Uşaq hüquqları: dünəndən bu günə
05.06.2018 [10:00]
Hicran Hüseynova
Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin tarixi 100 ildən də çoxdur. Hələ XX əsrin əvvəllərində uşaq hüquqlarının qorunması ilə bağlı dövrün maarifpərvər və xeyriyyəçiləri, sahibkarları və onların həyat yoldaşları tərəfindən bir sıra mühüm addımlar atılmışdı. Azərbaycanlı qadınlardan Liza Muxtarova, Sona Tağıyeva və başqaları cəmiyyətin ən fəal üzvləri sırasına daxil idilər. Lap gənc ikən Liza xanım ictimai fəaliyyətə qoşulmuşdur: o, vərəmlə mübarizə cəmiyyətinin fəal üzvü olmuş, Bakı müsəlman maarifçilik cəmiyyəti “Nicat”da gərgin iş aparmış, xüsusi uşaq xəstəxanasının yaradılmasında həm maddi, həm də təşkilati cəhətdən iştirak etmişdir. 1905-ci ildən məşhur uşaq həkimi Y.Y. Gindesin rəhbərliyi altında “Bakı uşaq ölümü ilə mübarizə cəmiyyəti” fəaliyyətə başladı. Cəmiyyətin məqsədi aşağıdakılardan ibarət idi: “yüksək uşaq ölümünə şərait yaradan bütün səbəblər ilə mübarizə, cinsindən, zümrəsindən, vəziyyətindən və dini əqidəsindən asılı olmayaraq, hər yaşdan olan bütün uşaqların düzgün fiziki inkişafına qayğı göstərmək”. Arxivlərdə 1906-1912-ci illər arasında görülmüş işlər haqqında hesabatlar saxlanılır. 1911-1916-cı illərdə azərbaycanlı qadınların iştirakı ilə “Uşaq və yeniyetmələrin dostları” cəmiyyəti də fəaliyyət göstərirdi. O dövrdə “Uşaq evi”, “Uşaq dünyası” cəmiyyətləri sahibsiz qalmış uşaqlara və başqalarına kömək təşkil etməyə çalışırdı.
Bakı xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Uşaqlara hamilik cəmiyyəti” də mövcud olmuşdu. Bu cəmiyyətin hesabatlarında çoxlu maraqlı faktlara rast gəlmək olar. Uşaq sığınacaqlarının materiallarının təhlili Azərbaycan mentaliteti üçün olduqca mühüm bir faktı ayırmağa imkan verir: müharibənin iki ili ərzində sığınacaqdakı 300 uşağın arasında bir nəfər də olsun azərbaycanlı balasına rast gəlinməmişdi. Bu faktı onunla izah etmək olar ki, azərbaycanlılarda yetim uşaqlar qohumları tərəfindən himayə altına alınıb tərbiyə olunurdu və heç vaxt yetimxanaya, yaxud da sığınacaqlara verilmirdi. Azərbaycanın görkəmli ictimai xadimi Həsən bəy Məlikov (Zərdabi) Bakı şəhər dumasının qlasnısı (deputatı) kimi yetim uşaqlara yardım məsələsinə dair çıxış edərkən, azərbaycanlı ailələrin bu xüsusiyyətini vurğulamışdı. Dilənçi və sahibsiz uşaqların ağır həyat tərzi ilə mübarizə üçün şəhər duması “Uşaq evi” cəmiyyətinə maddi vəsait ayırdı. Azərbaycan uşaqları üçün çox işlər görmüş doktor Yevsey Yakovleviç Gindesin başçılıq etdiyi Uşaqları Mühafizə Liqası bu istiqamətdə böyük işlər görürdü. Cəmiyyət sədrinin müavini Eynülhəyat Yusifbəyli idi. Bu cəmiyyət Bakıda 17 yaşınadək uşaqların həyat şəraitinin öyrənilməsi və onlara kömək göstərilməsi ilə məşğul olurdu. Eynülhəyat xanımın təşəbbüsü ilə 1919-cu ildə Uşaqları Mühafizə Liqası Ədliyyə Nazirliyi qarşısında uşaq məhkəməsinin təsis edilməsi haqqında vəsatət qaldırdı. Məqsəd məhkəmənin köməyilə valideyn və qohumlarını itirmiş uşaqları cinayət mühitindən təcrid etmək və onları etibarlı əllərə tapşırmaq idi.
