Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “NAZ-Lifan” avtomobil bazarında artıq özünəməxsus yer tutur

“NAZ-Lifan” avtomobil bazarında artıq özünəməxsus yer tutur

06.02.2016 [10:12]

Musa Abdullayev: “NAZ”ın milli avtomobil brendinə çevriləcəyi gün çox da uzaqda deyil
Yanvarın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı büdcə vəsaitlərindən səmərəli istifadə olunması və israfçılığa yol verilməməsi üçün dövlət məmurlarına və sahibkarlara bir sıra tövsiyələr verdi. Həmin tövsiyələr sırasında məmurların xidməti məqsədlər üçün Naxçıvan Avtomobil Zavodunda istehsal olunan “NAZ-Lifan” markalı avtomobillərdən istifadə etməsi də yer alırdı. Zavodun direktoru Musa Abdullayevlə görüşümüzün məqsədi də elə həmin konfransdan sonra müəssisədə yaranmış vəziyyəti müzakirə etmək idi.
- Musa müəllim, Prezidentin məlum tövsiyələrindən sonra, yəqin, indi Naxçıvan Avtomobil Zavodunda (NAZ) canlanma yaranıb, sifarişlərinizin sayı artmağa başlayıb...
- Öncə oxucularınız üçün daha da aydın olsun deyə, istərdim “NAZ”ın yaranma tarixi haqda qısaca məlumat verim. Məlumunuz olsun ki, bizim müəssisə 2006-cı ildə Gəncə Avtomobil Zavodunda istehsal olunan nəqliyyat vasitələrinin satışını təşkil etmək məqsədi ilə bir nümayəndəlik kimi yaranıb. İki il sonra, 2008-ci ilin avqustunda Naxçıvan avtomobil zavodunun tikintisinə başlanıldı. 2009-cu ilin mayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin “Chongqinq Lifan İndustry (Group) Import & Export Co. Ltd” avtomobil korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sənəddə Naxçıvan şəhərində “Lifan” markalı minik avtomobillərinin yığımının təşkili öz əksini tapırdı. Üstündən təqribən yarım il keçəndən sonra, yəni 2010-cu ilin yanvarında artıq Naxçıvan Avtomobil Zavodu istismara verildi. Zavodda Almaniya, Belçika və İtaliya istehsalı olan son model avadanlıqlar quraşdırılıb. Zavod ümumilikdə 2,6 ha sahəni əhatə edir. Müəssisəmiz birnövbəli iş rejimində ildə 5000 ədəd minik avtomobili istehsal etmək gücünə malikdir. İkinövbəli iş sisteminə keçərsək, bu, daha da arta bilər. Ümumiyyətlə götürdükdə, istehsalat sahəmiz bizə imkan verir ki, zavodda ildə 15-20 min ədəd minik avtomobili istehsal edək. Hazırda müəssisəmizdə 50-dən artıq işçi çalışır. İstehsal prosesi çinli mütəxəssislərin nəzarəti altında həyata keçirilir. İlk vaxtlar zavod cəmi 3 növdə minik avtomobilinin yığılması ilə fəaliyyətə başladı. Hazırda burada 12 modeldə minik avtomobili istehsal olunur və biz bu sayı daha da artırmaq niyyətindəyik. İndiyədək zavodda 4500 ədəd avtomobil istehsal olunub. Onların təqribən 3 min ədədi möhtərəm Prezidentimiz tərəfindən Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş müharibə veteranları və əlillərə hədiyyə olunub.
O ki qaldı sualınızın birbaşa cavabına, bəli, cənab Prezidentin iştirakı ilə keçirilən məlum görüşdən sonra nazirlik, idarə və müəssisələr tərəfindən minik avtomobillərinin alınması ilə bağlı müraciətlər çoxalıb. Qeyd etmək yerinə düşər ki, əgər indiyədək “NAZ-Lifan”a sifarişlər ən çox “Azpetrol” və dövlət sığorta şirkətlərindən, eləcə də Gəncə Avtomobil Zavodundan gəlirdisə, hazırda belə müraciətlərin ardı-arası, demək olar ki, kəsilmir - bunlar ölkəmizin hər yerindən və müxtəlif təşkilatlardan daxil olmaqdadır.
