Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağıdıcı müxalifət indi də israrla ərəb olmaq istəyir

Dağıdıcı müxalifət indi də israrla ərəb olmaq istəyir

02.04.2011 [12:11]

Bir vaxtlar gürcü, ukraynalı, qırğız olmaq üçün dəridən-qabıqdan çıxan radikallar coğrafi oriyentasiyasını dəyişərək, Afrikanın şimalına sarı boylanırlar
Heç kəsə sirr deyil ki, bəzi beynəlxalq maraq qruplarının tapşırıqlarını icra edən müxalifət qüvvələri ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdən narahatçılıq hissi keçirir və öz təxribatçı əməlləri ilə Azərbaycanın qarşısını kəsməyə çalışırlar. Xüsusilə, bir sıra Ərəb ölkələrində baş verən dağıdıcı proseslərdən sonra bu yöndə cəhdlərin artdığı müşahidə olunur. Onlar Azərbaycanda da bu cür destruktiv olayların baş verəcəyi, dövlətimizin iflic olacağı və bu yolla hakimiyyətə gələcəyi xəyalları ilə yaşayır, özlərini ərəblərin yerinə qoyub, “inqilab” etmək fikrinə düşüblər.
Əslində, bu müxalifətin radikal qanadı üçün yeni bir mərəz deyil və Azərbaycan xalqı dəfələrlə onların bu davranışlarının şahidi olub. Son 10 ildə isə bu hallar mütəmadi olaraq təkrarlanmaqdadır. Harada, dünyanın hansısa bölgəsində bir xaos yaranan kimi, müxalifət dərhal işə başlayır. Harada bir bulanıq su varsa, radikallar tilovlarını əllərinə alıb balıq tutmağa yollanırlar. Amma gedincə gördükləri mənzərə onları məyus edir. Məlum olur ki, ölkəmizdə sular bulanıq deyilmiş. Balıq tutmaq həvəskarları isə yaxşı bilirlər ki, duru suda balıq tutmaq çətindir. Belə olduğu təqdirdə, onlar suyu bulandırmağa çalışırlar ki, bu zaman da o suyun sahibləri - xalqımızın müqaviməti ilə üzləşirlər. Müxalifət də ümidlərini başqa mövsümə saxlayaraq kor-peşman öz mənzillərinə doğru yol alır.
Qızılgülləri əllərində soldu...
2003-cü ildə bir sıra ölkələrdə müxtəlif dağıdıcı hadisələr yaşandı. Bəzilərinin inqilab adlandırdığı bu proseslərdən Azərbaycan müxalifətinin radikal qanadı da həvəslənərək ölkəmizdə qarışıqlıq, xaos yaratmaq istədi. Onlar hesab edirdilər ki, bu hadisələri ölkəmizdə də təkrar edərək, hakimiyyət başına gələ bilərlər. özlərinə model kimi, Gürcüstanda baş vermiş “qızılgül inqilabı”nı seçdilər. Buna görə də, hərəsi əlinə bir qərənfil alıb küçəyə çıxdı. Yeri gəlmişkən, bizim cəmiyyətimizdə küçələri əlində gül gəzən kişilərə münasibət heç də yaxşı deyil. çünki Azərbaycan kişisi tarixən əlində silah döyüş meydanlarında düşmənə qan uddurub, gücü çatmayanda isə düşmənin əlinə keçməsin deyə o silahla öz canına qıyıb. Amma bunlar güllərlə qapı-qapı, küçə-küçə dolaşır. Söz yox ki, müəyyən əlamətdar günlərdə kiməsə gül almaq, gül hədiyyə etmək Azərbaycan kişisinin alicənablığını, onun qadına yüksək dəyər verdiyini göstərir. Amma nəzərə almaq lazımdır ki, əli kərimlilərin, isa qəmbərlərin əllərindəki gül o məqsədə xidmət etmirdi. Guya bu nəcib qızılgüllə inqilab edəcəkdilər. Amma nə inqilab edə bildilər, nə də hakimiyyətə gələ bildilər. Arada olan qızılgüllərə oldu... Azərbaycan müxalifətinin gürcü olmaq arzusu isə reallaşmadı.