Bu günlərdə biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini keçirdik. Qeyd edim ki, bütövlükdə 100 illik çərçivəsində müxtəlif tədbirlər keçirilir və hələ də davam etdirilir. Və nəzərinizə çatdırım ki, 100 il bundan əvvəl təkcə qadın deyil, həm də uşaq hüquqları təsbit olunmuşdu. Uşaq hüquqlarının qorunması sahəsində də bir sıra mühüm qərarlar qəbul edilmişdir. Bunların sırasında ən vacibi uşaqların, xüsusi ilə də qızların təhsil alması, 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması idi. Və xüsusən də, erməni təcavüzündən, I Dünya müharibəsindən əziyyət çəkən uşaqları müdafiə etmək, onların cəmiyyətə inteqrasiyası istiqamətində çox önəmli tədbirlər həyata keçirilirdi. Hələ o zaman valideyn və qohumlarını itirmiş uşaqları cinayət mühitindən uzaqlaşdırmaq üçün Uşaqları Mühafizə Liqası uşaq məhkəmələrinin yaradılmasına çalışırdı. Əlbəttə ki, bu, Yuvinial Ədliyyə sisteminin yaradılması sahəsində ilk addımlar idi. Biz bu sahədə də Avropanın qabaqcıl ölkələri ilə eyni sırada dayanırıq.
Uşaq hüquqları sahəsində beynəlxalq standartların təkamülü prosesinə nəzər salsaq, görərik ki, bir sıra mühüm qətnamələr, normativ hüquqi sənədlər qəbul edilib.1924-cü ildə Millətlər Liqası uşaq hüquqları haqqında Cenevrə Bəyannaməsini qəbul etmişdir. Bəyannamə uşaqların maddi, mədəni və mənəvi inkişafı üçün imkanlardan istifadə etmək hüququnu; xəstə, əlil və ya valideynlərdən məhrum olmuş uşaqlar üçün qayğı almaq hüququnu; çətin vəziyyətdə olduqda kömək üçün müraciət etmək hüququ; iqtisadi istismardan azadlıq və sosial məsuliyyət hissini aşılayan tərbiyə almaq hüquqlarını müəyyən edir. 1948-ci ildə BMT Baş Məclisi İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsini qəbul etmişdir ki, Bu Bəyannamə 25 saylı Maddədə uşaqlıq dövrünə “xüsusi qayğı və yardım almaq dövrü” kimi istinad edir. 1959-cu ildə BMT Baş Məclisi İnsan Hüquqları haqqında Bəyannaməni qəbul etmişdir. Bu Bəyannamə ayrı-seçkilikdən qorunmaq hüququnu, ad və vətəndaşlıq almaq hüquqlarını təsdiq edir. Bəyannamə həmçinin uşaqların təhsil, səhiyyə xidmətləri və xüsusi müdafiə almaq hüquqlarını təsdiq edir. 1966-cı ildə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Saziş və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Saziş qəbul edilmişdir. Sazişlər uşaqların istismardan qorunmasını dəstəkləyir və təhsil almaq hüququnu təlqin edir. 1973-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən işə qəbul üçün minimal yaş həddinə dair 138 saylı Saziş qəbul edilmişdir. Bu Saziş şəxslərin sağlamlığı, təhlükəsizliyi və mənəvi durumu üçün təhlükəli ola biləcək işlər üçün 18 yaşı minimal yaş həddi kimi müəyyən etmişdir.
