Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 102 il əvvəl...

102 il əvvəl...

05.07.2023 [10:57]

Nərimanovun Qarabağ xidməti

“Bir gün də Qarabağı erməni tapdağında qoymaram”

Cümhuriyyətdən sonrakı illər SSRİ-nin tərkibinə daxil olmaqla bağlı hadisələrlə yadda qalıb. Ancaq həmin dövrdə bir adam var idi ki, o öz əqidəsi, iradəsi və təcrübəsi ilə zamanında xalqın və öz doğma torpağının gələcəyini xilas edirdi. Bəli, o, bu gün paytaxt Bakının ən uca yerlərindən birində heykəli əzəmətlə dayanan Nəriman Nərimanovdur. Son bir ildə dəfələrlə verilən “Nərimanov o ucalıqda heykələ layiqdir?” sualının cavabı isə birmənalı şəkildə müsbət olmalıdır. Əvvəlki yazılardan birində bu məsələyə toxunmuş, tarixi hadisələrə qısa da olsa, səyahət etmişdik. Ancaq bu dəfə daha dəqiq və səhih formada tarixin 1921-ci il 4-5 iyul səhifələrini vərəqləyəcəyik...

... Artıq Cümhuriyyət süquta uğramış,  ya da başqa bir dillə desək, bu süquta tərk edilmişdi. İndi həm xalqı, həm də torpağı qurdların süfrəsində qoruyan bir şəxsiyyətə böyük ehtiyac var idi. O adamın məhz Nəriman Nərimanov kimi bir siyasi xadim olması böyük şans idi deyə bilərik. O, Bakıda şərəfli, məsuliyyətli işdə böyük çətinliklərlə üzləşəcəyini bilirdi. Şərq ölkələrinin, doğma Azərbaycanın nicatı, azadlığı və xoşbəxt gələcəyi üçün bu tarixi fürsəti həyatı bahasına olsa da, yerinə yetirəcəyini qət etmişdi. Müqəddəs borc bildiyi vəzifəni yerinə yetirəcəyinə inanırdı. Bakıya yola düşməzdən əvvəl V.İ.Leninlə görüşündə səmimi söhbətləri bu inamı möhkəmləndirmişdi. Lakin N.Nərimanov Bakı fəaliyyətinin ilk günlərindən onu duman kimi bürüyəcək “bolşevik şovinizmi” kabusundan xəbərsiz idi. Belə ki, Azərbaycanda aprel çevrilişinin ilk günlərindən iqtisadiyyat və dövlət quruculuğunda yerli şəraiti nəzərə almadan Sovet Rusiyası üsul idarəçiliyinin tətbiqi - totalitar rejimin əsasları qoyulurdu.

Qarabağ uğrunda...

Zaqafqaziya respublikalarında sovet hakimiyyəti bərqərar olunduqdan dərhal sonra üç ölkə - Azərbaycan, Gürcüstan və Ermənistan arasında narahatlıq doğuran, münaqişələrə səbəb olan sərhədlərin tənzimlənməsi təxirəsalınmadan həll olunmalı idi. Ona görə də Azərbaycan Xalq Komissarları Sovetinin 1921-ci il 13 iyunda keçirdiyi iclasda Tiflisə sərhəd məsələlərini müəyyənləşdirən komissiyaya nümayəndə heyəti göndərilməsi məsələsi müzakirə olunur. Üç gündən sonra növbədənkənar iclasda Azərbaycan SSR Xarici İşlər Komissarı Ə.H.Qarayevin Naxçıvan bölgəsi və Dağlıq Qarabağ səfəri haqqında məruzəsi dinlənir. Məlum olur ki, Ermənistan SSR hakimiyyəti, o zamankı Dağlıq Qarabağı ələ keçirmək iddiasında olan erməni bolşevikləri daşnak siyasətini davam etdirir, hətta A.Muravyanı Şuşaya xüsusi müvəkkil kimi təyin etmişlər. N.Nərimanovun təklifilə ərazi məsələləri həll edilənə qədər A.Mravyanın Qarabağdakı səlahiyyəti ləğv olunur: Ş.Orconikidzeyə, Ermənistan İnqilab Komitəsinin sədri A.Myasnikyana və Azərbaycan Hərbi Dəniz Komissarlığına etiraz teleqramı göndərilir. Həmin məsələyə AK(b)P MK siyasi və təşkilat bürosunda baxıldıqdan sonra N.Nərimanov Tiflisə RKP MK-nın Qafqaz bürosuna dəvət olunur.

1921-ci il iyul ayının 4-də Qafqaz bürosu plenumunun axşam iclasında RKP MK üzvü Stalinin və büro üzvlərinin (Orconikidze, Maxaradze, Myasnikov, Nazarapetyan, Oraxelaşvili və Fiqatnerin) iştirakı ilə müzakirə edilir. Burada Qarabağ məsələsinə iki baxış: 1) Qarabağı Azərbaycan hüdudunda saxlamaq; Bütün əhalinin, erməni və azərbaycanlıların iştirakı ilə Qarabağda sorğu keçirmək, 2) Qarabağın Dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək; sonra sorğunu ancaq Dağlıq Qarabağda keçirmək səsə qoyulur.

Plenumda meydana çıxan iki baxışa iştirakçıların səsverməsindən sonra, nəticədə qərara alınır: “Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək, sorğunu ancaq Dağlıq Qarabağda keçirmək”.

N.Nərimanov qərarla razılaşmır, bəyənatla çıxış edərək deyir: “Azərbaycan üçün Qarabağ məsələsinin zəruriliyini nəzərə alaraq onun RKP MK-nın qəti qərarına keçirilməsini vacib hesab edirəm. Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın. Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür                   həll edəcəyəm!”