Narıncı köynəklərin qara taleyi
Xatirinizdədirsə, Gürcüstandan sonra oxşar hadisələr Ukraynaya sıçradı. Müəyyən xarici dairələrin də dəstəyi ilə “narıncı koalisiya” hakimiyyəti ələ aldı. Sadəcə olaraq, Yanukoviç dağıdıcı qüvvələr qarşısında öz qələbəsini sona qədər müdafiə edə bilmədi. Azərbaycan müxalifəti də elə hesab etdi ki, xalqın iradəsini əks etdirən seçkilərin nəticələrini ləğv etdirə və itaətsizlik göstərərək, zor gücü ilə hakimiyyətə gələ biləcəklər. Qızılgülün uğursuzluğunu narıncı köynək və qalstuklarla üzərlərindən atmaq istədilər. Minlərlə narıncı idman köynəkləri, qalstuklar sifariş verdilər ki, əgər hakimiyyətə gələ bilməsələr belə, ömürlərinin sonunacan saxlayacaqları xatirələri olsun. Təbii ki, bu dəfə də xalqımızın ayıq-sayıqlığı və milli hakimiyyətə verdikləri güclü dəstək nəticəsində radikalların hakimiyyət arzusu gözlərində qaldı. Narıncı köynəklərin və qalstukların taleyi qara oldu. Yəqin ki, onların bəziləri saralıb, bəziləri indi hansısa mənzilin döşəməsini təmizləmək üçün istifadə olunur.
Beləliklə, müxalifətin ukraynalı olmaq niyyəti də puç oldu.
özgə atına minən tez düşər
Ukraynadakı hadisələrdən də əlinə bir şey keçməyən Azərbaycan müxalifətinin radikal qanadı dərin fikrə dalıb təxribat ssenariləri hazırladığı vaxtda Sem dayıları onların yenə də dadına yetdi. Müxalifət qüvvələri üçün yeni bir “şans” doğdu. çoxdandır dünyanın yadından çıxmış Qırğızıstanda bəzi xarici güclərin maliyyə dəstəyi ilə dağıdıcı proseslərə start verildi. Dərhal, Azərbaycan müxalifəti özünü qırğız kimi aparıb, ölkədə növbəti dəfə təxribatlar törətməyə cəhd etdi. Tez başlarına qırğız papağı keçirib, atları yəhərləyib yola düzüldülər. Amma “özgə atına minən tez düşər” misalına uyğun olaraq qırğız atları da onların ünvanına aparıb çıxarmadı. Yarı yoldaca, bu müti siyasətçiləri belindən atıb öz mənzilinə yol aldı. Beləliklə də, radikallar üçün daha bir ümid işarmamış söndü.
Əslində, bunun belə başa çatacağı elə ilk andan görünən idi. çünki nə Azərbaycan Qırğızıstandır, nə də xalqımız qırğız. Və eyni zamanda, nə Azərbaycan dövləti Qırğızıstanın yaşadığı kataklizmləri yaşamaq istəyir, nə də xalqımız qırğızlar kimi ildə 3 seçkilərdə iştirak etmək. Amma anti-milli müxalifət qüvvələri Azərbaycan dövlətinə və xalqına o hadisələri yaşatmaq niyyətlərindən geri çəkilmirlər. Elə bu səbəbdəndir ki, indi də ərəb olmaq istəyirlər...
