Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 2015-ci ilin yaz semestrində 7 xarici ölkə universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris olunur

2015-ci ilin yaz semestrində 7 xarici ölkə universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris olunur

11.03.2015 [09:27]

Bu ildən ölkəmizin bəzi ali məktəblərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təklif etdiyi layihənin əsasında ilk dəfə olaraq “Multikulturalizmə Giriş” (bakalavr səviyyəsi üçün) və “Azərbaycan Multikulturalizmi” (magistratura səviyyəsi üçün) adlı yeni fənlər tədris olunmağa başlanılıb. Bundan başqa, “Azərbaycan Multikulturalizmi” fənninin bir sıra xarici ölkələrin universitetlərində də tədrisi həyata keçirilməkdədir. Bununla bağlı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Əli oğlu Nəcəfovla müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.
- Bu gün multikulturalizm haqqında ziddiyyətli fikirlər var. Belə bir situasiyada multikulturalizmin bir fənn kimi ali təhsil ocaqlarımızda tədrisi hansı zərurətdən irəli gəlir?
- Məlum olduğu kimi, müasir dövrdə dünya ölkələrinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini, ümumiyyətlə, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir və həyatında müsbət rol oynayır. Lakin bununla belə qeyd etmək lazımdır ki, etnik, irqi, dini və mədəni müxtəlifliklərin müəyyən bir cəmiyyətdə mövcudluğu dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, o, cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə, hətta münaqişələrə səbəb olur. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir.
Tarixi təcrübə göstərir ki, qeyd olunan müxtəlifliklərin tənzimlənməsinə ölkələr eyni şəkildə yanaşmırlar. Bəzi ölkələr etnik-mədəni müxtəlifliklərin mövcud olmasına məhəl qoymur, onlara əhəmiyyət vermir. Bəzi ölkələr isə cəmiyyətdəki etnik, dini və irqi azlıqların mədəni dəyərlərini sıxışdırır və onların qorunmasını təmin etmirlər. Belə ölkələr assimilyasiya siyasəti vasitəsilə milli azlıqların etnik-mədəni dəyərlərini titular etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin ləğv edilməsinə nail olmaq istəyir. Etnik-mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəlifliklərin tənzimlənməsində assimilyasiya siyasəti ilə yanaşı izolyasiya (təcridolma) və aparteid siyasətindən də istifadə etmişdilər. Lakin tarixi hadisələrin gedişatı assimilyasiya, izolyasiya və aparteid siyasətlərinin səmərəsizliyini göstərdi. Bu, ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avstraliyada, Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinə səbəb olan faktorlardan biri oldu.
Multikulturalizm siyasətini qəbul edən ölkələrin təcrübəsi bu siyasətin assimilyasiya, izolyasiya və aparteid siyasətlərindən səmərəli olduğunu göstərdi. Belə ki, multikulturalizm müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn bir siyasətdir. Bu siyasət nə milli azlıqların etnik-mədəni dəyərlərini assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titular etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafı üçün eyni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün əlverişli zəmin yaradır.
- Sizin dediklərinizdən biz belə bir nəticəyə gələ bilərik ki, cəmiyyət daxilindəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizmin ən səmərəli siyasət olması bu fənlərin tədris olunmasına səbəb olub?
