Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kiçik məsələ haqqında böyük yazı

Kiçik məsələ haqqında böyük yazı

15.03.2011 [09:07]

Və ya müxalifətin aksiya həngaməsinin bir sıra qaranlıq məqamları barədə
Martın 12-də Müsavat partiyası paytaxtın mərkəzi küçələrindən birində etiraz aksiyası keçirməyə cəhd göstərdi. Əslində, cəhddən başqa bir şey olmayan bu “aksiya” haqqında bir cümlə ilə də kifayətlənmək olardı. “Aksiya” baş tutmadı! Amma radikal müxalifət düşərgəsinin bu “cəhdi” şişirdərək hadisə şəklində təqdim etməsi bir sıra məqamlara aydınlıq gətirilməsini vacib etdi. Xarici “sponsorların” maliyyə dəstəyi və sapı özümüzdən olan pulgir bir neçə “balta”nın iştirakı ilə həyata keçirilməsinə cəhd edilən bu “aksiya-tamaşa” sözügedən düşərgənin hansı durumda olduğunu istər onların özlərinə, istər cəmiyyətə, istərsə də elə maliyyə dəstəyi nümayiş etdirən qüvvələrə növbəti dəfə bariz şəkildə göstərdi. Təbii ki, Müsavat partiyasının üç-beş üzvünün şəhərin mərkəzi küçəsində qışqırmasının arxasında duran mətləblər bəllidir. Onları oraya çıxaran “yaşıl stimul” bu qüvvələrin bir daha antidövlət kampaniyalarında ikiəlli iştirak etmək üçün alışıb-yandıqlarını ortaya qoydu. Bununla belə, Müsavat partiyasının bu cür biabırçı şəkildə, hər bir detalında yalnız verilən pulun müqabilində “canfəşanlıq” göstərildiyi aydın olan “aksiya” keçirməsi ancaq gülüş doğurur...
Müsavat partiyası “kütləvi” elan etdiyi aksiyaya bir dərnəyin üzvü qədər adam çıxara bilmədi... Yaxud bir aktyorun tamaşası
Birincisi, qeyd etmək lazımdır ki, xarici dövlətlərin pullarının qarşılığında ölkəsində hər bir qarşıdurmanı yaratmağa müntəzir olan bu partiya “icazəsiz aksiya” adlandırdığı tamaşaya bir dərnəyin üzvü qədər adam çıxara bilməməklə nəyə qadir olduğunu, arxasında hansı “elektoratın” dayandığını nümayiş etdirdi. Kütləvi adlandırdıqları bu “aksiya-tamaşa” isə, əslində, bir aktyorun teatrına bənzəyirdi. Bu, həmin “aksiya”dan hazırlanan reportajlarda da özünü göstərir. çünki bütün şəkillər cəmisi 2-3 nəfərin fərqli rakurslardan çəkilən şəkilləridir. Əlbəttə ki, bu məsələdə fotoqrafların heç bir günahı yoxdur, çünki orada iştirakçıların sayı elə o qədər idi.
O ki qaldı bu “aksiyanı” canlandırmağa və hay-qışqırıq yaratmağa cəhd göstərən, beləliklə də, adamların sayını çox göstərmək istəyən Müsavat funksionerlərinə, onlar sadəcə, aldıqları “məvacibin” qarşılığını ödəməyə çalışırdılar. çünki aksiyaya adam gətirə bilmədikləri üçün pulunu aldıqları şəxslərin də yerinə qışqırmalı olmuşdular...
Yer seçimi, yaxud icazəsiz aksiyanın keçirildiyi yerdə iki gənc mübahisə etsə, daha çox adam yığışar...
Yer seçimi məsələsi də maraqlı faktorlardandır. Yəni, adətən özünü şəhərin “Həzi Aslanov” metrostansiyası tərəflərə verməyə, aldıqları pulu guya “kütləvi aksiyaya” xərclədiklərini belə gözdən uzaq yerlərdə ört-basdır etməyə çalışan müxalifətçilərin bu dəfə şəhərin mərkəzində icazəsiz mitinq keçirmək cəhdinin arxasında yalnız bir məqsəd dayanır. Onların hay-qışqırıq saldıqları ərazi şəhərin elə bir yeridir ki, orada iki dəliqanlı gənc mübahisə etsə, Müsavat partiyasının “aksiya”sından daha çox adam yığılacaq.
