Heydər Əliyev - zamanın fövqündə duran siyasi lider
07.05.2022 [09:30]
Tarixi təcrübə göstərir ki, qlobal dünya sistemi yalnız müxtəlif dövlətlərin inteqral cəmindən formalaşa, ümumi inkişaf naminə lokal çərçivədən çıxaraq dövrün siyasi-iqtisadi və ənənəvi-əxlaqi mahiyyəti nəzərə alınmaqla milliliyin və dövlətçiliyin ideal balansını təmin etməklə yarana bilər.
Hər bir cəmiyyət idarə edənlərə və idarə olunanlara bölünür. Müasir fəlsəfi təlimlər idarə edənləri elita adlandıraraq, onları ən məhsuldar, ən bacarıqlı adamlar kimi təqdim edir. Bu mənada, bəşər tarixi elitaların aramsız dəyişməsi və yenilənməsi tarixidir.
XX əsr Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi ölkəmizi, dövlətimizi və xalqımızı tarixi sınaqlardan çıxaran, inkişaf və tərəqqi yoluna yönəldən böyük şəxsiyyətin, siyasi liderin - ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Uinston Çörçill, Konrad Adenauer kimi Heydər Əliyev də hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş qüdrətli mütəfəkkir, böyük dövlət xadimi, nadir zəka sahibi idi. O, bütün fəaliyyəti dövründə praqmatik, rasional, səmimi, qətiyyətli və yaradıcı lider, fenomenal şəxsiyyət kimi siyasi olimpdə qalmağı, mütərəqqi ideyalarını fədakarlıqla reallaşdırmağı bacardı.
SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Leninqrad Xüsusi Məktəbini bitirdikdən sonra Bakıya qayıdan Heydər Əliyev 1953-cü ildə şöbə rəisi təyin edildikdən sonra məxfi sənədlərlə tanış olur və xalqımıza qarşı aparılmış repressiya tədbirlərini araşdırmağa başlayır. Heydər Əliyev repressiya illərini xatırlayaraq 1997-ci ildə demişdir: “Mən 1937-1938-ci illərin materiallarına baxanda gördüm: kim idi o vaxt MKVD-nin başında duranlar? Qriqoryan, Markaryan, Topuridze (yarı erməni, yarı gürcü) və başqaları. 1953-cü ilə kimi bu orqanlarda qalmış, Azərbaycana xəyanət etmiş adamlardan idi, onların əksəriyyəti azərbaycanlı deyildi”.
Azərbaycanın 51 rayonundan 31-də Xalq Daxili İşlər Komissarlığının rayon şöbələrinin rəisləri ermənilər idi. Bakıda mərkəzi aparatda da eyni vəziyyət hökm sürürdü. Bu adamlar məqsədyönlü şəkildə heç bir əsas olmadan Azərbaycanın milli ziyalılarına divan tutur, repressiyaya məruz qoyur, sürgünə göndərirdilər. Gənc Heydər Əliyev millətimizə divan tutan cinayətkar qruplara qarşı mübarizə yolunda böyük çətinliklərlə üzləşsə də geriyə çəkilmədi.
1999-cu il martın 27-də Azərbaycan Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev respublikamızda təhlükəsizlik orqanlarında milli kadrların azlıq təşkil etməsi, repressiyalar dövründə mərkəzə tabe olan və onun iradəsini həyata keçirən başqa millətlərdən olan kadrların fəallıq göstərdiklərini vurğulayaraq demişdir: “Müsəlman respublikalarına mərkəzdən münasibət çox fərqli idi. Ona görə də Azərbaycanın təhlükəsizlik orqanlarında milli kadrların yaranmasına imkan verilmirdi. Məhz 1950-ci illərdən, 1950-ci illərin ikinci yarısından başlayaraq bu imkan əldə edildi. Ancaq buna nail olmaq üçün təhlükəsizlik orqanlarında Azərbaycan xalqına zidd siyasətin həyata keçirilməsində fəallıq göstərənləri oradan uzaqlaşdırmaq, kənarlaşdırmaq lazım idi.
