Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Azadlıq" radiosu qeyri-obyektiv və qərəzli olduğunu növbəti dəfə sübuta yetirdi

"Azadlıq" radiosu qeyri-obyektiv və qərəzli olduğunu növbəti dəfə sübuta yetirdi

06.10.2010 [09:29]

Radionun Eynulla Fətullayevlə bağlı sənədli film yayımlaması cəmiyyətimiz tərəfindən kəskin etirazla qarşılanır
Məlum olduğu kimi, ötən yazılarımızda “Azadlıq” radiosunun Bakı bürosunun jurnalistikanın mühüm prioritetlərinə və radionun əsas prinsiplərinə zidd olan fəaliyyəti haqqında məlumatlar vermişdik. Həmin yazılarda qeyd edilirdi ki, “Azadlıq” radiosu hazırladığı verilişlərdə nəinki KİV-in başlıca prinsiplərinə məhəl qoymur, hətta qərəzli və həqiqətə uyğun olmayan informasiyalarla Azərbaycanın beynəlxalq imicinə xələl yetirməyə çalışır. Və təbii ki, radionun bu qanunazidd və bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş prinsiplərə uyğun olmayan, Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş qərəzli fəaliyyəti ölkə ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır.
Radionun kimə və nə məqsədlə xidmət etdiyi hamıya bəllidir
“Azadlıq” radiosunun rəsmi saytında bəyan edilir ki, radionun fəaliyyəti peşəkarlıq prinsipləri və mövcud qanunvericiliyə uyğun tənzimlənir. Qeyd olunur ki, radionun müxbirləri və təhlilçiləri yayım və çap materiallarında məlumatların dəqiqliyini təmin etməyə, məlumatların dəqiqliyinə şübhə varsa, bu məlumatı azı iki müstəqil mənbə ilə dəqiqləşdirməyə, kifayət qədər təsdiqlənməmiş və ya şayiələrə əsaslanan məlumatı efirə verməməyə borcludur. Amma buna nə dərəcədə riayət olunur, bu, müəmmalıdır. Nəzərə almaq lazımdır ki, informasiya yalnız küçədə toqquşan maşında bir vətəndaşın ölməsi demək deyil. İnformasiya həm də siyasi şərhlərdə, xəbər bloklarında oxucuya çatdırılan məlumatdır. Bunu nəzərə aldıqda Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş qərəzli fikirləri hər gün efirdə səsləndirən və onun həqiqət payını yoxlamayan radionun peşə etikasından danışmağa nə dərəcədə  haqqı var? Başqa bir detala nəzər yetirək. Bildiyimiz kimi, müstəqil KİV-in başlıca fəaliyyət prinsiplərindən biri tərəfsizlikdir. Əslində, bu prinsipə radionun şifahi fəaliyyət prioritetləri sırasında (sözdə) rast gəlmək mümkündür. Amma fəaliyyətlərində onlar tərəfdirlər. Bunu radionun internet saytına, sadəcə, bir neçə dəqiqəlik göz  gəzdirməklə görmək mümkündür. “Azadlıq” radiosu bəyan edir ki, konkret siyasi və ya qanunvericilik qərarlarının qəbulunun lobbiçiliyini aparmır, rəsmi vəzifələrə seçilən və ya təyin olunan namizədləri dəstəkləmir və onlara qarşı kampaniya aparmır. Amma radio faktiki olaraq, siyasi missiyanı yerinə yetirir. Müxalifətin ruporu vəzifəsini uğurla icra edən bu radionun belə bir tapşırığı hansı dairələrdən aldığı da hamıya məlumdur. Bu gün Azərbaycanda sabit, inkişaf edən cəmiyyət kimə lazım deyilsə, müxalifəti maliyyələşdirərək ölkəmizdə dağıdıcı fəaliyyətə kim sövq edirsə, “Azadlıq” radiosu da həmin dairələrin maraqlarına xidmət edir. Həmin dairələr ki, erməni təhlükəsizlik orqanlarından aldığı tapşırıqları yerinə yetirmək məqsədilə, Azərbaycan dövlətçiliyinə qarşı çıxış edən, xalqımızı soyqırımı törətməkdə ittiham edən, zərərli fəaliyyəti ilə cəmiyyət arasına nifaq salmağa çalışan və bu addımlarına görə də hazırda həbsdə olan Eynulla Fətullayevi “Azərbaycanın milli qəhrəmanı” kimi qələmə verirlər, konkret cinayət əməli törətməkdə təqsirli bilinərək həbs olunan müəyyən insanları “siyasi məhbus” adlandıraraq bu məsələdən sui-istifadə edib beynəlxalq aləmdə Azərbaycana  qarşı fəaliyyət göstərirlər.
