Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

18.12.2015 [10:05]

1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda siyasi sabitliyin yaranması ilə yanaşı iqtisadi inkişafımızın da əsasını qoydu. Məhz Ulu öndərimizin ölkəmizin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət, davamlı konsepsiya müasir, müstəqil və qüdrətli Azərbaycanın yaranmasına təkan verdi. Öz növbəsində, Ümummilli liderimizin siyasi kursunu uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünya miqyasında nüfuzunun daha da artması, o cümlədən vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizin hər bir guşəsində abadlıq-quruculuq işləri aparılır. Bu abadlıq-quruculuq işləri isə təkcə paytaxt Bakı ilə məhdudlaşmır, regionlarımızı da əhatə edir.
Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları, həmçinin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası paytaxtımızda və onun rayonlarında hərtərəfli inkişafı şərtləndirib. Hər zaman öz potensialı ilə ön sıralarda yer alan Bakının Suraxanı rayonu da bu inkişafa öz töhfəsini verir.
Məlum olduğu kimi, Suraxanı rayonu 1920-ci ilin mayında yaradılıb. 122 kvadratkilometr ərazisi olan rayonun 210,5 min nəfər əhalisi var. Hazırda Suraxanı rayonunun inzibati ərazi vahidliyinə 6 qəsəbə daxildir. Rayon ərazisində 1880-ci ildən etibarən dəmir yolu xətti çəkilib və hazırda fəaliyyət göstərir. Fəaliyyət göstərən iri sənaye müəssisələrinin sayı isə 58-dir.
Suraxanı rayonunun iqtisadi göstəriciləri yüksəlib
Rayonun iqtisadi göstəriciləri olduqca yüksəkdir. Bunu 2015-ci ilin sosial-iqtisadi inkişafının nəticələri də təsdiqləyir. Belə ki, 2015-ci ilin 9 ayı ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 198,1 milyon manat, tikinti-quraşdırma işləri 34,2 milyon manat, nəqliyyat xidmətləri 3,8 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 30,2 milyon manat, kənd təsərrüfatı 2,2 milyon manat, pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manat, orta aylıq əməkhaqqı 546,4 manat təşkil edib. Ötən dövr ərzində rayon əhalisinə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilib, daimi olmaqla 2355 yeni iş yeri açılıb.
Vurğulamaq lazımdır ki, şəhər və qəsəbələrimizin, eləcə də rayonların inkişafında müstəsna yerə malik olan müvafiq Dövlət proqramlarının icrası Suraxanı rayonunda da yüksək səviyyədə həyata keçirilib. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub, onların bəziləri artıq tam icra olunub, 20-nin icrasına başlanılıb.
Abadlıq-quruculuq işləri hər zaman diqqət mərkəzindədir
Qeyd edək ki, Suraxanı rayonunda ötən dövr ərzində abadlıq-quruculuq istiqamətində mühüm addımlar atılıb. Belə ki, Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilib, Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış sahəsində 262 saylı uşaq bağçaları əsaslı təmir olunub, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarının, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində rayon İcra Hakimiyyəti tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin binasının tikintisi davam etdirilib.
Bundan başqa, Qaraçuxur qəsəbəsində küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulub, binaların fasadları, hasarlar, müxtəlif dirəklər rənglənib, ətraf ərazilər iriqabaritli tullantılardan təmizlənib. Qısa dövr ərzində Əmircan qəsəbəsi, Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən qurulub, Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısında yeni park, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12 min kvadratmetr yaşıllıq salınıb.
Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrinə asfalt vurulub, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkilib, işıq dirəkləri və çilçıraqlar quraşdırılıb.
Qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı qəbul edilib
Rayonda qış mövsümünə hazırlığın yüksək səviyyədə təmin edilməsi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, rayon təsərrüfatının qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə tədbirlər planı təsdiq edilib. Tədbirlər planında istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyət göstərməsi üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın törədə biləcək amillərin qarşısının alınması kimi işlər nəzərdə tutulub. Yerlərdə işin səmərəli təşkili məqsədi ilə idarə və müəssisələrdə də qərargahlar təşkil edilib.
