Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP İcra Katibliyində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransı keçirib

YAP İcra Katibliyində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransı keçirib

18.12.2019 [10:00]

Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya açılan pəncərədir
Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransı keçirib. C.Qurbanov Azərbaycan dəmir yolunun tarixi, müasir dövrdə dəmir yolunun mövcud vəziyyəti və perspektiv planlar barədə danışıb. O deyib ki, Azərbaycanda ilk dəmir yolu hələ XIX əsrin sonlarında istifadəyə verilib. Ötən əsrin əvvəllərində elektrikləşdirilmiş dəmir yolunun istifadəyə verilməsindən sonra isə bu sahənin Azərbaycan iqtisadiyyatında rolu artmağa başlayıb.
Azərbaycanın dəmir yollarının inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən C.Qurbanov bildirib ki, Ulu Öndər bu sahənin inkişafı ilə əlaqədar çox böyük işlər görüb: “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu birinci dövrdə Xankəndiyə dəmir yolu çəkilib. Bu yol Qarabağın mərkəzini Bakı şəhəri ilə birləşdirdi. Planda bu yolun daha da genişləndirilməsi nəzərdə tutulmuşdu. Ümummilli Liderimiz Moskvada çalışdığı zamanlarda da Yevlax-Balakən yolunun tikintisinə start verilib”.
Respublikada dəmir yollarının ümumi uzunluğu 4200 kilometrə çatdırılıb
“Azərbaycan dəmir yolunun ikinci əsas inkişaf dövrü dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə başlayıb”, - deyən C.Qurbanov qeyd edib ki, bu gün Azərbaycanda bütün sahələr üzrə inkişaf var və dəmir yolu sahəsi də xüsusi inkişaf dövrünü yaşayır. Bu gün respublikada dəmir yollarının ümumi uzunluğu 4200 kilometrə çatdırılıb, baş yollar isə 2955 kilometr təşkil edir. O deyib ki, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin 20 minədək işçisi var: “Azərbaycan Dəmir Yolları” QSC-də 2015-ci ilə nisbətən əməkhaqqı hazırda 95 faiz artıb. Əvvəllər əməkhaqqı 120-130 manat olubsa, hazırda bu rəqəm 583 manatdır. Əməkhaqqının yüksəlməsi yükdaşımaların artımı ilə bağlıdır”.
Bildirilib ki, dəmir yolunda orta sürət 2016-cı ildə təqribən 30-35 km olubsa, bu gün həmin rəqəm 55 km-dir. Dörd il ərzində təqribən 30 kilometrin artması böyük əməyin, maliyyənin və gərgin iş rejiminin nəticəsidir. Eyni zamanda, yük vaqonlarının sayı (işlək) təqribən 7 minə yaxındır. İstismar müddəti keçmiş vaqonların sayı 2500-3000-dir. Bu il 150-200 yük vaqonunun alınması nəzərdə tutulur. QSC sədrinin sözlərinə görə, cari ilin yanvar-noyabr aylarında dəmir yolu ilə təqribən 15 milyon ton yük daşınıb. Ötən il isə yükdaşımaların həcmi 13 milyon 950 min ton olub. Bu il daşınan yüklərin əksəriyyəti tranzit yüklərdir.
Şahdağ istiqamətində yeni dəmir yolunun layihələndirilməsinə başlanılıb
Yeni layihələr barədə məlumat verən C.Qurbanov deyib ki, Bakıda Güzdək-Sahil dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq: “Şahdağ istiqamətində yeni dəmir yolunun layihələndirilməsinə başlanılıb. Bakı-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək. Eyni zamanda, Bakıdan Lənkəran istiqamətində dəmir yolunun inşası üçün torpaqların alınması prosesi başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni ərazidən keçəcək. Lənkəran istiqamətində dəmir yolunun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə məsələsi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır”.
Mətbuat konfransında Bakı-Abşeron dairəvi dəmir yolunun tikintisinin gələn il fevralın ortalarında başa çatacağı da bildirilib. Ona görə Abşeron dairəvi dəmir yolu adlandırılır ki, bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir.