Qeyri-obyektivliklə ictimai nüfuz qazanmaq olmaz
Təbii ki, radionun bu fəaliyyəti ictimaiyyəti razı sala bilməz. Buna görə də, “Azadlıq”da yayımlanan əksər verilişlər böyük narazılıqla qarşılanır. Elə Eynulla Fətullayevlə bağlı sənədli film də ciddi tənqidlərə məruz qalıb. Yeri gəlmişkən, qeyd edək ki, “Azərbaycanlı məhbus” adlanan filmin müəllifi, Norveç jurnalisti Elin Borqedir. Başdan sona qədər yalan məlumatların yer aldığı və qərəzliliyi ilə diqqətçəkən filmdə Eynullanın jurnalistika fəaliyyətinə görə həbs edildiyi iddia olunur, adları və məqsədləri hamımıza bəlli olan şəxslərin fikirləri işıqlandırılır. Amma nəyə görəsə, əsl həqiqətlər, Eynullanın həbsinə səbəb olan cinayətkar fəaliyyətinə dair bir dəfə də olsun məlumat verilmir, məqsədli şəkildə bu faktlar ört-basdır olunmağa çalışılır. Təbii ki, məqsədimiz Eynulla haqqında bilinən həqiqətləri yenidən gündəmə gətirərək, bu barədə diskussiya yaratmaq deyil. Eynulla törətdiyi konkret cinayət əməlinə görə həbs olunub və bu gün ölkə qanunlarına müvafiq olaraq cəzasını çəkməkdədir. Sadəcə, “Azadlıq” radiosunun bir cinayətkarı müdafiə etmək zərurətinin haradan ortaya çıxması haqlı suallar doğurur.
ümumiyyətlə, son zamanlar bir sıra dairələrdə Eynulla Fətullayevi müdafiə etmək dəbi yaranıb. Bu da təsadüfi deyil. Hazırda bu mövzu bəzi xarici dairələrin ölkəmizdə ən çox “maliyyələşdirdiyi” mövzulardan biridir. Yəni, ölkəmizə qarşı heç bir məntiqli ittiham ortaya qoya bilməyən bəzi beynəlxalq qüvvələr mütəmadi olaraq bu mövzunu gündəmdə tutmaqla guya Azərbaycana təzyiq etməyə çalışırlar. Həmin dairələrin ayırdıqları maliyyədən pay almaq istəyən onların ölkəmizdəki “qulluqçuları” isə Eynullanı müdafiə etməklə divident qazandıqlarını düşünürlər. Amma bu filmin “Azadlıq” radiosunda yayımlanmasının isə radioya ictimai qınaqdan başqa heç nə qazandırmadığı da aşkardır. Bunu həmin sənədli filmə şərh yazan sadə vətəndaşların fikirlərindən də anlamaq mümkündür.
Eynullanı müdafiə etmək... ermənilərə xidmət etmək demək deyilmi?
Bu sənədli film haqqında yazılan şərhlərdə əsas diqqət haqlı olaraq, Dağlıq Qarabağ münaqişəsinə yönəldilir. Eynullanı müdafiə edənlərdən Dağlıq Qarabağ münaqişəsinin həllinin və Ermənistan işğalından əziyyət çəkən 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün hüquqlarının bərpa olunmasının tələb edilməməsinin səbəbləri soruşulur. Elə “Azadlıq” radiosunun saytında yer alan Azərbaycan vətəndaşlarının haqlı narazılıqlarına nəzər salmaq kifayətdir ki, bu radioya xalqın münasibətini öyrənmiş olasan.
