Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini və milli tolerantlıq multikultural cəmiyyətin əsasını təşkil edir

Dini və milli tolerantlıq multikultural cəmiyyətin əsasını təşkil edir

02.12.2015 [10:00]

Azərbaycan cəmiyyəti müxtəlif konfessiyalar və etnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir
Müasir dünyamızda monoetnik və monomədəni ölkələrin sayı barmaqla sayılacaq qədərdir. Əksər ölkələrin əhalisi əsrlər boyu, yaxud son onilliklərdə birgə yaşayan fərqli dinlərin, etnosların, mədəniyyətlərin nümayəndələrindən təşkil olunub. Mehriban və tolerant birgəyaşayış zəminində bu müxtəliflik cəmiyyətin, dövlətin inkişafına təkan verən, mədəniyyətini daha da zənginləşdirən milli sərvət amilinə çevrilir. Ayrı-seçkilik, təhrikedici davranış mühitində isə əksinə, qarşıdurma və konfliktlər mənbəyi rolunu oynaya bilər. Bunu təsadüfən vurğulamadıq. Məsələ burasındadır ki, Yaxın Şərqdə tüğyan edən terrorizm və onun bütün dünyanı hədələməsi, məzhəb qarşıdurmaları, etnik münaqişələr, separatizm, miqrant axınlarına münasibətdə Avropada ksenofobiya, irqçilik və islamofobiyanın güclənməsi kimi problemlər XXI əsrdə dini və milli tolerantlıq mövzusunun aktuallığını daha da artırıb. Və bu kontekstdə Azərbaycanda mövcud olan tolerantlıq mühiti dünya üçün nümunə sayıla bilər.
Dini, etnik tolerantlığın təmin olunmasında beynəlxalq siyasi iradənin təşviqi
Bildiyimiz kimi, həm yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti, həm də Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması səbəbindən Azərbaycana beynəlxalq miqyasda daim böyük maraq göstərilir. Respublikamızda mövcud olan sabitlik, inkişaf, demokratiya, tolerantlıq mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir.
Dini və milli tolerantlıq multikultural cəmiyyətin əsasını təşkil edir. Son zamanlar ayrı-ayrı ölkələrin hökumət başçıları səviyyəsində multikulturalizmə qarşı, eləcə də ksenofob fikirlər səsləndirilir. Bu isə vəziyyətin daha da mürəkkəbləşməsinə şərait yaradan tendensiyadır. Çünki dövlət rəhbərlərinin bu cür çıxışları irqi, dini, etnik zəmində ayrı-seçkiliyin dövlət siyasəti səviyyəsinə yüksəlməsinə və sosial həyatın bütün sferalarına nüfuz etməsinə zəmin yaradır. Millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsində hər bir fərdin üzərinə müəyyən vəzifə düşür, lakin siyasi, ictimai xadimlər, beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri bu məsələdə daha böyük məsuliyyət daşıyırlar. Təsadüfi deyil ki, bu ilin may ayında Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirə mövzularından biri ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Forumun açılışındakı nitqində Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunub: “Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik”.
Dövlət başçısının sözlərindən də aydın olduğu kimi, dini və etnik münasibətlərin nizamlanması və inkişaf etdirilməsi, multikulturalizmin təbliği həm müxtəlif strukturların, qurumların, həm də siyasi xadimlərin, dövlət və hökumət nümayəndələrinin birgə fəaliyyəti ilə təmin olunmalıdır.
Təbii ki, Azərbaycan bu məsələdə müsbət nümunə təşkil edir. Belə ki, ölkəmizin nüfuzlu ictimai-siyasi və din xadimləri, həmçinin, media təmsilçiləri multikulturalizmin təbliği istiqamətində birgə, fəal addımlar atırlar. Eyni zamanda, respublikamızda demək olar ki, hər il mədəniyyətlərarası, dinlərarası dialoq, multikulturalizm mövzularında beynəlxalq forumlar, konfranslar keçirilir. Bu tədbirlərə dünyanın onlarla ölkəsindən yüzlərlə siyasətçilər, din, mədəniyyət xadimləri, alimlər, jurnalistlər və s. qatılır. Belə tədbirlər ilk növbədə, onun iştirakçılarında mədəniyyətlər və dinlərarası dialoq məsələlərinə marağı və həssaslığı artırır. Digər tərəfdən, həmin tədbirlərin iştirakçıları bir-birilə təcrübə mübadiləsi aparır, yeni ideyalar irəli sürürlər. Nəhayət, bu forumlar, konfranslar Azərbaycanın özünün uğurlu multikulturalizm modelini dünyaya tanıtması və örnək rolunu oynaması baxımından da əlverişli platformadır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəz Azərbaycandakı multikultural yaşayış tərzinin xüsusiyyətlərini öyrənərək, beynəlxalq aləmdə təbliğ edir. Həmçinin, 2008-ci ildən başlanan “Bakı prosesi” ilə Azərbaycan sivilizasiyalararası dialoq sahəsində bir ilkə imza atıb. Belə ki, həmin il Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini də dəvət etdi. 2009-cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasına üzv ölkələrin nazirləri dəvət olundu. Bununla da, Azərbaycan həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi özünün əlaqələndirici potensialından istifadə etdi.
