Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda vətəndaşların müraciət etməklə bağlı konstitusion hüquqları daha dolğun şəkildə təmin olunacaq

Azərbaycanda vətəndaşların müraciət etməklə bağlı konstitusion hüquqları daha dolğun şəkildə təmin olunacaq

03.12.2015 [10:28]

Ölkə ictimaiyyətinin nümayəndələri dövlət başçısının müvafiq Fərmanını vətəndaş-məmur münasibətlərinin daha da təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin edilməsinə yönələn sənəd kimi dəyərləndirirlər
Azərbaycan hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Ölkəmizdə hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın daha dolğun şəkildə təmin edilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilir, qanunvericilik bazası müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilir. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə Fərman da respublikanın dövlət orqanlarında müraciətlərə baxılması qaydalarının optimallaşdırılması, bu sahədə səmərəliliyin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, haqqında bəhs edilən qanun ölkə Konstitusiyasına uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, həmçinin vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Qanunda qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Eyni zamanda, qanunda belə bir müddəa öz əksini tapıb ki, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
Dövlət başçısının imzaladığı Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini, həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Ümumiyyətlə, Fərmanda vətəndaşların müraciətləri ilə bağlı məsələlərin geniş spektri əhatə olunub.
Yeri gəlmişkən, rəylərini soruşduğumuz ekspertlər də dövlət başçısının imzaladığı Fərmanı ölkəmizdə vətəndaş-məmur münasibətlərinin daha da təkmilləşdirilməsi, şəffaflığın artırılması yolu ilə vətəndaş məmnunluğunun təmin edilməsinə yönələn mühüm sənəd kimi dəyərləndiriblər. Bununla bağlı qəzetimizə açıqlama verən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqini təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Fərmanın praktiki əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, ölkəmizdə vətəndaşların müvafiq qurumlara müraciəti qaydalarını tənzimləyən əvvəlki qanunun qəbul edilməsindən təxminən 20 il vaxt ötüb. Bu müddət ərzində, təbii ki, ictimai münasibətlərdə xeyli dəyişikliklər baş verib. Ə.Nuriyev ötən 20 ildə vətəndaşların müvafiq qurumlara müraciət etmək imkanlarının genişləndiyinə, yeni müraciət formalarının tətbiq edildiyinə diqqət çəkərək vurğulayıb: “Yeniliklərdən biri elektron müraciətlə bağlıdır. Bu və bir sıra digər məsələlər var idi ki, qanunvericilikdə mütləq öz əksini tapmalı idi. Məhz bu baxımdan da ötən müddət ərzindəki praktikanı da nəzərə alaraq və ciddi təhlil aparılaraq yeni bir qanun qəbul edilməsinə zərurət yaranmışdı”.
Ə.Nuriyev yeni qanunda ənənəvi müraciət formaları ilə yanaşı, elektron vasitələrlə müraciətlə bağlı məsələlərin, eləcə də birbaşa televiziya verilişləri zamanı edilən müraciətlərə baxılması qaydasının da öz əksini tapdığını bildirib. “Konkret olaraq müraciətlərə hansı müddətdə baxılmalıdır? Bu müddətdə hansı hüquqi hərəkətlər həyata keçirilməlidir? Bütün bunlar qanunda öz əksini tapıb”, - deyə ekspert vurğulayıb.
Müraciətlərə baxılmasında dövlət orqanlarının və vəzifəli şəxslərin məsuliyyət məsələsi də çox önəmlidir. Ə.Nuriyev bu məqama diqqət çəkərək bildirib ki, yeni qanun, eyni zamanda, müraciətlərə baxan vəzifəli şəxslərin, dövlət orqanlarının məsuliyyətini daha da artıracaq və bu prosesdə şəffaflığın təmin olunmasına əlavə imkanlar yaradacaq. Ekspert fikirlərinə davam edərək bildirib: “Bir sözlə, bəhs olunan qanun vətəndaşların müraciət etməklə bağlı konstitusion hüquqlarının dolğun təmin olunmasına, bürokratiyanın daha da azaldılmasına, dövlət orqanları tərəfindən vətəndaşların müraciətlərinə diqqətlə baxılmasının təmin olunmasına yönələn bir sənəddir. Bu qanunun tətbiqi vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakına imkanlar yaratmaqla , eyni zamanda, onların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına gətirib çıxaracaq”.
