Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xarici siyasət aləti və ya məcburetmə üsulu

Xarici siyasət aləti və ya məcburetmə üsulu

07.04.2022 [10:17]

Hansı ölkələrə sanksiya tətbiq edilib?

Rusiya dünyanın ən çox sanksiya tətbiq edilən ölkəsidir

Günel ABBAS

Son zamanlar sanksiya gündəmin ən aktual məsələsinə çevrilib. İstər siyasi, istərsə də ictimai mühitdə hər kəs yeni tətbiq edilən sanksiyalardan və onun yaratdığı problemlərdən danışılır. Bu gün dünyada baş verən hadisələr fonunda sanksiyaların nə qədər təsirli olduğuna şahidlik edirik. Rusiyaya qarşı Avropa, ABŞ, müxtəlif təşkilatlardan sanksiyaların tətbiqi bu ölkənin iqtisadiyyatının çökdürülməsinə hesablanmış addım olması danılmazdır. Yaxın günlərdə 5-ci paketin tətbiqi ilə siyasi və iqtisadi gücləri daha da zəifləyən Rusiya hazırda dünyanın ən çox sanksiya tətbiq edilən ölkəsidir.

Sanksiya nədir, hansı ölkələrə tətbiq edilib?

Sanksiya hər hansı bir dövlət qurumu və ya bir qrup dövlət tərəfindən müəyyən səbəblərlə digər dövlətə və ya quruma tətbiq edilən cəza sistemidir. Sanksiya dövlətlərin və beynəlxalq təşkilatların tətbiq etdiyi “məcburetmə üsulu” kimi də qiymətləndirilə bilər. Ən geniş tətbiq olunan növü iqtisadi sanksiyadır. İqtisadi sanksiyalar müxtəlif siyasi, hərbi və sosial məsələlərə görə də tətbiq oluna bilər. Eləcə də daxili və beynəlxalq məqsədlərə nail olmaq üçün istifadə edilə bilər. Qeyd etmək lazımdır ki, sanksiyaların effektivliyi mübahisəlidir və gözlənilməz nəticələrə səbəb ola bilər.

İqtisadi sanksiyaların tətbiqi 20-ci əsrdə, xüsusən 1919-cu ildə Millətlər Liqasının yaradılması ilə daha geniş yayılıb. İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə Liqa Birləşmiş Millətlər Təşkilatı ilə əvəz olunub. Sanksiyalar 21-ci əsrdə mübahisələrdən düşmən münaqişələrinə qədər geniş istifadə olunan xarici siyasət alətinə çevrilib. Beynəlxalq sanksiyalardan tez-tez istifadə edən ölkələr Avropa İttifaqı, Kanada, Avstraliya və ABŞ-dır. Sanksiyaların bir qədər ağır forması isə embarqodur. Embarqo ölkəyə idxal və ixracın qadağan edilməsi, bir dövlətin cəza tədbiri olaraq başqa dövlətlərə məxsus gəmilərin öz limanına girməsini, yaxud oradan çıxmasını qadağan etməsidir.

ABŞ-ın sanksiyaları 

Hazırda sanksiya tətbiqində ilk sıralarda yer alan Amerikanın ilk embarqoları uğursuzluqla nəticələnib. 1807-ci ildə bir sıra qanunları əhatə edən embarqo qəbul edilib. Embarqo İngiltərə və Fransanı dördüncü koalisiya müharibəsində ABŞ-ın bitərəf mövqeyinə hörmətlə yanaşmağa və yeni qanunlardan istifadəyə yönəlmişdi. Məqsədlərinə çata bilmədiyindən Tomas Cefferson 1809-cu ilin martında qanunu ləğv etdi.

ABŞ-ın Kuba embarqosu 1958-ci il martın 14-də Fulgensio Batistanın hakimiyyəti dövründə başlayıb. Əvvəlcə silah satışına tətbiq edilib, sonradan digər idxalları da əhatə edəcək şəkildə genişlənib. Kubada “el bloqueo” (blokada) adlandırılan embarqo müasir tarixdə ən uzunmüddətli embarqolardan biridir. ABŞ-ın keçmiş prezidenti Barak Obama Kuba ilə bəzi iqtisadi tədbirlər görsə də, 2011-ci ildə bu siyasəti təsdiqləyib. Kubanın hazırkı hökuməti tərəfindən insan hüquq və azadlıqları tanınmayınca embarqonun davam edəcəyini bildirib.

Rusiyanın sanksiyaları

Məlumdur ki, Rusiya öz siyasi məqsədlərinə çatmaq üçün iqtisadi sanksiyalardan istifadə edib. Kremlin diqqəti xüsusilə Serbiya, Ukrayna, Moldova və Gürcüstan kimi Avropa Birliyinə və NATO-ya daxil olmaq istəyən dövlətlər üzərində olub.

2004-cü ildə Ukraynada hakimiyyətə gələn Viktor Yuşşenko NATO və Aİ-yə qəbul üçün lobbiçilik fəaliyyəti ilə məşğul olub. Elə bu səbəbdən Rusiya Qərbi Avropa dövlətlərindən aldığı enerji xərclərini Kiyevdən tələb edib. Bu, bir gecədə Ukraynanın enerji xərclərini dörd dəfə artırıb. Sonra Rusiya 2006-cı ildə təbii qaz təchizatını kəsib. Bu addım Ukrayna və Rusiya iqtisadiyyatına ciddi ziyan vurub. 2010-cu ildə rusiyameyilli Viktor Yanukoviçin prezident olması ilə qazın qiyməti xeyli aşağı düşüb.

