Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sumqayıt hadisələri ilə bağlı www.sumqait.com internet saytının təqdimatı olub

Sumqayıt hadisələri ilə bağlı www.sumqait.com internet saytının təqdimatı olub

01.03.2011 [08:38]

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Sumqayıt hadisələri ilə bağlı www.sumqait.com internet saytının təqdimatı olub. AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, alimlər və ziyalıların nümayəndələri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, “İRƏLİ” İctimai Birliyinin, digər QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak ediblər.
Yeddi bölmədən ibarət olan www.sumqait.com internet resursunun hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu bölmələrdə əsasən 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədən, təşviq  edən qruplar və Ermənistandan qaynaqlanan millətçi hərəkatlar haqqında materiallar yerləşdirilib. Eyni zamanda, Sumqayıt hadisələrindən əvvəl Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərə, keçmiş SSRİ rəhbərliyinin yarıtmaz milli siyasətinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktlarından bəhs edən materiallara da  xüsusi yer ayrılıb.
Tədbiri açan Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məruzə ilə çıxış edib. O deyib ki, bu gün 1988-ci ilin fevral ayında Sumqayıt şəhərində baş vermiş hadisələrə həsr olunmuş internet saytı işə salınır: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən hazırlanmış bu informasiya resursu Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. Saytın yaradılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranmasının səbəbləri haqqında yalançı erməni təbliğatının ifşa edilməsi üzrə işimizin mühüm mərhələsidir. Uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq cəhdində Sumqayıt hadisələrinə istinad edir. ölkəmizin ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan, Sumqayıt hadisələrini Azərbaycanın təşkil etdiyi məqsədyönlü akt kimi təqdim edir. Hələ 1988-ci ildə başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılar ilə bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlmişdir”.
Fuad Ələsgərov vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən hakimiyyətə gələn gündən erməni informasiya maşınının dağıdılması üçün bütün mümkün vasitələrdən istifadə edərək buna nail ola bilib: “Sumqayıt hadisələrinin erməni pravokasiyası olması hamıya aydın olub. Cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi ixtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələmişdir. İstintaqın hərtərəfli aparılması üçün baş prokurorun birinci müavininin rəhbərliyi ilə istintaq-əməliyyat qrupu yaradılmışdır. İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, xarici ölkələrə müvafiq sorğular göndərilmiş, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri görülmüşdür”.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Fərhad Məmmədov məruzə ilə çıxış edərək, saytın yaradılması zamanı ortaya problemlərin çıxdığını deyib: “Belə ki, “Sumqayıt” adı altında bir çox internet domenlər artıq ermənilər tərəfindən istifadə olunurdu və “Google” axtarış sistemində erməni saytları tam çoxluq təşkil edirdi. Belə şəraitdə, yaradılan bu internet resursu həm adı ilə, həm də özündə əks etdirdiyi materiallarla zəngin, baxımlı və dolğun olmalı idi. www.sumqait.com üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir və dünyanın ən kütləvi sosial şəbəkələrində (facebook və twitter) xüsusi səhifələrlə təmsil olunur. İnternet resursu informasiya müharibəsinin birinci və əsas ünsürüdür. Prezident İlham Əliyevin göstərişi ilə informasiya məkanında fəaliyyət getdikcə möhkəmlənir və səmərəsini artırır.  www.sumqait.com saytı dövlət tərəfindən yaradılsa da, Azərbaycan Respublikasının vətəndaş cəmiyyətinin və diaspor təşkilatlarının bu işdə dövlətə yardımı işimizi daha da faydalı edər, məlumatların yayılma miqyasını artırar”.
Sonra Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubovun məruzəsi dinlənilib. R.Usubov hazırda Baş Prokurorluqda 1988-ci il fevralın 27-29-da baş vermiş məlum Sumqayıt hadisələri ilə əlaqədar cinayət işinin istintaqının davam etdirildiyini deyib: “Hazırda aparılan istintaqın əsas məqsədi də məhz Sumqayıt hadisələri ilə əlaqədar erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını, nə qədər çətin də olsa müəyyən etməkdir. Bu məqsədlə əvvəlcə, baş prokuror Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün Prokurorluğun təcrübəli işçilərindən ibarət komissiya yaradılmış və komissiya işləri öyrənərək onların icraatlarının təzələnərək yenidən istintaq aparılmasını tövsiyə etmişdir. Baş prokurorun 2010-cu il 19 mart tarixli qərarı ilə 5 cinayət işinin icraatı təzələnərək bir icraatda birləşdirilmiş, istintaqın aparılması baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərliyi ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupuna tapşırılmışdır”.
