Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Əbədiyaşarlıq fəlsəfəsi”

“Əbədiyaşarlıq fəlsəfəsi”

03.05.2013 [13:22]

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş kitabının təqdimatı keçirilib
Dünən “Avropa” hotelində Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri, Dövlət Pedaqoji Kollecinin direktoru, professor Nurlana Əliyevanın Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Əbədiyaşarlıq fəlsəfəsi” kitabının təqdimatı keçirilib. Qeyd edək ki, kitabın rəyçisi Milli Məclisin sədr müavini Bahar Muradova, redaktoru isə Ceyhun Quliyevdir.
Təqdimat mərasimində giriş sözü ilə çıxış edən YAP Siyasi Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi baxımından yeni nəşrin əhəmiyyətini vurğulayıb. G.Məmmədova bildirib ki, müasir Azərbaycanın bütün uğurlarının əsasında Heydər Əliyev siyasəti dayanır. Ulu öndərimiz haqqında indiyə qədər xeyli kitabların yazıldığını xatırladan millət vəkilinin fikrincə, “Əbədiyaşarlıq fəlsəfəsi” məna və məzmun baxımından digər nəşrlərdən fərqlənir.
Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov “Əbədiyaşarlıq fəlsəfəsi” kitabının Ümummilli lider Heydər Əliyevə həsr olunmuş nəşrlər arasında özünə xüsusi yer tutacağına inandığını bildirib. “Ümummilli lider Heydər Əliyev haqqında kitab yazmaq böyük məsuliyyətdir. Ulu öndər haqqında indiyə kimi çoxlu kitablar yazılıb və bundan sonra da yazılacaq. Azərbaycanın hər bir vətəndaşının Heydər Əliyev haqqında yazmaq haqqı var. Ən azı ona görə ki, Ümummilli liderin qurduğu cəmiyyətin vətəndaşı olaraq, bu cəmiyyətin verdiyi imkanlardan bəhrələnir, Heydər Əliyev siyasətinin uğurlarından faydalanır. Belə olan halda, hər bir kəs Azərbaycan xalqının Ümummilli liderinə öz münasibətini bildirmək haqqına sahibdir. Amma bu haqqı nə formada, hansı elmi dəlillərlə, məntiqlə ifadə etmək isə başqa məsələdir. Bu mənada mən düşünürəm ki, “Əbədiyaşarlıq fəlsəfəsi” Ulu öndər Heydər Əliyevə kifayət qədər dərin hörmətin əsasında yarandığı kimi, eyni zamanda, ciddi arqumentlər və tezislər üzərində qurulub. Hesab edirəm ki, kitabın adı da Ümummilli lider Heydər Əliyevə olan hörmətin və Onun Azərbaycan tarixindəki yerinin dəqiq müəyyənləşdirilməsi və ifadə olunması nöqteyi-nəzərindən diqqəti cəlb edir. Azərbaycan dövləti və xalqı nə qədər varsa, Heydər Əliyev o qədər də yaşayacaq. Belə olan halda, əbədiyaşarlıq fəlsəfəsi ifadəsi və məhfumu Ümummilli lider Heydər Əliyevə kifayət qədər şamil oluna biləcək bir mahiyyət və məzmun kəsb etmiş olur” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt də uzun illər Azərbaycan xalqına və dövlətinə xidmət edəcək. Onun sözlərinə görə, bu günün özündə də Heydər Əliyevin siyasəti, Onun müəyyənləşdirdiyi dəyərlər sistemi Azərbaycanda həyata keçirilir və uğurlar gətirir: “Azərbaycan vətəndaşları bu gün də Heydər Əliyev yolu ilə gedərək fayda qazanır, dövlət inkişaf edir, Azərbaycan yüksəlir, iqtisadiyyatımız güclənir, əhalinin rifahı daha da yaxşılaşır. Bu zəmində hər bir Azərbaycan vətəndaşı bu gün də Heydər Əliyevə özünün sədaqətini və hörmətini ifadə etməkdədir. Əbədiyaşarlıq fəlsəfəsi Heydər Əliyevin timsalında Onun şəxsiyyətinə, eyni zamanda, Heydər Əliyev siyasətinə və Ulu öndərimizin qurduğu dövlətə, dövlətçilik təfəkkürünə, milli dəyərlər sisteminə şamil edilə bilər. Ümummilli lider Heydər Əliyev sadəcə, siyasi sistemi qurmaqla Özünün böyük tarixi şəxsiyyət olaraq missiyasını yerinə yetirmək haqqında düşünmürdü, O, həmçinin, Azərbaycanın müasir cəmiyyətinin formalaşması kimi qlobal düşünərək qlobal şəkildə də fəaliyyət göstərirdi. Bu fəaliyyətin nəticəsi olaraq müasir Azərbaycan cəmiyyətinin fundamental dəyərləri formalaşıb. Bu dəyərlərin formalaşmasında Heydər Əliyev bir tərəfdən siyasətçi, dövlət xadimi kimi fəaliyyət göstərib, digər tərəfdən, bir fərd kimi Öz nümunəsi ilə cəmiyyətdə dəyərlər sisteminin formalaşmasına bilavasitə təsir göstərib. Heydər Əliyevin siyasəti nəticəsində formalaşan müasir Azərbaycan cəmiyyəti dedikdə həmin dəyərlər sistemi kompleks halda gözlərimizin önündə canlanır. Beləliklə də, Azərbaycan dövləti, cəmiyyəti mövcud olduğu bütün dövrlərdə belə olacaq. Heydər Əliyevin “nə qədər Azərbaycan varsa mən də olacağam” fikri əbədiyaşarlıq fəlsəfəsidir”.
