologiya Universiteti arasında videobağlantı qurulub.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Nacıyev, NATO-nun Qafqaz üzrə müşaviri, Mərkəzi və Şərqi Avrora Şəbəkə Assosiasiyasının Baş katibi, doktor Yacek Kajevski, İsveçrə Universitetinin müəllimi, professor Bəhrəm Atabəyli Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Qars Qafqaz Universitetinin rektoru, professor Necati Kaya, Azərbaycan Texniki Universitetinin rektoru, prof. Havar Məmmədov və Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov məruzə ilə çıxış ediblər.
“Elektron Naxçıvan-3: İnformasiya cəmiyyəti: reallıqlar və perspektivlər”
22-23 iyun 2007-ci il
Regional elektron hərəkatın bu mərhələsi 40 illik yubileyini qeyd etmək ərəfəsində olan Naxçıvan Dövlət Universitetində beynəlxalq CİSCO Akademiyasının yaradılması, Elektron Avtomat Telefon Stansiyasının fəaliyyətə başlaması, Olimpiya İdman Komrleksinin açılış mərasimi ilə tarixi əhəmiyyət kəsb edib.
Beynəlxalq simpoziumda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təbrik nitqi ilə çıxış edib,  Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, NATO-nun Qafqaz üzrə məsləhətçisi doktor Yacek Kajevski, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, BMT-nin Təlim və Tədqiqatlar üzrə İnstitutunun əməkdaşı Niko Barito, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, müxbir üzv Rasim Əliquliyev və Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, müxbir üzv Vəli Hüseynovun məruzələri dinlənilib.
Tədbirdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, İsveçrə İnformasiya Texnologiyaları Universiteti, Novosibirsk Dövlət Universiteti, həmçinin, 40 illik yubileyini qeyd etməkdə olan Naxçıvan Dövlət Universitetinin məzunları olmuş, hazırda ölkəmizdə və dünyanın bir çox dövlətlərində Azərbaycanı layiqincə təmsil edən mütəxəssislərlə videobağlantı təşkil olunub.
Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair protokol imzalanıb. Naxçıvan Dövlət Universitetində yeni texnologiyaların elmə, tədris prosesinə uğurla tətbiqi istiqamətindəki səmərəli fəaliyyətinə görə NATO-nun Qafqaz üzrə məsləhətçisi doktor Yacek Kajevski bu ali məktəbin fəxri doktoru diplomu ilə təltif olunub. Göründüyü kimi, elektron texnologiya hərəkatı ildən-ilə inkişaf edib, konkret təşkilati problemlərin həlli, yeni strukturların yaradılması ilə nəticələnib.
“Elektron Naxçıvan - 4: Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri”
19 - 21 iyun 2008-ci il
Bu beynəlxalq simpozium Naxçıvan Dövlət Universiteti, NATO, Şimali Atlantika Birliyi və Polşadakı Mərkəzi və Şərqi Avrora Şəbəkələndirmə Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib. Simpozium dünyanın müxtəlif ölkələrində çalışan, Perspektiv Şəbəkələndirmə üzrə görkəmli alimlərin işçi elmi seminarı kimi coğrafiyasının daha geniş olması ilə fərqlənib. Belə ki, simpoziumda Azərbaycanla yanaşı, ABŞ, Kanada, Türkiyə, Polşa, Rusiya, İsveçrə, özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrin tanınmış mütəxəssisləri iştirak ediblər...
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, NDU-nun rektoru, akademik İsa Həbibbəyli, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, ABŞ-ın Nyu-York Universitetinin professoru Corc Sadovski, Kanadanın Simon Freyzer Universitetinin professoru Stella Atkins, Türkiyənin Kocaeli Universitetinin rektoru, professor Sezər Kamsuoğlu, Qars Qafqaz Universitetinin rektoru, professor Əbamüslüm Güvən və başqaları siyasi və coğrafi səbəblər üzündən ölkəsinin əsas ərazisindən uzaq düşmüş regionların inkişaf etdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu, imkanları və əhəmiyyəti ilə əlaqədar məruzələrlə çıxış ediblər.