Mənim xatirimdədir, 1953-cü ildə Stalin vəfat edəndən sonra təhlükəsizlik orqanlarında müəyyən struktur dəyişiklikləri əmələ gəldi. Həm o vaxt Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin, sonra Dövlət Təhlükəsizliyi Komitəsinin Əks-Kəşfiyyat İdarəsinin rəisi idim. O dövrü bu gün də xatırlayanda dəhşətə gəlirəm ki, biz kimlərlə işləyirdik. Yerli kadrlar çox az idi. Vaxtilə elələrini seçirdilər ki, onlar yüksək savada, biliyə, yaxud keyfiyyətə malik olmasınlar. Əsas rəhbər vəzifələrdə işləyənlər başqa millətlərə mənsub olan kadrlardan ibarət idi”.
Etiraf edək ki, belə bir vəziyyətdə təhlükəsizlik orqanlarının milliləşdirilməsi nə qədər çətin olsa da Heydər Əliyevin fədakarlığı və cəsarəti sayəsində bu istiqamətdə ciddi addımlar atıldı. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə ilk dəfə azərbaycanlı kadrın - Heydər Əliyevin təyin edilməsi isə əslində böyük tarixi hadisə idi. Onun DTK-ya rəhbərliyi dövründə milli kadrların hazırlanmasına və irəli çəkilməsinə xüsusi diqqət yetirildi.
Heydər Əliyevin Moskvaya yüksək vəzifəyə aparılmasından sonra vəziyyət dəyişməyə başladı. Azərbaycanı təzyiq altında saxlamaq, milli kadrların iradəsini sındırmaq, milli dirçəlişin, oyanışın qarşısını almaq üçün 1985-ci ildən etibarən təhlükəsizlik orqanlarına kənardan kadrlar gətirilməsinə başlandı. 1988-ci ildə Azərbaycanda separatizm baş qaldıranda, ən ağır dövrdə DTK rəhbərliyinə ölkədəki reallığa bələd olmayan kənar millətin nümayəndəsi təyin olundu. Heydər Əliyev haqlı olaraq bu vəziyyəti 1930-cu illərin təkrarı kimi xarakterizə edirdi.
Ulu öndər Heydər Əliyev geniş erudisiyasına, heyrətamiz təfəkkürünə, dövlətçilik təcrübəsinə, analitik təhlil qabiliyyətinə, yüksək insani keyfiyyətlərinə görə yalnız ölkəmizin deyil, həm də dünyanın siyasi səhnəsində özünəməxsus layiqli və şərəfli yer tutur.
Parlaq siyasi liderlər, bir qayda olaraq, ictimai inkişafın böhranlı, dönüş mərhələsində meydana çıxırlar, ölkələrin və xalqların tarixində həyati əhəmiyyətli məsələləri həll edir, xalqı və dövləti geniş inkişaf yoluna yönəldirlər.
Ulu Öndər yaxşı bilirdi ki, yeni dövrdə bəşəriyyətin inkişafında baş verən böyük dəyişikliklər, elmi-texniki tərəqqi, qloballaşma prosesi, dövlət xadimlərinə, siyasi liderlərə qarşı çoxsaylı tələblər irəli sürmüşdür. Bu tələbləri, qlobal problemləri nəzərə almadan, onların aradan qaldırılması istiqamətində yetərli tədbirlər görmədən milli təhlükəsizliyi, xalqın rifahını, insan hüquqlarının təmin olunmasını reallaşdırmaq müşkül bir işə çevrilər. Prinsipial məsələlərə konseptual yanaşma sərgiləmək xalqa və dövlətçiliyə xidmətin başlıca şərtidir. Məhz buna görə də Heydər Əliyev dövlət idarəçiliyində inkişaf variantlarını modelləşdirmək, fərqli situasiyalarda səmərəli idarəetmə qabiliyyəti, operativ və əsaslandırılmış qərarlar qəbul etmək bacarığı olan kadrlar yetişdirilməsinə, onların irəli çəkilməsinə böyük önəm verirdi.
