Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ekoloji fəlakət siqnalları...

Ekoloji fəlakət siqnalları...

09.06.2023 [10:45]

Ermənistanın “yeni layihəsi” bölgəyə zərər verəcək

Şahanə XANKİŞİYEVA

Ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması istiqamətində yürüdülən dövlət siyasəti mühüm uğurları ilə seçilir. Hüquqi dövlət quruculuğu prosesində hər zaman beynəlxalq təcrübəyə əsaslanan Azərbaycan bu xətt üzrə də bir çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulub. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan isə bu dövr ərzində yeraltı və yerüstü sərvətlərimizi, mədəni-tarixi abidələrimizi talamaqla yanaşı, həm də ekoloji fəlakətlər törədib. Oxçuçayın zəhərlənməsi, Metsamor AES kimi ekoloji fəlakətlərə yol açan Ermənistan beynəlxalq razılaşmalara belə məhəl qoymur - məsələn, 1991-ci ildə imzalanan Espo Konvensiyası kimi.

Məkrli siyasətin davamı...

İlk olaraq qeyd edək ki, Ermənistan yenidən Azərbaycana qarşı məkrli siyasətini davam etdirir - döyüş meydanında, siyasət masasında məğlubiyyətinin ardından bu dəfə ekoloji tarazlığın pozulması üçün bütün “səylərini” gücləndirir. Belə ki,   eriməni mediası bu ölkənin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasının layihəsi ilə bağlı xəbərlər yayıb. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan açıqlama verib. Onun açıqlamasında bildirilir ki, müəssisənin qurulmasına 70 milyon dollar investisiya yönəldiləcək.

İrəvan beynəlxalq Konvensiyanı pozur...

Yaradılacaq müəssisə həm Azərbaycanın, həm də Ermənistanın imzaladığı Espo Konvensiyasına zidd addımdır. Konvensiyanın müddəalarına əsasən, sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə ikitərəfli razılığın əldə olunması üzrə müvafiq bənd var. Konvensiyanı ratifikasiya edən Ermənistan sənədin tələblərini dəfələrlə pozub - məsələn, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindəki meşələrin flora və faunası məhv edilib, su hövzələri çirkləndirilib. Eyni zamanda, qəsdən törədilmiş yanğınlar nəticəsində Azərbaycana məxsus minlərlə hektar meşə sahələri yandırılıb. Bütün bunlar isə kompleks halda birbaşa ekofəlakətlərə yol açır, iqtisadi cəhətdən böyük zərərlərlə müşayiət olunur. İndiki Ermənistandan keçən və Azərbaycanın ərazisindən axan çayların demək olar ki, hamısı Kür və Araza, oradan isə Xəzər dənizinə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa çayları axıdılan tullantılar səbəbindən yararsız hala düşüb.

Nazirlik bəyanat yaydı

Ermənistanın xarici sərmayələrlə Azərbaycan və Türkiyə sərhədlərinin yaxınlığında inşa etməyə çalışdığı metallurgiya zavodu da yeni ekoloji narahatlıq yaradır. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərən qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb. Bəyanatda Ermənistanın addımları növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarının kobud surətdə pozulması kimi qiymətləndirilir. Sözügedən Konvensiyanın müddəalarına görə, sənədi imzalayan ölkələr öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Nazirlik Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevirdiyini də bildirib, beynəlxalq hüquq normalarına zidd olan bu əməlləri qətiyyətlə pisləyərək beynəlxalq ictimaiyyəti məsələyə xüsusi diqqət göstərməyə çağırıb.

Ekofəallar etiraz edirlər...

Bundan başqa, ekoloji yönümlü QHT-lər də məsələ ilə bağlı etiraz səslərini ucaldıblar. QHT-lərin qəbul etdiyi bəyanatda da inşa edilməsi nəzərdə tutulan zavodun tullantılarının Araz çayına axıdılması riskinin həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün təhlükəli olduğu açıqlanıb. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi isə həm Azərbaycan, həm də, ümumilikdə, bölgə üçün ciddi ekoloji təhdid yaradır.

QHT-lərin bəyanatında da bu addım Espo Konvensiyanın kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Ekofəallar BMT-nin müvafiq sənədlərində yer alan təmiz, sağlam və davamlı ətraf mühitin  insan hüquqlarından biri olduğunu xatırladaraq bildiriblər ki, Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycanın, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur. Sənədi yayan ekofəallar BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisinə, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıblar.

Paylaş:
Baxılıb: 620 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31