Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan ictimaiyyətinin efir məkanı - İctimai Televiziya

Azərbaycan ictimaiyyətinin efir məkanı - İctimai Televiziya

29.08.2014 [09:22]

Ölkənin ictimai-siyasi həyatında, efir məkanında özünəməxsus yeri olan İctimai Televiziyanın uğurları hər bir azərbaycanlını sevindirir
Məlum olduğu kimi, 2004-cü il sentyabrın 11-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsilə şəffaflıq, qərəzsizlik və ictimai maraq prinsiplərini önə çəkən İctimai Televiziyanın yaradılmasına start verildi. Sözügedən qanun İctimai TV-nin müstəqil, tərəfsiz, qərəzsiz və doğru-dürüst informasiya çatdırmasını, plüralizmi, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmək prinsiplərini əsas götürür. İctimai Televiziya daxil olduğu teleməkanda rəqabət apararkən uğur üçün keyfiyyəti qurban verməməli, dini və milli tolerantlığı təbliğ etməli, etnik mədəniyyətlərə hörmət hissləri aşılamalı, informasiyalı cəmiyyətin qurucusu olmalı idi. Beləliklə, həmin qanunun qəbulundan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına təkan verildi. Və bu demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005 - ci il avqustun 29-da yeni televiziyanın rəmzi düyməsini basmaqla ölkədə İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi. Bu addım həm də dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara Azərbaycan dövlətinin seçdiyi demokratik inkişaf yoluna, fikir plüralizminə, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə nümayiş etdirdi. Yeri gəlmişkən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən heç 15 il keçməmiş belə bir demokratik institutun da yaradılmasına imza atması bir daha sübut etdi ki, cəmiyyətimizdə söz və mətbuat azadlığına, plüralizmin təşəkkülünə geniş dəstək verilir.
Fərqli, rəngarəng və dolğun proqramlar...
Heç kəsə sirr deyil ki, 9 yaşı tamam olan İctimai Televiziya bu gün Azərbaycanın efir məkanında tamamilə fərqli, rəngarəng və dolğun proqram siyasəti həyata keçirir. Bu cür fəaliyyəti ondan dünya klassik ictimai yayım praktikası və ənənəsi, Azərbaycan qanunvericiliyi tələb edir. Bütün bu saydıqlarımızdan daha ümdəsi isə bunu İctimai Televiziyadan Azərbaycan tamaşaçısı, Azərbaycan xalqı gözləyir.
Beləliklə, bu gün İctimai Televiziyanın tərkibində informasiya və ictimai - siyasi proqramlar departamenti, analitik verilişlər, musiqi, bədii və əyləncəli proqramlar, səhər proqramları, gənclər, elm və təhsil verilişləri, “Carçı film” Yaradıcılıq Birliyi, hüquq və beynəlxalq əlaqələr departamenti fəaliyyət göstərir ki, bu departamentlərin hər biri ölkəmizin həyatında baş verən hadisələri düzgün istiqamətləndirməklə və işıqlandırmaqla, Azərbaycan insanının, vətəndaşının istək və arzularını əks etdirən verilişləri verməklə, hazırlanan verilişlərdə tamaşaçılara yüksək vətənpərvərlik duyğularını, hisslərini aşılamaqla, olduqca aktual mövzulara müraciət etməklə tamaşaçıların nəzərində “İctimai Televiziya” brendini formalaşdırır. Artıq sözün həqiqi mənasında, BRENDə çevrilən İctimai Televiziyada xəbərlər daim qərəzsiz, cəmiyyətin ümumi maraqlarına xidmət göstərəcək şəkildə təqdim olunur, hadisələrə olduğu kimi yanaşılır, tamaşaçının ala biləcəyi informasiya ona hərtərəfli təqdim olunur. Bundan başqa, televiziya analitik proqramları ilə də hər zaman hadisələrin fonunda hərtərəfli, dəqiq mövqeyi ilə tamaşaçıların qarşısına çıxmağı bacarır. Xalqın mənafeyini müdafiə etməyi qarşısına məqsəd qoyan İctimai Televiziya ötən 9 il ərzində buna nail olub.