Müasir dövrdə qloballaşma prosesi sivilizasiya konsepsiyasına ciddi dəyişikliklər edir, yeni ideyalar, yeni çağırışlar meydana gəlir, siyasi və iqtisadi müstəvidə yeni aktorlar yaranır.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkədə yenidən hakimiyyət sükanı arxasına keçməsindən sonra həyata keçirilən xarici və daxili siyasət, milli təhlükəsizlik və sosial-iqtisadi inkişaf konsepsiyasının əsas konturlarını müəyyən etmək üçün real zəmin yaratdı. Bu strategiya Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrilməsini, Xəzər dənizinin enerji ehtiyatlarının dünyanın mühüm söz sahibi olan böyük dövlətləri ilə birgə işlənməsini, ölkə ərazisindən Şimal - Cənub və Şərq - Qərb nəqliyyat dəhlizinin əsas arteriyası kimi istifadə olunmasını, bütün ölkələr və beynəlxalq təşkilatlarla strateji tərəfdaşlıq münasibətlərinin saxlanılmasını nəzərdə tuturdu.
Ulu Öndər qloballaşma dövründə milli suverenliyin məhdudlaşmasına imkan vermədən inteqrasiya proseslərinin əlverişli amillərindən ölkənin inkişafı, iqtisadiyyatın modernləşməsi və müasir Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi əsaslarının daha da kamilləşməsi, möhkəmlənməsi üçün istifadə etməyi tövsiyə edirdi. Təbii ki, bütün bu proseslərdə postindustrial dövrün tələbləri, qloballaşmanın cəmiyyətə təlqin etdiyi stereotiplərin gətirdiyi yeni təmayüllər də unudulmamalı idi.
Neft strategiyası
Zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan dünya neft sənayesi tarixində özünəməxsus yer tutur. Neftin sənaye üsulu ilə hasil edilməsi, emalı, tankerlər və dəmiryolu ilə, boru kəmərləri ilə nəqli, sahildə və dənizdə neft yataqlarının kəşfi, istismarı sahəsində birincilik şərəfi Azərbaycana məxsusdur. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə neft sənayesinin elmi-texniki cəhətdən müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizə öncül mövqeyini qoruyub saxlamağa əlverişli imkan yaratmışdır.
1991-ci ildə müstəqillik qazanan Azərbaycan mürəkkəb siyasi, iqtisadi və hərbi reallıqla üzləşmişdi. Arası kəsilməyən xarici təzyiqlər, hakimiyyət çəkişmələri, işğalçı Ermənistanın hərbi təcavüzü, separatçı ünsürlərin baş qaldırması ölkəni iflic vəziyyətinə salmışdı. Gənc dövlətin ağır sınaqlara məruz qaldığı bir dövrdə xalqın təkidli tələbləri ilə siyasi hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyevin qarşısında ölkəni parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən, xarici hərbi təcavüzdən və dərin böhrandan xilas etmək kimi çətin vəzifələr dururdu.
Belə bir mürəkkəb dövrdə ölkənin xilasına nədən başlamalı sualı hər kəsi düşündürürdü. Xəzərin Azərbaycan sektorunda çıxarıla bilən zəngin neft-qaz yataqlarının olduğunu, karbohidrogen ehtiyatlarının hasilatı üçün ölkədə böyük texniki-iqtisadi və intellektual potensialın mövcudluğunu yaxşı bilən Heydər Əliyev müstəqilliyi qoruyub saxlamaq, iqtisadi-siyasi sabitlik yaratmaq istiqamətində qarşıda duran təxirəsalınmaz vəzifələrin icrasına başlayarkən dünya miqyasında karbohidrogen resursları uğrunda getdikcə daha da genişlənən mübarizədən faydalanmaq qərarına gəldi. Ulu Öndər bu strategiyanı gələcək hədəflərə yetişməyin mühüm şərti hesab edirdi: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətlidir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur”.
