Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağdamın işğalından 22 il ötdü

Ağdamın işğalından 22 il ötdü

23.07.2015 [09:27]

Azərbaycanın dilbər guşələrindən olan Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il ötdü. Xatırladaq ki, hazırda böyük bir hissəsi erməni işğalı altında olan rayonun 10 kəndi Azərbaycanın nəzarətindədir. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Onu da qeyd edək ki, Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər rayonları ilə həmsərhəd olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir.
Ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk cəlb olunan rayon məhz Ağdam oldu. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşdü. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd-yuvalarından, daha sonra ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətindəki doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə rus qoşunlarının köməyi ilə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən, Ağdama olan hücumların ardı-arası kəsilmirdi.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə-yeksan oldu, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi. Ermənilər uşaq və böyüyə, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək, bununla da bəşəriyyətə qarşı ən dəhşətli cinayət törətdilər. Bu döyüşlərdə qəhrəman ağdamlılar son ana qədər döyüşdülər.
Lakin Ümummilli lider Heydər Əliyevin müstəsna səyləri ilə rayonun tamamilə itirilməsinə yol verilmədi. Qısa müddətdə ərazinin qorunub saxlanmış üçdə bir hissəsində 30 mindən artıq köçkün məskunlaşdırıldı. Dağıdılmış kommunikasiyalar bərpa edildi. Həyat üçün zəruri şərait yaradıldı.
Ulu öndərin ağdamlılara diqqət və qayğısı nəticəsində idarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldildi. Digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar qurub-yaratmaq ənənələrini davam etdirdilər. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə olduğu kimi, bu dəfə də ağdamlılara yüksək etimadla yanaşdı, onların problemlərinin həllini daim diqqətdə saxladı.
Ağdamlı məcburi köçkünlərin sosial durumu, mənzil şəraitinin yaxşılaşdırılması Ulu öndərin daim diqqət mərkəzində saxladığı məsələ olub. Bu məqsədlə təkcə 2001-2002-ci illər ərzində imzalanan üç Fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərini həll etmək üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılıb və bunun müqabilində 18 qəsəbə salınıb, 6076 mənzil tikilib, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilib, beş mindən artıq ailəyə birdəfəlik yardımlar olunub. Ulu öndər Heydər Əliyevin 2001-ci ilin sentyabr ayında imzaladığı Fərmandan ağdamlı məcburi köçkünlərə də böyük töhfə düşdü və bu ərazidə 4 yeni qəsəbə salındı. Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Erge ərazilərində inşa edilən 500 mənzillik qəsəbələr ağdamlılara dövlət tərəfindən göstərilən qayğının təzahürü idi. Qeyd olunan yaşayış məntəqələrində hər cür kommunal xidmətlər təşkil edilib, orta məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər zəruri infrastruktur obyektləri tikilib.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev 2004-cü ilin fevral ayının 4-də Ağdamda yeni qəsəbələrin salınması ilə bağlı Sərəncam imzaladı. Sərəncama əsasən, Bərdə və Ağcabədi rayonlarındakı çadır düşərgələrində və yük vaqonlarında müvəqqəti yerləşdirilən 3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi ərazisində yeni qəsəbələr salınıb, onlara maliyyə yardımı və torpaq sahəsi ayrılaraq məşğulluqları təmin edilib. Ölkə başçısının 1 iyul 2004-cü il tarixində təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən, bu kateqoriyalı insanların yeni mənzillərlə təmin olunması istiqamətindəki işlər mərkəzləşdirildi.
Prezident İlham Əliyevin təsdiq etdiyi və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramlarında cəbhə bölgəsində yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yeni infrastrukturların yaradılması kimi mühüm məsələlər öz əksini tapıb. Ölkəmizdə qısa müddətdə çadır şəhərciklərinin ləğv edilməsi və müasir qəsəbələrin inşası, soydaşlarımızın işlə təmin olunması dövlət başçısının verdiyi vədə sadiq olduğunu bir daha sübut etdi.
Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də, Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində işlər davam edir. İqtisadiyyat yüksək inkişaf yoluna çıxarılıb. Ən sevindirici isə odur ki, artıq ağdamlı məcburi köçkünlərin rayonun işğaldan qorunmuş ərazilərinə sürətli qayıdışı başlanıb. Dövlətimizin başçısının diqqət və qayğısı onları yenidən Ağdama qaytarır. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan qətiyyətli və davamlı fəaliyyət isə bütün Ağdam camaatında hər zaman böyük inam yaradır. Ölkə Prezidentinin apardığı uğurlu xarici siyasət kursu, eləcə də, müasir və güclü ordumuz işğal altında olan torpaqlarımızı qaytarmaq əzmindədir. Bu sarsılmaz inam ərazi bütövlüyümüzün təmin olunacağı günün uzaqda olmadığından xəbər verir.
Pərviz SADAYOĞLU

 
Paylaş:
Baxılıb: 728 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30