- Amma gəlin etiraf edək ki, respublikada əvvəllər “NAZ-Lifan”a bir o qədər də tələbat yox idi. Sizcə, bu, nə ilə bağlı idi? Avtomobillərin dizaynları müasir, sürət qutuları avtomatik deyildi, yoxsa daha başqa səbəblər var idi?
- Bilirsiniz, bizdə, bir növ, belə bir fikir formalaşıb ki, xaricdən gələn məhsul guya keyfiyyətli olur. Bu, heç də belə deyil. Bizim istehsal etdiyimiz avtomobillərin bütün hissələri Çindən gətirilir, burada, sadəcə, avtomobillərin yığımı həyata keçirilir. Çindəki “Lifan” zavodu isə Almaniyanın “BMV” avtomobil korporasiyasının konstruktorları tərəfindən qurulub. Elə məhsulların xarici görünüşünə də diqqət yetirsəniz, oxşarlığı görə bilərsiniz. Alman avtomobil keyfiyyəti isə dünyada məşhurdur. Digər tərəfdən isə, “NAZ”da həm mexaniki, həm də avtomatik sürət qutusuna malik avtomobillər istehsal olunurdu. Qeyd etmək yerinə düşər ki, istehsal etdiyimiz “NAZ-Lifan 820” modeli həm dizaynı, həm komfortu, eləcə də bütün texniki göstəricilərinə görə “Hyundai-Sonata”dan heç də geri qalmır, bəlkə də onu üstələyir. Göründüyü kimi, burada dizayn və keyfiyyətdən söhbət gedə bilməz. Sadəcə, cəmiyyətdə yerli istehsaldan daha çox xaricdən gətirilən mallara üstünlük verilir. Az öncə də qeyd etdiyim kimi, istehsal prosesinin hər bir mərhələsinin sonunda avtomobillər çinli mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra növbəti sahəyə göndərilir. Odur ki, məhsullarımızın keyfiyyətinə tam əminik. Yeri gəlmişkən qeyd edim ki, Naxçıvan MR Ali Məclisinin sədrinin tapşırığına əsasən muxtar respublika ərazisindəki bütün dövlət idarə və müəssisələrində, eləcə də bütün taksi xidməti ilə məşğul olanlar “NAZ-Lifan” markalı avtomobillərdən istifadə edirlər. İndiyədək istehsal etdiyimiz avtomobillərin keyfiyyəti ilə bağlı hər hansı bir şikayətə rast gəlməmişik.
- Bəs avtomobillərin qiymətləri barədə nə deyə bilərsiniz? Bunlar alıcılar üçün münasibdirmi? Məlum proseslər, yəqin ki, idxaldan asılı olan “NAZ”a da təsirsiz ötüşməyib?