Məsələn, Bakı sakini Elman adlı şəxs yazır ki, bu videoçarxı yayımlayan “Azadlıq” radiosu da ən az Eynulla qədər ermənilərə işləyir: “Mən fransızları yaxşı başa düşürəm. Onların ermənilərə himayədarlıq etməsi sirr deyil. Amma bizim içərimizdəkilərin ermənilərə himayədarlıq etməsini isə, sadəcə, başa düşə bilmirəm. Himayədarlıq təkcə əlinə silah alıb onlarla bərabər döyüşmək deyil. Onların təbliğatını aparmaq Azərbaycana və onun xalqına qarşı çıxmaq da himayədarlıq, ermənilərə xidmət etmək deyilmi? Elə Eynullanın elədiyi kimi. İndi ermənilərə işləyən bir adamı müdafiə edənlər də ən azı Eynulla qədər ermənilərə işləmirlərmi?
Əfqan adlı vətəndaş yazır: “Görəsən insan hüquqlarından ağız dolusu danışan avropalılar nə üçün 1 dəfə də olsun, qaçqınlarımız, köçkünlərimiz haqqında film çəkmir? Əgər ədalətlidirlərsə, buna aid film çəksinlər, erməni vəhşiliyini dünyaya göstərsinlər”.
Sumqayıt sakini Elmir isə yazır: “Axı niyə Eynullanı - Xocalı soyqırımı haqqında mənfur fikirlərini yaymağa, ermənilərin dəyirmanına külək olmağa çalışan birisini ciddi-cəhdlə müdafiə edir xaricilər... Sizin radio isə elə eynullaları müdafiə etməklə məşğuldur”.
Salyan sakini Mamed: “Pah atonnan. Nə əcəb bu firənglər yaman bizim qeydimizə qalırlar. Eynullanı belə müdafiəyə qalxıblar. Amma Qarabağ məsələsində niyəsə bizi yaddan çıxarırlar. Torbada pişik var deyəsən”.
Göründüyü kimi, artıq Azərbaycan xalqı və hər bir vətəndaşımız Eynulla kimilərinin və onları müdafiə edənlərin niyyətlərinin nə olduğunu yaxşı başa düşürlər. Ona görə də, bu qəbildən olan insanları cəmiyyətə “mələk” qismində təqdim edən istənilən şəxsə və quruma qarşı sərt mövqe ortaya qoyurlar. “Azadlıq” radiosu yuxarıdakı nümunələrdən öz payını almalıdır...
“Azadlıq” Dağlıq Qarabağ münaqişəsini niyə gündəmdə saxlamır?
Təbii ki, bu gün heç kəs ölkəmizdə bütün problemlərin həllini tapdığını iddia edə bilməz. Və KİV-in başlıca vəzifələrindən birinin də bu problemləri işıqlandırmaq olduğu həqiqətini də inkar etmək mümkün deyil. Eləcə də, “Azadlıq” radiosu da mövcud olan problemləri gündəmə gətirməklə hətta onların həllinə yardımçı ola bilər. Amma bu işdə səmimi olmaq lazımdır ki, “Azadlıq”ın bu niyyətdə olması şübhə doğurur. çünki özünü guya Azərbaycandakı problemlərin həllini arzulayan bir KİV kimi qələmə verməyə cəhd göstərən “Azadlıq” radiosu səmimi olmadığını elə öz fəaliyyəti ilə sübut edir. Bu radionun ölkəmizlə bağlı mövqeyindəki qeyri-səmimiliyi təsdiqləmək üçün isə çox da baş sındırmaq lazım gəlmir. Sadəcə, iki fakt və həmin faktlara “Azadlıq” radiosunun yanaşma tərzini xatırlatmaq yerinə düşər. Bunlardan birincisi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun nəticəsində ölkəmizin üzləşdiyi problemə, digəri isə KİV-in hərtərəfli inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən siyasətə sözügedən radionun münasibətidir.
Beləliklə, öncə birinci məqama toxunaq. Heç kəsə sirr deyil ki, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb, hüquqları pozulan bu insanlar məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Artıq uzun illərdir ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə bu münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə nail olunması istiqamətində danışıqlar aparılır. Lakin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi sülhün əldə edilməsinə mane olur. Bu da hər kəsə bəllidir ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində davamlı siyasət yürüdən, ərazi bütövlüyümüzün təmin olunması üçün illərdir ki, danışıqlar aparan dövlətimizin mövqeyi birmənalıdır: bu problem yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Eyni zamanda, sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe sərgilməkdə davam edəcəyi təqdirdə öz vətəndaşlarının hüquqlarını və ərazi bütövlüyünü bərpa etmək üçün alternativ yollara əl atılacağını istisna etmir.