- Bəli, yuxarıda qeyd olunduğu kimi, müasir dövrdə cəmiyyətdə mövcud olan etnik-mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn multikulturalizm digər siyasətlərdən daha səmərəli siyasətdir. Lakin “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərinin ölkəmizin bir sıra ali məktəblərində tədrisinə başlanması tək bu faktla məhdudlaşmır. Bu olduqca mühüm, əhəmiyyətli işin başlıca səbəbi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan Azərbaycan Respublikasının multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyələrini və bu siyasətin ölkəmizdə uğurla həyata keçirilməsinin səbəblərini izah etməkdir, müasir dövrdə özünü mütərəqqi və uğurlu model kimi göstərən multikulturalizmin Azərbaycan modelinin öyrənilməsidir. Yuxarıda qeyd etdiyim kimi, cəmiyyətdə mövcud olan etnik-mədəni müxtəlifliklər dövlət tərəfindən düzgün tənzimlənməlidir, əks halda cəmiyyətin inkişafının qarşısında ciddi problemlər yarana bilər. Azərbaycan dövləti ölkədəki etnik- mədəni müxtəliflikləri özünün multikulturalizm siyasəti vasitəsilə düzgün tənzimləməyə nail olmuşdur. Ölkəmizin bu sahədə olan nailiyyətlərini dünyanın bir çox dövlətləri, hətta multikulturalizm siyasətinin meydana gəldiyi aparıcı Qərb dövlətləri də etiraf edir. Ölkəmizin multikulturalizm siyasəti sahəsindəki uğurlu təcrübəsinin tədris fənləri vasitəsilə tələbə gənclərimiz tərəfindən öyrənilməsi bu siyasətin sonrakı inkişafına səbəb olacaq, onu davamlı edəcək. Belə ki, tələbə gənclərimiz tərəfindən bu fənlərin mənimsənilməsi multikulturalizm siyasəti sahəsində elmi araşdırmaların aparılmasına səbəb olaraq praktiki əhəmiyyət kəsb edən tövsiyələrin irəli sürülməsinə gətirəcək. Beləliklə, müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin öyrənilməsi, geniş təbliğ olunması və bu sahədə elmi araşdırmaların aparılmasının təmin edilməsi bu fənlərin ali məktəblərdə tədris olunmasını zəruri etmişdir.
Bu məqsədlə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev bu fənlərin ölkənin bir sıra ali təhsil ocaqlarında tədris olunmasının təşkilinə dair Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Kamal müəllimin müraciəti qəbul olunmuş və “Multikulturalizmə Giriş”, “Azərbaycan Multikulturalizmi” fənləri Azərbaycan İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Slavyan Universitetində, Gəncə Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində tədris olunmağa başlanmışdır. Hal-hazırda “Azərbaycan Multikulturalizmi” fənni bir neçə xarici ölkələrin universitetlərində də tədris olunur.
- “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənləri indiyədək ölkəmizdə tədris olunmamışdır. Buna görə də bu fənlərin tədrisini həyata keçirmək üçün ilk növbədə, müəllimlərin olması vacibdir. Bu məsələ necə həll olunur?
- Bu layihənin həyata keçirilməsinə başlayanda müəyyən obyektiv çətinliklər var idi. Bu çətinliklər fənlərin tədrisi ilə bağlı təcrübənin olmamasından irəli gəlirdi. Daha konkret desək, respublikada bu fənlərin nə tədris proqramları, nə onlar üzrə dərs vəsaitləri, nə də ki, onları tədris etmiş müəllimlər var idi. Lakin qeyd olunan çətinlikləri biz qısa müddətdə aradan qaldıra bildik. Belə ki, “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənləri üzrə tədris proqramları hazırlandı və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olundu. Fənləri tədris edəcək müəllimlərin hazırlanması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi treyninqlər təşkil etmişdi. Oktyabr ayından başlayan treyninqlər mütəmadi olaraq respublikanın tanınmış mütəxəssisləri tərəfindən aparılır. Treyninq zamanı mütəxəssislər dinləyicilərə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərinin tədris proqramlarının əsasında mühazirələr oxuyur, onları lazımi dərs materialları ilə təchiz edir və sonda imtahanda onların biliklərini yoxlayırlar. İmtahandan uğurla keçənlərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikat verilir. Treyninqlərdə “Multikulturalizmə Giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin hazırlanması bu sahədəki mövcud tələbatı müəyyən dərəcədə qarşılaya bilmişdir. Lakin yaxın gələcəkdə bu fənlərin tədris olunacağı Azərbaycan, eləcə də, xarici ölkə ali təhsil müəssisələrinin sayının artması səbəbindən fənni tədris edə biləcək daha çox müəllimlərə ehtiyac yaranacaq. Yeri gəlmişkən qeyd edim ki, treyninqlərdə dinləyici kimi iştirak etmək istəyənlərin sayı daima artır. Əgər birinci treyninqdə 26 dinləyici iştirak etmişdirsə, hazırda davam edən ikinci treyninqdə 46 dinləyici iştirak edir. Aprel ayında başlayacaq növbəti treyninqə artıq 30-dan çox dinləyici yazılmışdır.