Əbədiyaşarlıq haqqının Heydər Əliyevə xas olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, Ümummilli liderimiz Öz fəaliyyəti, fədakarlığı, xalqımızın qarşısında xidmətləri ilə əbədiyaşarlığı qazanıb. O, Azərbaycan xalqının da Heydər Əliyevin bu haqqını tanıdığını deyib: “Hər il Heydər Əliyevin anadan olduğu günün azərbaycanlılar tərəfindən yüksək təntənə ilə qeyd olunması Ümummilli liderimizə olan hörmətin və ehtiramın ifadəsidir. Beləliklə, bu əbədiyaşarlıq fəlsəfəsi mövcuddur və bir mayak olaraq Azərbaycanın qarşısına işıq saçır. Mən inanıram ki, N.Əliyevanın “Əbədiyaşarlıq fəlsəfəsi” kitabı Heydər Əliyevə həsr olunmuş çoxlu sayda nəşrlər içərisində layiqli yer tutacaq”.
Çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində belə bir nəşrin ərsəyə gəlməsini yüksək qiymətləndirib. B.Muradovanın fikrincə, “Əbədiyaşarlıq fəlsəfəsi” kitabı N.Əliyevanın çoxillik böyük zəhmətinin bəhrəsidir. Milli Məclisin sədr müavini bildirib ki, Ulu öndər Heydər Əliyevin nəzəri və siyasi irsi son 20 ildə daha intensiv öyrənilməkdədir. Bu mövzuda çoxlu sayda əsərlərin işıq üzü görməsinin təsadüfi olmadığını deyən B.Muradovanın fikrincə, müxtəlif elmi sahələrdə tanınan az qələm adamı tapılar ki, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında nə isə yazmamış olsun: “Oxuculara təqdim olunan bu kitabın müəllifi də Heydər Əliyev irsini yorulmadan tədqiq və təbliğ edən insanlardan biri olan Nurlana Əliyevadır. Onun kitabının əsas mövzusu Heydər Əliyevin dövlətçilik irsi, Ulu öndərin vəsiyyətləri, göstərdiyi yoldur. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı və dönməzliyi Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biridir. Bu isə öz növbəsində Ulu öndərin nəinki Azərbaycan tarixində, həm də böyük Türk dünyasında əbədi yaşarlığını şərtləndirən başlıca amildir. Başqa sözlə, Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə yönəlik ölməz ideyaları Onun Özünün əbədi varlığını təmin edir. Məhz kitabda dərc olunmuş bütün yazılarda da bu fikir qırmızı xətt kimi keçir”.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxışında bildirib ki, bu kitab Ulu öndər Heydər Əliyevə sonsuz hörmət və ehtiramın ifadəsidir. Heydər Əliyevin xarizmatik şəxsiyyət olduğunu deyən B.Sadıqovun sözlərinə görə, Heydər Əliyevin siyasi kursu daim Azərbaycanın inkişafını təmin edəcək: “Əbədiyaşarlıq fəlsəfəsinin bir mühüm məqamı da məhz bu amildir”.
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qeyd edib ki, “Əbədiyaşarlıq fəlsəfəsi” kitabında yazılanlar böyük tarixdir: “Xalqımız böyük bayram ərəfəsindədir. 10 may tarixi hər il insanlar tərəfindən el bayramı kimi qeyd olunur. Bu, Heydər Əliyev şəxsiyyətinə və ideyalarına böyük ehtiramdır. Kitabda məhz Ulu öndər Heydər Əliyevin dahiliyi ciddi elmi əsaslarla öz əksini tapıb”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Ulu öndər Heydər Əliyev hər zaman xalqımız tərəfindən sevilir, böyük ehtiramla yad edilir: “Bu tarixi şəxsiyyəti min illərlə yaşadacaq amillərdən biri məhz kitablardır, əsərlərdir, düşüncələrdir. Nurlana Əliyevanın müəllifi olduğu “Əbədiyaşarlıq fəlsəfəsi” kitabı digər nəşrlərdən bir sıra özəllikləri ilə fərqlənir. Burada Heydər Əliyev və təhsil, Heydər Əliyev və ədəbiyyatşünaslıq, Heydər Əliyev və ailə, qadın problemləri, Heydər Əliyevin partiya yaradıcılığı məsələləri qabarıq şəkildə publisist, oxunaqlı dillə yazılıb”.
Mərasimdə, həmçinin, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova çıxış edərək “Əbədiyaşarlıq fəlsəfəsi” kitabının Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Sonda kitabın müəllifi Nurlana Əliyeva çıxış edərək mərasim iştirakçılarına təşəkkür edib. N.Əliyeva Heydər Əliyev ideyalarının Azərbaycan xalqının firavan gələcəyinə xidmət etdiyini deyərək bu parlaq ideyaların təbliğ olunmasının önəmini qeyd edib. “Ümummilli lider Heydər Əliyev misilsiz xidmətləri, parlaq və nurlu ideyaları ilə Azərbaycan xalqının qəlbində Özünə abidə ucaldıb” - deyə, N.Əliyeva bildirib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1265 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30