Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 27 illik həsrətə son: Cəbrayılın azadlıq salnaməsi

27 illik həsrətə son: Cəbrayılın azadlıq salnaməsi

02.10.2026 [22:04]

2020-ci ilin payızı Azərbaycan tarixinə Zəfər dövrü kimi daxil oldu. 44 günlük Vətən müharibəsinin ən parlaq səhifələrindən biri isə Cəbrayılın azad edilməsidir. 27 il düşmən tapdağı altında qalan bu qədim diyar oktyabrın 4-də yenidən Azərbaycan bayrağının kölgəsinə qayıtdı. Elə buna görə də bu tarix bu gün Cəbrayıl şəhəri günü kimi qeyd olunur.

Cəbrayıl istiqamətində döyüşlər müharibənin ilk günündən başladı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu rayonun Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad etdi. Bu, müharibənin elə ilk günündə əldə olunan mühüm uğur idi və xalqımızın Qələbəyə olan inamını daha da möhkəmləndirdi.

Oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri düşməndən təmizləndi. Bir gün sonra, oktyabrın 4-də isə tarixi hadisə baş verdi: Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal işğaldan azad edildi. Rayon ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd azadlığa qovuşdu.

Cəbrayıl əməliyyatı asan başa gəlmədi. Düşmən bu ərazidə bir neçə xətdən ibarət möhkəm istehkamlar qurmuşdu. Uzun illər ərzində yaradılmış bu müdafiə sistemini yarmaq böyük qəhrəmanlıq, fədakarlıq və yüksək peşəkarlıq tələb edirdi. Əsgər və zabitlərimiz bu çətin vəzifənin öhdəsindən şərəflə gəldilər, düşmənin “keçilməz” hesab etdiyi xətləri bir-birinin ardınca darmadağın etdilər.

Cəbrayılın azad edilməsinin strateji əhəmiyyəti son dərəcə böyük idi. Məhz bu Qələbədən sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Bundan sonra Zəngilan, ardınca Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Beləliklə, Cəbrayıl Zəfər yolunun açarına çevrildi.

Bu Qələbənin rəmzlərindən biri də Xudafərin körpüsüdür. Cəbrayıl rayonu ərazisində yerləşən bu qədim körpünün azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin burada Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyət daşıyır. Əsrlər boyu xalqımızın tarixinə şahidlik edən Xudafərin körpüsü bu gün azadlığın, birliyin və milli qürurun simvoludur.

Dövlətimiz Cəbrayıl uğrunda döyüşən qəhrəmanların xidmətini layiqincə qiymətləndirdi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22.797 hərbi qulluqçusu bu medalla təltif olundu. Bu rəqəm Cəbrayıl uğrunda gedən döyüşlərin miqyasını və ordumuzun fədakarlığını aydın şəkildə göstərir.

Qələbənin tarixi əhəmiyyəti dövlət səviyyəsində əbədiləşdirildi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olundu. Bu qərar həm Qələbəni qazananlara ehtiramın, həm də gələcək nəsillərə tarixi yaddaşın ötürülməsinin ifadəsidir.

Cəbrayılın azadlıq salnaməsi təkcə 2020-ci ilin payızı ilə məhdudlaşmır. Bu yolun mühüm mərhələləri 1994-cü ildə Cocuq Mərcanlının azad edilməsi və 2016-cı ilin aprelində Lələtəpə yüksəkliyinin geri qaytarılması oldu. Hər bir mərhələ xalqımızın torpaqlarını azad etmək əzminin davamlı olduğunu sübut edirdi.

Bu gün Cəbrayıl şəhəri gününü qeyd edərkən bu Zəfəri mümkün edən hər kəsi minnətdarlıqla xatırlayırıq. Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə ehtiramımızı bildiririk. Onların qəhrəmanlığı sayəsində Cəbrayıl torpağı yenidən azad nəfəs alır, 27 illik həsrət isə qayıdışın sevincinə çevrilib.

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası 

Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31