Sonra məruzələr ətrafında çıxışlar olub. Milli Məclisin deputatı, professor Musa Qasımlı saytın yaradılmasını yüksək qiymətləndirərək deyib ki, Sumqayıt hadisəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması çox vacibdir: “çünki ermənilər öz işğalçılıq niyyətlərini və Azərbaycana qarşı təcavüzü ört-basdır etmək üçün Sumqayıt hadisələrini qabardırlar. Erməni kilsə xadimləri də iki xalq arasında münasibətləri qızışdırırdılar. Sumqayıt hadisələrində ermənilərin və SSRİ rəhbərliyinin konkret məqsədləri var idi. Ermənilərin məqsədi diqqəti Ermənistandan qovulan azərbaycanlı qaçqınlar məsələsindən yayındırmaq, Azərbaycana qarşı təcavüz üçün bəhanə əldə etmək, guya ilk qurbanın ermənilər olduğunu demək idi. Mərkəzi hakimiyyətin məqsədi isə Azərbaycanı təzyiq altında saxlamaq, onun müstəqilliyə gedən yolunu kəsmək idi”.
Professor qeyd edib ki, Sumqayıt hadisələrinin şahidləri olan əsasən, qeyri-azərbaycanlıların ifadələri alınmalı, məqalələr dərc olunmalı, kitablar, dissertasiya işləri yazılmalıdır.
“Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı” kitabının müəllifi, hüquqşünas Aslan İsmayılov vurğulayıb ki, erməni diasporunun yardımı ilə özünə demokrat imici yaratmaq istəyən M.Qorbaçov bu hadisələrə xüsusi təkan verib. SSRİ-nin dağılmasında xüsusi marağı olan ABŞ da Sumqayıt hadisələrindən istifadə edib. A.İsmayılov bildirib ki, istintaq materialları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən öyrənilməli, bu materiallar Milli Məclisdə müzakirə olunmalı və qəbul edilmiş qərar bütün dünya parlamentlərinə göndərilməli, ali və orta təhsil müəssisələrində təbliğat işləri aparılmalı, məşhur Azərbaycan rejissorları və yazıçıları tərəfindən hadisələrlə bağlı filmlər çəkilməli, kitablar yazılmalıdır.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Mübariz Qurbanlı saytın ərsəyə gəlməsinin mühüm, əhəmiyyətli və eyni zamanda, gərgin bir fəaliyyətin məntiqi nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, ermənilərlə bütün sahələrdə müharibə vəziyyətində olan Azərbaycan digər sahələrdə Ermənistanı üstələsə də, tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılması baxımından müəyyən boşluqlarla üzləşib. Sumqayıt hadisələri də bu boşluqlardan biri idi. Ermənilər Sumqayıt hadisələrindən istifadə edərək Xocalıda törətdikləri vəhşilikləri ört-basdır etmək istəyirlər. Biz Xocalı ilə bağlı məsələləri gündəmə gətirən kimi erməni diasporu alternativ kimi Sumqayıt hadisələrini önə çıxarmağa çalışır. Ermənilər həm Sumqayıt, həm də Bakıda baş verən hadisələr zamanı ölənlərin sayını ilbəil artırırlar. Bu sayt və buradakı faktların, xüsusilə ingilis və rus dillərində yazılması Sumqayıtla bağlı ermənilərin Azərbaycan əleyhinə apardıqları təbliğatın ifşa olunmasında əhəmiyyətli rol oynayacaq. Gənclərimiz sosial şəbəkələrdə bunu paylaşmalı, eyni zamanda, müxtəlif sosial şəbəkədə saytın linki yerləşdirilməlidir ki, istənilən şəxs istədiyi vaxt bu resursa daxil ola bilsin. İstintaq materiallarının ortaya çıxardığı faktlar əsasında təşviqatın genişləndirilməsinin zəruriliyini bildirən M.Qurbanlı Sumqayıt hadisələrinə siyasi qiymət verilməsi məsələsinin gündəmdə olduğunu vurğulayıb. Biz bu məsələni Milli Məclisdə qaldıracağıq. Hesab edirəm ki, istintaqın əldə etdiyi materiallara istinad edərək gələn sessiyaya qədər tutarlı bir siyasi qərar hazırlamaq mümkündür.
Milli Məclisin deputat çingiz Qənizadə saytın təqdimatını Sumqayıt hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasının başlanğıcı olduğunu deyib.
Parlamentin deputatı, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı saytın əhəmiyyətini qiymətləndirərək, sosial şəbəkələrdə yeni internet resursunun təbliği işlərinə artıq başlandığını diqqətə çatdırıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, bu məsələlərin Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi kimi Prezident İlham Əliyevin diqqətində olması təqdirəlayiq haldır.
AMEA-nın müxbir üzvü, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov yeni saytın yaradılmasını qatı düşmənə qarşı mübarizədə mühüm addım adlandırıb, bunun Prezident İlham Əliyevin çıxışlarındakı kəskin mövqenin davamı olduğunu bildirib.
Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri, Sumqayıt hadisələrinin şahidi Sahib Fərzəliyev iğtişaşların ermənilərin özləri tərəfindən törədildiyini sübut edən misallar çəkib, Azərbaycan və ingilis dilində “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabını çap etdirdiklərini deyib. Tədbirə yekun vuran F.Ələsgərov bu istiqamətdə fəaliyyətin davam etdirildiyini və yaxın günlərdə Baş Prokurorluq tərəfindən növbəti saytın istifadəyə veriləcəyini bildirib. Həmin saytda bütün sübutlar və hər bir şahidin ifadəsi yerləşdiriləcək.

Paylaş:
Baxılıb: 975 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30