Bir məqamı da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi istiqamətində aktiv mövqe nümayiş etdirməklə, danışıqlar prosesini davamlı şəkildə aparmaqla yanaşı, ölkə rəhbərliyi qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın məskunlaşması, onların sosial şəraitinin yaxşılaşması, səhiyyə, təhsil, infrastruktur təminatları ilə əhatə olunmaları, bütün iaşə-məişət qayğılarının həll edilməsi üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Həm büdcə vəsaitləri və Dövlət Neft Fondundan ayrılan subsidiyalar, həm də digər maliyyə mənbələri hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi ilə bağlı mühüm layihə və proqramlar reallaşdırılır.
Lakin daima problemlər axtaran və “problemləri” gündəmdə saxlamaqla məşhur olan “Azadıq” radiosu nədənsə ölkəmizin üzləşdiyi bir nömrəli problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini gündəmdə saxlamaqda maraqlı görünmür. Bu gün müxtəlif xarici ölkələrin çeşidli KİV-ləri bu münaqişənin yaranma səbəbləri, beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələri haqqında silsilə məqalə və reportajlar verdikləri halda, “Azadlıq” radiosu susur. Ya da ki, öz “səsini” xaricdəki bəzi maraqlı qüvvələrin istəklərinə uyğun olan istiqamətdə çıxarır. Ona görə də, bütün gücünü ölkəmizdə guya söz və mətbuat azadlığının pozulduğu istiqamətində yalan informasiyalar yaymağa sərf edir. Və radionun qeyri-səmimi olduğunu təsdiqləyən ikinci məqam  da məhz burada üzə çıxır.
Qeyri-səmimiliyi sübut edən ikinci məqam
Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi “Azadlıq” radiosu konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilən, həmçinin, Azərbaycan torpaqlarını işğal altında saxlayan düşmənlərimizə hüsnü-rəğbətini gizlətməyən şəxsi guya “söz azadlığı uğrunda mübarizə aparan birisi” kimi qələmə verməkdədir. Azərbaycan torpaqlarının işğalında iştirak edən düşmən tankının yanında poz verən, işğalçılarla qədəh-qədəhə vuran, Xocalıdakı faciəni ermənilərin deyil, azərbaycanlıların törətdiyini demək qədər vicdansızlığa yol verən birisinin müdafiəsinə qalxır, bunun fonunda guya Azərbaycan söz və mətbuat azadlığının yaxşı vəziyyətdə olmadığını iddia edir.
Lakin bu radio Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə söz azadlığı və mətbuat sahəsində əldə edilən irəliləyişlər, 1998-ci ildə senzuranın ləğv olunması və qəzetlərə dövlət nəzarətinin tam şəkildə aradan qaldırılmasının medianın inkişafına öz töhfəsini verməsi, bunun ardından isə qəzetlərin nəşriyyata olan borclarının dondurulması, həmçinin, Prezident İlham Əliyevin Sərəncamına əsasən bu borcların dövlət büdcəsindən ödənilməsi, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, istər milli mətbuatımızın 130 illiyi, istərsə də 135 illiyi münasibətilə jurnalistlərə fəxri adların verilməsi, həmçinin, KİV-lərə birdəfəlik yardımların ayrılması və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Prezident sərəncamları haqqında danışmır. Azərbaycan dövlətinin mediaya belə böyük qayğısı jurnalistləri gələcəyə ruhlandırdığı halda, “Azadlıq” radiosu jurnalist adına ləkə gətirən, dövlətinin və millətinin maraqlarını düşmənlərə qurban verən birilərinin timsalında guya ölkəmizdə söz və mətbuat azadlığının pozulduğuna dair yalan və əsassız informasiyalar yayır. Amma görünür hələ də bəziləri fərqində deyillər ki, Azərbaycan xalqı ağı qaradan, pisi yaxşıdan seçməyi bacarır. Ona görə də, bu gün nə Eynulla, nə onu müdafiə edənlər, nə də onun müdafiə etdikləri Azərbaycanın  inkişafına mane ola bilməzlər. çünki bu inkişafa xidmət edən siyasət xalqın maraqlarına söykənməklə, xalqımız tərəfindən müdafiə olunur.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30