Simpoziumda Mərkəzi və Şərqi Avrora Şəbəkələşdirmə Assosiasiyasının Baş katibi, professor Yasek Kajevski, Şimal və Baltik regionunda qabaqcıl telekommunikasiya şirkəti olan TeliaSoneranın Polşadakı Beynəlxalq ofisinin direktoru, doktor Robert Busz bu sahədəki dünya təcrübəsindən danışıblar. Qırğızıstandakı AkNET şirkətinin təmsilçisi doktor Yuri Veliyçuk, özbəkistanı təmsil edən, məktəb kompüteri və İKT təlimi üzrə məsləhətçi, dosent Sayyora Rəhmankulova, Lənkəran Dövlət Universitetinin əməkdaşı ülkər Bayramova yerüstü telekommunikasiya şəbəkələrindən uzaqda olan və hərəkət edən obyektlərlə rabitənin təşkilindən danışmışlar. Azərbaycan iqtisadiyyatının diversifikasiyasında regional innovasiya zonasının rolu, uzaq regionlardakı ali məktəblər üçün kampus şəbəkə kommunikasiyaları və onların problemləri, bu sahədəki dünya təcrübəsilə bağlı müzakirələr aparılıb.
“Elektron Naxçıvan - 5: Nəticələr və vəzifələr”
25-26 iyun 2010
Bu beynəlxalq simpozium Naxçıvan Dövlət Universitetinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm nailiyyətlər qazandığını bir daha təsdiqləyib.
Tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun və qonaqların iştirakı ilə “Wi-Fi” kampus internet şəbəkə sisteminin təqdimatı olub. Məlumat verilib ki, CİSCO texnologiyaları və NATO-nun qrant layihəsi əsasında yaradılan, bu ilin yanvar ayından fəaliyyətə başlayan bu simsiz internet şəbəkəsi vasitəsilə nəinki universitetin bütün tədris korpuslarında, struktur bölmələrində, eləcə də, 108 hektarlıq ərazinin hər tərəfində internet bağlantısından istifadə edilir ki, bu da dünya elminə, təhsilinə inteqrasiya, beynəlxalq elmi əlaqələrin inkişafı kimi mühüm problemlərin həllinə uğurla xidmət edir. İndi universitetin bütün ərazisində sürətli internet xidmətindən istifadə etmək mümkündür. 2010-cu ildən başlayaraq universitetdə 5 meqabit, yəni, 50 min kilobitdən çox internet resurslarından istifadə olunur.
Sonra ölkədə ilk dəfə olaraq universitetlərarası videotelefon bağlantısı gerçəkləşdirilib. Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov telefonla simpozium iştirakçılarını salamlayıb, Naxçıvan Dövlət Universitetinin timsalında Muxtar Respublikada elm, təhsil, informasiya texnologiyalarının tətbiqi sahəsində qazanılan uğurları yüksək qiymətləndirib.
Simpoziumun plenar iclasında rektor, akademik İsa Həbibbəyli ənənəvi “Elektron Naxçıvan” layihəsinin əhəmiyyətindən, bir çox dünya universitetləri ilə gerçək əməkdaşlıqları olan bu ali təhsil ocağının virtual əlaqlərinin inkişafında mühüm rol oynamasından danışıb. Qeyd olunub ki, ötən illər ərzində Naxçıvan Dövlət Universitetində müxtəlif videokonfranslar, videodərslər keçirilib, Boloniya prosesinə uyğun tədris prosesinin təşkili və idarə olunmasında informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmasında əhəmiyyətli uğurlu nəticələr əldə edilib. Universitetdə elektron təhsil sisteminin yaradılması, informasiya təminatının təşkil edilməsi məqsədilə elektron kitabxana, internet mərkəzləri, kompüter texnologiyaları, proyektorlar, elektron lövhələrlə təchiz edilmiş auditoriyalar, CİSCO Akademiyası, Təhsil Qeydiyyat mərkəzi, informasiya texnologiyaları və mətbuat şöbələri, universitet televiziyası fəaliyyət göstərməyə başlayıb. Hazırda Naxçıvan Dövlət Universitetində distant təhsilin həyata keçirilməsi üçün baza formalaşdırılır. Məhz bu uğurlarına görə, Naxçıvan Dövlət Universiteti 2009-cu ildə elmin, təhsilin inkişafında müasir texnologiyalardan səmərəli və professional səviyyədə istifadə olunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qeyri-adi mütərəqqi layihələrin hazırlanması və tətbiq olunması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının “XXI yüzilliyin liderləri” Beynəlxalq imic proqramı tərəfindən “Minilliyin universiteti” adlı mühüm beynəlxalq mükafata layiq görülüb.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov simpozium iştirakçılarını salamlayaraq vurğulayıb ki, XXI əsrin inkişaf göstəricisi dünya dövlətlərinin iqtisadi, hərbi qüdrəti ilə yanaşı, onların yaradıcı elmi potensiala malik olmaları, informasiya texnologiyalarının ən son nailiyyətlərini, informasiya ehtiyatlarını öz əllərində cəmləşdirə bilmələri ilə də müəyyənləşir. Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasında müasir informasiya-kommunikasiya texnologiyaların elm, təhsil və səhiyyədə, iqtisadiyyatın ən müxtəlif sahələrində uğurla tətbiqindən, bu sahədə qarşıda duran mühüm vəzifələrdən danışıb.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov məruzəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində məqsədyönlü dövlət siyasətindən bəhs edib. Naxçıvan Muxtar Respublikasının telekommunikasiya şəbəkəsinin tamamilə elektronlaşdırılması, CDMA texnologiyası vasitəsilə yaradılan şəbəkə üzərindən əhaliyə simsiz internet xidməti göstərilməsi, “Xalq kompüteri” layihəsinin ikinci mərhələsinə Naxçıvanda start veriləcəyi barədə məlumat verilib.