Ertəsi gün, yəni 5 iyul 1921-ci ildə RKP MK Qafqaz bürosu plenumu iclasında eyni tərkibli iştirakçılar Qarabağ məsələsini müzakirə edir, səsvermənin nəticəsi olaraq qərara alınır: “Müsəlmanlar və ermənilər arasında milli (sülhün) asayişin vacibliyinin və Yuxarı, həm Aşağı Qarabağın Azərbaycanla daimi olan Şuşa şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyatı verilməklə, o, Azərbaycan SSR-in hüdudlarında saxlanılsın.

Lenin ona etimad göstərirdi

N.Nərimanovun bəyanatına inam və etimadla yanaşan V.İ.Leninin göstərişi ilə o zamankı Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında 5 iyul 1921-ci il tarixli qərarda Şuşa şəhəri inzibati mərkəz olmaqla o zamankı Dağlıq Qarabağa geniş vilayət muxtariyyatı verilməsi” Qafqaz bürosu iştirakçılarının əksəriyyətinin xristian təəssübkeşliyinin, yerli müsəlman xalqına xəyanətinin göstəricisi idi.

N.Nərimanov o zaman Azərbaycanın KP Mərkəzi Komitəsində yuva salmış Sarkis, Mirzoyan kimi düşmənlərin, Orconikidze və Kirov kimi ermənipərəstlərin xəyanətini başa düşürdü. Bilir və hər kəsə bildirirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Ona görə, Bakıda rəhbərlikdə olduğu müddətdə Qafqaz bürosunun xəyanətkar siyasətinin reallaşmasına imkan vermədi. Onun Azərbaycandan uzaqlaşdırılmasından sonra o zamankı Dağlıq Qarabağa vilayət statusu verildi.

N.Nərimanov özü bu barədə sonralar yazırdı: “... Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında muxtar vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdır, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq, ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni müəllimlərinin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi”.

1920-1922-ci illər Azərbaycanda ümumxalq işinə, camaatın maddi rifah halının yaxşılaşdırılmasına, maarif və mədəniyyətin tərəqqisinə, ölkənin hərtərəfli inkişafına bütün qüvvəsini və bacarığını əsirgəməyən N.Nərimanov saf əqidəli, mütəfəkkir ictimai xadim kimi tanınırdı. Fanatik bolşevik məmurları N.Nərimanovun ədalətli, doğru-düzgün sərbəst əməli işində millətçi təmayülçülük görürdülər. N.Nərimanov gənclik dövründən bədii əsərlərində və publisistikasında beynəlmiləlçilik, dostluq, birlik təbliğ edib. O, ömrü boyu türk xalqlarının birliyi, Şərq xalqlarının azadlığı uğrunda mübarizə aparıb.

N.Nərimanov Azərbaycanda Xalq Komissarları Sovetinin sədri işlədiyi müddətdə böyük nüfuz və səlahiyyətləri çərçivəsində olduqca faydalı işlər həyata keçirirdi ki, bu da sovet hökumətinin gizli siyasətini təmsil edən mənsəbpərəst məmurları qıcıqlandırırdı. Nəriman Nərimanovu bəhanə ilə Azərbaycana rəhbərlikdən uzaqlaşdırmaqla onun Şərqdə nümunəvi, demokratik, xalq hakimiyyəti - “Müstəqil Sovet Azərbaycanı” (V.İ.Lenin) yaratmasına imkan vermədilər.

Rus şovinizmi xəstəliyinə yoluxmuş bolşevik məmurları xalqını, Vətənini sevən, bütün Şərq xalqlarını xristian dünyasının əsarətindən xilas etməyə çalışan N.Nərimanovu millətçi-təmayülçü adlandırıb, onun ictimai-siyasi fəaliyyətini, şəxsiyyətini, bəşəri xidmətlərini unutdurmuşdu. Lakin doğma xalqı Nəriman Nərimanovu unutmadı.

Ulu öndər Heydər Əliyev Türk dünyasının böyük oğluna layiq olduğu dəyəri göstərdi. O, 1972-ci ildə Nərimanovun heykəlinin açılışındakı çıxışında deyirdi: “Nəriman Nərimanov bu gün də bizimlədir. O özünün nəhəng qaməti ilə burada, qocaman Xəzərin dalğaları üzərində ucalır, vuruşlarda və yaradıcı əməyi şöhrətini qazanmış Bakıda ucalır və tanınmaz dərəcədə dəyişilmiş respublikamızın düzlərinə elə bil iftixarla nəzər salır, xalqın səadəti uğrunda çarpışmış mərd mübarizlə görüşə gəlmiş zəhmətkeşlərin çoxmillətli dəstələrini diqqətlə gözdən keçirir”.

Sonda müəllimlərimdən Nəriman Nərimanov haqqında tez-tez eşitdiyim bir fikri vurğulamaq istərdim. Onlar deyirdi ki, Nərimanov bizim müasirimizdir. Bu, həqiqətən də belədir. Nərimanov hələ yüz əvvəl Qarabağın Azərbaycan üçün strateji əhəmiyyətini anlamış, onun tarixi torpağımız olduğunu rəsmi səviyyədə qaldırmış və Qarabağın Azərbaycandan qoparılmasına şərait yaratmamışdı. Həyat yollarında nə qədər təlatüm yaşamış olsa da, tək bu məqam ən müsbət cəhəti olsa da, Nərimanovun Azərbaycan üçün etdikləri danılmazdır.

Günel ABBASOVA

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31