Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-ABŞ tərəfdaşlığı qlobal əhəmiyyət daşıyır

Azərbaycan-ABŞ tərəfdaşlığı qlobal əhəmiyyət daşıyır

05.06.2012 [23:05]

Barak Obama: Bu il biz, eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixini qeyd edirik, belə ki, 2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü tamam olur
20 illik tarixə malik olan Azərbaycan-ABŞ əlaqələri 2012-ci ildə demək olar ki, özünün ən yüksək səviyyəsinə çatıb. Təsadüfi deyil ki, bu il Azərbaycan-ABŞ əlaqələrinin 20-ci ildönümü hər iki ölkədə geniş qeyd olundu. Dünyada nüfuz və söz sahibi olan ABŞ-la regionun real gücə çevrilən dövləti olan Azərbaycan arasında münasibətlərin genişlənməsi qlobal əhəmiyyətə malikdir. Rəsmi Vaşinqton hər zaman mövcud əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir. Bu münasibət özünü 28 May - Respublika Günü münasibətilə ABŞ Prezidenti Barak Obamanın Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda da göstərir. “Bu il biz, eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixini qeyd edirik, belə ki, 2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü tamam olur. Bu əhəmiyyətli hadisə münasibətilə mən hökumətlərimiz və xalqlarımız arasında vacib əlaqələri, eləcə də, birgə əldə etdiyimiz mühüm nailiyyətləri qeyd etmək istərdim” - deyə, məktubda bildirilir.
Azərbaycan-ABŞ əlaqələrinin tarixinə nəzər saldıqda, geridə qalan 20 ilin ikitərəfli əməkdaşlıq baxımından səmərəli və məhsuldar keçdiyini söyləmək mümkündür. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında möhkəm siyasi əlaqələr mövcuddur. Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın bu ölkədə səfirliyi yaradılıb. Bu günə kimi iki ölkə arasında yüzə yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza formalaşdırılıb.
İki ölkə əlaqələrinin inkişafı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xatırladaq ki, Ulu öndər Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərini 1997-ci ilin avqust ayında edib. Azərbaycan və ABŞ rəhbərlərinin mütəmadi olaraq baş tutan görüşlərində regional təhlükəsizlik məsələləri, o cümlədən, ABŞ-Azərbaycan iqtisadi əlaqələri, ölkəmizin antiterror koalisiyasında iştirakı, ən başlıcası isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi ən çox müzakirə olunan mövzular sırasında yer alır. Azərbaycanla Birləşmiş Ştatlar strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdir və Cənubi Qafqaz bölgəsində ölkəmizin lider dövlət olması səbəbindən Azərbaycan Birləşmiş Ştatlar üçün ən vacib və əhəmiyyətli tərəfdaşlardan biridir.
Eyni zamanda, Azərbaycan da ABŞ-la ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir. Qarşılıqlı fayda prinsipi əsasında qurulan əlaqələr Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Bölgədə müəyyən iqtisadi maraqlarını gerçəkləşdirməyə çalışan ABŞ-la münasibətlər xarici investisiyaların cəlb edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, qlobal əhəmiyyətli regional layihələrin reallaşdırılması, ölkənin maliyyə gəlirlərinin artırılmsı və digər bu kimi hədəflərə yönələn Azərbaycanın mənafelərinə uyğundur.
Enerji tərəfdaşlığı üzrə möhkəm əlaqələr qurulub
Azərbaycan və ABŞ hökumətləri arasında əməkdaşlığın dinamik inkişafı və ölkəmizin Birləşmiş Ştatların regionda vacib tərəfdaşı olduğu nəzərə alınaraq ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Bu xüsusda, iki ölkə arasında yaradılmış birgə iqtisadi komissiyanı - Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasını xüsusilə qeyd etmək lazımdır. Komissiyanın ilk iclası 2007-ci ilin fevralında Bakıda, ikinci iclası isə 14 noyabr 2008-ci ildə Vaşinqtonda keçirilib.