Yeri gəlmişkən, Suraxanı rayonunda “Azəristiliktəchizat” ASC-nin 9, 12 və 17 saylı İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərir. Payız-qış mövsümünə keçid dövründə bütün qazanxana və istilik məntəqələrində cari profilaktik təmir işləri artıq başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib. Qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, qazanlarda istismarın etibarlılığını təmin etmək üçün nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib. Rayon ərazisindəki istilik məntəqələri daha müasir avadanlıqlarla təchiz edilib, istilik alan binalara gedən magistral və məhəllədaxili istilik xətləri əsaslı təmir edilib, müxtəlif diametrli borularla 1670 p.m. istilik xətləri dəyişdirilib.
Eləcə də rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən qış mövsümünə hazırlıqla əlaqədar bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Tədbirlər planının icrası çərçivəsində, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni kompleks transformator məntəqələri inşa edilib, mövcud olanlar isə daha güclü müasir avadanlıqlarla təchiz olunub. Qaz təsərrüfatında da xeyli işlər görülüb, müxtəlif diametrli borularla 6,54 kilometr qaz xətti çəkilib.
Rayon ərazisində fəaliyyət göstərən mənzil kommunal təsərrüfatı birlikləri tərəfindən Tədbirlər Planına uyğun olaraq 19,4 min kvadratmetr dam örtüyü təmir edilib, pilləkən qəfəslərində ümumi istifadə olunan yerlərin 359 kvadratmetri şüşələnib, 398 p.m. tüstü bacası təmizlənib, 19 ədəd dəmir qapı quraşdırılıb, 441 p.m. müxtəlif diametrli su xətləri təmir edilib, 1009 p.m müxtəlif diametrli kanalizasiya xətləri çəkilib. Binaların su navalçaları təmizlənmiş, nasazlıqları aradan qaldırmaq üçün 542 p.m. plastik boru dəyişdirilib.
Rayon ərazisində ekoloji təmizliyin təminatına xüsusi diqqət göstərilir
Suraxanı rayonunda ekoloji məsələlərin həllinə də diqqət artırılıb, Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılıb. Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 5 hektar olan müxtəlif ölçülü 24 ədəd gölməçə qurudulub, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabrında başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində 2015-ci ildə ağacəkmə kampaniyası davam etdirilib, marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə 11 ümumrayon iməciliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib.
Sosial müdafiənin təşkili yüksək səviyyədədir
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılıb. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci ilin 9 ayı ərzində 7496 nəfərə 4,57 milyon manatdan artıq sosial müavinət ödənilib, 2173 ailəyə 3,04 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilib, 218 nəfər tənha və əlil vətəndaş evində sosial xidmətlə təmin edilib. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət etmiş 992 nəfərdən 476 nəfəri işlə təmin olunub, 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunub.
Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra edilib, rayon əhalisinin 67,4 faizi və 124 kollektiv tibbi müayinədən keçib, aşkarlanmış xəstəliklər nəticəsində 6751 nəfər vətəndaş ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə qəbul olunub, 704 nəfərin sağlamlığı bərpa edilib.
Qəzalı evlərdə yaşayan Suraxanı sakinləri yeni evlərə köçürülür
Bundan başqa, rayon ərazisində qəzalı evlərdə yaşayan sakinlərə, xüsusilə Zığ qəsəbəsində qəzalı vəziyyətə düşmüş yaşayış evlərinin sakinlərinə köməklik göstərilib. Ərazidə yaranmış vəziyyətin ciddiliyi və hər an insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin baş vermə ehtimalının yüksək olduğu nəzərə alınaraq Suraxanı rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Zığ qəsəbəsində yerləşən həmin evlərə vizual texniki baxış keçirilib, ərazinin relyefi, geoloji xüsusiyyətləri nəzərə alınmadan, eləcə də tikinti norma və qaydalarına əməl edilmədən müxtəlif illərdə inşa olunmuş, həmçinin uzun müddət istifadə nəticəsində aşınmaya məruz qalmış evlərdən 40-a qədərinin qəzalı vəziyyətə düşdüyü müəyyən edilib. Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 26 qəzalı evin boşaldılmasına dair Suraxanı RİH tərəfindən rayon məhkəməsində qaldırılmış iddialar təmin edilib, 22 ailə RİH-in daxili imkanları hesabına kirayə evlərə köçürülüb.
Pərviz SADAYOĞLU
“Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə
təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 757 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30