Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Detallar Bakı ilə dəqiqləşdirilir...

Detallar Bakı ilə dəqiqləşdirilir...

02.05.2023 [10:33]

ABŞ sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu nümayiş etdirir 

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda vasitəçilik cəhdləri də təsdiqləyir. Məsələn, danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsas da ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir. Belə ki, hər görüşdən sonra və ya öncə ABŞ rəsmilərinin tərəflərlə danışıqlar aparması prosesin diqqətlə izlənildiyini deməyə əsas verir.

ABŞ dəstəyini davam etdirəcək...

Yeri gəlmişkən, aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

Qeyd edilməlidir ki, iki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan imzalanan üçtərəfli bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.

Sülh təşəbbüsü Azərbaycandan gəlib...

Telefon danışığı zamanı Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.

Vurğulayaq ki, sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər. Təəssüfləndirici haldır ki, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” adekvat olmayıb.

Ümumiyyətlə, ölkəmizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olar. Nəzərdə tutulan ilk prinsip dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində ən mühüm addım sayıla bilər. Digər bir prinsip isə, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.

Üçüncü baza prinsipi isə dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Bundan başqa, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu, qarşıdakı dövrdə ölkələr arasında normal münasibətlərin qurulmasına da stimul verən amilə çevrilər.

Sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bağlı məsələyə də toxunulub. Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

Qeyd olunmalıdır ki, Azərbaycan dövləti 44 günlük müharibədə qələbə əldə etməklə həm də qalib dövlət statusu qazındı. Azərbaycan dövləti heç bir zaman işğalçı ideologiyaya malik olmayıb və bu fakt müharibə dövründə də özünü açıq şəkildə ortaya qoydu. Azərbaycan dövləti yalnız özünün ərazi bütövlüyünü bərpa etdi. Məğlubiyyətini kapitulyasiya imzalamaqla təsdiq edən Ermənistan isə Azərbaycanın humanist mövqeyindən sui-istifadə etməyə çalışdı - 3 ilə yaxındır ki, imzalanan üçtərəfli bəyanatın müvafiq bəndləri yerinə yetirilmədi. Əksinə, Ermənistan Laçın - Xankəndi yolu vasitəsilə Qarabağdakı silahlı tör-töküntülərinə sursat daşımağa cəhd göstərdi. Dəfələrlə bununla bağlı xəbərdarlıqlar edilsə də, Ermənistan bu yoldan çəkinmədi. Hətta həmin silahlarla Azərbaycana qarşı təxribatlar belə törədildi. Bu mənada, həmin sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm əhəmiyyət daşıyır. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edəcək.

Azərbaycanın mövqeyi şəffaf və demokratikdir. Ölkəmiz aylardır ki, Qarabağda yaşayan ermənilərlə əlaqələrin inkişafında maraqlı olduğunu ortaya qoyur. Bu sərhəd nəzarət-buraxılış məntəqəsi isə təhlükəsizliyin daha rahat və dəqiq təmin edilməsinə şərait yaradacaq. Bu nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi ilə üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Eyni zamanda Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.

Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları...

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

Ötən 30 illik işğal dövründə də, eyni zamanda II Qarabağ müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası hər zaman aktuallığını qoruyur. Hətta Prezident İlham Əliyev bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı da bildirdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır: “Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”.

Ermənistanla imzalanacaq hər hansı bir sülh sənədində belə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, müzakirə predmeti deyil - nə Ermənistanla, nə də qeyri birisi ilə. Qarabağda yaşayan ermənilər isə, bir daha vurğulanmalıdır ki, Azərbaycan vətəndaşlarıdır - Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31