Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni dövr başladı

Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni dövr başladı

19.10.2015 [10:11]

Müsahibimiz Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətovdur
Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə intensiv şəkildə aparılır
- Xeyrulla müəllim, ölkəmizdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi kontekstində dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklər müşahidə olunur. Bu istiqamətdə həyata keçirilən işləri və əldə edilmiş nailiyyətləri necə qiymətləndirirsiniz?
- Əvvəla onu qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında yüksək inkişafa nail olunmuş, həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın davamlı inkişafı üçün şərait yaratmışdır. Bu da paytaxtımıza xarici ölkələrdən gələn vətəndaşların günbəgün artmasına səbəb olmuşdur. Onu da qeyd edim ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi də bu gün Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində fəal iştirak edir. Son zamanlar dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə başlanılmış, bu sahədə infrastrukturun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi daha dinamik xarakter almış, dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır. Həyata keçirilən layihələr, əldə edilmiş nailiyyətlər onu deməyə əsas verir ki, respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının müvafiq Sərəncamı ilə cari ilin fevral ayının 9-da “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi bu sahədə islahatların daha da sürətlənməsinə müsbət təsir göstərmişdir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilk partiya təşkilatının İdarə Heyətinin üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədr müavini Cavid Qurbanovun quruma rəhbərlik etməsindən sonra görülən işlər, bütövlükdə, islahatların intensiv xarakter almasına səbəb olmaqla yanaşı, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərmişdir. Dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramına əsasən enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Sözügedən direktiv sənədin icrası çərçivəsində proqram təminatı, kompüter avadanlıqlarının alınması, dispetçer mərkəzləşməsi sisteminə keçid tipli nəhəng işlərin reallaşdırılması kimi mühüm məsələlər də artıq öz həllini tapmaqdadır. Bundan başqa, lokomotiv parkının yenilənməsi istiqamətində Fransanın ALSTOM şirkəti ilə 50 ədəd yük və 12 sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanmışdır.
Qeyd edim ki, sərnişin təsərrüfatının müasirləşdirilməsi üçün Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun tikintisi də Dövlət Proqramının uğurlu nəticələrindən biridir. Eyni zamanda, Bakı sərnişin stansiyasında yeni Bakı vaqon deposunun inşası və burada dispetçer mərkəzləşməsi üçün binanın tikintisi də nəzərdə tutulmuşdur.
Sevindirici haldır ki, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi yönündə tikintisi nəzərdə tutulan yarımstansiyalar (Böyük Kəsik-Gəncə mənzili) artıq hazırdır. Eyni zamanda, kontakt şəbəkəsinin və dayaqların dəyişdirilməsi üzrə də bir sıra tədbirlər həyata keçirilmişdir. Yüksək gərginlikli xətlərin çəkilməsi, dayaqların dəyişdirilməsi, yarımstansiyaların tikintisi işləri ilin sonunadək başa çatdırılacaqdır.
Bunlara paralel olaraq işarəvermə və rabitə təsərrüfatının yenilənməsi üzrə işlər öz axarında davam edir. Yol təsərrüfatının sağlamlaşdırılması sahəsində görülən tədbirlər də xüsusi qeyd edilməlidir. Belə ki, Dövlət Proqramında Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmiri nəzərdə tutulsa da, əlavə 52,6 kilometr yol da əsaslı təmir edilmişdir.
Cavid Qurbanovun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla onların həyata keçirilməsinə çox ciddi yanaşır
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq əlaqələri hansı səviyyədədir?
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilk partiya təşkilatının İdarə Heyətinin üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədr müavini Cavid Qurbanovun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu istiqamətdə XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalq və üç ölkə deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir.
Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də Şimal-Cənub beynəlxalq dəhlizidir. Ölkəmiz bu prosesdə fəal iştirak edir. Yeri gəlmişkən, Rusiya, Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi məsələsi 2014-cü ilin oktyabr ayında Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası çərçivəsində müzakirə olunmuşdur.
Azərbaycan dəmir yolunun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər edilmişdir
- Azərbaycanda dəmir yolu infrastrukturunun yenilənməsi, xidmət səviyyəsinin artırılması məqsədilə hazırda hansı işlər görülür?
