Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Eks-prezident yenidən dövlət başçısı seçilib

Eks-prezident yenidən dövlət başçısı seçilib

01.11.2022 [10:46]

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda Luis İnasiu Lula da Silva qalib gəlib

Oktyabrın 30-da Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə iki namizəd - ölkənin 76 yaşlı eks-prezidenti Luis İnasiu Lula da Silva və 67 yaşlı hazırkı prezident Jair Bolsonaru iştirak ediblər.

İkinci turun nəticələrinə uyğun olaraq Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva qələbə qazanaraq ölkəyə 2023-2027-ci illər ərzində üçüncü dəfə rəhbərlik edəcək.

Xatırladaq ki, seçkilərin birinci turu oktyabrın 2-də keçirilmişdi. Belə ki, həmin gün Braziliyada prezident, əyalət qubernatorları, senatorların üçdə biri, federal parlamentin və regional qanunvericilik məclislərinin deputatlarının seçkisi keçirilib. Braziliya qanunvericiliyinə görə, prezident seçkilərində iştirak edən namizəd səslərin 50 faizdən çoxunu qazanarsa, o, seçilmiş elan edilir. Namizədlərdən heç biri 50 faizlik baryeri keçməzsə, seçki ikinci tura qədər uzanır. İkinci turda yalnız birinci turda ən çox səs toplayan iki namizəd iştirak edə bilər.

Konqres seçkilərinə gəldikdə isə, Milli Konqres  iki palatadan ibarətdir: milli nümayəndəlik orqanı olan Deputatlar Palatası və federasiya subyektlərinin nümayəndəlik palatası Federal Senat. Qanunverici orqanın səlahiyyət müddəti dörd ildir. Milli Konqresin aşağı palatası, Deputatlar Palatası hər bir ştatda, ərazidə və federal dairədə proporsional sistemlə seçilən xalqın nümayəndələrindən ibarətdir. Deputatların sayı, habelə ərazi vahidlərinin Palatada təmsilçiliyi seçkilərdən əvvəlki il ərzində qəbul edilən əlavə qanunla müəyyən olunur. Ştatların və federal dairələrin təmsilçiliyi onların əhalisinin sayına mütənasib olmalı və 8-dən 70-ə qədər deputatdan ibarət olmalıdır. Hər ərazi dörd deputat seçir. Hazırda Deputatlar Palatasının 500-dən çox deputatı var. Mandatlar siyahıdakı namizədlərin aldıqları üstünlüklər nəzərə alınmaqla bölüşdürülür. Federal Senata isə 8 il müddətinə seçilən 81 üzv daxildir: hər ştatdan və federal dairədən üç senator və onun iki müavini seçilir. Ali Seçki Məhkəməsinin  məlumatına görə, keçirilən seçkilərdə, ümumilikdə cari səsvermələrdə 156 milyondan çox insanın iştirak etmək hüququ olub.

Braziliyada seçkilərdə prezidentlik vəzifəsi uğrunda 11 namizəd mübarizə aparırdı. Bütün seçkiqabağı sorğular isə bu vəzifə uğrunda əsas mübarizənin eks-prezident Luiz İnasiu Lula da Silva ilə hazırkı dövlət başçısı Jair Bolsonaru arasında gedəcəyini göstərirdi. Hətta son günə qədər reytinqdə üçüncü olan Seara ştatından olan Federal Məclisin deputatı Siru Qomes bu iki namizəddən çox geri qalmışdı. Birinci turun nəticələrinə görə, heç bir namizəd 50 faizlik baryeri aşa bilməyib. Belə ki, Braziliyanın sabiq prezidenti Lula da Silva 48,42 faiz, onun əsas rəqibi olan  Bolsonaru isə 43,23 faiz səs qazanmışdı. Bu səbəbdən də, hər iki namizəd oktyabrın 30-da keçirilən prezident seçkilərinin ikinci turunda mübarizə aparıblar.

Artıq Luis İnasiu Lula da Silvanın ikinci turdakı qələbəsi rəsmiləşib. Ali Seçki Məhkəməsi onun seçkilərin ikinci turunda 50,9 faiz səs topladığını açıqlayıb. Onun rəqibi, hazırkı prezident Jair Bolsonarunu isə səsverməyə gələnlərin 49,1 faizi dəstəkləyib. Mütləq rəqəmlərdə Lula da Silvanın  Bolsonaru üzərində üstünlüyü, demək olar ki, 2,14 milyon səs olub. Ümumilikdə, səsvermədə səs hüququ olan 156,4 milyon vətəndaşdan 118,55 milyon seçici iştirak edib.

Qeyd edək ki, 77 yaşlı Luis İnasiu Lula da Silva 2003-cü ildən 2010-cu ilədək Braziliyanın Prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. O, 2002-ci ildə seçilib, 2006-cı ildə isə yenidən seçilib. 2010-cu ildə “Time” jurnalı Lulanı “dünyanın ən təsirli insanı” adlandırıb.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31