Prezident İlham Əliyevin imzaladığı Fərmanın qanunun icra mexanizmini özündə ehtiva etdiyini bildirən Ə.Nuriyev vurğulayıb: “Fərmanda, eyni zamanda, qanunun tətbiqi ilə bağlı Nazirlər Kabinetinə konkret tapşırıqlar verilib ki, bu da qanunun daha yaxşı işləməsinə gətirib çıxaracaq. Hazırda qanunların işləməsi məsələsi çox aktualdır. Çox vacibdir ki, vətəndaşlar qəbul edilən qanunlardan praktiki şəkildə yararlana bilsinlər. Dövlət başçısının imzaladığı Fərman ona yönəlib ki, müvafiq dövlət orqanları, vəzifəli şəxslər qanundan irəli gələn vəzifələrini daha məsuliyyətlə icra etsinlər”.
“Prezident İlham Əliyevin ölkəmizdə qanunların təkmilləşdirilməsi məqsədilə nümayiş etdirdiyi siyasi iradə, o cümlədən də, vətəndaşların ərizə və şikayətlərinə baxılması qaydalarının sadələşdirilməsi, müəyyən məsələlərin həllində “bir pəncərə” prinsipinin tətbiqi, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi istiqamətində atılan addımlar o məqsədə xidmət edir ki, dövlət orqanlarına müraciət etmək insanlar üçün asan və əlçatan olsun. Qeyd olunan Fərman da bu baxımdan çox aktualdır”. Bu fikirləri isə qəzetimizə açıqlamasında “Demokratiya və insan haqları komitəsi” İctimai Birliyinin rəhbəri, millət vəkili Çingiz Qənizadə ifadə edib. Hüquq müdafiəçisi diqqəti ölkəmizdə indiyədək vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində müəyyən problemlərin mövcud olduğuna yönəldərək deyib: “Bəzi hallarda ərizələrə vaxtında baxılması təmin olunmurdu, bir sıra hallarda vətəndaşların müraciətlərinə ümumiyyətlə cavab verilmirdi. Ərizələrin şikayət olunan orqana ünvanlanması da qeyri-müəyyənlik yaradırdı. Dövlət başçısının imzaladığı Fərmanla tətbiqi qaydaları müəyyənləşdirilən qanun vətəndaşların gündəlik həyatda rastlaşdıqları bütün bu çatışmazlıqların aradan qaldırılmasına xidmət edəcək. Mənim qənaətimə görə, dövlət başçısının imzaladığı Fərman ölkədə qanunçuluğun daha da möhkəmləndirilməsi yolu ilə vətəndaşlarda müvafiq dövlət qurumlarına inamın artmasında mühüm rol oynayacaq”, - deyə millət vəkili bildirib.
Dövlət başçısının imzaladığı Fərman sıravi vətəndaşlar tərəfindən də müsbət qarşılanıb. Fikirlərini öyrəndiyimiz vətəndaşların əksəriyyəti ölkə Prezidentinin imzaladığı sənədi alqışlamaqla yanaşı, bunu ölkəmizdə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsinə, eyni zamanda, qanunçuluğun və hüquq qaydalarının gücləndirilməsinə yönələn bir addım kimi dəyərləndiriblər.
Xocalı şəhərindən məcburi köçkün olan Qənahət Hacıyev dövlət başçısının “Vətəndaşların müraciətləri haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi barədə imzaladığı Fərmanı ölkə vətəndaşlarına qayğının təzahürü kimi dəyərləndirdiyini bildirib: “Prezident İlham Əliyev hər zaman vəzifəli şəxslərdən, məmurlardan Azərbaycan xalqına layiqli şəkildə xidmət göstərməyi tələb edir. Dövlət başçısının istəyi belədir ki, dövlət orqanlarında vətəndaşların hüquqlarının yüksək səviyyədə təmin edilməsinə əlverişli şərait yaradılsın, insanların hər bir müraciətinə qanun çərçivəsində, hüquqi müstəvidə baxılması təmin olunsun. Sözsüz ki, ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına yönələn siyasət hər bir vətəndaş tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır”.
Bakı sakini Ramil Baba da dövlət başçısının bu günlərdə imzaladığı Fərmanın ölkədə vətəndaş-məmur münasibətlərinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, yeni qanunun tətbiqi Azərbaycanın bu sahədə də dünyanın ən qabaqcıl ölkələri sırasında yer almasına hədəflənib. “Bəzən vətəndaşların müraciətlərinə bilavasitə onların iştirakı ilə baxılmır. Bir sıra hallarda vətəndaşların müraciətlərinə baxılmasında, onların qəbulunda formalizmə yol verilir, ayrı-ayrı hallarda dövlət orqanlarında vətəndaşlar get-gələ salınır və s. Hesab edirəm ki, yeni qanun vətəndaşların müraciətləri ilə bağlı neqativ halların aradan qaldırılmasına etibarlı zəmin yaradacaq. Bu da, sözsüz ki, vətəndaşlar tərəfindən müsbət qarşılanır və buna görə dövlət başçımız İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 811 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30