Neft strategiyasının əsas hədəfləri böyük siyasi uzaqgörənliklə, müdrikliklə müəyyən olunmuşdu. Azərbaycan xarici investorların köməyi ilə neft-qaz sektorunu müasirləşdirmək, yeni yataqları birgə istismar etmək, xam nefti dünya bazarlarına çıxarmaq və bu sektordan əldə ediləcək böyük maliyyə vəsaitlərini iqtisadiyyatın digər sahələrinə yönəltmək yolu ilə ölkəni sürətli inkişaf yoluna çıxarmaq, çoxsaylı problemləri aradan qaldırmaq niyyətində idi.
Enerjidaşıyıcıları Xəzər regionunun strateji əhəmiyyətini müəyyənləşdirən yeganə amil deyil. Bu region böyük dövlətlərin mənafelərinin çulğaşdığı mühüm geostrateji qovşaqdır.
Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, Xəzər regionu müxtəlif təyinatlı nəqliyyat marşrutlarının çəkilməsi üçün əlverişli arealdır, ölkənin Şimal - Cənub, Şərq - Qərb vektorları üzrə, o cümlədən Avropadan Asiya - Sakit okean regionu istiqamətində astronomik iqtisadi səmərə vəd edən mühüm dəhlizə çevrilməsi labüddür.
Rusiya, Azərbaycan və İran vasitəsi ilə Avropanı və Fars körfəzi zonasını birləşdirəcək dəniz və quru yol kommunikasiyaları sisteminin - “Şimal - Cənub dəhlizi”nin yaradılmasına güclənən enerji böhranı fonunda getdikcə daha çox ehtiyac duyulurdu.
Şimal qonşumuzun neft şirkətlərinin mövqeyi regionda xeyli zəif olsa da, Rusiyanın xarici siyasətinin əsas məqsədi Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması yollarını inhisara almaq, neft və qaz marşrutlarının yalnız Rusiya ərazisindən nəqlinə nail olmaq idi. Xarici neft şrkətləri isə neft və qaz nəqli marşrutlarının digər dövlətlərin ərazisindən keçməsində maraqlı idilər.
1994-cü il sentyabrın 20-də Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının 30 il müddətində işlənməsinə dair saziş imzaladı.
Qeyd edək ki, SSRİ-nin süqutundan sonra Xəzəryanı dövlətlər arasında dənizin dibindən və suyun səthindən istifadə məsələsinə yanaşmada müəyyən problemlər qabarmağa başlamışdı. Heydər Əliyev bu problemin həllini xüsusi diqqət mərkəzində saxlayır və ölkəmizin mövqeyini qətiyyətlə qoruyurdu. Yaranmış vəziyyətdə Rusiya dənizin dibi də daxil olmaqla, ondan ümumi istifadə prinsipini qəbul etməyi təklif etdi, İran bu təklifi qəbul etsə də, Azərbaycan, Qazaxıstan və Türkmənistan təklifi qəbul etmədilər. Bu üç dövlət Xəzərin sektorlara bölünməsini, dənizin dibinin, su qatının, su səthinin və hava məkanının vertikal bölünməsini təklif etdilər. Bir müddət sonra Rusiya dənizin dibini sektorlara bölməyi, ərazi suları istisna olmaqla su qatını və su səthini ümumi istifadədə saxlamağı təklif etdi.
Rusiya, Azərbaycan və Qazaxıstanın mövqeləri yaxınlaşdıqdan sonra Xəzərin statusu məsələsində digər ölkələrin də mövqeyi yaxınlaşmağa başladı. 1996-cı ildə Xəzəryanı ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərlərinin görüşündə Xəzərin statusunun işlənib hazırlanmasının zəruriliyi bəyan olundu və danışıqlar aparılması üçün işçi qrup yaradıldı.
