Azərbaycan bəstəkarları hər zaman diqqətdədir və dövlətimiz tərəfindən öz qiymətini alır
22.11.2014 [11:32]
Firəngiz Əlizadə: Dəfələrlə xarici ölkələrdə Azərbaycan musiqisinə verilən qiymətin şahidi olmuşam
XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində keyfiyyətcə yeni bir səhifə açdı. Bu səhifə ilk Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” operası ilə açılırdısa, XX əsrin ortalarına doğru musiqimizdə bir sıra yeni janrların - opera, balet, operetta, simfoniya, konsert kimi irihəcmli, habelə kiçikhəcmli musiqi janrlarının yaranmasına gətirib çıxardı. Azərbaycan musiqisinin çox qısa zaman kəsiyində təşəkkülü prosesi dövlətin mədəni həyatında bir sıra yeniliklərin yaranmasına təkan verdi. Heç şübhəsiz, bu yeniliklər sırasında əlamətdar hadisələrdən biri də Azərbaycan Bəstəkarlar İttifaqının yaranması idi.
Beləliklə, 1934-cü il iyunun 30-da 17 nəfərin iştirakı ilə ümumi yığıncaq keçirilir. Məhz bu gün musiqi tarixində Azərbaycan Bəstəkarlar İttifaqının yaranma tarixi kimi qəbul olunur. Bu il isə artıq Azərbaycan Bəstəkarlar İttifaqının 80 yaşı tamam olur. Bu münasibətlə “Yeni Azərbaycan” qəzeti olaraq biz də Azərbaycan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar Firəngiz Əlizadə ilə söhbətləşdik.
- Firəngiz xanım, sizdən Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik tarixinə dönüb nəzər salmağınızı xahiş edərdik...
- Öncə onu deyim ki, Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyi bir ilə yaxındır müxtəlif tədbirlərlə qeyd olunur. Qurumumuzun öz yaradıcılıq potensialını gücləndirərək ölkəmizin mədəni həyatında özünəməxsus yer tutması təqdirəlayiq haldır. Klassik Azərbaycan musiqisinin, yaradıcılıq potensialının inkişafında Bəstəkarlar İttifaqı çox böyük rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Ü.Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələr veriblər. Bu gün Azərbaycan musiqisi ölkəmizin hüdudlarından kənara çıxıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatları keçirilir. Sözsüz ki, bu təqdimatlar çərçivəsində musiqimiz ən əsas qüvvədir. Azərbaycan Bəstəkarlar İttifaqının musiqimizin tanınmasında, daha geniş təbliğ olunmasında, yeni əsərlərin araya-ərsəyə gəlməsində, müxtəlif maraqlı layihələrin həyata keçirilməsində böyük rolu var.
Elə keçdiyimiz günlərdə, daha konkret, 1-5 noyabr tarixləri arasında Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 80 illiyinə həsr olunmuş musiqi festivalı keçirildi. Festivalın proqramı olduqca rəngarəng idi, belə ki, tədbirdə müxtəlif janrlar əhatə olunmuşdu. Festival çərçivəsində təşkil olunan konsertlərdə 70-ə yaxın müəllifin əsəri səsləndirildi. Bu müəlliflər arasında ən qocaman bəstəkarlardan tutmuş ən cavan bəstəkarlar, həmçinin Bəstəkarlar İttifaqına üzv olmayan, o cümlədən xaricdə təhsil alan gənc bəstəkarlar yer aldı. Festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Musiqi Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında konsertlər və tamaşalar təqdim edildi.
