Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / “Avropanın 11 sentyabrı”, yaxud Fransada baş vermiş terror hadisəsinin gerçək motivləri

“Avropanın 11 sentyabrı”, yaxud Fransada baş vermiş terror hadisəsinin gerçək motivləri

09.01.2015 [10:04]

Fransada baş vermiş bu terror hadisəsi “Avropanın 11 sentyabrı” qismində çıxış edir və müəyyən olunmuş yeni ssenari həm müsəlmanların “qoca qitə”də sıxışdırılmasına, hətta buradan deportasiya olunmasına, həm də beynəlxalq imicinin yeni neqativ ştrixlərlə “zənginləşdirilməsi”nə xidmət edir
Artıq bir neçə gündür ki, dünya ictimaiyyətinin diqqəti Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücuma yönəlib. Dünyanın aparıcı analitik mərkəzləri və ekspertləri bu məsələ ətrafında müxtəlif mülahizələr yürütməklə yanaşı, bir sıra suallara da cavab tapmağa çalışırlar: nə üçün və nəyə görə, məhz indi dini zəmində törədilmiş olan bu hadisənin növbəti ünvanı Avropanın siyasi lokomotivi sayılan Fransa oldu?
Din geopolitik faktor kimi...
Bu hadisə ilə bağlı suallara cavab vermək üçün ilk növbədə, bir-biri ilə sistematik əlaqəsi olan məsələlərə toxunmaq lazımdır. Əvvəla, vurğulamaq lazımdır ki, bu olaya dini “xarakteristika” verilməsi təsadüfi deyil. Bəllidir ki, din inanclar və mənəvi dəyərlər sistemi olsa da, müasir dövrdə ən çox spekulyasiya və manipulyasiyaya məruz qalan məfhum kimi çıxış etməkdədir. Bu spekulyasiyalar əsasən siyasi müstəvidə qeydə alınır, çünki fərqli siyasi qüvvələr bir çox hallarda dindən korporativ maraqların təmin olunması üçün vasitə kimi istifadə edirlər. Başqa sözlə, qloballaşma şəraitində geosiyasi maraqlar kontekstində dindən təxribat və təbliğat vasitəsi kimi istifadə edilir. Bu, daha çox dini cərəyanların fəaliyyətinin fonunda qeyri-konstruktiv, radikal meyillərlə müşahidə olunur. Ən əsası, Qərb İslam dininə məxsus olduğu iddia edilən bəzi spontan qrupları dəstəkləməklə bunun üzərindən geosiyasi maraqların təmin olunması üçün istifadə edir. Müsəlman coğrafiyasında baş verən terror aktlarının, məhz İslam dininə qarşı “qara piar” kimi istifadə edilməsi də bu qəbildən olan hallardandır.
Dini ayrı-seçkilik, diskriminasiya və terror hadisəsi
Yəni, bu cür hadisələrin Avropada, daha dəqiq desək, Fransada məhz indi qeydə alınması zəncirvari proseslərin bir halqasını təşkil edir. Əslində, terror aktının müsəlmanlar tərəfindən törədildiyi söylənilsə də, elə əsas hədəf qismində İslam dininə mənsub insanlar çıxış edir. Söhbət İslama qarşı dünyada aparılan neytrallaşdırma siyasətindən və Avropanın müsəlmanlardan “təmizlənməsi”ndən gedir. Almaniya, İspaniya və digər Avropa ölkələrində müsəlmanlara qarşı dini ayrı-seçkiliyin, diskriminasiya hallarının baş verməsi, ardınca isə Fransada qeydə alınan bu terror hadisəsinin müsəlmanlarla assosiasiya edilməsi, şübhəsiz, İslam dininə mənsub insanlara qarşı siyasi-ideoloji əməliyyatdan xəbər verir. Əslində, bu, yeni səlib yürüşü kimi də xarakterizə oluna bilər.
Yeni strateji hədəf: Avropanın müsəlmanlardan təmizlənməsi
