Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / O, peşəkar zabit kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirdi

O, peşəkar zabit kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirdi

14.01.2016 [09:19]

Böyük həyat yolu keçmiş Xaqani Bağırovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq
Ulu öndərimiz Heydər Əliyev məktəbinin layiqli yetirməsi, ömrünün qırx ilini Azərbaycanın təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ehtiyatda olan polkovnik Xaqani Akif oğlu Bağırov uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib. Xaqani Bağırov işlədiyi müddət ərzində yüksək savadı, təşkilatçılıq və idarəçilik bacarığı, analitik qabiliyyəti ilə təcrübəli peşəkar kimi çalışdığı kollektivlərdə böyük hörmət qazanmışdı.
Xaqani Bağırov təhlükəsizlik orqanlarının az qala bütün vacib və aparıcı sahələrində işləmişdi. Dəfələrlə mürəkkəb və çətin əməliyyatlarda öz bilik və bacarığını göstərmişdi. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Xaqani Bağırov kimi mütəxəssislərə böyük ehtiyac vardı. Onun zəngin təcrübəsindən məqsədyönlü və səmərəli istifadə olunurdu.
Xaqani Bağırov 1945-ci ildə Gəncədə peşəkar çekist ailəsində anadan olmuşdu. Atası Akif Bağırov Azərbaycan SSR-in dövlət təhlükəsizlik orqanlarında müxtəlif rəhbər vəzifələrdə işləmişdi. Görünür, Xaqani Bağırova bu peşəyə maraq da atasından keçmışdi. Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirdikdən sonra Xaqani Bağırov 1968-ci ildə keçmiş SSRİ-nin dövlət təhlükəsizlik orqanına xidmətə qəbul edilmişdi.
Həmin illər Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə Ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. Dahi şəxsiyyət dövlətin vacib qurumuna savadlı azərbaycanlı gənclərin qəbul edilməsinə ciddi diqqət yetirirdi. Ulu öndər Heydər Əliyev gənc Xaqanini xeyli sorğu-suala tutduqdan sonra xidmətə qəbulla bağlı əmrə qol çəkərək demişdi ki, Dövlət Təhlükəsizlik Komitəsinin əməliyyat sahəsinə birbaşa hazırlıq keçməmiş şəxslərin təyini mümkün deyil: “Ancaq milli kadrlara hazırkı tələbatı, sənin ümidverici olduğunu nəzərə alıram, eyni zamanda, güman edirəm ki, tezliklə bu işin əsaslarını öyrənib əməli fəaliyyətə başlayacaqsan. Bu işin əsas xüsusiyyəti ondan ibarətdir ki, xalqın, dövlətin mənafeyi həmişə şəxsi maraqlardan üstün tutulmalıdır. Əgər bu işə var qüvvə sərf etsən, uğur qazanacaqsan”.
Beləliklə, Ulu öndərin xeyir-duasından sonra Xaqani Bağırov Naxçıvan MSSR-in Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat bölməsinə əməliyyat müvəkkili vəzifəsinə təyinat aldı. O, bir müddət Bakıda, mərkəzi aparatda təcrübə keçəndən sonra Naxçıvana yola düşdü. İki ilə yaxın Naxçıvanda, əks-kəşfiyyat sahəsində işlədi. Onun zəhmətkeşliyi, işə münasibəti elə ilk günlərdən özünü göstərdi. Məhz bu keyfiyyətlərinə görə Xaqani Bağırovu irəli çəkərək Bakıya, Azərbaycan SSR DTK-nın kəşfiyyat şöbəsinə təyin etdilər. Moskvada və Kiyevdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali kurslarını bitirdi. Yüksək ixtisaslı kəşfiyyatçı kimi Azərbaycan SSR DTK-nın kəşfiyyat və əks-kəşfiyyat sahələrində işlədi. Çətin və mürəkkəb əməliyyat işlərində qazandığı bilik və bacarığını göstərdi. 1991-ci ilədək dövlət təhlükəsizlik orqanlarının elə bir sahəsi yox idi ki, polkovnik Xaqani Bağırov orada çalışmasın. O, çox təcrübəli, peşəkar zabit kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirdi. Təsadüfi deyildi ki, ona ən mürəkkəb işlər tapşırılırdı. İşinə daim böyük məsuliyyətlə yanaşırdı.