- Qeyd edim ki, Azərbaycan dəmir yolunun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər edilmişdir. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” tərəfindən son vaxtlar görülən işlərin bir qisminə nəzər salaq. Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün hazırda burada yenidənqurma işləri sürətlə aparılır. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.
Onu da qeyd edim ki, bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətinin rəhbərliyi ilə ikitərəfli görüş keçirilmiş, “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır. Dövlət Proqramının icrası isə tam sürətlə gedir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində ümumilikdə 317 kilometr yol əsaslı təmir olunmuş və 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında qaynaq edilmiş 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir. Hazırda Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi çərçivəsində “ATEF-Optima” şirkətlər qrupu tərəfindən layihə sənədləri hazırlanmışdır. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Bu sahələr üzrə artıq 12 yeni yarımstansiya tikilmişdir. Hazırda tamamlama işləri görülür. Eyni zamanda, kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərinin çəkilməsi davam edir.
Dövlət Proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam edir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.
Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunmasından sonra qurumun işində yeni keyfiyyət dəyişiklikləri meydana gəlib
- Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunmasından sonra qurumun işində hansı keyfiyyət dəyişiklikləri meydana gəlib?
- Əvvəla onu deyim ki, Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır. Hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni dövr başladı. Dəmir yolunun həyatında aşkar canlanma hiss olunur, beynəlxalq maliyyə qurumları ilə daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərir.
Bu istiqamətdə görülən bir sıra işlərə ayrıca nəzər salmaq istəyirəm. Əvvəla, dəmir yolunun vaqon və lokomotiv parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu, həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.
Digər bir mühüm məqamı da diqqətə çatdırmaq istəyirəm. Belə ki, 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmış, bu günə kimi ölkəyə 1500 yeni yük vaqonu gətirilmişdir.
Yuxarıda qeyd etdiyim kimi, paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işləri sürətlə davam edir.
Məlum olduğu kimi, Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında bir zamanlar mövcud olan dəmir yolu əlaqəsini yaratmaq zamanın tələbi idi. Bunun üçün, ilk növbədə, dəmir yollarının əsaslı təmirinə ehtiyac var idi. 3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilmiş, sentyabrın 2-də işlər başa çatdırılmışdır. Layihə çərçivəsində Bakı-sərnişin, Keşlə, Xırdalan, Sumqayıt sərnişin stansiyalarının stansiya yolları və yoldəyişənləri yenilənmiş, Bakı-sərnişin və Sumqayıt-sərnişin stansiyalarında turniketlər və pos-terminallar quraşdırılmışdır. Eyni zamanda, Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yol çəkilmişdir. Onu da qeyd edim ki, hələ 13 may 2015-ci ildə Bakıda “Stadler Rail Group” şirkətindən “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalamışlar.
Nəzərə çatdırmaq istəyirəm ki, 21 may 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda olmuş, Azərbaycan Dəmir Yolları üçün istehsal olunan “KİSS” markalı ikimərtəbəli elektrik qatarına baxış keçirmişdir. Elektrik qatarının birincisi mayın 30-da, ikincisi mayın 31-də, üçüncüsü isə avqustun 20-də Bakı sərnişin stansiyasına gətirilmişdir. Daha iki qatarın ölkəmizə gətirilməsi nəzərdə tutulur. Sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Əlavə edim ki, avqustun 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Mərasimdə qeyd edildiyi kimi, hələ 1998-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRACECA müqaviləsinin məqsədi bir zamanlar iki qitə arasında ticarətin aparıldığı İpək yolunun bərpasını təmin etmək idi. Sözügedən tədbir də məhz bu istiqamətdə səylərin davam etdiyini göstərir. Çindən gələn ilk konteyner qatarı 2013-cü il noyabrın 7-də Qazaxıstan Dəmir Yolu İdarəsinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyi nəticəsində mümkün olub. Bu komitə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çinin nəqliyyat və logistika şirkətlərini, o cümlədən Bakı, Aktau, Poti və Batumi limanlarını özündə birləşdirir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq.
Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi olduqca vacibdir.
Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Sonda məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, sadalananlardan da göründüyü kimi, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunmasından sonra qurumun işində yeni keyfiyyət dəyişiklikləri meydana gəlib. Görülən işlər bu istiqamətdə davamlı nailiyyətlərin əldə edilməsinə, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə, islahatların davamlı olmasına zəmanət verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30