Yeri gəlmişkən, Müsavat partiyası gün və yer seçimini bir-biri ilə uzlaşdırmışdı. Nəzərə alsaq ki, bu cəhd həftənin şənbə gününə təsadüf etmişdi, o zaman kənardan tamaşaya baxanların sayının da çox olması proqnozlaşdırıla bilərdi. Radikal müxalifətin nəzarətində olan qəzetlərin fotoobyektləri isə təbii ki, həmin şəxsləri “qərəzsiz” şəkildə “aksiya iştirakçısı” kimi qələmə verəcəkdi. Digər tərəfdən, qeyd etdiyimiz kimi, seçilən ərazi elə bir yer idi ki, ora insanlar şənbə günlərində istirahət üçün gəlirlər. Müsavat partiyası isə öz gücsüzlüyünü, “aksiyaya” 3-5 nəfərlə gəldiyini bu sadalanan faktorların arxasında gizlətməyə çalışırdı. Necə deyərlər, köhnə taktikadan əl çəkilməmişdi... Köhnə hamam, köhnə başqan müavinləri...
Mitinqçilərdən çox media təmsilçiləri vardı...
Həmin “aksiya”da diqqətçəkən bir məqam da jurnalistlərin mitinq iştirakçılarından bəlkə də iki-üç dəfə çox olması idi. Qidalandığı maliyyə mənbəsinə aldığı “məvacibin” qarşılığında göstərdiyi xidmətin “keyfiyyəti” ilə bağlı məlumat vermək və yalançı “aksiya-şou”suna ciddi siyasi don geyindirmək üçün jurnalistlərin sayının arxasında gizlənən Müsavat partiyası dərk etmədi ki, çəkilən şəkillərdə onların hansı durumda olduqları açıq-aydın göründü. Ən gülməli fakt o idi ki, jurnalistlərin sayı mitinqçilərin sayından əməlli-başlı çox idi. Hətta bəzi hallarda Müsavat funsionerləri jurnalistləri də öz sıralarında təqdim etmək üçün görüntülər yaradırdılar. Bu isə, radikal müxalifətin “güc”ünün göstəricisi idi. Bəli, özünü müxalifət adlandıran və təmsil olunduğu düşərgəni öz monopoliyasına almağa çalışan Müsavat partiyasının bir daha yalnız “qəzet partiyası” olduğu aşkara çıxdı.
ölkə vətəndaşları, YAP funksionerləri, xarici ölkələrin səfirliklərinin nümayəndələri həmin gün orada istirahət edirdilər...
Yazının əvvəlində qeyd etdiyimiz kimi, “aksiya”nın şənbə günü keçirilməsinə cəhd edilməsi boş yerə deyildi. çünki istər Fəvvarələr bağı, istərsə də Dənizkənarı Milli Park həftəsonunda insanların dincəldikləri ünvanlardandır. O baxımdan, bəzi xarici ölkələrin təmsilçilərinin onları görməsi üçün bu radikal müxalifətin növbəti cəhdi sayıla bilər. Sonuncu parlament seçkiləri bir daha sübut etdi ki, xalqımız birmənalı olaraq özünü siyasi müxalifət adlandıran bu şəxsləri boykot edib. Xalqın iradəsini heçə sayan bu partiyalar isə kənar qüvvələrə ölkədə qarşıdurma yaratmaq üçün hazır olduqları mesajını verir...
Bəli, bu ərazilər istirahət məkanlarıdır və orada istirahət edən xarici ölkə səfirliklərinin nümayəndələrinin, YAP funksionerlərinin, ümumilikdə ölkə vətəndaşlarının diqqətini cəlb etmək, “varlığını sübut etmək” üçün səsinə güc verən Müsavatın bu cəhdi də gülüşlə müşayiət olundu. Hər kəs onların əsl məqsədlərini bildiyi, ölkədə qarışıqlıq yaratmaq, sabitliyi pozmaq üçün kimlərdən əmrlər aldıqlarını anladığı üçün bu “aksiyaya”yalnız ikrah hissi ilə yanaşdı...
Qeyri-peşəkarlıq, yoxsa, arzuların qəzetə köçürülməsi...
