Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qayğı, xeyirxahlıq, həmrəylik bayramı...

Qayğı, xeyirxahlıq, həmrəylik bayramı...

26.06.2023 [13:25]

Təqvim vərəqinə nəzər saldıqda, bayram tarixlərinin yaxınlaşdığını görüb qəlbimizə də, ruhumuza da sevinc hissləri dolur, içimizdə həyat eşqi yüksəlir. Çünki bayram elə bir məfhumdur ki, yaşından asılı olmayaraq hər kəs onun gəlişinə sanki körpə uşaq kimi sevinir. Bayram bərəkətdir, ümiddir, sevgidir, qayğıdır. Millət, xalq, müsəlman olaraq bölüşdüyümüz sevincli və özünəməxsus özəl günlər var. Bunlardan biri dini bayramlarımızdan olan Qurban bayramıdır. Bu il Qurban Bayramı Azərbaycanda rəsmən iyunun 28-i və 29-da qeyd ediləcək.

Həmrəylik və qardaşlığın, humanizm, mərhəmət və səxavətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. “Qurban” kəlməsinin lüğəvi mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir.

Müsəlmanlar Allah adına qurbanlar kəsir, həmrəylik nümayiş etdirir, xoş niyyətlərini dilə gətirir və onların həyata keçməsini arzulayırlar. Bununla da onlar xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Bu bayram həm də humanist dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Kəsilən qurbanlardan ehtiyacı olan insanlara pay göndərilir ki, bu da insanlarda mərhəmət hissini aşılayır.

Tarixi

Qurban bayramı və ya dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub. Ancaq cəhalət dönəmlərində qurban günahdan təmizlənmək, qəzəblənmiş Tanrı və ya tanrıların könlünü almaq, hansısa diləyi yerinə yetirmək və s. üçün nəzərdə tutulurdu. Hicrinin, Məhəmməd peyğəmbərin Məkkədən Mədinyə hicrətinin ikinci ilindən sonra dini qurban kəsmənin İslam dünyasında fərqli məqsədləri və səbəbləri yarandı. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə onun imanını yoxlamaq üçün oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl mömin, qəlbində Yaradana sevgisi  olan dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurban bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Müsəlman ölkələrində Qurban bayramı

Qardaş Türkiyədə bayramın ilk günü insanların çoxu bayram namazından sonra qurban kəsmək və paylamaqla məşğul olduqları üçün qohumları ziyarətə getmirlər. Adətən yaxın dostlar, qohumlar, qardaşlar bir araya gələrək qurban kəsirlər. Beləcə onlar ilk gündən bayramı bir-birləri ilə qeyd etmiş olurlar.

Pakistanda, Lahorda Bədşahi Məscidində bayramdan öncə, həmçinin bayram günü dualar edilir. Daha sonra isə qurbanlar kəsilir.

Məkkədə müqəddəs məsciddə inanclı insanlar İslamın ən müqəddəs məbədi olan Kəbəni ziyarət edirlər.

İndoneziyada müsəlmanlar sübh tezdən bayram namazı üçün məscidlərə axın edirlər.

Qazaxıstanın paytaxtı Astanada isə müsəlmanlar sübh tezdən “Sultan” məscidində bayram namazı qılırlar.

Hansı heyvanları qurban kəsmək olar?

İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət deyil.

Udhiyyə, adaq və həcc qurbanı

Qurban ibadətinin üç növü var. Onlar udhiyyə qurbanı (yəni, Qurban bayramında kəsilən qurban), nəzir və ya adaq qurbanı, həcclə əlaqəli olaraq kəsilən həcc qurbanlarıdır.

Qurban kəsmək əvəzinə pul vermək olar?

Qurban kəsməyərək əvəzi olan vəsaiti kasıblara paylayanlar qurban kəsmiş sayılmaz. Onlar sadəcə, yoxsul və imkansızlara yardım, ya da gərəkli hesab edilən işə görə yardımla köməyin savabını qazanarlar.

Qurbanın kəsilmə qaydası

Qurbanlıq heyvanın kəsilməsində bəzi qaydalara riayət etmək lazımdır. Heyvan kəsiləcək yerə incidilmədən götürülür, kəsiləcək zaman da qibləyə qarşı və sol tərəfi üzərində yatırılır. Əlindən gəldiyi qədər hər bir mükəlləf qurbanını özü kəsməlidir. Amma bacarmadığı halda başqasına vəkalət verib kəsdirə bilər. Qurban sahibinin heyvanın kəsilməsi zamanı orada olması lazımdır.

Qoyun, keçi, inək və camış cinsindən olan heyvanlar yatırılıb çənələrinin altından, dəvə isə ayaq üstə sol ön ayağı bağlanaraq köksünün üzərindən kəsilir. Heyvanın boğazının iki tərəfindəki şah damarları, yem və yemək borusu kəsilməli, heyvanın qanı axıdılmalıdır.

Kimlər qurban kəsə bilər?

İslamda “nisab miqdarı” deyilən anlayış var. Bu anlam hər kəsin qurban kəsməsini zəruri edən maddi imkan miqdarı ilə rivah səviyyəsini göstərir. Şəriətin buyruğuna görə, 561 qram gümüş və 650 kq buğdanın dəyəri qədər varidatı olan kəs qurban kəsməlidir.

Şəriət onu da buyurur ki, qurbanlıq heyvanlardan qoyun və keçi ancaq bir nəfər tərəfindən kəsilə bilər. İnək, camış və ya dəvəyə gəldikdə isə, 7 nəfər yığışıb bu heyvanlardan birini kəsmək hüququna malikdir. Qurbanlıq heyvana şəriklərin sayı daha çox ola bilər. Bir şərtlə ki, onların iştirakı ilə kəsilən qurban ətinin bərabər bölünmüş hissələrini şəriklərin hər biri bir yoxsula və ya imkansıza çatdırsın.

Adət-ənənələrimizin tərkib hissəsi

Qurban bayramı müsəlman aləmində təkcə dini ayin kimi icra və qeyd olunmur. Azərbaycanda bu, həm də milli adət-ənənlərimizin tərkib hissəsinə çevrilib. Qurban bayramında nişanlı qızlara oğlan evi tərəfindən qurban əti göndərilir, ya da qurbanlıq qoyun (quzu, keçi və s.) gətirilər. Gəlinin bel bağı kimi qırmızı lent qurbanlıq qoyunun boynuna bağlanır, nişanlı qızın ayağı altında kəsilir. Eyni mərasim toylarımızda da icra olunur. Qurban bayramı gününə təsadüf etməsə də, əksər toylarda gəlinin ayağı altında qurbanlıq heyvan kəsilir.

Qurban bayramı qardaşlıq, yardımlaşma, insanların bir-birinə dayaq durması ruhunu canlandırır, müsəlmanlar arasında sosial ədaləti qısa müddətə olsa da bərpa edir. Unutmayaq ki, qurban sevinc kimidir, bölüşəndə artır... Bayramınız mübarək!

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31