Məlum olduğu kimi, Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir. O da bəllidir ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji sahəsinə daha böyük maraq göstərir. Xüsusilə də 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ABŞ-ın bir sıra neft şirkətləri Xəzər dənizinin Azərbaycan sularında neft və qazın hasilatına cəlb olunub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələrinin uğurla reallaşmasında Amerika Birləşmiş Ştatlarının dəstəyinin böyük rolunun olması danılmazdır.
Bu gün həm Azərbaycan, həm də ABŞ rəhbərliyinin ikitərəfli münasibətlərə böyük önəm verməsi qarşılıqlı iqtisadi əməkdaşlığın bundan sonra da davam edəcəyini deməyə əsas verir. Bu isə hər iki ölkənin maraqlarına cavab verməklə bərabər, regionda təhlükəsizliyin və stabilliyin təmin olunmasına töhfədir.
Terrorçuluğa qarşı birgə mübarizə
Bildiyimiz kimi, Azərbaycan-ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.
Dünyanı narahat edən bir çox məsələlərdə Azərbaycanla ABŞ-ın mövqelərinin üst-üstə düşməsi uzunmüddətli strateji əməkdaşlığa imkan verən başlıca faktorlardandır. Belə ki, hər iki ölkə dünyada sülh və təhlükəsizliyin, əmin-amanlığın tərəfdarı kimi çıxış edir. Bu baxımdan, Azərbaycanla ABŞ arasında terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Bildiyimiz kimi, son onilliklərdə dünyanı narahat edən başlıca problemlərdən birinə çevrilən terrorizmə qarşı mübarizədə ABŞ-da baş verən 2001-ci il 11 sentyabr faciəsindən sonra yeni mərhələnin başlanğıcı qoyulub. ABŞ-ın dünyada həyata keçirdiyi genişmiqyaslı antiterror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri də məhz Azərbaycandır. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovada, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Hazırda isə Azərbaycan Əfqanıstandakı antiterror əməliyyatlarına hərbi heyətlə yanaşı, hava məkanından yüklərin daşınması üçün istifadə olunmasına imkan verməklə də yardım göstərir. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən bu işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb. ABŞ prezidenti və digər rəsmi şəxslər Azərbaycanın bu ölkənin Cənubi Qafqazdakı mühüm strateji tərəfdaşı olduğunu dəfələrlə vurğulayıblar.
Azərbaycanın antiterror əməliyyatlarında bu qədər fəal iştirak etməsi isə heç də təsadüfi deyil. Ermənistan tərəfindən dövlət terroru ilə üzləşən ölkəmiz əsasən dinc əhaliyə, qadın və uşaqlara qarşı yönələn bu cinayət fəaliyyətinin insanlıq üçün nə demək olduğunu yaxşı bilir. öz amansızlığı, qəddarlığı ilə daha çox seçilən erməni terrorunun qurbanlarının sayı minlərlədir. Doğrudur, bu gün Əfqanıstanda və digər regionlarda terrorizmə qarşı bir çox dövlətlərin iştirakı ilə fəal mübarizə aparılır. Lakin nəzərə almaq lazımdır ki, terrorçuluq problemi Cənubi Qafqazda da mövcuddur və bu bəladan əsasən Azərbaycan, ölkəmizin sakinləri, xüsusən də, uşaqlar zərər çəkir. Belə olan təqdirdə, Azərbaycan ictimaiyyəti haqlı olaraq terrorçuluğa qarşı mübarizədə ABŞ-dan ciddi dəstək gözləyir.
Ermənistanın terrorçuluq fəaliyyəti məhz onun işğal siyasətindən və mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyindən irəli gəlir. Doğrudur, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə fəallıq nümayiş etdirən ölkələrdən biridir. Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan ABŞ problemin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli naminə öz səylərini əsirgəmir. Lakin çoxillik cəhdlərin uğurla nəticələnməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana təzyiqlər artırılmalı, onun işğalçılıq və terrorçuluq əməllərinə son qoyması tələb olunmalıdır.
Beləliklə, qeyd olunan bütün məsələlər Azərbaycan-ABŞ əlaqələrinin kifayət qədər geniş sahələri əhatə etdiyini, mövcud əlaqələrin bundan sonra inkişaf etdirilməsinin isə iki ölkənin maraqları və beynəlxalq məsələlərə təsir baxımından bir çox nailiyyətlər vəd etdiyini göstərir.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 812 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30