- Ötən il istehsal həcmimiz, demək olar ki, maksimum həddə çatmışdı. Təqribən 2 min ədəd avtomobil istehsal etmişdik ki, bunun da 1500-ü dövlət sifarişi idi. Qiymətlərimiz yerli bazar qiymətlərinə uyğun olduğu üçün, demək olar ki, istehsal etdiyimiz bütün avtomobilləri realizə edə bilmişdik. Lakin dekabrın 21-də manatın devalvasiyasından sonra idxaldan asılı olan zavodumuz da çətin duruma düşdü. Düzü, nə edəcəyimizi bilmirdik. Daxili bazarda rəqabətə dözmək çox çətin olacaqdı. Hətta zavod rəhbərliyi belə bir qərara gəlmişdi ki, işçiləri ixtisar etməmək üçün müəssisənin nəzdində gündəlik məişət malları istehsal edən əlavə sexlər yaradılsın. Sağ olsun ki, möhtərəm Prezidentimiz burada bizim köməyimizə gəldi. Yanvarın 26-dakı məlum müşavirədə dövlət başçısı nazirliklərə, sahibkarlara yerli avtomobilləri almağı tövsiyə etdi. Bu, bizə əlavə qol-qanad verdi, bizi gələcəyə ruhlandırdı. İndi artıq biz yeni istehsal imkanları, yeni modellər üzərində düşünürük. Yeri gəlmişkən, xatırladım ki, fevralın ikinci yarısında “NAZ”ın rəhbərliyində təmsil olunan nümayəndə heyətinin Çinə səfəri planlaşdırılıb. Müşavirədən sonra dövlət təşkilatlarından çoxlu sifarişlər aldığımız üçün səfər çərçivəsində biz Çin tərəfi ilə yeni modellər, onların istehsal və satış həcmləri, qiymətləri barədə danışıqlar aparacağıq. Düşünürəm ki, biz ildə təqribən 2 min ədəd avtomobil istehsal edə biləcəyik. Yeni modellərimiz indiki qiymətlərlə, komplektləşdirici hissələrindən asılı olaraq təqribən 25-30 min manat arasında olacaq. Sözsüz ki, bu qiymətlər avtomobillərin indiki bazar qiymətləri ilə müqayisədə çox münasibdir. Belə ki, bizim istehsal etdiyimiz “Premium” modellərlə müqayisədə digər şirkətlərin istehsal etdiyi eyni keyfiyyətdəki avtomobillər hazırda bazarda təqribən 40 min manata satılmaqdadır. Düşünürəm ki, elə alıcılar da müqayisə apararaq, düzgün qərar verəcəklər. Digər tərəfdən bu, ölkədən valyuta axınının qarşısını almaqla yanaşı, həm də yerli istehsalın dirçəldilməsinə xidmət edəcək.
- Avtomobil də digər texniki vasitələr kimi qulluq tələb edir. Belə söz-söhbət gəzirdi ki, guya “NAZ-Lifan”dan geniş istifadə edilməməsinin səbəblərindən biri də onun ehtiyat hissələrinin çətin tapılması ilə bağlı idi.
- İndiyədək Naxçıvanda, eləcə də paytaxtda servis mərkəzimiz fəaliyyət göstərirdi. Yaxın günlərdə isə Gəncə şəhərində yeni mərkəzi istifadəyə verməyə hazırlaşırıq. Lakin yaranmış vəziyyət bizi bu işi daha da genişləndirməyə sövq etdi. Artıq biz Lənkəran, Sumqayıt, Xaçmaz və s. bölgələrimizdə də servis mərkəzlərini açmağı düşünürük. Bu isə ehtiyat hissələrinin guya tapılmaması barədə yayılan söz-söhbətləri də aradan qaldıracaq. Ümumiyyətlə götürdükdə isə, biz avtomobillərə 60 min km, yaxud 2 il texniki zəmanət veririk.
- Gəlin etiraf edək ki, hər hansı məhsulun satışında reklam və marketinqin düzgün qurulması, eyni zamanda, beynəlxalq sərgilərdə iştirak da böyük rol oynayır.
- Əlbəttə, bu fikrinizlə razılaşıram. Bir məsələ var ki, indiyədək bizim məhsullarımızın əsas alıcısı dövlət təşkilatları olduğu üçün buna bir o qədər də ehtiyac yox idi. Amma, buna baxmayaraq, “NAZ-Lifan” həm ölkəmizdə, həm də xaricdə keçirilən sərgilərdə ölkəmizi təmsil etmişdi. Digər tərəfdən, isə “Lifan”ın reklam məsələləri ilə Çin tərəfi məşğul olduğundan buna bizdə ehtiyac qalmırdı. İndi isə Prezidentimizin məlum tapşırığından sonra vəziyyət tamamilə dəyişib. Elə Çinə səfərimiz zamanı danışıqlar masasında müzakirə edəcəyimiz məsələlərdən biri də marketinq və reklam məsələləri olacaq. Yəqin ki, artıq cari ilin ortalarına doğru bu sahədə müsbət dəyişikliklərin şahidi olacaqsınız.