- Etibar müəllim, Siz “Azərbaycan Multikulturalizmi” fənninin bir neçə xarici ölkələrin universitetlərində tədris olunmasını qeyd etdiniz. Xahiş edirəm, bu haqda bir qədər ətraflı məlumat verəsiniz.
- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın multikulturalizm sahəsində qazandığı nailiyyətləri dünya dövlətləri, o cümlədən, hətta multikulturalizm siyasətinin meydana gəldiyi aparıcı Qərb dövlətləri də etiraf edir. Onlar ölkəmizin bu sahədəki uğurlarına necə nail olduğunu bilmək istəyirlər. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur.” Xarici dövlətlərin Azərbaycanın multikulturalizm sahəsində qazandığı uğurlu təcrübəyə marağı, onu öyrənib tətbiq etmək istəkləri “Azərbaycan Multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədris olunması üçün real imkan yaratmışdır. Bu imkanın həyata keçirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Xarici ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədris olunması” adlı layihəni hazırlayıb həyata keçirməyə başladı.
Hal-hazırda bu layihə uğurla icra olunur. 2015-ci ilin yaz semestrində 7 xarici ölkə universitetində “Azərbaycan Multikulturalizmi” fənni tədris olunur. Bu universitetlər aşağıdakılardır: Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti; İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti; Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası); Litva Pedaqoji Universiteti; Praqa Karlov Universiteti (Çexiya Respublikası); Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universiteti.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə çıxışında Azərbaycanın multikulturalizm sahəsində təcrübəsinin xarici ölkələrdə öyrənilməsinin vacibliyini qeyd etmişdir: “Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır.” “Azərbaycan Multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədris olunması qeyd olunan təcrübənin öyrənilməsinin bariz nümunələrindən biridir. “Azərbaycan Multikulturalizmi” fənninin bu və ya digər xarici ölkə universitetində tədris olunmasını təklif edəndə biz qarşı tərəfə ona heç bir şirnikləndirici vəd və ya təzyiq etmirik. Qarşı tərəf öz universitetində bu fənnin tədrisini təşkil edərkən o, ilk növbədə, bunun böyük praktiki əhəmiyyətini dərk edərək razılıq verir, daha konkret desək, ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi zəngin təcrübəsindən bəhrələnmək məqsədini güdür.
Yaxın gələcəkdə “Azərbaycan Multikulturalizmi” fənninin tədrisini təşkil etmək istəyən xarici ölkə universitetlərinin sayı artacaq. Bunu xarici universitetlərin rəhbərlərinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə “Azərbaycan Multikulturalizmi” fənninin tədris olunması ilə bağlı rəsmi müraciətlərinin əsasında demək olar. Növbəti tədris ilinin I semestrində dərslərə başlamaq üçün Vürsburq Universiteti (Almaniya Federativ Respublikası), Frayburq Universiteti (İsveçrə Konfederasiyası), Sakarya Universiteti (Türkiyə Cümhuriyyəti), Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna Respublikası) öz rəsmi müraciətlərini göndərmişdir. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Vatikan Sileza Universiteti (İtaliya Respublikası), Auqsburq Universiteti (Almaniya Federativ Respublikası) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa Respublikası) ilə bu istiqamətdə danışıqlar aparır.

Paylaş:
Baxılıb: 797 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30