Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir

İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir

05.11.2022 [13:54]

HƏP sədri Əli İnsanovdan Azərbaycan Prezidentinin yürütdüyü siyasətə birmənalı dəstək

Oktyabrın 4-də Haqq Ədalət Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın birmənalı olaraq Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləmək qərarı verilib. İclasda çıxış edən partiyanın sədri Əli İnsanov bildirib ki, Qarabağla bağlı məsələlərin həlli çoxsaylı xarici amillərdən asılıdır. İndiki zamanda bizim bir sıra üstünlüklərimiz var: "Azərbaycan Ermənistanla müqayisədə çox güclüdür. Ordumuzun heç vaxt olmadığı qədər yüksək döyüş hazırlığı və qələbə ruhu mövcuddur. Bu gün Azərbaycanı Türkiyə, Böyük Britaniya, İsrail və Pakistan kimi böyük güclər dəstəkləyir. Beynəlxalq rəy bizim xeyrimizədir. Qərblə, ilk növbədə ABŞ və Aİ ilə aparılan siyasət tərifəlayiqdir. Yaranmış bu tarixi fürsətdən Prezident İlham Əliyevin məharətlə yararlanmasının şahidiyik. Bunu görməmək mümkün deyil".

Partiya sədri 1990-cı illərin əvvəllərində, Birinci Qarabağ müharibəsi dövründə Rusiyanın Ermənistana dəstək verməsi məsələsinə də toxunaraq bildirib ki, Rusiya həmin dövrdə Azərbaycanın Qərblə bağlamaq istədiyi neft müqavilələrinin qəti əleyhinə idi. "Prezident Heydər Əliyev bunun qarşısını ala bildi və Rusiyanı neytrallaşdırdı. Ermənistan isə o zaman yaranan fürsətdən istifadə etdi və Rusiyanın birbaşa iştirakı, köməyi ilə Birinci Qarabağ müharibəsində uğurlar qazandı. Bu gün Qarabağda ermənilər yaşayan əraziləri, o cümlədən Xankəndini tam nəzarətə götürmək, orada məskunlaşmış hərbi-quldur dəstələrini ölkəmizin ərazisindən xaric etmək, Zəngəzur dəhlizini açmaq kimi vacib məsələləri Prezident İlham Əliyev çox təmkinlə həll etməkdədir.

Zəngilanda beynəlxalq hava limanının tikilməsi, Türkiyənin, İsrailin və digər ölkələrin nüfuzlu şirkətlərinin azad olunmuş ərazilərimizdə müxtəlif sahələr üzrə işlərə cəlb olunması bədnam cənub qonşumuza qarşı ən yaxşı sipərdir. 31 oktyabrda Soçidə keçirilmiş görüş zamanı Prezident İlham Əliyevin prezident Putinə "Qarabağ məsələsi iki il əvvəl həll olunub, bu məsələnin müzakirəsinə ehtiyac qalmayıb" deməsi Rusiya dövlət başçısının bu görüşlər üçün hazırladığı məkrli planı alt-üst etdi. Sanki tarix təkrarlanır. Xatırlayıram, Prezident Heydər Əliyevin tapşırığı ilə 1997-ci ilin noyabrın 4-6 - da mən münaqişə başlayandan sonra ilk hökumət üzvü olaraq İrəvanda səfərdə oldum. O vaxt Heydər Əliyev ABŞ-ın dəstəyi ilə Ermənistanla sülh sazişini imzalamağa çox yaxın idi. Prezident Petrosyan da bununla bağlı geniş məqalə ilə çıxış etmişdi. Mən İrəvanda baş nazir Robert Koçaryanla, bir sıra rəsmilərlə və jurnalistlərlə, ictimai nümayəndələrlə görüşlər keçirmişdim. Sülhə mane olmaq üçün təzyiqlə istefaya gördərilən prezident Petrosyan bildirmişdi ki, müharibə sülhə qalib gəldi. Koçaryan hakimiyyəti ələ keçirdi. 1999-cu ilin oktyabrında parlament gülləbaran edildi, parlament sədri və baş nazir qətlə yetirdi. Və sülh sazişi 23 il gecikdi".

Əli İnsanov qeyd edib ki, son 20 ilə yaxın dövrdə işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnən nailiyyət, o cümlədən bütün sahələrdəki uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır: "Etiraf edək ki, 2 il öncəyə qədər heç birimiz bu qələbəni xəyalımıza belə gətirə bilməzdik. Hər kəs deyirdi ki, Qarabağı qaytarmaq mümkün deyil. XV əsrdən bu yana ilk dəfədir ki, Azərbaycan ordusu  işğal olunmuş torpaqlarımızı öz gücü ilə azad edə bilmişdir. Bu qələbə ümummmilli lider Heydər Əliyevin dövlətçilik məharətindən bəhrələnmiş Ali Baş Komandan İlham Əliyevin parlaq uğuru sayılmalıdır.

