Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gənclərimizin üzərinə qara kəfən örtülüb

Gənclərimizin üzərinə qara kəfən örtülüb

05.11.2022 [10:35]

Yük maşınları həbsxanadan otuz, hətta daha artıq cəsəd çıxarırdı

- Əliqanlı Xalxalinin kini İslam İnqilabının həqiqi sifətini üzə çıxarırdı...

Əvvəli ötən sayımızda...

1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi.  Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi  (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan

Şahbanu Fərəh Pəhləvi (Diba) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik: Fərəh Pəhləvi

Xatirələr

Yıxılan rejimin və bitməyən eşqin hekayəsi

Tərcümə Nəriman Əbdülrəhmanlı

O zaman dəftərimə yazdığım bu bir neçə sətri təkrar oxuyuram: “Yurdumuzu itirdik, okeanın ortasında qeyb olduq! Burda nə axtarırıq? Dəniz kənarında qumun üzərində oturdum, dəniz çox sərin, çox gözəldi, günəş də bir azdan batacaq, qağayıların fəryadı eşidilir. Üzüntümü ifadə eləyə biləcək sözləri tapmaq istərdim, bundan başqa, burda olmaqdan da utanıram, məni qorumaq vəzifəsi tapşırılmış, arxamda ayaq üstündə gözləyən iki amerikalı növbətçini düşünürəm, onların canlarının sıxılmasından qorxuram. İranı düşünəndə, dərin hüzn içində boğuluram. Bu vəziyyətə necə düşdük? Ölüm, qan, qorxu... Və bu səssizlik! Belə dəhşəti qınamaq üçün ən kiçik bir səs belə, eşidilmir. İrandakı insan haqlarını özlərinə bu qədər dərd eləyən jurnalistlər, universitet mənsubları, sənətçilər, bütün dünyadakı cürbəcür təşkilatlar haradadı? Söz azadlığı və demokratiya üçün yürüşlər keçirən tələbələri nə oldu? Zavallı uşaqlar! Elə bir gənclərimizin üzərinə qara kəfən örtülüb. Bu səhər amerikalıların bizi qəbul eləmək istəmədiklərini öyrəndik. Meksika hələ cavab verməyib. Əsasən, Meksika uşaqlar üçün heç münasib olmayacaq... İspanca bilmirlər... Kanadadan da cavab gəlmədi: qəti qərar qəbul eləyə bilmirlər. Yerdə İngiltərə qalır; seçkilər yaxınlaşır, vəziyyətimiz bir neçə həftə içində aydın olacaq... Tanrım, bəs, hamı “yox” desə, nə eləyəcəyik? Radionu dinləməli, qəzetləri oxumalıyam. Vəziyyət elə qorxuludur ki... Ən yaxşı adamlarımızı öldürürlər, ölkənin ümumi xeyri üçün həyatını verənlər, əsgərlər, ziyalılar, dövlət məmurları... Əvvəllər hər fürsət düşəndə, dərhal ərimi tərifləməkdə bir-biriylə yarışa girən ölkələr bu gün susurlar. Yalnız İsveçrə qınama bəyanatı verdi.” İngiltərə də Baham adalarına qədər gələn sabiq Tehran səfiri Denis Vriqt vasitəsiylə bizi ölkəsində görməyi arzu eləmədiyini bildirdi. Mənə danışdıqlarına görə, ser Denis Vriqt tanınacaq görkəmdə deyilmiş. Hər halda, qəzetçilər tərəfindən yaxalanıb gəlişinin məqsədini açıqlamaq məcburiyyətində qalmaqdan qorxduğuna görəymiş, deyəsən - bığ taxıb, şapka qoymuşdu - qiyafəsini dəyişdiribmiş. Paytaxtlar bir-birinin ardınca arxa çevirəndə, hər yerdən bizi çox duyğulandıran məktublar gəlirdi. Heç tanış olmadığımız adamlar Kanadada, Meksikada, Almaniyada bizi qonaq eləmək istəyirdilər... Sadə adamlar bizə evlərinin qapısını açmağı təklif eləyirdilər. Bu məktublar yeganə təsəllimiydi. Belə dərin bədbəxtliyin lap dibində olan vaxt Hüveydanın öldürülməsi əmrini verən din adamı Sadıq Xalxalinin bizi ölümə məhkum elədiyini öyrənəndə, acı-acı gülümsəməkdən özümüzü saxlaya bilmədik. Bizi öldürülə biləcəyimiz ehtimalı hər gün sevdiyimiz adamların qətlə yetirildiklərini eşidən zaman hiss elədiyimiz kədərdən daha az üzürdü. 1979-cu il ərzində sevincini gizlədə bilməyib: “Bəzi gecələr yük maşınları həbsxanadan otuz, hətta daha artıq cəsəd çıxarırdı!”, - deyə danışan əliqanlı Xalxalinin kini elə həmin kiniydi, İslam İnqilabının həqiqi sifətini üzə çıxarırdı. Xalxali öldürmək üçün bizim arxamızca qatillər salacağını elan elədi, həmin vaxt ərimi öldürəcək adama yetmiş min dollar mükafat boyun oldu. Sonra da bu cümləni əlavə eləyəcəkdi: “Əgər Şahı Fərəh öldürərsə, puldan başqa əfvdən də yararlanacaq və İrana qayıda biləcək.”

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31