Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev milli ordu quruculuğunun banisidir

Heydər Əliyev milli ordu quruculuğunun banisidir

21.06.2023 [10:10]

Son 200 ildə Rusiyanın himayəsinə sığınan ermənilər həmişə yaranmış şəraitdən riyakarlıqla istifadə etmiş, Azərbaycan xalqına qarşı amansız qətliamlar, qanlı soyqırımlar törətmişlər. Ən dəhşətli qırğınlardan biri 1905-ci ildə erməni-daşnak və rus-bolşevik birləşmələri tərəfindən Bakıda silahsız azərbaycanlılara qarşı törədilmiş, bu zaman on minlərlə insan qətlə yetirilmiş, şəhərdə tarixi binalar yandırılmışdı. 1917-1918-ci il hadisələrinin miqyası daha geniş olmuş, bu illərdə ermənilər əliyalın azərbaycanlılara qarşı yalnız Bakıda deyil, Şamaxıda, Qubada, Salyanda, Lənkəranda, İrəvanda, Naxçıvanda, Dərələyəzdə, Zəngəzurda, Şuşada və azərbaycanlıların məskunlaşdığı digər regionlarda dəhşətli soyqırımlar törətmişdilər.

Həmin vaxtlarda Azərbaycanın özünü müdafiə etmək üçün siahlı hərbi qüvvələri yox idi. Yalnız 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edəndən sonra demokratik respublikanın 40 min nəfərlik ordusu yaradılmışdı. 1920-ci ilin 28 aprelində bolşevik ordusunun Bakıya daxil olması ilə Azərbaycan Demokratik Respublikası süquta uğradı, milli ordu buraxıldı. Orduya başçılıq etmiş generallardan 11 nəfəri bir gecədə güllələndi, general Mehmandarov, general Şıxlınski və digər yüksək rütbəli hərbçilər həbs olundu, onların əksəriyyəti Nargin adasında qətlə yetirildi.

Şübhəsiz ki, sovetlər dövründə Azərbaycanda milli ordu quruculuğundan söhbət gedə bilməzdi. Bu iş nə qədər çətin olsa da, Azərbaycanda ordu quruculuğunun təməli ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi ilə qoyulmuşdu. Sovetlər dövründə azərbaycanlı gənclərdə hərb elminə marağın artırılması və bunun üçün real şəraitin yaradılması Ulu Öndərin gələcək Azərbaycanın müstəqilliyinə hesablanmış uzaqgöən siyasətinin tərkib hissəsi idi. Heydər Əliyevin ölkəmizdə hərb elminin formalaşdırılmasına göstərdiyi müstəsna qayğının sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey, 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində “Hərbi və fiziki təlim” fakültəsi təsis olundu. Ulu Öndər bunlarla yanaşı, 1970-80-cı illərdə çox sayda azərbaycanlı gəncin güzəştli şərtlərlə keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinə qəbulunu da təşkil etmişdir. Yalnız 1982-ci ildə 550 azərbaycanlı gəncin bir sıra hərbi məktəbdə təhsil alması təmin olunmuşdu.

Kommunist rejiminin sərt qanunları altında öz xalqının xeyrinə belə ciddi işlər görmək olduqca çətin idi. Bütün bunlara rəğmən ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi naminə mühüm ciddi işləri uğurla icra edirdi. Sonralar o bildirirdi: “Biz sovetlər rejimində yaşayırdıq, məgər bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejimin altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına köməklik göstər. Mən bunları etdim, Azərbaycan o illərdə çox yüksəyə qalxdı”.

Azərbaycan  1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa etdiyi zaman respublikada kifayət qədər peşəkar hərbçi var idi. Ancaq o zamankı hakim qüvvə öz səriştəzisliyi ucbatından mövcud hərbi qüvvələrdən və imkanlardan düzgün istifadə etməyi bacarmadı. Bütün bunlar Qarabağ uğrunda gedən döyüşlərdə faciələrə və torpaq itkilərinə səbəb oldu. Xalq bu çətin vəziyyətdən çıxmağın tək yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Ulu Öndər xalqın tələbi və istəyi ilə 15 iyun 1993-cü ildə Milli Məclisin Sədri vəzifəsinə seçildi. Bu hadisə Azərbaycan tarixinə “Qurtuluş günü” kimi daxil oldu. Azərbaycan Prezidenti İlham Əliyev bu faktı belə şərh edir: “Heydər Əliyev 1993-cü ildə parlamentin sədri seçiləndən sonra müstəqil Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Əgər 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan çox bəlalarla üzləşə bilərdi. Bu gün həmin dövrü təhlil edəndə görürük ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, iradəsi Azərbaycanı bu bəlalardan qurtardı”.

Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi Qarabağ uğrunda gedən döyüşlərdə əsaslı dönüş yaratdı. Milli ordu quruculuğu sahəsində yeni mərhələ başlandı. Kriminogen şərait yaradan silahlı dəstələr qısa bir vaxtda ləğv edildi, özünümüdafiə qüvvələri birləşdirilərək nizami orduya çevrildi. Milli hərbi kadrlar hazırlayan hərbi məktəblərin fəaliyyəti günün tələbləri səviyyəsinə qaldırıldı. İndi Respublikamızda Cəmşid Naxçıvanski adına hərbi lisey, Hərbi Akademiya, Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi, Bakı Ali Ümumqoşun Məktəbi, Azərbaycan Hərbi Təyyarəçilik Məktəbi, Hərbi Təlim və Tədris Məktəbi, ATU Hərbi Tibb fakultəsi, ADPU-nin nəzdində Çağırışaqədər Hərbi fakültə fəaliyyət göstərir. İndi fəxrlə demək olar ki, Azərbaycan Ordusu Avropa standartları səviyyəsinə yüksəlmişdir. Ordumuz Türkiyə və digər NATO dövlətləri ilə əməkdaşlıq edir, birgə təlimlər keçirir.

Heydər Əliyevin ordu quruculuğu sahəsində uzaqgörən siyasəti  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində tarixi qələbəsinin təməlini qoymuşdur. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı mühüm tarixi xidmətlərindən biri də xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi davamçısını yetişdirməsi olmuşdur. 2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Heydər Əliyevin zəmanəti və xalqın istəyi ilə 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərin daxili və xarici siyasətinin inkişafına, xüsusilə ordu quruculuğunun modernləşdirilməsinə müstəsna əhəmiyyət vermişdir. Prezident İlham Əliyev vəziyyəti düzgün qiymətləndirərək beynəlxalq qurumlara müraciətində bildirirdi ki, biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq düşmənin imkanlarını sayıq qiymətləndirir, Ermənistanı işğal olunmuş əraziləri könüllü tərk etməyə məcbur etmək üçün müxtəlif təsir vasitələrinə əl atmağa. Təəssüf ki, belə olmadı. Son dövrlərdə Ermənistan tərəfi açıq təxribatlara əl atdı. Ermənistanın müdafiə naziri Amerikada yeni müharibəyə hazırlaşmaları barədə bəyanatla çıxış etdi. Bu isə sağlam düşüncəyə və beynəlxalq hüquqa hörmətsizliyin nümayişi idi. Aprel döyüşlərindəki məğlubiyyətindən lazımi nəticə çıxarmaq əvəzinə erməni tərəfi 2020-ci il iyul ayında özünün bütün hərbi imkanlarından istifadə etməklə Azərbaycanın Tovuz rayonuna qarşı hərbi təxribata başladı. Onların məqsədi rayon ərazisindən keçən neft-boru kəmərini nəzarət altına almaq idi. Lakin Azərbaycan Ordusunun əks-hücum əməliyyatı qarşısında tab gətirə bilməyən mənfur düşmən altı gün davam edən döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qaldı.

27 sentyabr 2020-ci il, səhər saat 6-da bir sıra yaşayış mətəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə tutuldu. Adekvat cavab vermək qərara alındı və Azərbaycan müharibəyə qoşuldu. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, eləcə də Füzuli rayonunda 4, Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Müharibənin ilk günündəcə düşmənin 30 ilə qurduğu müdafiə xətti yarıldı, bundan sonra hərbi üstünlük Azərbaycan Ordusununun tərəfində oldu və 44 gün ərzində ordumuz bütün cəbhə bölgələrində irəli getdi.

Ali Baş Komandanın dediyi kimi, qələbəmizin zirvəsi Şuşa əməliyyatının uğurla aparılması oldu. Azərbaycanın zabit və əsgərləri noyabrın 8-də düşmənlə hərb tarixində misli-bərabəri görünməmiş əlbəyaxa döyüşə girdilər. Düşmən tərəfi Azərbaycan döyüşçülərinin rəşadəti qarşısında tab gətirə bilməyib xeyli itki verdi, salamat qalanlar canlarını qurtarmaq üçün hərb meydanından qaçdılar. Ali Baş Komandanın dediyi kimi, Azərbaycan Ordusunun Şuşanı azad etməsi dümənin belini qırdı, bununla da düşmən praktik olaraq təslim oldu. Düşmən tərəf noyabrın 10-na keçən gecə kapitulyasiya aktı imzalamağa məcbur oldu.

İkinci Qarabağ müharibəsi çox böyük geosiyası dəyişikliklərə gətirib çıxardı. Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətinə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev regionun ən qüdrətli dövlət başçısina çevrildi. Artıq dünya hibrid müharibəsinin mahiyyətini ikinci Qarabağ müharibəsinin nəticələrinə əsasən Azərbaycandan öyrənməyə üstünlük verir. ABŞ Hərbi Akademiyası, Pentaqon rəsmiləri də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsini zəruri hesab edirlər.

Artıq 30 illik işğaldan azad olunmuş ərazilərə - ata-baba yurduna insanların qayıdışı yeni vüsət almışdır. Azad olunmuş bütün regionlarda abadlıq və yenidənqurma işlərinin aparılması, qaçqın və köçkünlərin öz doğma yurdlarında məskunlaşmasının təşkili bilavasitə Müzəffər Ali Baş  Komandan  İlham  Əliyevin rəhbərliyi və qayğısı sayəsində icra olunur.

Ədalət Fərəcov YAP Veteranlar Şurasının Üzvü, 91-lərin üzvü, Prezident təqaüdçüsü, Professor.

Sultanəli Qurbanov Səbail rayonu YAP -Ü.Hacıbəyli - 68” ƏPT sədri , ADPU-nun dosenti.

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31