1979-cu ildə BMT Baş Məclisi tərəfindən qadınlara qarşı bütün növ ayrı-seçkilik hallarının ləğv edilməsinə dair Konvensiya qəbul edilmişdir. Konvensiya qız və qadınların insan hüquqlarının müdafiə edilməsini təmin edir. Konvensiya ilə 1979-cu il Beynəlxalq Uşaq İli elan edilmiş və hüquqi baxımdan icbari olan Uşaq Hüquqları Konvensiyanın tərtib edilməsi üçün işçi qrup yaradılmışdı. 1989-cu ildə BMT Baş Məclisi tərəfindən növbəti il qüvvəyə minmiş Uşaq Hüquqları Konvensiyası yekdilliklə qəbul olunmuşdur. 1990-cı ildə tarixi Uşaqlara həsr edilmiş Ümumdünya Zirvə Toplantısında uşaqların sağ qalması, müdafiə edilməsi və inkişaf etməsi haqqında Ümumdünya Bəyannaməsi və onun 1990-cı ildə həyata keçirilməsi üçün Tədbirlər Planı qəbul edilmişdir.
1999-cu ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən Uşaq Əməyinin ən ağır formalarının qadağan olunması və aradan qaldırılması üçün təcili tədbirlərə dair 182 saylı Konvensiya qəbul edilmişdir. 2000-ci ildə BMT Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyasının iki Fakültətiv Protokolu qəbul edilmişdir. 2002-ci ildə BMT Baş Məclisi tərəfindən xüsusi olaraq uşaqlar ilə bağlı məsələləri müzakirə etmək üçün ilk dəfə uşaqlara həsr olunmuş toplantı keçirilir. Yüzlərlə uşaq rəsmi nümayəndə həyətlərinin üzvləri qismində çıxış edir və dünya liderləri uşaq hüquqları sahəsində “Uşaqlar üçün Yararlı Dünyanın təmin edilməsi” haqqında sazişə qoşulmaq öhdəliyini üzərlərinə götürürlər. 2007-ci ildə BMT Baş Məclisinin uşaqlara həsr edilmiş xüsusi toplantısından sonrakı beş illik dövr 140-dan çox hökumət tərəfindən imzalanmış uşaqlar haqqında bəyannamə ilə yekunlaşır. Bəyannamədə əldə edilmiş nailiyyətlər və hələ də mövcud olan problemlər əks etdirilmiş və Uşaqlar üçün Yararlı Dünya Sazişi, Konvensiya və onun fakültətiv protokolları ilə bağlı öhdəlik bir daha vurğulanaraq təsdiq edilir.
Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. Hətta müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Respublikamız “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. “Ailə kəndli təsərrüfatı haqqında”, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” protokolların təsdiq edilməsi barədə, “Ərdə olan qadının vətəndaşlığı haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Ahıllara sosial xidmət haqqında”, “Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında”, “Uşaqlı ailələrin sosial müdafiəsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı 2007-ci ildə Azərbaycanın “Poliomielitdən azad ölkə” statusu almasını bəyan edib. 22 dekabr 2008-ci ildə Prezident İlham Əliyevin xüsusi Sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilib. “2010-2013-cü illərdə aztəminatlı ailələrin sosial reabilitasiyası Dövlət Proqramı” qəbul edilib. 2013-cü ildə Bakıda İSESCO-ya üzv olan ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin 4-cü konfransı keçirilib və Bakı Qətnaməsi qəbul olunub. 2016-cı ildə “BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydaları: reallıqlar və perspektivlər” mövzusunda Milli Konfrans keçirilmişdir. Bu proqram və sərəncamların davamı çoxdur. Yəni dövlətimizin iqtisadi uğurlarına uyğun olaraq bu qayğı həmişə davam etdiriləcəkdir.
Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, uşaqların bir qisminin - qaçqın və məcburi köçkün vəziyyətində yaşayan uşaqların illərdən bəri doğma torpaqlarda, doğma ev-eşiklərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmur. Doğrudur, bu hüquqlar dünyada heç kim tərəfindən inkar edilmir, Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul olunur. Amma Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurd-yuvasından didərgin salmış təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq işğal etdiyi əraziləri azad etmək istəmir. Bu hərbi münaqişə zamanı 193 uşaq qətlə yetirilmiş, yaralanan uşaqların sayı isə yüzlərlədir. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır. Ədalətsiz, ikili standartların əsiri olan dünyada körpələrin fəryadını eşidən, onların səsinə səs verən yoxdur. Ümid etmək istərdik ki, Azərbaycanın bu qaçqın-köçkün balaları yaxın, lap yaxın vaxtlarda özlərinin bu gözəl bayramlarını doğma yurdlarında qeyd edəcəklər. Buna dünyanın bütün uşaqları kimi onların da haqqı var! Və bu arzunun gerçək olması üçün ölkə başçısı cənab İlham Əliyev çox mühüm addımlar atır. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın elə ilk keçirdiyi müşavirə də müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr olunmuşdur. Vitse-prezident bildirib ki, “Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Hazırda əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”.
Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara qayıtmaq. Və bu ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncam hər birimizdə, xüsusilə evlərindən, ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızda böyük inam yaradır.
Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Və bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Dövlət başçısı dəfələrlə Öz çıxışlarında qeyd edir ki, “elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Və bu arzu öz real həllini tapır. Belə ki, son illər ərzində rayonlarda və bölgələrdə üç mindən çox orta məktəb, altı yüzdən çox xəstəxana, tibb məntəqələri, qırx olimpiya və onlarla gənclər mərkəzi tikilib istifadəyə verilmişdir.
“Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır” - cənab Prezidentin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. Müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədi ilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” dair və bir sıra digər Dövlət proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunlar qəbul edilmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 2017-ci ildə ölkə başçısının Sərəncamı təsdiq olunmuşdur. Bu sənəd, eyni zamanda, yuvinal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər. Bu, bizə nə verəcək, ilk növbədə qanuna zidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Hər kəs səhv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilər. Bu sahədə çoxlu qanun və dəyişikliklərin qəbul olunmasını nəzərə alaraq, onların implementasiyası ilə bağlı hakimlər, vəkillər üçün xüsusi təlimlər keçirilir. Və artıq müsbət nəticələrə nail olmuşuq. Uşaq hüquqları haqqında Konvensiya üzrə 2015-ci ildə 3506, 2016-cı ildə isə 4654 məhkəmə qərarı çıxarılıb. Əlbəttə ki, bu sahədə gələcək hədəflərin müəyyən edilməsi də vacib məsələlərdəndir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Uşaq Strategiyası rəy üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır.
Hazırda ölkədə iki milyon altı yüz mindən çox uşaq var. Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitəmiz mütəmadi olaraq, müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmişdir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur. Xüsusilə də “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. “Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində yüzlərlə təhsil ocaqları tikilib istifadəyə verilmişdir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Fondun prezidenti kimsəsiz və yetim uşaqlara, fiziki sağlamlığında problemi olanlara xüsusi yardım göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir. Məlumat üçün qeyd edim ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılmışdır. Monitorinqin nəticəsində hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılmış, mütəxəssislər üçün yeni təlimlər keçirilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmışdır, artıq məlumatlar daxil edilir. Bunun nəticəsində uşaq problemlərinin dəqiq statistikası müəyyənləşərək, həmin sahədə daha effektiv preventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq. Eyni zamanda, erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyn himayəsindən məhrum uşaqlar internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi, məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər keçirilir. Lakin Mehriban xanımın sözləri ilə desək, “Ən müasir internat məktəb və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz”, buna görə də ailələrimiz çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin, övladların və cəmiyyətin qarşısında hər kəs öz məsuliyyətini dərk etməlidir.