C.Qurbanov bildirib ki, Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə imzalanıb. 42 lokomotiv və dəmir yolunda fəhlələri daşıyan avtobus və 30-dək vaqonun təmiri nəzərdə tutulur. Yeni elektrik qatarları, həmçinin vaqonlar da alınacaq. Bundan başqa, o, Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılmasının müzakirə ediləcəyini söyləyib. C.Qurbanovun sözlərinə görə, dekabrın 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq. Görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan və Qırğızıstanın dəmir yollarının nümayəndələri iştirak edəcəklər. Çindən gələn yüklər bu yeni marşrut xətti ilə daşına bilər.
C.Qurbanov, həmçinin Bakıda tramvay xəttinin bərpası ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, məsələ ölkə başçısına məruzə olunub: “Lakin bu xətti bərpa etmək çox çətindir. Bakı şəhərindəki sıxlıq bu xəttin bərpasını çətinləşdirir. Hazırda bununla bağlı iş aparılır. Xarici şirkətlərə müraciət olunub və araşdırmalar davam edir. Lakin istifadəyə veriləcək dairəvi yolun üzərində əlavə işlər aparmaqla tramvayla daşımaları əvəz etmək olar”.
Bakı-Tbilisi-Qars dəmir yoluna qısqanclıqla yanaşanlar var
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışan C.Qurbanov deyib ki, bu layihə dövlətimizin siyasi iradəsi sayəsində reallaşıb və bu məsələdə Prezident İlham Əliyevin xüsusi rolu var: “Bu yol Avropaya açılan pəncərədir, başqa ölkələrin üzərindən Azərbaycanı Avropa ilə birləşdirir. Bu layihə, həmçinin qardaş Türkiyə ilə əlaqələrimizi gücləndirir. Bu layihədən işğalçı Ermənistan kənarda qalır, ona görə də dəmir yolu xəttinə qısqanclıqla yanaşan, ona əngəllər törətmək istəyənlər var”.
C.Qurbanovun sözlərinə görə, bəzi maneələrə baxmayaraq, hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir: “Bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və nəticədə əlavə 500-600 min ton yükü cəlb etmək mümkün olacaq. BTQ ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər görülür. Bu yaxınlarda həmin istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Müvafiq sənədlər artıq hazırlanıb və onlar imzalanandan sonra sərnişindaşımalara başlanacaq”.
BTQ-nin Naxçıvanla birləşdirilməsi ilə bağlı məsələyə gəldikdə, C.Qurbanov deyib ki, bunun üçün Türkiyə ərazisində 286 kilometrlik xətt tikilməlidir. Bu da 2 milyard dollaradək vəsait tələb edir.
QSC sədri onu da qeyd edib ki, hazırda Gəncəyə qədər fəaliyyət göstərən elektrik qatarlarının Ağstafaya qədər getməsi nəzərdə tutulur.
Vətəndaşlara çağırış da edən C.Qurbanov “Evlərinizi tikəndə elə yerdə tikin ki, həm özünüz üçün təhlükə olmasın, həm də sonradan sökülməsin” deyə bildirib. Onun sözlərinə görə, bəzi insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçir: “Məsələn, elektrik xətlərinin altında, dəmir yollarının ağzında ev tikmək doğru deyil. Bu, ilk növbədə həmin ailələrin öz təhlükəsizlikləri baxımından doğru deyil. Elə Bakı “Şanxay”ı adlandırılan ərazini götürək. O ərazi, təəssüf ki, ev tikilməsi üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan təhlükəli evləri sökmək məcburiyyətində qaldıq. Bu, onların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar. “Şanxay” adlı yerdə insanların çətin vəziyyətdə yaşamasından xəbərimiz var, problemin həll olunması istiqamətində layihələrin hazırlanması gözlənilir. Amma nəzərə almaq lazımdır ki, bütün məsələlərin eyni vaxtda həll olunması mümkün deyil”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30