Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən, müdafiə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün rəhbərliyi ilə böyük nümayəndə heyətinin ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev səfər zamanı bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılacağına ümidvar olduğunu deyib. Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.
Vecdi Gönül Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın daim dərinləşdiyini vurğulayaraq bu sahədə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib və Onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.