Bu və digər amillər isə haqlı olaraq Azərbaycanı multikulturalizm və mədəniyyətlərarası dialoq mərkəzinə çevirib, ölkəmizin tolerantlıq mühitinə marağı artırıb.
Azərbaycan: həqiqi tolerantlıq və multikulturalizm nümunəsi
Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi heç də təsadüfi xarakter daşımır. Çünki Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Ölkəmiz bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Azərbaycan cəmiyyəti müxtəlif konfessiyalar və etnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir. Azərbaycanda qədim dövrlərdən kilsələr, məscidlər, Atəşgah və digər dini ibadət yerləri bir-birinə yaxın məkanlarda sərbəst fəaliyyət göstərib. Son illərdə də ölkəmizdə məscidlərin, kilsələrin, sinaqoqların tikintisi həyata keçirilib. Xalqımızın kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və dözümlülük əsrlər keçsə də, silinməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib.
Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan Respublikasının konstitusion əsasları xalqımızın əsrlərdən gələn bu kimi yüksək mənəvi dəyərlərinə söykənir. Daha dəqiq desək, Azərbaycan Konstitusiyasının və digər müvafiq qanunlarının müddəaları ölkəmizdəki tolerant mühiti hüquqi baxımdan əsaslandırır. Məsələn, 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunan və Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. “Vicdan azadlığı” adlı 48-ci maddədə isə hər kəsin istədiyi dinə etiqad etməkdə azad olduğu əksini tapıb.
Göründüyü kimi, ölkəmizdə qanun insanlara dini seçim və etiqad etdiyi dinə məxsus ayinləri yerinə yetirməyə imkan verir. Bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesində milli, dini dəyərlər, xalqın mədəni-psixoloji inkişafı hər zaman nəzərə alınır.
Məlumdur ki, bu gün Azərbaycanda sabitliyi pozmağa çalışan bəzi qüvvələr bir çox yollara əl atmaqla bərabər, radikal dini ünsürlərdən istifadə etməyə, onları siyasi proseslərə cəlb etməyə çalışır. Radikal dini ünsürlərin qızışdırılması, onlardan siyasi məqsədlər naminə istifadə edilməsi, etnik zəmində narazılıq yaratmaq cəhdləri öz növbəsində ictimai-siyasi mövqeyindən, statusundan asılı olmayaraq vətəndaşlarımız tərəfindən etirazla qarşılanır.
Çünki yuxarıda da vurğuladığımız kimi, milli, dini dözümlülük ənənəsi Azərbaycan xalqının kökündən, keçmişindən gələn humanist dəyərlərə söykənir. Dövlətdən, hüquqdan da əvvəl, bu dəyərlərin keşiyində Azərbaycan xalqı dayanır. Təbii ki, belə bir mühitdə insanların kütləvi şəkildə radikal təxribatçı fəaliyyətə cəlb olunması mümkün deyil. Xalqımızın genetik yaddaşından gələn milli birlik, dini tolerantlıq ənənələri xaricdən idarə olunan təxribatçı dairələrin əməllərini boşa çıxarır.
Media milli, dini tolerantlığın gücləndirilməsində önəmli vasitədir
Bildiyimiz kimi, bu gün dünyada islamofobiya, ksenofobiya, irqçilik kimi təhlükəli tendensiyaların yayılmasında media orqanlarının hadisələri təqdim etmə tərzinin, məlumatların təhrif olunmasının, stereotiplərin təbliğinin və gücləndirilməsinin mühüm rolu var. Müasir dövrdə media orqanlarının informasiyanın əsas mənbəyi kimi çıxış etməsi, o cümlədən internetdən istifadənin kütləvi hal alması, kütləvi informasiya vasitələrinin ictimai rəyin formalaşmasındakı rolunun artması jurnalistlərin üzərinə düşən məsuliyyəti dəfələrlə artırıb.
Media işçisi, hər şeydən əvvəl, müəyyən bir xalqın nümayəndəsi, hər hansı bir dövlətin vətəndaşıdır. Bu baxımdan, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da media qurumları məsuliyyətli missiyanın daşıyıcılarıdır. KİV həm də maarifləndirici, tərbiyələndirici funksiyaları yerinə yetirir. İctimaiyyətin düzgün məlumatlandırılması, dini, milli məsələlər barədə maarifləndirilməsi ilə yanaşı, təxribat xarakterli informasiyanın yayılması halları ilə mübarizədə cəmiyyət, media və dövlət qurumları arasında birliyin, əməkdaşlığın olması önəmlidir. Yaşadığımız informasiya əsri dövründə media yerli, milli dövlət və beynəlxalq səviyyədə etnik, dini dözümsüzlüklə mübarizədə həlledici rol oynaya biləcək vasitədir.
Sonda bir daha qeyd etmək yerinə düşər ki, bütövlükdə Azərbaycanda dini, milli tolerantlığın, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi və inkişafı üçün hər bir sahədə əlverişli imkanlar mövcuddur. Prezident İlham Əliyevin bu ilin noyabr ayında Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının XII sessiyasının açılışındakı nitqindən də göründüyü kimi, Azərbaycan multikulturalizmin təbliği, dinlərarası münasibətlərin inkişafı üçün bundan sonra da fəaliyyətini inamla davam etdirəcək: “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq”.
Nadir AZƏRİ
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 792 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30