Hazırkı şəraitdə isə bu hadisənin, məhz sosial-demoqrafik səbəblərdən qaynaqlandığı, xüsusilə qeyd edilir. Təsadüfi deyil ki, bir müddətdir Avropa mətbuatında dərc olunan məqalələrdə son illər müsəlmanların qitəyə sürətlə axınının “qoca qitə”nin sosial-demoqrafik göstəricilərinə əsaslı şəkildə təsir göstərdiyi bildirilir. Hətta sistemli təbliğat kampaniyasının fonunda belə bir pessimist proqnoz verilir ki, Avropa İttifaqı ərazisinə milyonlarla müsəlmanın axını yaxın 10 ildə qitəni “tanınmaz” hala sala bilər. Hesab olunur ki, qitədə gəlmələrin və “xaricilər”in sayının sürətlə artması sosial-iqtisadi və demoqrafik problemlərin çoxalmasına gətirib çıxaracaq. Məhz zəncirvari proseslərin son halqası kimi Fransada baş verən hadisənin əsas məqsədi də yeni strateji hədəf olan Avropanın müsəlmanlardan təmizlənməsidir.
Müsəlmanlar Avropa üçün sosial-demoqrafik təhlükə mənbəyidirmi?
Bu kontekstdə bir məqama toxunmaq gərəkdir. Qərbin, daha dəqiq desək, Avropanın müsəlmanların “qoca qitə”yə miqrasiyası ilə bağlı subyektiv yanaşması və təbliğatı reallığı əks etdirmir. Belə ki, Avropa qitəsinə Asiya və Afrikadan gələn köçkünlərin sayının radikal şəkildə azaldılması, yaxud miqrasiyanın tamamilə dayandırılması Avropanın özü üçün “bumeranq” rolunu oynaya bilər. Çünki rəsmi şəkildə miqrasiyaya “stop” deyilməsi qitəyə qeyri-leqal miqrasiyanın artmasına səbəb olacaq ki, bu da özlüyündə əmək bazarına mənfi təsir göstərəcək. Qeyri-leqal miqrantların sayının artması və ucuz işçi qüvvəsi ehtiyatının çoxalması bütün əhali arasında ümumi işsizlik səviyyəsinin artmasına və sosial-demoqrafik, eləcə də, iqtisadi problemlərin baş alıb getməsinə səbəb olacaq. Yəni, əslində, Avropada miqrasiyanın artması deyil, onun dayandırılması potensial təhlükə mənbəyi hesab edilməlidir. Bir sözlə, Avropa miqrantların axınının qarşısını almaqdansa, səmərəli demoqrafik tənzimləmə siyasəti həyata keçirərsə, sosial-iqtisadi baxımdan daha effektiv nəticələr əldə edə bilər. Hətta ekspertlərin qənaətinə görə, müsəlmanların “avropalaşması” Avropa cəmiyyətində sinifliliyin yönlərinin dəyişməsinə səbəb olur. Çünki Avropada məskunlaşan müsəlmanların qitənin yerli əhalisi ilə birlikdə təhsil, əmək fəaliyyəti, incəsənət, siyasət və sosial-demoqrafik proseslərə mühüm töhfə verməsi göz önündədir. Bu isə özləri etiraf etməsələr də, Avropa üçün arzuedilən hal hesab olunur. Məhz həmin amillərin fonunda Avropanın aparıcı statistik qurumları əksər ölkələrdə orta təbəqələrin qeyri-avropalıları səmimi qarşıladıqlarını, elə buna görə də, qarışıq nikah hallarının artdığını qeyd edirlər. Bu da, şübhəsiz, müsəlmanların avropalıların həyatında getdikcə daha əhatəli yer tutmasına və ümumi inkişaf səviyyəsinə mühüm töhfə verməsinə gətirib çıxaracaq.
Yeni ssenari nəyə xidmət edir?
Dolayısıyla, müsəlmanlara qarşı növbəti aksiyanın məkanı qismində Avropanın siyasi lokomotivi olan Fransanın çıxış etməsi anlaşılandır. “Qoca qitə”də deportasiya hallarının müşahidə edilməsindən, müsəlmanlara qarşı hüquqi məhdudiyyətlərin tətbiqindən sonra “yeni” - növbəti vasitəyə - terrora istinad edilməsi islamofob dairələrin İslam dünyasına yönəlmiş fəaliyyət planı kontekstində dəyərləndirilməlidir. Görünən odur ki, bu terror hadisəsi “Avropanın 11 sentyabrı” qismində çıxış edir və müəyyən olunmuş yeni ssenari həm müsəlmanların “qoca qitə”də sıxışdırılması, hətta buradan deportasiya olunmasına, həm də beynəlxalq imicinin yeni neqativ ştrixlərlə “zənginləşdirilməsi”nə xidmət edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1288 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30