Daim digər mətbuat orqanlarında fəaliyyət göstərən jurnalistlərə xəbərçilik və ya məqalə yazmaq dərsi keçən, jurnalistika prinsiplərindən dəm vuran müxalifət qəzetlərində nədənsə bu prinsiplər yaddan çıxarılıb. Radikal prinsiplər əsasında öz maraqlarını həyata keçirməyə adət etmiş bu qüvvələr qəzetlərinin səhifələrində Bakını savaş meydanına çevirir, müxalifətdən “div” yaratmağa, hətta, bunun ardınca olmamış hadisələri öz adlarına yazmaqla bir növ kimlərinsə diqqətini cəlb etməyə çalışırlar. Baş vermiş olayı bər-bəzəkli şəkildə ictimai fikrə çatdıran radikal müxalifət, əslində, mətbuatımızı gözdən salmaq istəyir. çünki hər kəs yaxşı bilir ki, müxalifətin “mitinqində” 3-5 adamdan başqa heç kəs yox idi. Bu isə bir daha sübut edir ki, radikallar faktları deyil, öz arzularını, xəyallarını qəzet səhifələrinə köçürürlər.
Əsl məqsəd qrant almaq və sığınacaq istəməkdi...
ümumiyyətlə, radikal müxalifətin bu cür aksiyalar təşkil etməsi, eyni zamanda, bir sıra digər məqamlara da aydınlıq gətirmiş olur. çox maraqlıdır ki, bu radikallar daim icazəsiz aksiya keçirməyə cəhd göstərirlər. çünki icazəsiz mitinqlərin keçirilməsi qanunla qadağan olunduğundan ictimai təhlükəsizliyin təmin edilməsi üçün müvafiq orqanlar tərəfindən lazımi addımlar atılır. Bu məqamda isə artıq müxtəlif vasitələrdən istifadə etməklə, kameraların və fotoaparatların obyektivinə düşməyə çalışan radikalların əsl məqsədləri ortaya çıxmağa başlayır. Yəni, radikallar hər zaman çalışırlar ki, adam çox olan yerdə aksiya keçirsin və qələbəlik olan yerlərdən kadrlar götürsünlər. Sonradan isə bu kadrları müxtəlif təşkilatlara və səfirliklərə təqdim etməklə, qrant almaq, yaxud da hansısa ölkədə sığınacaq əldə etmək üçün müxtəlif güzəştlər naminə “dilənməyə” başlayırlar.
çıxış yolu siyasi səhnəni tərk etməkdi...
Radikalların təşkil etdiyi aksiyaların cəmiyyətimiz tərəfindən boykot edilməsi bir daha göstərdi ki, onların insanlar arasında nə nüfuzu, nə də ki, siyasi dəstəyi var. Sivil qaydada siyasi mübarizə apara bilməyən, hətta, müxalifətçilik fəlsəfəsindən bixəbər olan Müsavat və AXCP kimi “siyasi təşkilatlar” əməllərilə artıq insanlarda ikrah hissi oyatmaqdadırlar. Hələ 1992-ci ildə silah tətbiq etməklə, hakimiyyətə gələn AXC-Müsavatın zamanında xalqımız radikallığın hansı dəhşətli faciələrə gətirib çıxardığının şahidi olub. Məhz buna görə də, total xaosla müşahidə olunan radikallıq bu gün Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə rədd edilir və bundan sonra da belə olacaq.
Elə bu səbəbdəndir ki, mitinq keçirməklə yalnız şəxsi məqsədlərini reallaşdırmağa çalışan radikallar bu dəfə də dövlətçiliyə qarşı çıxacaq tərəfdarlar qazana bilmədilər. Bunun səbəbi isə açıq-aydın ortadadır. Azərbaycan dövləti bu gün dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Hakimiyyət neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməklə, “qara qızılı” “insan kapitalına” çevirməklə güclü dövlət - yüksək rifah - güclü vətəndaş formulasını reallaşdırır. Bütün göstəricilər üzrə Azərbaycanın dünya ölkələri sırasında qabaqcıl yerə layiq görülməsi isə söylənilənləri əyani şəkildə sübut edir.
Azərbaycan dövləti inkişaf edir, güclənir. Xalq-iqtidar birliyi isə ölkəmizin inkişafının davamlı olmasının qarantı kimi çıxış edir. Radikallığa yox deyən xalqımızın dəstəyilə iqtidar tam müstəqil siyasət yürütməklə, dövlətimizin, insanlarımızın maraqlarını təmin edir. Radikalların çıxış yolu isə siyasi səhnəni tərk etməkdir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu

Paylaş:
Baxılıb: 891 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30