Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cəmiyyətdə artan aqressiya...

Cəmiyyətdə artan aqressiya...

25.07.2024 [11:00]

Psixoloji, yoxsa sosial problemlər?

Son aylar dəhşətli cinayətlərin, kütləvi davaların şahidi oluruq. Ailə-məişət zəminində baş verən qətllər, cinayətlər əvvəlki illərlə müqayisədə çoxalıb. İnsanlar arasında adi səbəblərdən yaşanan qalmaqallardan tutmuş, ailə üzvlərini qətlə yetirənlərin sayı təhlükəli dərəcədə artır. Bütün bunlar həyəcan təbili çalınası məsələ olsa da, təəssüf ki, problemin nədən və hansı səbəblərdən qaynaqlandığı sual altındadır. İnsanların böyük əksəriyyəti cəmiyyətdəki bu aqrresivliyi psixoloji məqamlar və maddi durumla əlaqələndirirlər. Əksər hadisələri araşdıranda bəlli olur ki, kiçik anlaşılmazlıq üzündən böyük cinayətlər baş verir.

Yanlış təbliğatlar...

Etiraf edək ki, cəmiyyətdə baş verən mənfi hadisələrin kütləvi tirajlanması da insanlara mənfi təsir göstərir. Çünki belə hadisələrin davamlı xəbərə çevrilməsi əks reaksiyalara səbəb ola bilər. Söhbət yalnız qətllərdən getmir. Məsələn, yeniyetmə qızların evdən qaçması kimi xəbərlərə tez-tez rast gəlirik. Bu informasiya digər gənc qızların da diqqətini cəlb edir. Necə deyərlər, “dəlinin yadına daş salmaq”. Təəssüf ki, onlar da bu cür “məşhurlaşmaq”, diqqət mərkəzində olmaq istəyirlər, hətta 3-4 gün rəfiqəsinin evində qalarsa, valideynləri tərəfindən daha çox seviləcəyini düşünürlər.

Yaxud da “oğru aləmi” dediyimiz və bu aləmdə tanınan, haqqında yetərincə xəbərlər yazılan insanlardan - “qanuni oğrular”dan danışaq. Əslində bu şəxslər və onların tərəfdarları haradasa öz məqsədlərinə çatıblar. Belə ki, bu gün 10-11-ci sinifdə oxuyan oğlan uşaqları “vor zakon” kimi tanınmaq üçün can atır, dəridən qabıqdan çıxır, bu cür hörmət qazanmaq istəyirlər. Belə gənclərin sonu isə təbii ki, uçurumdur. Bir müddət sonra ya cinayət törədir, yaxud da başqa cinayətlərin qurbanı olurlar...

Cəmiyyətimizdəki aqressiyyadan danışmışkən, dünən Xəzər rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb. 1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti yetirib. O, daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.

Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Cəmiyyətdə aqressiv davranışlar nədən qaynaqlanır? Bunun psixoloji, sosioloji səbəbləri nədir?

Bütün bəlaların kökündə imkansızlıq dayanır...

Sualımızı cavablandıran hüquqşünas Nadir Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, cəmiyyətdə münasibətlərin aqressiv şəkil alması bir neçə amillə bağlıdır: “Aqressiyanın səbəblərini insanlarımızın yaşam tərzində, təlim-tərbiyəsində axtarmaq lazımdır. Ümumilikdə isə insanların aqressivliyini şərtləndirən əsas amillərdən biri, elə birincisi maddi vəziyyətlərinin aşağı səviyyədə olmasıdır. Uşaq evdə adi dondurma istəyir, atanın da almağa pulu yoxdur. Uşaq harasa gəzməyə getmək istəyir, valideynin isə maddi imkanı buna imkan vermir. Şəhər nəqliyyatındakı xaosa bərabər durum, bir tərəfdən də havanın boğucu istisi insanlarda aqressiv durumu formalaşdırır. Bütün bəlaların kökündə imkansızlıq dayanır”.

Təhsil sistemində xeyli dəyişikliklər edilməlidir...

Hüquqşünas qeyd edib ki, orta məktəblərdə də valideynlərlə iş düzgün qurulmayıb: “Bu günün şagirdi otuz il əvvəlki şagirdlər kimi deyil. Dövr və dəyərlər dəyişib. Cəmiyyət günü-gündən mürəkkəbləşir, aqressiya artır. Bunu görə də insanların sosial durumları daim nəzarətdə olmalıdır. Savadlı sosioloqlar yetişdirilməlidir ki, onlar mütəmadi olaraq insanlarla ünsiyyətdə olsun, problemlərlə maraqlansın, düzgün yol göstərsinlər. Təhsil sistemində xeyli dəyişikliklər edilməlidir”.

