Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir gündə iki tarix

Bir gündə iki tarix

18.10.2022 [10:02]

Dövlət müstəqilliyinin bərpasından dövlət sərhədinin bərpasına doğru

NARDAR 

18 oktyabr 1991-ci il - Azərbaycanın müstəqilliyinin bərpa edildiyi tarix. Və 29 il sonra həmin gün - 18 oktyabr 2020-ci il, Prezident İlham Əliyev xalqımıza daha bir qələbə müjdəsi verdi: Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı.

Müstəqillik hər bir xalqın milli sərvətidir. Müasir dövrdə isə müstəqillik anlayışı fərqli məzmun daşıyır. Burada əsas məqam formal müstəqilliyə malik olmaq deyil, müstəqil siyasət həyata keçirmək və suverenliyi təmin etməkdir. Suverenlik isə milli maraqların qorunmasında öz əksini tapır.

18 oktyabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyi elan olunsa da, ilk vaxtlarda müstəqil siyasət həyata keçirilə, yaxud siyasi iradə ifadə edilə bilməyib. Yəni suverenliyi təmin etmək mümkün olmayıb. Yalnız ümummilli lider Heydər Əliyevin müstəqil siyasət həyata keçirməsi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində suveren dövlətlər sırasına qoşula, milli maraqların etibarlı müdafiə mexanizmini yarada bilib. Ötən müddət ərzində Azərbaycan yüksəlişini davam etdirərək müstəqilliyin zirvəsinə çata bilib. Ən əsas məqam isə respublikanın milli gücünün davamlı olaraq artması və nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasıdır.

Qeyd edək ki, Xudafərin körpüləri orta əsr Azərbaycan memarlığının dövrümüzə qədər gəlib çatan ən unikal abidələrindəndir. Bu abidələr Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Araz çayının şimal və cənub sahillərini birləşdirən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynayıb və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub. Amma həmin körpülərin bir hissəsi dağılaraq bugünümüzə gəlib çatmayıb.

Xudafərin körpüləri tarixin sərt sınaqlarından keçərək çox hadisələrə şahidlik edib. Bu hadisələrdən ən önəmlisi isə xalqımız üçün mənəvi əhəmiyyəti böyük olan abidələrin iki il öncə azadlığına qovuşmasıdır. Prezident İlham Əliyev ötən il oktyabrın 17-də Füzuliyə səfəri zamanı rayon ictimaiyyəti ilə görüşərkən, Xudafərin körpüsünün Azərbaycanın milli sərvəti olduğunu vurğulayıb: “Bu gün bu tarixə toxunarkən, sadəcə olaraq, öz mövqeyimi, öz fikirlərimi sizinlə və Azərbaycan xalqı ilə bölüşmək istəyirəm. Sabah digər tarixi gün qeyd olunacaq - Xudafərin qəsəbəsinin azad olunması. Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik”.

Xudafərin körpüsünün erməni işğalından azad edilməsinin  önəmindən danışan hərbi ekspert Emin Həsənli qəzetimizə açıqlamasında bildirib ki, bu körpünün azad olunması strateji əhəmiyyət kəsb edir. Ekspert xatırladıb ki, müharibənin davam etdiyi günlərdə beynəlxalq birliyin təşəbbüsü əsasında oktyabrın 18-i saat 00:00-dan etibarən Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs elan olunmuşdu. Amma erməni tərəfi yenə də bu razılaşmaya əməl etmədi və mövqelərimizi atəşə tutmaqda davam etdi. Belə olan halda isə, ordumuz onların lazımi cavabını verməli idi və verdi. Bu əməliyyatda sərhəd qoşunlarının rolunu xüsusi qeyd edən E. Həsənlinin sözlərinə görə, əməliyyatın itki vermədən uğurla baş tutması döyüş planının peşəkarlığından xəbər verirdi: “Azərbaycan sərhədçiləri 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan tərəfindən verilmiş döyüş tapşırıqlarını uğurla icra ediblər. Sərhədçilərimiz müharibənin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini düşmən tapdağından azad ediblər. Məhz sərhədçilərimiz 24 saat ərzində 105 kilometr məsafədə sürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək Ermənistan ordusunun yüzlərlə canlı qüvvəsini məhv edib, Xudafərin körpüsündə, Zəngilanın Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı ucaldıb, Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər. Həmin ərazilərin azad edilməsi Ermənistanın dövlət sərhəddimizdən, o cümlədən Xudafərin körpüsündən narkotik vasitələrin tranzit yolu  kimi istifadəsinə də son qoydu”.

Beləliklə, 18 oktyabr 2020-ci il tarixində Xudafərin qəsəbəsinin azad edilməsi, Azərbaycan əsgərinin Xudafərin körpüsünə çıxaraq üçrəngli bayrağımızı dalğalandırması ilə bir-birini tamamlayan iki tarix siyasi təqvimə yazıldı.

Vətən sərhəddən başlayır və dövlət sərhədinin bərpası ərazi bütövlüyünün qorunması kimi suverenliyin göstəricisidir.

18 oktyabr həm də dövlət sərhədinin bərpa olunduğu gün kimi müstəqilliyin zirvə hadisələrindən biridir.

Prezident İlham Əliyev Xudafərin körpüsünün Azərbaycanın milli sərvəti olduğunu vurğulayıb. Ölkəmizin ərazi bütövlüyünün, dövlət sərhədinin bərpası fonunda müstəqillik və suverenlik də xalqımızın milli sərvəti - milli gücünün ifadəsidir!

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31