Ulu öndər Heydər Əliyevin Xəzərin milli sektorlara bölünməsinə dair təşəbbüsü ölkəmizin hövzədəki mövqeyini daha da möhkəmləndirir və əlverişli beynəlxalq dəstək vəd edirdi. Təsadüfi deyil ki, hələ 1995-ci ilin aprel ayında ABŞ prezidenti Bill Klinton Azərbaycanın dövlət başçısı Heydər Əliyevə məktub göndərərək, Xəzərin sektorlara bölünməsi ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini ifadə etmişdi. Bu məktub Ümummilli Liderin mövqeyinin ədalətli və konstruktiv olmasına dəlalət edən strateji yanaşmanın ifadəsi idi.
Xəzərin hüquqi statusunun müəyyən olunması məsələsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. Buna görə də Xəzərin statusu ilə bağlı bütün qeyri-konstruktiv mövqelərə qarşı inadla mübarizə aparan, müqavimət göstərən ümummili lider Heydər Əliyev imperiya düşüncələrinə üstün gələn ədalətli mövqe ortaya qoymuşdu. Heydər Əliyev bəyan edirdi ki, Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi fəaliyyət həm beynəlxalq hüquqa, həm də Xəzəryanı ölkələrin söykəndiyi dövlətlərarası hüquqa və təcrübəyə bütünlüklə uyğundur. Ulu Öndər israrla sübut edirdi ki, Xəzər “qapalı su hövzəsi”, “qapalı dəniz” hesab edilsə belə, bu, Azərbaycanın reallaşdırdığı layihələri, həyata keçirdiyi fəaliyyəti inkar etmir.
BMT-nin “Beynəlxalq dəniz hüquqları haqqında Konvensiyası”na uyğun olaraq hər bir sahil dövləti “ortaq dənizdə” öz iqtisadi zonasına sahib olmaq, orada iqtisadi fəaliyyət göstərmək, iqtisadi dividendlər qazanmaq hüququna malikdir.
2001-ci ilin yanvarında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi zəfəri zamanı imzalanmış “Xəzər dənizində birgə fəaliyyət haqqında” Bəyanatda Azərbaycanın təklif etdiyi “Xəzərin orta xətt üzrə milli sektorlara bölünməsi” prinsipi öz əksini tapdı. 2002-ci ilin sentyabrında Heydər Əliyevin Moskvaya səfəri zamanı imzalanmış dövlətlərarası sazişin əsasında da məhz bu prinsip dururdu. Bu saziş sahilyanı ölkələr arasında öz milli sektorundakı neft və qaz yataqlarında xarici şirkətlərlə hasilata başlayan ilk ölkə olan Azərbaycanın fəaliyyətinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha sübut etdi.
Aparılan danışıqlar, görülən işlər 2018-ci ildə böyük uğurla nəticələndi. Həmin il avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə görüşündə imzalanmış Konvensiya Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini, hərtərəfli hüquqi rejimi təsbit etdi. Bu sənəd hüquqi baza kimi sahilyanı dövlətlər arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə mühüm töhfədir.
Moskva dövrü
1969-1982-ci illərdə Azərbaycanın müxtəlif sahələrdə qazandığı böyük uğurlar diqqətdən yayınmadı. Ölkənin yeni rəhbəri Yuri Andropov yaxşı tanıdığı, elmi intellektual səviyyəsinə, işgüzarlığına, yüksək insani keyfiyyətlərinə bələd olduğu Heydər Əliyevi Moskvaya dəvət etdi. 1982-ci il noyabrın 22-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilən Heydər Əliyevə Nazirlər Sovetinin Rəyasət Heyətinin 15 dekabr 1982-ci il tarixli qərarı ilə SSRİ Yollar Nazirliyinin, Dəniz Donanması Nazirliyinin, Yol Tikintisi Nazirliyinin, Rabitə Nazirliyinin fəaliyyətlərinə, həmçinin müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı sahələrinə nəzarət etmək tapşırılır.
