Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında...

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında...

07.06.2023 [11:20]

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə edilib

Günel ABBAS

İyunun 6-da Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilib. Dövlət himni səsləndirilməsi ilə başlanan toplantının gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.

Əvvəlcə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin güləndirilməsi üçün əlavə 1105,0 milyon manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3000,0 milyon manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2260,0 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaranıb.

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30774,0 milyon manata qarşı 3005,0 milyon manat və ya 9,8 faiz artırılaraq 33779,5 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36568,8 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2579,3 milyon manata qarşı 210,0 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat olacaq.

2023-cü il dövlət büdcəsinin kəsiri 210,0 milyon manat artırılaraq 2789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz çoxdur. İcmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirlər hesabına 1735,3 milyon manat profisit yaranacaq.

Daha sonra deputatlar layihə ətrafında çıxış ediblər.

Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. Onun sözlərinə görə, iqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin əldə edilməsi, o cümlədən işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədilə bu ilin dövlət büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsinə imkan yaradıb: “Bununla da Prezident İlham Əliyev müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib”.

Təklif: Xaricdəki səfirliklərin təhlükəsizliyinə ayrılan vəsait artırılmalıdır

Azərbaycanın xaricdəki səfirlik və diplomatik korpuslarının təhlükəsizliyinə ayrılan vəsaitin artırılması təklif olunub. Bu təklifi Milli Məclisin deputatı Elşən Musayev çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın xaricdəki səfirlik və diplomatik korpuslarının təhlükəsizliyinin gücləndirilməsi vacib amillərdəndir: “Xatırladım ki, bir müddət əvvəl Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olmuşdu. Ona görə də diplomatik korpusların təhlükəsizliyinin təmin edilməsi üçün bütün mümkün resursları cəlb etmək lazımdır. Bu kimi tədbirləri Ermənistanla sülh müqaviləsi ərəfəsində etməliyik. Çünki Azərbaycanın uğurlarını həzm edə bilməyən, bizə səbəbsiz düşmən kəsilən, dövlətimizin gücünü gözü götürməyən qüvvələrin terrorundan hələ də sığortalanmamışıq”.

Milli Məclisin deputatı Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanda düzgün həyata keçirilən iqtisadi, kadr və struktur islahatları nəticəsində ölkənin gəlirləri artır: “Bu gəlirlər xalqımızın mənafeyinə sərf olunur. Bu gün qapı-qapı gəzib pul istəyən, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının qarşısında növbə gözləyən ölkələr var”.

Deputat qeyd edib ki, ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər olur. Onun sözlərinə görə, həmin saytlar vasitəsilə müxtəlif formada vədlər verilir: “Əməkhaqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır. Kimlərisə şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlərdə iştirak etdi. Odur ki, buna yol verməməliyik və bunu qanunla tənzimləməliyik”.

Sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq təsdiqlənib.

Beləliklə, Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başa çatıb.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31