İdeoloji müharibədə İctimai Televiziya ön sıralardadır
Məlum olduğu kimi, hazırda Azərbaycanda atəşkəs rejimi mövcud olsa da, ölkəmiz müharibə vəziyyətində, torpaqlarımız yağı düşmənin tapdağı altındadır. Eyni zamanda, dünyanı öz cənginə alan erməni yalanlarına qarşı ideoloji müharibəmiz hər an davam edir. Hər bir Azərbaycan vətəndaşı, hər bir qurum bu ideoloji müharibədə iştirak edir. Həmin ideoloji müharibədə isə bu gün 9 yaşını qeyd edən İctimai Televiziyanın öz yeri, öz çəkisi var. Belə ki, təkcə televiziyanın hər zaman operativliyi ilə seçilən, ölkədə və dünyada baş verən xəbərləri doğru-dürüst və qərəzsiz bir formada tamaşaçısına çatdıran “Carçı” xəbərlər proqramının reklam çarxında ərazimizin işğalı ilə bağlı göstərilən süjet olduqca vacib və aktualdır. Bu süjet vasitəsi ilə İctimai Televiziya Azərbaycan torpaqlarının işğal olunması faktı haqqında dünyaya hər gün informasiyalar ötürür, Azərbaycana qarşı həyata keçirilən ikili standartlar xarici təşkilatlara və beynəlxalq ictimaiyyətə bəyan edilir.
Özünəməxsus üslub: novatorluq və ənənənin vəhdəti...
Azərbaycan teleməkanında özünəməxsus üslub yaradan İctimai Televiziya qanunla qarşısına qoyulan tələbləri kifayət qədər uğurla yerinə yetirməyə güc tapıb. Peşəkar kadrlarını, efir üslubunu formalaşdıran, ən müasir texnologiyalarla təchiz olunmuş telekanal ötən müddət ərzində dünyanın bir sıra beynəlxalq teleradio cəmiyyətlərinə üzv olub, çoxlu sayda televiziyarla geniş əməkdaşlıq layihələri həyata keçirib. Ölkənin teleməkanında ayrı yeri və hər kəs tərəfindən bəyənilən televiziya olduğunu hamıya sübut edən İctimai Televiziyada efirə gedən verilişlər mövzuların aktuallığına görə xalqın həyatında xüsusi əhəmiyyət kəsb etdiyindən, böyük maraqla qarşılanır. Bütün sahələri əhatə edən verilişlərin elə adlarına baxmaq kifayət edir ki, telekanalda novatorluqla ənənənin vəhdətinin mövcud olduğunu dərhal anlayırsan. “Media və zaman”, “Yadigarlar”, “Müzakirə vaxtı”, “El sənəti”, “Yurd inciləri”, “Muğam sədası”, “Yeni gün”, “Vətən səsi”, “Ortaq məxrəc”, “Sağlam yaşam”, “Salam əsgər”, “Ozan”, “Azərbaycan təbiəti” kimi verilişlərdə biz ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işləri, dünyada baş verən ictimai-siyasi proseslər haqqında məlumat əldə edir, keçmişimizi, dünənimizi, milli kimliyimizi, tarixi yaddaşımızı, ədəbi dühalarımızı dərindən öyrənir, sabahımız olan gəncliyimizin elmli, intellektual olması üçün telekanal işçilərinin əllərindən gələni etmələrinin şahidi oluruq. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmiyyəti səhərlərini “Yeni gün” proqramı ilə açmağa adət edib. Az qala hər gün 3 saat tamaşaçılarla canlı ünsiyyət bu kanalın xalqla ünsiyyətinin, tamaşaçı ilə təmasının yalnız bir nümunəsidir. Səhər durub işə hazırlaşan tamaşaçı İctimai Televiziyanın “Yeni gün”ündən yeni impuls alaraq evdən çıxır. Gün boyu isə ən müxtəlif verilişlərin tamaşaçısına çevrilir. Hər bir tamaşaçı bu kanalda özünün maraq dairəsinə aid olan verilişləri imkan olduqca izləyir, maraqlandığı məlumatları məhz bu verilişlərin vasitəsi ilə əldə edir.
Tariximiz, ədəbiyyatımız, milli etnoqrafik zənginliklərimiz teleməkanda...
Heç kəsə sirr deyil ki, İctimai Televiziyanın yayım siyasətində tariximizin, mədəniyyətimizin və incəsənətimizin ayrı-ayrı sahələrinin inkişafına xidmət edən verilişlər xüsusi yer tutur. Yəni, İctimai Televiziya milli-mənəvi və əxlaqi dəyərləri ön plana çəkərək tariximizin şərəfli səhifələrinin öyrənilməsinə, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə ayrıca proqramlar həsr edir. “Ötən əsrin nəğmələri”, “Bir mahnının tarixçəsi”, “Bakı vaxtı”, “Bakı sirləri” kimi silsilələr mədəniyyətimizin və tariximizin nisbətən az öyrənilmiş səhifələrinə işıq salır.
Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin həyat və yaradıcılığına yeni formada, yeni prizmadan baxmaq da İctimai Televiziyanın taleyinə qismət olub. Bu telekanalın mədəniyyətlə bağlı öz konsepsiyası var. Azərbaycan mədəniyyətinin hələ təbliğ olunmamış, öyrənilməsinə ehtiyac duyulan qatları var və bu qatlar cəmiyyətə zaman-zaman təqdim edilməlidir. Təsadüfi deyil ki, “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikasının qanununda da proqramlarda milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirmək tövsiyə edilir. Deməli, mədəniyyət və incəsənətin rəngarəngliyinə İctimai Televiziyanın xüsusi diqqət ayırması, eyni zamanda, ictimai yayımçı kimi vəzifə borcuna çevrilib. Bundan başqa, telekanalda milli şüurun qorunması, Türk dünyasına çıxış, TRT ilə həyata keçirdiyi ortaq yayımlar, Azərbaycanın ciddi məsələlərinə aid müxtəlif telekörpülər təşkil etməsi, olduqca əhəmiyyətlidir. Milli və dövlətçilik maraqlarının qorunmasında, cəmiyyəti narahat edən problemlərin işıqlandırılmasında İctimai Televiziya teleməkanda həmişə öndədir.
Bundan başqa, İctimai Televiziyanın nəzdində fəaliyyət göstərən “Carçıfilm” Yaradıcılıq Birliyi çoxsaylı televiziya və sənədli filmlər hazırlayıb, bu filmlərdə əsas diqqət milli-mənəvi dəyərlərimizin qorunmasına, tariximizin öyrənilməsinə yönəldilib. Bu sahəyə xüsusi diqqətin yetirilməsi, milli teleserial istehsalına dövlət yardımının ayrılması İctimai Televiziyada kino sahəsində başlanan işin keyfiyyətini bir az da artırıb. Bu məqsədlə teleşirkət yeni müasir kino çəkilişi avadanlıqları alıb, yeni teleserialların çəklişlərinə hazırlıq işlərini başlayıb. Eyni zamanda, “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunda xarici ölkələrdə istehsal olunmuş ən yaxşı filmlərin, cizgi filmlərinin və s. Azərbaycan dilinə tərcümə edilib yayılması tövsiyə edilir. Bu məqsədləri reallaşdırmaq üçün İctimai Televiziyada Azərbaycan tamaşaçısının zövqünə uyğun ən yeni filmlərin tərcümə və dublyaj edilməsi üzərində gərgin iş aparılır. Bu işdə ölkənin ən tanınmış aktyorları iştirak edir ki, bu da öz növbəsində dublyajın keyfiyyətinə zəmanət deməkdir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanda İctimai Televiziyanın fəaliyyətə başlaması ölkə mədəniyyətinin və incəsənətinin dünya miqyasında tanınması və təbliği istiqamətində daha bir yeniliyin əsasını qoyub. Söhbət ölkəmizin dünyanın ən böyük musiqi yarışması sayılan “Evrovision” mahnı müsabiqəsində iştirak hüququ qazanmasından gedir. Xatırladaq ki, ölkəmiz bu yarışmada 2008-ci ildən iştirak edir. Elə həmin ildəki debütündə 8-ci yerlə kifayətlənən ifaçılarımız növbəti il 3-cü, 2010-cu ildə isə 5-ci yeri tutub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın bu müsabiqəyə hazırlıq işlərinə yaxından dəstək verməsi isə öz nəticəsini çox gözlətmədi. Azərbaycan 2011-ci ildə bu yarışmanın qalibi olaraq növbəti musiqi müsabiqəsini Bakıda təşkil etmək hüququ qazandı.
Bu, Azərbaycan Respublikasını dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, Azərbaycan xalqının qonaqpərvərliyini, Azərbaycan mədəniyyətinin və incəsənətinin uğurlarını, ən nəhayət, müstəqilliyini cəmi 20 il əvvəl yenidən bərpa etmiş bir dövlətin demokratiya, iqtisadi-siyasi və sosial sahədə qazandığı nailiyyətləri nümayiş etdirmək, əyani göstərmək şansı yaratdı. Qısa zaman kəsiyində Xəzərin sahilində “Crystal Hall” kimi tanınan ən böyük konsert kompleksi inşa olundu. Əsası təxminən yüz il əvvəl qoyulmuş Bakı bulvarı genişləndirilərək yeni və müasir görkəm aldı.Heydər Əliyev Fondunun yarışmaya hazırlıq işlərini öz üzərinə götürdü, hazırlıq prosesinin hər xırda detalı, hər mərhələsi Fondun nəzarəti altında idi. Nəticə gözlənildiyindən də uğurlu alındı. Bakıda keçirilən “Evrovision-2012” müsabiqəsi indiyədək olan bütün müsabiqələrdən fərqləndi.
Beləliklə, bu gün 9 yaşı tamam olan İctimai Televiziya Azərbaycan efir məkanında yeni-yeni uğurlara imza atır, qarşıda duran vəzifələrə doğru inamla addımlayır və öz tamaşasçılarının görüşünə yeni, bir-birindən maraqlı layihələrlə gəlir.
Oktay

Paylaş:
Baxılıb: 1151 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30