1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra polkovnik Xaqani Bağırov kimi təcrübəli, peşəkar kadrlara böyük tələbat vardı. O, müstəqil Azərbaycanın yeni təşkil edilmiş təhlükəsizlik orqanlarında xidməti ilə öyünürdü. Yeni sahələrin, istiqamətlərin yaradılmasında onun bilik və bacarığından geniş istifadə olunurdu. Daim tapşırılan işə böyük məsuliyyətlə yanaşan Xaqani Bağırov gənc və təcrübəsiz əməkdaşlarla sıx ünsiyyətdə olur, onlara bu çətin və şərəfli peşənin sirlərini öyrətməyə çalışırdı. Qəliz və mürəkkəb məsələləri aydın, dəqiq izah edirdi. Məhz bu səbəbdən gənc əməkdaşlar ona böyük hörmətlə yanaşırdılar.
Polkovnik Xaqani Bağırov müstəqil respublikamızın təhlükəsizlik orqanlarında on altı il xidmət etdi. Müxtəlif vəzifələrdə çalışdı. Sonuncu vəzifəsi arxiv-uçot idarəsinin rəisi idi. Bu sahədə düz altı il gərgin çalışdı. Peşəkar əməkdaş kimi nazirliyin bu vacib sahəsində böyük işlər gördü. Xaqani Bağırov təhlükəsizlik orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərin hazırlanmasında da yaxından iştirak edirdi. Onun yaxından iştirakı ilə ictimai-tarixi əhəmiyyət kəsb edən, eləcə də sovet rejiminin repressiya illərində xalqımızın üzləşdiyi faciələrə dair və üzərindən məxfilik qrifi götürülmüş arxiv materialları əsasında neçə-neçə sənədli filmlər, televiziya verilişləri çəkildi, elmi-tarixi araşdırmalar aparıldı, məqalələr, kitablar yazıldı. Elə onun özü də bu işlərin içində idi. İstiqlal tariximizlə əlaqədar qiymətli arxiv faktları barədə ara-sıra məqalələr yazır, verilişlərdə, sənədli filmlərdə yaxından iştirak edirdi.
Xaqani Bağırovun Azərbaycan təhlükəsizlik orqanlarının tarixinin də araşdırılması ilə əlaqədar əldə etdiyi maraqlı və əhəmiyyətli faktlar əsasında elmi-tarixi əhəmiyyət kəsb edən onlarla məqalə yazıldı, bu qəbildən xeyli sayda kitablar çap olundu. O, Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətindən bəhs edən çoxseriyalı sənədli filmin hazırlanmasında da yaxından iştirak etmiş, faydalı məsləhətlərini vermişdi. Bu sahədə Xaqani müəllimin xidmətləri, əlbəttə ki, danılmazdır.
Azərbaycan təhlükəsizlik orqanlarının ayrı-ayrı dövrlərini əhatə edən muzeylərin, xüsusilə özünə əbədi rəhbər və böyük müəllim saydığı Ümummilli liderin zəngin həyat və fəaliyyətini əks etdirən “Şöhrət” Muzeyinin yaradılmasında da Xaqani Bağırovun zəhməti əvəzsizdir.
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında təhsil alan kursantlar Xaqani Bağırovun hazırladığı tədris materiallarından və dərsliklərdən geniş istifadə edirlər. Onun həmmüəllifliyi ilə çap edilmiş “Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi” kitabı böyük zəhmətin bəhrəsidir. İndi bu metodik vəsait geniş tədris edilir.
Ulu öndərimiz Heydər Əliyev məktəbinin layiqli davamçılarından olan polkovnik Xaqani Bağırovun əməyi hələ sağlığında ikən lazımınca qiymətləndirilmişdir. O, bir sıra dövlət və təhlükəsizlik orqanlarının mükafatlarına layiq görülmüşdür. Təhlükəsizlik orqanlarının fəxri əməkdaşı idi.
Böyük həyat yolu keçmiş Xaqani Bağırovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!

Paylaş:
Baxılıb: 807 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30