Xüsusi komissiya yaradılmalıdır

N.Məmmədovun sözlərinə görə, birinci sinifdən başlayaraq uşaqlara insanpərvərlik, humanizm kimi prinsiplər aşılanmalıdır: “Uşaqlar bu ruhda tərbiyə olunmalıdır. Məktəblər bu məsələdə valideynlərlə birgə çalışmalı, valideyn özü də maariflənməlidir. Cəmiyyətdə nəzarət gücləndirilməlidir. Təhlükəsizlik tədbirləri gücləndirilsə, qətl hallarının da qarşısı alınar. Bu, çox vacib məqamdır. Təhlükəsizlik məsələləri çox vaxt diqqətdən kənarda qalır. İşə götürülən şəxsin sosial, psixoloji durumu yoxlanılmalıdır. Bununla bağlı xüsusi komissiya yaradılmalı, müəyyən sənədlər yoxlanılmalıdır. Bilinməlidir ki, məsələn, bu müəllimi sinfə buraxmaq olar, ya olmaz. Bu məmuru vətəndaşla işləməyə məsul etmək olar,  yoxsa olmaz. Artıq cəmiyyət bunu tələb edir.

TV-lər ailə münaqişəsi problemini qızışdırır...

Hüquqşünasın fikincə, koronavirusdan sonra cəmiyyətdə psixoloji problemi olan insanların da sayı artıb: “Televiziyalar bu yöndə maarifçiliklə məşğul olmur. Qəzetlər yazır, amma geniş auditoriya üçün televiziyaların müstəsna rolu var. Telekanallarda yayımlanan verilişlər ailə münaqişəsi problemini qızışdırır, tərbiyələndirmir”.

Aqressivliyi təbliğ edən verilişlər...

N.Məmmədov qeyd edib ki, bəzi alimlər aqressivliyin artmasını planetar dəyişikliklərlə izah edirlər: “Dünyada müharibə ocaqları artır, qan tökülməsi adi hala çevrilir. Bir müddət belə davam edəndən sonra isə dinc bir periodun olacağı proqnozlaşdırılır. Digər bir nəzəriyyəyə görə isə dövlətlərin davranışları ilə bağlıdır. Qeyd olunur ki, dövlətlər aqressiv davranış nümayiş etdirəndə, bu, nəticədə insanlara da sirayət edir. Əks-proses olanda isə əhalidə də sakitləşmə, mülayimləşmə prosesi gedir. Dövlətlərin halı - aqressivliyi artanda cəmiyyətdə də belə bir proses başlayır. Müşahidə etdiyimiz qəddarlıqların kökünü bu istiqamətdə axtarmalıyıq. Üstəlik, mətbuatda, telekanallarda, sosial şəbəkələrdə aqressivliyin təbliği olan filmlər, xəbərlər, verilişlər davamlı şəkildə diqqətə çatdırılır. Bütün bunlar son nəticədə fərdlərin şüuruna təsir edir, adiləşmiş qəddarlıq fərdin fərdi öldürməsi, ona ölümcül zərbə endirməsi ilə nəticələnir”.

Sosial şəbəkələr, canlı efirlər və yuxusuzluq...

Psixoloq Aytən Ələkbərovanın fikrincə, insanlarda aqressiya əsasən yuxusuzluqdan əmələ gəlir: “İndi insanların böyük əksəriyyəti gecə saatlarına qədər sosial şəbəkələrdə, canlı efirlərdə olur, izləyir. Bu zaman hansısa situasiyalardan qıcıqlanır, əsəbiləşir, bu da təbii ki, onun yaşayış tərzinə də təsir göstərir, öz əsəbini bəzən evdəkilərdən alır. Beləliklə, gecə normal yuxu yatmayan insanlar səhər yuxudan ayıla bilmir və əsəbini ətrafdakı insanlardan çıxır, gün ərzində aqressiya nümayiş etdirir, hətta fiziki güc də göstərir”.

Tərəflərdən biri susmalıdır, əks təqdirdə...

Psixoloq qeyd edib ki, ailədə qadınların deyinməsi də psixoloji zorakılığa gətirib çıxarır. Belə ki, bəzən kişilər bunun qarşısını fiziki zorakılıqla almağa çalışırlar: “Amma düşünmək lazımdır ki, qadın niyə deyinir, buna səbəb nədir? Əsas səbəblərdən biri də budur ki, əksər qadınlar hər kəsi arzuladığı  kimi görmək istəyir ki, bu da mümkün olan bir şey deyil. Çünki insanlar həm sosial, həm də bioloji varlıqdır.  Biz sosial varlığımızı düzgün təqdim edə bilmədikdə, bu özünü ailədaxili münaqişələrdə göstərir. Məsələn, evdə özünü təqdim, təsdiq edə bilməyən şəxs bunu iş yerində, kənarda və yaxud sosial şəbəkələrdə etməyə çalışır, sanki bir “şirə” çevrilir.

Ailədə hansısa münaqişə yaranarsa, mütləq şəkildə tərəflərdən biri susmalıdır. Susmadıqda münaqişə daha da böyüyür, tərəflər bir-birini başa düşmək istəmir. Susanda isə müəyyən vaxtdan sonra münaqişənin qarşısını tədricən almaq, qarşındakı insana sözlərlə məsələni izah edib, problemi tənzimləmək olur. İnsan nə qədər danışarsa, söhbət edərsə, bir o qədər baş verəcək münaqişənin qarşısını almaq olur”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31