Mükafatlanma mərasimində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov “Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində” beynəlxalq tələbə proqramı üzrə V Respublika çempionatının qaliblərinə, futbol üzrə III ölkə çempionatının qalibi olmuş komandaya, Qars Qafqaz Universitetində keçirilən yarışlarda birincilik qazanan voleybolçulara kubokları təqdim edib.
Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə universitetlərarası əlaqələrdəki səmərəli fəaliyyətlərinə görə Ankara və Qars Qafqaz Universitetlərinin rektorları universitetin fəxri diplomları ilə təltif edilib.
“Elektron Naxçıvan” layihəsinin uğurla həyata keçirilməsində xidmətləri olan əməkdaşlar Azərbaycan Respublikası Rabitə və İnformsiya Texnologiyaları Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin fəxri diplomları ilə mükafatlandırılıblar.
Simpozium bölmə iclasları ilə işini davam etdirib. Simpoziumun yekununda rektor, akademik İsa Həbibbəyli, Ankara və Qars Qafqaz universitetlərinin rektorları və digərləri çıxış ediblər. Simpoziumun sonunda qərar layihəsi müzakirə olunub.
Regionda elmin, təhsilin müasir texnologiyanın inkişafının mühüm faktorlarından biri olan beşillik “Elektron Naxçıvan” layihəsi çərçivəsində konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikasının qədim tarixi, mədəniyyəti, bugünkü sürətli inkişafı haqqında dolğun təsəvvür əldə ediblər. Beynəlxalq simpozium çərçivəsində memarlıq və texniki yaradıcılıq, rəsm və kulinariya sərgilərinə, Şən və Hazırcavablar Klubunun, incəsənət fakültəsi təmsilçilərinin maraqlı təqdimatlarına, Tələbə Opera Studiyasının hazırladığı “Arşın mal alan” operettasına baxış bu ali təhsil ocağının yüksək kadr potensialı ilə yanaşı, həm də geniş və mükəmməl elmi-mədəni mühitə malik olduğunu bir daha sübut edib.
Beşillik tarixə malik “Elektron Naxçıvan” proqramı XXI əsrin başlanğıcında blokada şəraitində yaşayan Naxçıvanın haqq səsinin dünyaya çatdırılması, dünya informasiya məkanına qoşulması, Muxtar Respublikanın sosial-iqtisadi inkişafına elmin və yeni texnologiyanın dəstəyinin təmin olunması istiqamətində mühüm rol oynamaqdadır.
İftixarla demək olar ki, Naxçıvan Muxtar Respublikası blokadada yaşamasına baxmayaraq, bu gün regionda əsas tranzit informasiya mübadiləsi məkanına çevrilib. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qloballaşma, dünya informasiya mühitinə inteqrasiya istiqamətində apardığı məqsədyönlü siyasətinin, bu siyasətin Muxtar Respublika Ali Məclisinin rəhbərliyi tərəfindən uğurla həyata keçirilməsinin bəhrələridir. Əbədi və əzəli Azərbaycan torpağı, insanlığın beşiyi sayılan Naxçıvan qədimliyi qədər də müasir, sivil, geniş inteqrasiya mühitində fəaliyyət göstərən bir diyar, mütərəqqi ideyalar məskənidir. Beş minillik tarixə malik qədim Nuh yurdunda gerçəkləşdirilən beşillik “Elektron Naxçıvan” layihəsi isə dünyaya açılan virtual pəncərədir. Bu möhtəşəm pəncərədən qloballaşan dünyanın, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının, doğma Naxçıvan Dövlət Universitetinin də bu günü və sabahkı inkişafı bütün aydınlığı ilə görünür.
Mehriban SULTAN

Paylaş:
Baxılıb: 970 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30