Azərbaycan Bayrağı dövlət müstəqilliyi və xalqın birliyini nümayiş etdirən ali dəyərdir
10.11.2025 [20:04]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın milli yaddaşında dövlətçiliyin, azadlığın və müstəqilliyin rəmzi kimi xüsusi yer tutur. Bu əlamətdar günün qeyd edilməsi həm də dövlət atributlarına dərin ehtiramın nümayişidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il 9 noyabr ölkə üzrə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Əmək Məcəlləsinə əsasən, həmin gün qeyri-iş günü elan olunmuş, beləliklə də bu tarix dövlətçilik ənənələrinin mühüm təntənəsinə çevrilmişdir.
Üçrəngli bayrağımızın yaranma tarixi xalqımızın istiqlal mübarizəsi ilə sıx bağlıdır. 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında üçrəngli bayraq dövlət atributu kimi təsdiq edildi. Bu qərar müstəqil dövlətçilik ideyasının təzahürü kimi tarixə yazıldı. Bayrağın ilk dəfə Bakıda hökumət binasının üzərində qaldırılması xalqın azadlıq arzusunun gerçəkləşməsi idi. Həmin dövrdə qəbul edilən bu bayraq millətin gələcək taleyinə istiqamət verən mənəvi gücün təcəssümü idi.
Bayrağımızın rəngləri dərin fəlsəfi məna daşıyır. Mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirlik və demokratik dəyərləri, yaşıl rəng isə islam sivilizasiyasına mənəvi bağlılığımızı ifadə edir. Bu üç rəngin vəhdətində xalqın milli kimliyi, mədəni varisliyi və ümumbəşəri ideallara sadiqliyi əks olunur. Bu ideyanın müəllifi böyük fikir adamı Əli bəy Hüseynzadə olmuşdur. O, “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu ilə millətin özünüdərkinə yeni istiqamət vermiş, bu ideya sonrakı dövrlərdə dövlət rəmzlərimizin ideoloji təməlini təşkil etmişdir.
Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan dövlətçiliyinin bərpası və inkişafı ilə ayrılmaz şəkildə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın Dövlət Bayrağı kimi təsdiq edildi. Bu qərar o dövrdə həm siyasi cəsarətin, həm də dərin uzaqgörənliyin təzahürü idi. Müstəqillik ideyası repressiv bir sistemin daxilində yenidən alovlanır, milli azadlıq düşüncəsi real siyasi müstəviyə çıxarılırdı.
Ulu Öndərin bu addımı ilə Naxçıvan təkcə bir muxtar ərazi deyil, milli ideyanın mərkəzinə çevrildi. Həmin sessiyada qəbul edilən qərar xalqın milli ruhunun oyanmasına, müstəqilliyin bərpası istiqamətində proseslərin sürətlənməsinə təkan verdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sonradan Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın ümumrespublika səviyyəsində qəbul edilməsi barədə vəsatət qaldırdı.
1991-ci il fevralın 5-də bu təşəbbüs rəsmi şəkildə reallaşdı və Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul etdi. Bununla üçrəngli bayrağımız yenidən bütün respublikanın rəsmi atributuna çevrildi. Ulu Öndər Heydər Əliyev həmin hadisəni belə dəyərləndirmişdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə rəsmiləşdirildi. Həmin sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dövlət rəmzlərinin – bayraq, gerb və himnin bərpa edildiyi təsbit olundu. Bununla da üçrəngli bayraq müstəqil dövlətin hüquqi atributu statusunu qazandı.
Bayrağın təsviri Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsi ilə müəyyən edilib, 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə dəqiqləşdirilib. Hər bir vətəndaş Konstitusiyanın 75-ci maddəsinə əsasən dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət göstərməyə borcludur. Bu amil milli şüurun və Vətənə sədaqətin göstəricisidir. Bayrağa hörmət xalqın dövlətinə olan sevgisinin və birliyinin təzahürüdür.
Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı ilə paytaxt Bakıda Dövlət Bayrağı Meydanı yaradıldı. Bu qərar dövlət rəmzlərinə verilən strateji əhəmiyyətin ifadəsidir. Meydanın təntənəli açılışı 2010-cu il sentyabrın 1-də baş tutdu. Burada ucaldılan bayraq yalnız paytaxtın simvolu deyil, bütövlükdə xalqın birliyinin, müstəqil dövlətin qürurunun təcəssümü oldu.
Meydanda yaradılmış Dövlət Bayrağı Muzeyi ölkəmizin qədim dövlətçilik tarixini, müxtəlif dövrlərə aid bayraqları, sənədləri və eksponatları nümayiş etdirir. Muzeydə 400 eksponat sərgilənmiş, bu da xalqımızın zəngin dövlətçilik irsinin öyrənilməsi baxımından mühüm mərkəzə çevrilmişdir.
2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanı yenidən istifadəyə verilmişdir. Dövlət başçısı İlham Əliyev burada yenidən üçrəngli bayrağı qaldıraraq bu rəmzin müasir mərhələdə mənəvi gücünü bir daha nümayiş etdirdi. Yenilənmiş Dövlət Bayrağı Muzeyində yaradılan “Zəfər qalereyası” 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbəyə həsr olunub. Qalereyada Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlarda bayrağımızı qaldırdığı fotolar, Xankəndidə keçirilən hərbi paradın görüntüləri, eləcə də müharibə qəhrəmanlarının xatirəsinə həsr olunmuş ekspozisiyalar nümayiş etdirilir. Bu muzey milli yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Üçrəngli bayrağımız bu gün milli həmrəyliyin, “azərbaycançılıq” ideyasının və vətənpərvərlik duyğularının əsas simvoluna çevrilmişdir. Bayraq millətin mənəvi varlığını, birliyini və gələcəyə inamını ifadə edir. Hər dəfə dövlət tədbirlərində, beynəlxalq arenada və azad olunmuş torpaqlarımızda dalğalanan bayraq xalqın qürurunun və iradəsinin təcəssümüdür.
Prezident İlham Əliyev dövlət bayrağı haqqında demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”. Bu fikirlər illər sonra 2020-ci ildə parlaq Zəfərlə reallaşdı. Qalib Azərbaycan Ordusunun azad etdiyi torpaqlarda üçrəngli bayraq dalğalanarkən, xalqımızın yüzillik arzusu reallaşdı. Bu bayraq artıq tarixi qələbənin, milli qürurun və suverenliyin parlaq nişanəsidir.
9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın keçdiyi şanlı yolun, milli kimliyə və müstəqilliyə sədaqətin təntənəsidir. Üçrəngli bayrağımız azad, güclü və qalib dövlətin simvolu kimi başımız üzərində dalğalanır. Bu bayraq xalqımızın ruhunun, qürurunun və birliyinin ifadəsidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:21
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41