- Musa müəllim, məhsulun maya dəyərinə təsir edən amillərdən biri də, sözsüz ki, nəqliyyat xərcləridir. Bəs gələcəkdə necə, “NAZ-Lifan”ın müəyyən hissələrinin Azərbaycanda hazırlanmasını düşünürsünüzmü?
- Tamamilə razıyam. Hazırda biz avtomobilin bütün hissələrini Çindən alırıq. Bu, uzun bir prosesdir - əvvəlcə hissələr konteynerə yerləşdirilərək Şanxaya, oradan gəmi ilə İranın BəndərAbas limanına, sonra TIR-lara yüklənərək Naxçıvana gətirilir. Sözsüz ki, bütün bunlar əlavə xərc deməkdir və son nəticədə məhsulun maya dəyərində öz əksini tapır. Bu gün bizim əsas siyasətimiz ona yönəlib ki, avtomobilin dəyərini aşağı salaq və daxili bazarda rəqabət apara bilək. Xatırladım ki, Azərbaycanda kifayət qədər maşınqayırma müəssisələrimiz var. Gələcəkdə biz həmin müəssisələrin imkanlarından da istifadə etməyi planlaşdırırıq. Ola bilsin ki, avtomobillərin müəyyən hissələrinin hazırlanması üçün yerli istehsaldan da istifadə edək. Təsəvvür edin ki, avtomobilin hər hansı bir hissəsini Çindən sifariş verərkən biz təqribən 2 ay gözləməli oluruq. Bunu əgər daxili istehsal hesabına etsək, sözsüz ki, həm vaxta qənaət etmiş olarıq, həm də nəqliyyat xərcləri daha az olduğundan məhsulun maya dəyəri də aşağı düşəcək. Eyni zamanda, yerli istehsalın imkanları da genişlənəcək. Elə möhtərəm Prezidentimizin də bizə tövsiyələri budur. Nə qədər yerli istehsalımızı gücləndirsək, genişləndirsək, bir o qədər xalqımızın rifahı da yüksələcək. Düşünürəm ki, Prezidentin tövsiyələrinə düzgün əməl etməklə biz bu işin öhdəsindən gələ bilərik.
- Bəs, ümumiyyətlə, nə vaxtsa özümüzün milli avtomobil brendinin yaradılması barədə düşünürsünüzmü?
- Bu, mənim ən böyük arzumdur. Azərbaycanda bunun üçün kifayət qədər kadr potensialı və istehsal müəssisələri mövcuddur. Fikir vermisinizsə, möhtərəm Prezidentimiz bütün çıxışlarında qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşıya hədəf kimi qoyur. Təbii ki, neft tükənən təbii sərvətdir. 50 il, olsun lap 100 ildən sonra həmin təbii sərvətlər tükənəcək. Sənayemizi dirçəltməklə Azərbaycanın gələcəyini təmin edə bilərik. Bu həm daimi iş yerlərinin olması, sabit və daimi əməkhaqqı, həm də xalqın rifahının yaxşılaşması deməkdir. Təsəvvür edin ki, Naxçıvan Avtomobil Zavodu ərazi baxımından Gəncə Avtomobil Zavodunun bir sexi boydadır. Burada nə istəsən, - adi texnikadan tutmuş hərbi təyinatlı avtomobillərədək, - istehsal etmək mümkündür. Mövcud potensial imkanlarımız belə deməyə imkan verir ki, çox da uzaq olmayan illərdə Azərbaycan özünün milli avtomobil brendini hazırlaya və uğurla təqdim edə biləcək. Əminəm ki, “NAZ”ın milli avtomobil brendinə çevriləcəyi gün çox da uzaqda deyil.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 671 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30