Bundan əlavə, SSRİ Nazirlər Sovetinin Baykal - Amur dəmir yolunun tikintisi məsələləri üzrə daimi Komissiyasının işinə rəhbərlik etmək vəzifəsi də Heydər Əliyevə həvalə edilir.
SSRİ Nazirlər Sovetinin Rəyasət Heyətinin 1983-cü il 2 fevral tarixli qərarı ilə SSRİ Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Kinematoqrafiya Komitəsi, Nəşriyyat və İdman Komitələri, SİTA, Dövlət Arxivi və Müəlliflik Hüququ Agentliyi də Heydər Əliyevin kurasiyasına verilir. Az sonra bu sahələrin fəaliyyətində baş verən canlanma, qazanılan diqqətəlayiq uğurlar Heydər Əliyevin gərgin əməyinin nəticəsi kimi yüksək dəyərləndirildi.
Heydər Əliyevin zəngin təcrübəsi, yüksək idarəçilik qabiliyyəti, onun kuratorluq etdiyi sahələrdə əldə olunmuş nailiyyətlər nəzərə alınaraq SSRİ Nazirlər Sovetinin Rəyasət Heyətinin 5 iyun 1985-ci il tarixli qərarı ilə Yüngül Sənaye Nazirliyi, Ticarət Nazirliyi və “Sentrosoyuz”un fəaliyyəti, həmçinin “B” qrupu sahəsinin inkişafı ilə bağlı məsələlərə nəzarət və kuratorluq Heydər Əliyevə həvalə olundu. Nazirlər Sovetinin 1986-cı il 16 oktyabr tarixli qərarı ilə Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sosial inkişaf məsələləri bürosunun sədri təyin edildi. Bu büronun səlahiyyət sahəsi kifayət qədər geniş idi.
Mühüm sahələrə nəzarətin və kuratorluğun Heydər Əliyevin əlində cəmləşməsi, idarəçilik sisteminin təkmilləşdirilməsi, çoxsaylı layihələrin və proqramların uğurla reallaşdırılması sayəsində onun böyük nüfuz qazanması dar düşüncəli, xudpəsənd, siyasi oyunların alətinə çevrilən Mixail Qorbaçovda hədsiz siyasi qısqanclıq hissi yaradırdı. Mixail Qorbaçov ətrafındakı təcrübəli, yetkin siyasi təfəkkürlü, sarsılmaz iradəyə malik müdrik şəxsiyyətləri siyasi olimpdən uzaqlaşdırmaqla özü də anlamadan sürətlə siyasi karyerasının sonuna yaxınlaşırdı. Mixail Qorbaçov 1991-ci ilin sonunda böyük rüsvayçılıqla siyasi səhnəni tərk etməyə məcbur oldu.
Müstəqillik dövründə Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş geniş islahatlar milli inkişaf modelinin strateji hədəflərinin reallaşdırılmasına yönəlmişdi. Dövlət mülkiyyətinin sosial ədalət prinsiplərinə əməl edilməklə xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi, sərbəst bazar iqtisadiyyatına keçid, xüsusi mülkiyyətin qanunvericilik yolu ilə təsbit edilməsi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası insanların şüurunda, ictimai münasibətlərdə əsaslı dəyişikliklərlə nəticələndi.
Hər bir dövlətin, xalqın həyatında silinməz izlər qoymuş tarixi mərhələ, radikal transformasiya ikili xarakterə, ambivalent təbiətə malik olur. İlk baxışda görünən, hadisələrin səthində diqqəti cəlb edən proseslərdən fərqli olaraq, ikinci müstəvidə düşüncə hadisələrin dərin qatlarına enərək nəticəni doğuran səbəblərə istiqamətlənir və duyulmayan, sezilməyən həqiqəti dərk edir. Bu mənada qətiyyətlə deyə bilərik ki, XX əsr bizim tarixi yaddaşımızda müstəqil dövlətçiliyin formalaşması, möhkəmlənməsi və Heydər Əliyevin epoxal uğurlar mərhələsi kimi həkk olunmuşdur.