Vacib məsələlərdən biri də uşaqların sağlam həyat tərzi keçirmələridir. Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülür, həm bilik yarışları, olimpiadalar keçirilir, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi nəticəsində şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar. Mütəmadi olaraq, kütləvi informasiya vasitələrində uşaq hüquqları haqqında maarifləndirici verilişlər təşkil olunur, audio materiallar səsləndirilir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları, eyni zamanda, zərərçəkmiş uşaqlara profilaktiki işi təşkil edir, onlara lazımi psixoloji və hüquqi yardımlar göstərir. Regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Təkcə 2017-ci ildə Mərkəzlərin nəzdində olan xidmətlərdən, həmçinin maarifləndirici tədbirlərdən bəhrələnən uşaqların ümumilikdə sayı 14 651 olmuşdur. Bizim üçün çox vacibdir ki, uşaqlarımızın ictimai fəallığı artsın və dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirak edə bilsinlər. Qeyd etmək lazımdır ki, bu sahədə görülən işlər öz müsbət nəticəsini verir. Artıq uşaqlarımız dövlət rəsmilərinə onları maraqlandıran suallarla müraciət edir, həmçinin sərbəst şəkildə hökumətə öz hüquqları ilə bağlı istək və arzularını çatdırır, mühüm məsələlərə münasibətlərini bildirirlər. Eyni zamanda, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Uşaq Forumlarının xüsusi rolu vardır. Azərbaycanın bütün regionlarında bizim dəstəyimizə çevrilən uşaqlardan ibarət güclü Liderlər Komandası formalaşıb. 8 il bundan əvvəl ilk Uşaq Forumunu keçirəndə biz fikirləşirdik ki, bu tədbir nə qədər özünü təsdiq edə biləcək, cəmiyyətdə hansı rezonans doğuracaqdır. Amma uşaqlar çox cəsarətlə dünyada sülhə, əmin-amanlığa, ədalətə nail olmaq üçün öz gücünü, inamını nümayiş etdirərək, arzularını dilə gətirdi, dünyaya çağırış etdilər. Onlar sübut etdilər ki, əsl dostluq qarşısında bütün baryerlər gücsüzdür. İsti və mehriban insani münasibət nə siyasi, dini, mədəni mənsubiyyətdən, nə də sağlamlıq imkanlarından, sosial vəziyyətdən asılı deyil. Əsas məsələ həqiqi dostluqdur. 2017-ci ildə IV Forumun keçirilməsi uşaqlarımızın cəmiyyətimizdə gedən proseslərə aktiv münasibətinin, məsələlərə kreativ, müasir yanaşmalarının göstəricisidir. Builki Forumda ölkənin bütün bölgələrini təmsil edən üç yüz səksən uşaq iştirak etmişdir. Forumdan Foruma iştirakçıların sayı artır, digər ölkələrdən bizə qoşulurlar. Bu il Türkiyədən və Bolqarıstandan həm yüksək səviyyəli rəhbər işçilər, həm də gənc nümayəndə heyəti iştirak etdi. Bütün bunlar Forumun səviyyəsinin daha da artdığını, beynəlxalq nüfuz qazandığını sübut edir.
Uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Biz bir sıra ölkələrin aidiyyəti dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarla tərəfdaşıq. Qeyd etmək istərdim ki, BMT-nin Uşaq Fondu, Heydər Əliyev Fondu ilə birgə keçirilən Ümumrespublika Uşaq Forumlarını, məişət zorakılığı, erkən nikah, təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr həm milli qanunvericiliyin güclənməsində, həm də maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə malikdir. Komitə bu təşkilatlarla ölkədə küçə uşaqlarının, nikahdan kənar doğumun qeydiyyatı, erkən nikah halları üzrə vəziyyəti araşdırmış, “Doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının səbəbləri: Mövcud vəziyyətin təhlili və problemin həlli yolları” mövzusunda sosialoji tədqiqat keçirmişdir. Bununla əlaqədar olaraq təklif və tövsiyələr hazırlanmışdır. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının müvafiq Komitəsi ilə əməkdaşlıq çərçivəsində uşaqların hüquqlarının qorunması və onların səlahiyyətləndirilməsi üzrə məlumatlandırıcı və maarifləndirici kampaniyalar keçirilir.
Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsünlər. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

