Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Korrupsiyaya “yox” deyən yeni sənəd

Korrupsiyaya “yox” deyən yeni sənəd

05.04.2022 [10:12]

Məlik Məmmədov

Tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri korrupsiyadır. Korrupsiya cəmiyyətin sabitliyinə və təhlükəsizliyinə xələl gətirir, sosial-iqtisadi və siyasi inkişafda əhəmiyyətli və maddi itkilərə səbəb olur.

Bu gün  ölkəmizdə korrupsiyaya qarşı mübarizə  dövlət siyasətinin prioritetini təşkil edir. Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Azərbaycan Prezidenti İlham Əliyev, demək olar ki, keçirdiyi bütün görüşlərdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha sərt tədbirlərin görüləcəyini bəyan edir,  bundan sonra da  bu sahədə ciddi  mübarizə aparılacağını bildirir.

Və bu istiqamətdə seçdiyi kursa sadiq qalaraq dünən Prezident növbəti mühüm sənəd imzalayıb.  Belə ki, Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra - Fəaliyyət Planı)  təsdiq edilir.

Fəaliyyət Planı üzrə qəbul edilən Tədbirlər Planında korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra yenilikləri əks etdirilib.

Belə ki, sənədə əsasən, Azərbaycanda İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinin nəzərdən keçirilməsi və bununla bağlı təkliflər verilməsi planlaşdırılır. O cümlədən beynəlxalq təcrübənin, müvafiq standartın tətbiqi imkanlarının öyrənilməsi, bu sahədə təkliflərin toplanılması və qiymətləndirilməsi, “Antikorrupsiya idarəetmə sistemləri”nin qurulmasının təşviqi nəzərdə tutulub.

Beləliklə, Azərbaycanda korrupsiya ilə mübarizə beynəlxalq standarta uyğun olacaq.

Bundan başqa, bu il üçün ölkə üzrə əhatəli antikorrupsiya tədris modulu hazırlanacaq. Sənədə əsasən, tədris modulunun hazırlanması üçün işçi qrupu təsis ediləcək. Xarici ölkələrin bu sahədə təcrübəsinin öyrənilməsi və yerli təhsil proqramına uyğunlaşdırılması əsas götürüləcək.

Azərbaycanda evə ehtiyacı olanların uçotu aparılacaq

Təəccüblüdür, amma cəmi bir neçə gün əvvəl güzəştli mənzillərin alıcıları ilə bağlı məsələ gündəmə düşdü və artıq bu gün bu məsələnin həlli dövlət başçısının imzaladığı sənəddə də öz əksini tapıb. Belə ki, Tədbirlər Planına əsasən, Azərbaycanda şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc edilməsi və aktuallığının daim təmin edilməsi planlaşdırılır. Sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının Prezidenti  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi ?ətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin, təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə rəsmi internet saytında dərc edilməsi üçün zəruri təşkilati tədbirlər görülməsi, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı elektron xidmət göstərilməsi, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə yerli icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində dərc edilməsi nəzərdə tutulub.

Beləliklə, korrupsiyaya qarşı mübarizə çərçivəsində imzalanmış sənəd ölkənin aztəminatlı vətəndaşlarının sosial rifahının qayğısına qalır.

Çoxmənzilli binalarla bağlı vahid informasiya bazası yaradılacaq

Bununla yanaşı, ölkəmizdə çoxmənzilli binalarla bağlı vahid informasiya bazası yaradılacaq. Belə ki, Fəaliyyət Planına əsasən, Azərbaycanda tikilməkdə olan və yaxud tikilmiş, istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi planlaşdırılır.

Hüquq mühafizə orqanları əməkdaşlarının və hakimlərin əməkhaqları artırılacaq

Sənədə əsasən, Azərbaycanda dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının mərhələlərlə artırılması üzrə tədbirlər davam etdiriləcək, bununla bağlı təkliflər də hazırlanacaq.

Azərbaycanda rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq

Yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsi planlaşdırılır. Yerli icra hakimiyyəti orqanlarının xidmətlərinin təhlil edilməsi və mövcud infrastrukturun qiymətləndirilməsi, rəqəmsal icra hakimiyyəti portalının ilkin versiyasının hazırlanması və yoxlanılması, rəqəmsal icra hakimiyyəti portalının tam həcmdə fəaliyyət göstərməsi nəzərdə tutulub. Sözügedən vəzifənin icrası Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

İcra başçılarının aktlarının elektron bazası yaradılacaq

Fəaliyyət Planında həm də yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi və həmin aktların elektron bazasının yaradılması planlaşdırılır.

Dövlət xidmətlərinin göstərilməsinə dair vahid qanunvericilik olacaq

Bundan əlavə, dövlət xidmətlərinin təşkili prinsiplərini və qaydasını tənzimləyən, dövlət orqanları (qurumları) tərəfindən xidmətlərin göstərilməsinə dair tələbləri müəyyən edən vahid qanunun qəbul edilməsi planlaşdırılır. Sənədə əsasən, sözügedən vəzifənin icrası dövlət qurumlarına həvalə olunub.

Vahid Giriş Sistemi bütün dövlət informasiya ehtiyatlarında tətbiq ediləcək

Fəaliyyət Planına əsasən, Azərbaycanda dövlət orqanlarının (qurumlarının) göstərdiyi elektron xidmətlərdən istifadənin səmərəliliyinin artırılması məqsədilə Vahid Giriş (Login) Sisteminin bütün dövlət informasiya ehtiyatlarında və sistemlərində tətbiqi ilə bağlı təkliflərin təqdim edilməsi planlaşdırılır. Sözügedən vəzifənin icrası Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.

Vəzifəli şəxslər maliyyə məlumatlarını elektron formada təqdim edəcək

Tədbirlər Planında, o cümlədən vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsi planlaşdırılır. Sənədə əsasən, sözügedən vəzifənin icrası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokurorluğa həvalə olunub.

Vəzifəli şəxslərin maraqlarının toqquşmasının qarşısı alınacaq

Sənədə əsasən, Azərbaycanda Dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müvafiq qanunvericilik aktlarının hazırlanması planlaşdırılır. Normativ hüquqi aktın layihəsinin hazırlanması ilə bağlı ilkin təkliflərin toplanması, beynəlxalq təcrübə nəzərə alınmaqla hüquqi aktın layihəsinin hazırlanması və vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müvafiq qanunvericilik aktının qəbul edilməsi nəzərdə tutulub.

Beləliklə, Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31