Ulu öndər Heydər Əliyev böyük bir geosiyasi məkanda dövlətçilik təfəkkürünün, tarixin sınaqlarından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin, dünyanı düşündürən qlobal problemlərin həllinə yönəlik müdrik və konseptual yanaşmanın canlı təcəssümüdür, nəsillərə örnək, müdrik siyasi liderdir.
Siyasi liderlərin fəaliyyətinin qiymətləndirilməsi müstəvisində tarixi gerçəklik ən obyektiv istinad faktoru olduğundan bugünkü Azərbaycanın reallıqları, qazanılmış uğurlar, həyata vəsiqə almış regional və qlobal layihələr Heydər Əliyev şəxsiyyətinin əzəmətini bütün dünyanın gözündə daha da ucaldır, insan, şəxsiyyət, dövlət xadimi və siyasi lider amilinin fəlsəfi qayəsinə yeni və dolğun çalarlar gətirir.
Heydər Əliyev zaman və ictimai-siyasi formasiya baxımından bir-birindən fərqlənən, hətta böyük ziddiyyət təşkil edən iki tarixi dövrdə xalqa, Vətənə xidmət missiyasını təqdirəlayiq uğurla gerçəkləşdirərək siyasi olimpə yüksəlmiş və adını tarixə qızıl hərflərlə əbədi həkk etmiş fenomen dövlət xadimidir.
Tarixin axarını dəyişən ideya və prinsiplərin, siyasi müdrikliyin və uzaqgörənliyin unikal daşıyıcısı kimi Heydər Əliyev zamanın fövqündə duran xarizmatik lider, dünya miqyaslı dövlət xadimi, əfsanəyə çevrilmiş böyük şəxsiyyətdir.
Bu, bir həqiqətdir ki, hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən liderlər həm də dövlətçiliyin gələcəyi naminə siyasi varislik ənənələrini formalaşdırır, ölkənin və xalqın taleyini əmin əllərə tapşırırlar. Ümummilli lider Heydər Əliyev də Azərbaycanı intibah və tərəqqiyə qovuşduracaq strateji hədəflərin reallaşdırılmasını təmin etməyə qadir olan istedadlı, iradəli, rasional təfəkkürlü, xalqını və Vətənini sevən xarizmatik lider yetirmişdir. Elə bu səbəbdəndir ki, Azərbaycanın gələcəyinin konturlarına nəzər salsaq, qarşımızda güclü, qüdrətli, müasir dünyanın çağırışlarına adekvat reaksiya verən bir dövlət görərik.
Güclü peşəkar hakimiyyət, möhkəm nizam-intizam, qanunun aliliyi dövlət idarəçiliyinin mühüm şərtidir. 2003-cü ildən sonrakı dövrün təhlili göstərir ki, Prezident İlham Əliyev ölkənin inkişaf strategiyasını yaradıcılıqla davam etdirməyə qadir olan, zamanın tələbləri məcrasında siyasi prosesləri müdrikliklə yönəltməyi bacaran, mövcud gerçəkliyi obyektivliklə dəyərləndirən, ekstremal şəraitdə ən optimal qərarlar qəbul edən, taleyüklü problemlərin həllinə milli maraqlar müstəvisində həssaslıqla yanaşan alternativsiz siyasi liderdir.
Həsən Həsənov,
“Xalq qəzeti”nin baş redaktoru,
Yeni Azərbaycan PartiyasınınTəftiş Komissiyasının üzvü
Xəbər lenti
Hamısına baxGündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32