Onlar ərəb də ola bilməyəcəklər
Afrika ölkələrində bugünkü hadisələr cərəyan etməyə başlayanda dağıdıcı müxalifətin təxribatçı ideyalarının təbliği ilə məşğul olan bir sıra qəzetlər “qara qitə”də yaşananların Azərbaycana da sıçrayacağı yönündəki absurd iddialarını israrla təbliğ etməyə  başladılar. Dağıdıcı hadisələr Afrikanın bir ölkəsindən başqa bir ölkəsinə transfer olduqca müxalifətçilərin aqressiyası daha da artmağa başladı. Onların təxribatçı, ölkəmizdə sabitliyi, vətəndaş təhlükəsizliyini pozmağa yönəlmiş ideyaları qəzet səhifələrindən paytaxt küçələrinə doğru daşmağa başladı. Amma yenə də onlar qarşılarında xalqın müqavimətini gördülər. Buna baxmayaraq, boylarından böyük iddialarından geri çəkilmirlər. Bunun da səbəbi hamıya yaxşı məlumdur.
Heç kəs düşünməsin ki, müxalifətin bütün təxribatçı əməllərinin arxasında onların hakimiyyətə gəlmək iddiaları dayanır. Hətta bu qüvvələr Azərbaycanda heç vaxt hakimiyyətə gələ bilməyəcəklərini yaxşı bilirlər. Bunun da səbəbi təkcə, Azərbaycanın bugünkü iqtidarının atdığı addımlar və həyata keçirdiyi layihələr sayəsində son illərdə saysız iqtisadi nailiyyətlər qazanaraq  böyük inkişaf yolu keçməsi deyil.
Bəli, bu, başlıca faktordur. Müxalifətə ilham verən ölkələrdən fərqli olaraq, bu gün Azərbaycan müasir dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındakı mövqeyini qoruyub, həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırıb, siyasi sabitlik gücləndirilib, beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmləndirilib. Azərbaycanda möhkəm sosial-iqtisadi tarazlıq mövcuddur və cəmiyyətdə demokratik təsisatların yüksək effektiv fəaliyyəti üçün hər cür şərait yaradılıb, onların funksionallığı tam təmin olunub. Azərbaycanda geniş vətəndaş azadlıqları, insan hüquqları, söz və məlumat azadlığı hökm sürür. Vətəndaşların bütün sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş proqramlar icra olunmaqdadır və artıq bunun real nəticələrini hər bir vətəndaş öz həyatında hiss edir. Təbii ki, bütün bunlar hər bir azərbaycanlıda böyük qürur yaradır və hər bir vətəndaşımız öz ölkəsi ilə, müstəqil dövlətimizin uğurları ilə fəxr edir. Ən əsası isə Azərbaycan cəmiyyətində sosial ədalət təmin olunub və dövlətin milli sərvətləri ədalətli şəkildə bölüşdürülür. Elə bu səbəbdən də bu gün Azərbaycan xalqı ilə iqtidar arasında sarsılmaz inam, etimad mövcuddur ki, bu da ölkəmizin inkişafında başlıca faktor olan sabitliyin yaranmasına möhkəm zəmin hazırlayıb.
Ona görə də, bu gün Azərbaycanda hansısa formada sabitliyin pozulması yalnız və yalnız xəyal kimi görünür. Artıq Azərbaycan inqilablar dövrünü çoxdan geridə qoyub. Müxalifətin radikal qanadı da bu gerçəkliyin fərqindədir. Bu situasiyanın onların siyasi perspektivini də şübhə altına aldığını da anlayırlar. Ona görə də, siyasi arenada yaşadığı uğursuzluqları ört-basdır etmək və maddi ehtiyatlarını artırmaq üçün xaricdən gələn sifarişlərə sevinərək “hə” deyir, buyruqqullarına çevrilirlər. Bu gün də xaricdən gələn sifarişləri icra etmək üçün küçələrə töküldüklərini gizlətmirlər. Amma müxalifətin radikal qanadı 2003-cü ildə gürcü olmaq istəyəndə, 2004-cü ildə ukraynalı olanda, 2005-ci ildə qırğız olmağa çalışanda xalqdan aldıqları cavabları əminik ki, bu gün ərəb olmaq istəyəndə də alacaqlar.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30