Ümumiyyətlə isə 80 illik tarixə çevrilib baxdığımız zaman çox dolğun bir tarix gözlərimizin önündə canlanır. Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ildə Üzeyir Hacıbəylinin xeyir-duası ilə yaranan, özünü isbat edən, nüfuzlu bir qurumdur. Vaxtilə Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev ittifaqın sədri olub. Mən 1979-cu ildən burada işləyirəm. Ən gənc katib olmuşam. 2007-ci ildə sədr seçildim. Bura musiqişünasların, bəstəkarların, ifaçıların ikinci evidir. 90-cı illər bizim ittifaq üçün də ağır oldu. Ölkədə durum pis idi. Komendant saatı var idi - konsertlər keçirə bilmirdik, festivallar təxirə salınırdı. “Səadət sarayı”nda iki otağa yerləşmişdik, soyuq otaqda soyuqdan büzüşmüş Tofiq Quliyevi görəndə sarsılırdım, üzülürdüm. Şükür ki, indi vəziyyət dəyişib. Prezidentin Sərəncamından sonra bina təmir olunub bizə qaytarıldı, lazımi aparatura ilə təmin edildi. İndi işimiz çox qaynardır. Biz mütəmadi olaraq yenicə bəstələnmiş əsərləri dinləyib, yeni-yeni gənc istedadları ittifaqa cəlb edib, onların seçmə əsərlərindən qurulmuş plenumlar keçirməyə başladıq. Yeri gəlmişkən, gənc bəstəkarların yaradıcılığına həsr olunan növbəti tədbir keçən ilin iyul ayında keçirildi. İki günlük konsert, dinləmələr və “dəyirmi masa”dan ibarət olan plenumda təkcə Azərbaycanda deyil, Rusiyada, İranda, Türkiyədə yaşayan azərbaycanlı bəstəkarlar da iştirak etdilər. İldə neçə-neçə beynəlxalq səviyyəli tədbirlər keçiririk. 2009-cu ildən Beynəlxalq Muğam Festivalı keçiririk. Festival çərçivəsində isə üç böyük tədbir keçirilir. Birincisi, konsertlərdir, ora yeddi əsas muğam dəsgahı daxildir. Onu ən yaxşı xanəndələrimiz təqdim edir, muğam operaları, muğamla bağlı simfonik əsərlər sərgilənir. İkincisi, elmi simpoziumlardır ki, Amerikadan tutmuş Çinə qədər alimlər muğam haqda çıxışlar edirlər. Biz muğama böyük bir irs kimi baxırıq və “bu, bizimdir, heç kim buna toxunmasın” demirik. İspaniyanın Əndəlüsündəki makamdan uyğurların mukamlarınadək böyük bir sahəni edən muğamın ən inkişaf edən mərkəzi Azərbaycandır. Təsəvvür edin ki, bizim simpoziumlarımızda UNESCO-nun ekspertləri iştirak edirlər. Bildiyiniz kimi, onların da “Mugam-Makam” qrupu var. Üçüncüsü, beynəlxalq muğam müsabiqələridir. Bunlar Heydər Əliyev Fondunun, şəxsən birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilir. Bir də bizim özümüzün hər il keçirdiyimiz “İpək yolu” Beynəlxalq Festivalıdır ki, bu il beşincisi keçirildi.
- Firəngiz xanım, Bəstəkarlar İttifaqının sədri kimi iyirmi birinci yüzilliyin bəstəkarlarının yaradıcılığını necə qiymətləndirirsiniz?
- Müasir bəstəkarlarımızın peşəkarlıq səviyyəsi, fəallığı, yaratdığı əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının sədri olaraq deyərdim ki, məni qane edir. Yaşadığımız zamanda müasirlərimizdə belə fikir formalaşıb ki, incəsənətdə, mədəniyyətdə demokratiya ola bilməz. O zaman biz hamımız Motsart olardıq. Demokratiya bizim münasibətlərimizdə ola bilər. Tanrı hər bir insana bir cür istedad bəxş edib. Kiminə gözəllik, kiminə idrak, kiminə isə qeyri-adi istedad verib. Bəstəkarlar, musiqişünaslar bir-birindən istedad baxımından çox fərqli olduğundan bütün bəstəkarların yaradıcılıq irsini eyni cür qəbul etmək olmaz. Hər bir yaradıcı insanın məxsusi seçimi, dünyagörüşü var. Azərbaycan bəstəkarlıq məktəbi bütün zamanlarda yüksək səviyyədə olduğundan mən fərəhlənmişəm, bu məni ruhlandırıb. Peşəkar musiqimizin təməlini qoyan dahi bəstəkarımız Üzeyir Hacıbəyli 1908-ci ildə “Leyli və Məcnun” operasını tamaşaya qoyduğu zamanda artıq o, tanınmış sima idi və ətrafında böyük ziyalılar cəmləşirdi. Onun məktəbindən bəhrələnən böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov kimi parlaq şəxsiyyətlər sanki böyük okeandan iki çay kimi axmağa başlayır və onların da yaradıcılığından, dəsti-xəttindən müasir dövrümüzün bəstəkarları bəhrələnməyə başlayıblar. Bu gün də Azərbaycan bəstəkarları, onların yaratdığı əsərlər hər zaman diqqətdədir və dövlətimiz tərəfindən öz qiymətini alır. Bu gün keçirilən tədbirlərdə, konsert proqramlarında Azərbaycanın müasir bəstəkarlarının səsləndirilən əsərlərinin çox yüksək səviyyədə olması, peşəkarlığı əyani şəkildə ölkəmizdən kənarda keçirilən Azərbaycan mədəniyyət günlərində bir daha parlaq nümayiş olunur.
- Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi bəstəkarların yaşadığı dövrü Azərbaycan musiqisinin qızıl dövrü adlandırırlar. Firəngiz xanım, bu qızıl dövr hələ də davam edir?
- Bilirsiniz, incəsənətin belə bir xüsusiyyəti var ki, sənətin qiymətini layiqli şəkildə alması üçün zaman tələb olunur. Hansısa müasir dövr bəstəkarına “sən dahisən” deyə bilmərik. Çünki onun yaradıcılığı zamanın süzgəcindən keçməlidir. Üzeyir Hacıbəyli kimi deyil, amma özünəməxsus istedada malik bəstəkarlarımız var. Dəfələrlə xarici ölkələrdə - Fransada, İtaliyada, Ukraynada konsertlər təqdim olunanda Azərbaycan musiqisinə verilən qiymətin şahidi olmuşam. Məsələn, ötən il Ukraynanın Lısinki adına Filarmoniyasının Milli Simfonik Orkestrinin 25 nəfərlik kollektivi bizim bəstəkarların əsərlərini ifa etdi və orada zəif əsərə təsadüf olunmadı. Azərbaycanın Xalq artisti Ağadadaş Dadaşovun kanon və simfonik orkestr üçün yazdığı əsəri yüksək səviyyədə ifa olundu. Onu da deyim ki, Azərbaycanda ilk dəfə belə janrda əsər bəstələnib. Bu əsəri bütün tamaşaçılar ayaq üstə alqışladılar. Azərbaycanın tanınmış bəstəkarları Sərdar Fərəcovun, Azər Dadaşovun, Cəlal Abbasovun və başqalarının əsərləri də yüksək qarşılanıb. Təvazökarlıqdan uzaq olsa da, mənim bəstələdiyim “Nağıllar” əsərim də səsləndirildi və böyük maraq doğurdu. Təbii ki, biz konsertlərimizi klassiklərimizin əsərləri ilə başlayırıq. Konsertimizdə iştirak edən Ukrayna sənətşünaslarından, bəstəkarlarından müsahibə götürülərkən Azərbaycan musiqisinin fantastik olduğunu vurğulayıblar. Mən Azər Dadaşovu çağdaş bəstəkarlar sırasında ən parlağı kimi qəbul edirəm. O, 12 simfoniyanın müəllifidir ki, müasir dövrdə bütün dünyada bu sayda simfoniya yazan bəstəkara təsadüf olunmur. Bu onun göstəricisidir ki, bu gün Azərbaycanda yüksək səviyyəli bəstəkarlarımız var. Bu əsərlərdə modernlik, novatorluq vardır. Mən deyərdim ki, bəstəkarlıqla ifaçılıq birgə addımlamalıdır. Bu, çətin bir prosesdir. Burada infrastruktur məsələsi var. Bəstəkar əsəri yazır, onu dərk edən musiqişünas, dirijor, sevə-sevə ifa edən ifaçı, eləcə də dərk edən dinləyici olmalıdır. Bizim zəmanəmizdə uşaqlara sual edirdilər ki, sən gələcəkdə kimə oxşamaq, hansı peşə sahibi olmaq istərdin? Cavab verilirdi ki, mən kosmonavt, Qara Qarayev və başqa sənət sahibi olmaq istəyirəm. İndi isə bu suala “mən Röya olmaq istəyirəm” cavabını alırıq. Ona görə də bu gün Azərbaycan bəstəkarlarının əsərlərinə qulaq asmaq, dinləmək və dərk etmək bir çoxlarına çətin, qəliz gəlir. Onu da deyim ki, bu proseslər müasir zamanda dünyanın hər bir ölkəsində yaşanılır. Kifayət qədər populyar olan Ledi Qaqa, Eminem və başqalarını nümunə göstərə bilərik. Azərbaycan da dünyanın qloballaşan bir parçasıdır.
Söhbətləşdi: Oktay Hacımusalı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