Gürcüstan prezidenti Saakaşvili də NATO və Aİ-yə daxil olmaq istəyirdi. Rusiya Qazprom vasitəsilə Gürcüstana qarşı bir sıra müxtəlif sanksiyalar, o cümlədən təbii qaz qiymətlərinə və Gürcüstan iqtisadiyyatına, xüsusən də Gürcüstanın şərab, sitrus və mineral su ixracına təsir edən daha geniş ticarət sanksiyaları tətbiq edib. 2006-cı ildə Rusiya Gürcüstandan bütün idxalı qadağan edib və öz sərhədlərində işləyən 2300-ə yaxın gürcüsünü deportasiya edib.

BMT-nin sanksiyaları

Birləşmiş Millətlər Təşkilatı əsas beynəlxalq hadisələrə cavab olaraq Təhlükəsizlik Şurasının və ya Baş Assambleyanın razılığı ilə sanksiyalar tətbiq edir. Bunu BMT Nizamnaməsinin 7-ci fəslinin 41-ci maddəsinə uyğun olaraq həyata keçirir. Bu sanksiyaların xarakteri fərqli ola bilər və maliyyə, ticarət, silah məhdudiyyətlərini əhatə edə bilər. 1945-ci ildə yarandığı gündən bəri BMT 20-dən çox sanksiya tətbiq edib.

BMT 1992-ci ilin aprelindən Somaliyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Təhlükəsizlik Şurasının 751 saylı qətnaməsi üzvlərə Somaliyə hər hansı hərbi texnika satmağı, maliyyələşdirməyi və ya köçürməyi qadağan edib.

Habelə Təhlükəsizlik Şurası 2006-cı ildə Koreya Xalq Demokratik Respublikasının (KXDR) Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozaraq həyata keçirdiyi nüvə sınağına cavab olaraq 1718 saylı qətnamə qəbul edib. Qətnamə hərbi və dəbdəbəli malların satışını qadağan edib və hökumətin aktivlərini dondurub. 2016-cı il tarixli 2270 saylı qətnamə isə Şimali Koreyanın işlətdiyi nəqliyyat personalı və nəqliyyat vasitələrinə məhdudiyyətlər qoyub, eyni zamanda, təbii ehtiyatların və təyyarələr üçün yanacağın satışını məhdudlaşdırıb.

26 fevral 2011-ci ildə BMT Təhlükəsizlik Şurası Birinci Liviya Vətəndaş Müharibəsində baş verən humanitar sui-istifadələrə cavab olaraq 1970-ci il Təhlükəsizlik Şurasının qətnaməsi ilə Liviyaya qarşı silah embarqosu tətbiq edib. Daha sonra embarqo 2018-ci ilin ortalarına qədər uzadılıb. Nəticədə, Liviya mal idxal etmək üçün özəl sektordan asılılığın artması ilə inflyasiyaya məruz qalıb.

BMT Baş Assambleyası 20 noyabr 1987-ci ildə Cənubi Afrikaya qarşı beynəlxalq neft embarqosu qəbul edib. Cənubi Afrikanı aparteid siyasətinə görə cəzalandırmaq üçün qəbul edilən embarqonu 130 ölkə dəstəkləyib.

Mövcud sanksiyalar

1989-cu ildə Tiananmen meydanındakı etirazlara görə Aİ və ABŞ Çinə silah embarqosu tətbiq edib.

2014-cü ilin avqust ayından Rusiya Aİ, ABŞ, Avstraliya, Kanada və Norveçdən gələn ərzaqların əksəriyyətinə embarqo tətbiq edib. 13 avqust 2015-ci ildə bu, Albaniya, Monteneqro, İslandiya və Lixtenşteynə də şamil edilib.

Qəzza zolağı 2001-ci ildən İsrail tərəfindən müharibə üçün istifadə edilən silahların qeyri-qanuni dövriyyəsinə görə sanksiyalara məruz qalıb.

Avstraliya İndoneziyaya mal-qaranın qəddarcasına kəsilmə üsullarına görə sanksiya tətbiq edib.

İran ABŞ və müttəfiqləri tərəfindən nüvə fəaliyyətlərinə görə sanksiyalara məruz qalıb.

2011-ci ildə Tohoku zəlzələsindən sonra Yaponiyadan heyvanların daşınması məhdudlaşdırılıb.

Demokratiya və insan haqlarının pozulmasına görə Aİ-dən Myanmaya sanksiyalar tətbiq edilib.

2006-cı ildə BMT, ABŞ, Aİ tərəfindən Şimali Koreyaya tətbiq olunan sank­siyalar bir müddət sonra yumşalsa da, 2010-cu ildə yenidən sərtləşib.

2 avqust 2017-ci ildə Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları birləşdirən ABŞ-ın Düşmənlərinə Sanksiyalar vasitəsilə Mübarizə Aktını imzalayıb.

1997-ci ildə ABŞ Sudana sanksiya tətbiq edib.

1975-ci ildə BMT tərəfindən Şimali Kipr Türk Respublikasına sanksiyalar qüvvəyə minib.

Aİ və ABŞ tərəfindən 2015-ci ildən Venesuelaya sanksiyalar tətbiq edilib.

Paylaş:
Baxılıb: 743 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31