Bu gün Azərbaycanda siyasi islahatlar aparılır. Yeni siyasi konfiqurasiya formalaşır, siyasi partiyaların qeydiyyatı, qərargahla təmin olunması, ümummilli məsələlərdə birgə çıxış etməsi, dövlət və özəl media subyektlərinə sərbəst çıxış pozitiv nümunələrdir. VI çağırış Milli Məclisdə təmsil olunan müxalif partiyalar parlamentin işində fəal iştirak edirlər, Milli Məclisin komitə və komissiyalarının rəhbərliyində müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar, qanunvericilik və icra hakimiyyəti orqanları ilə səmərəli əlaqələr yaradılıb. Milli Məclisin siması dəyişib. Prezident İlham Əliyevin çox uğurlu Brüssel və Praqa görüşləri, Aİ ilə sıx əlaqələr, Orta Asiya dövlətləri ilə yeni səviyyədə əməkdaşlıqlar, Qoşulmama Hərəkatına sədrlik etməmiz, dünyanın aparıcı dövlətlərinin Azərbaycanın mövqeyi ilə hesablaşması xarici siyasətimizin nailiyyətləridir. Bu gün Azərbaycanın qardaş Türkiyə ilə münasibətləri ən yüksək səviyyədə genişlənməkdədir. Şuşa bəyənnaməsinin imzalanması Azərbaycanın təhlükəsizliyinə çox ciddi qarantdır. Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi və yardımı liderlərimizin - cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə bütün türk dünyasına liderlik etməsindən, qarşılıqlı dəstəklərindən, qardaşlıq münasibətlərindən irəli gəlir. Texnofest texnologiyalar festivalının keçirilməsi isə Azərbaycanın dünya ilə ayaqlaşmasının əlamətidir. Tam müstəqil siyasət sərgiləyən Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazırlaşır. Sevindirici haldır ki, müqavilə üçün hazırlanmış və "Vaşinqton sənədi" adlandırılan layihə Prezident İlham Əliyevin verdiyi təkliflərlə üst-üstə düşür. Sərhədlərin delimitasiyasındakı bir sıra məsələlər, Zəngəzur dəhlizinin açılması Azərbaycan tərəfinin təklif və tələblərindən biridir. Və bunu dəstəkləyən xeyli ölkə var".

Partiya sədri əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə sürətlə bərpa və quruculuq işləri aparılır. Magistral yollar çəkilir, müasir şəhər və kəndələrin layihələri hazırlanır. Füzuli və Zəngilanda beynəlxalq hava limanları tikilib və istifadəyə verilib: "Prezident İlham Əliyevin qəbul etdiyi qərarlarla Vətən müharibəsində şəhid olmuş vətəndaşlarımızın ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının sosial problemlərinin həllinə yönəlmiş, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət proqramı həyata keçirilir. Bir sözlə, Prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir, xalqımızın ümidlərini doğruldur və arzularını gerçəkləşdirir. Prezident İlham Əliyev uzun illərdir Qarabağ problemi ilə məşğuldur və O, bu məsələni bizim hamımızdan yaxşı bilir. O hansı dövlətlə, hansı siyasi liderlə necə əlaqələr qurur, onu bu problemin həllinə necə cəlb edə bilir, hesab edirəm ki, düz edir. Heç kim buna mane olmamalıdır. Bizlər bütün iddialarımızdan bir müddət əl çəkərək bu tarixi şansdan yararlanmaq, problemin həllini Azərbaycanın xeyrinə yönəltmək üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik. Prezident İlham Əliyev Qarabağ probleminə aidiyyatı, yaxud maraqları olan ölkələri və liderləri çox məharətlə bizim bu tarixi problemimizin yaxşı mənada həlinə cəlb edə bilir. Odur ki, Haqq Ədalət Partiyası olaraq daima dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı dəstəklədiyimizi bəyan edirik. İdarə Heyətinin üzvləri də mənimlə həmfikirdir. Partiya sədri müavinləri Norveçdən İsa Sadıqov, ABŞ-dan Qüdrət Quliyev də iclasa onlayn qatıldılar və biz yekdil bir qərar qəbul etdik. Beləliklə, biz qərara gəldik ki, Haqq Ədalət Partiyası birmənalı olaraq Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir".


Paylaş:
Baxılıb: 766 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31