Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dəmir yollarının inkişafında Azərbaycan modeli

Dəmir yollarının inkişafında Azərbaycan modeli

06.07.2023 [10:51]

Nəqliyyatın bütün sahələrində tərəqqi

Günel ABBASOVA

Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində və sonrakı dövrlərdə Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərini kompleks şəkildə müdrikliklə hazırlayırdı. İqtisadiyyatın bir sahəsinin timsalında bu reallıqları biz konkret olaraq nəzərdən keçirə bilərik. Azərbaycanda dəmiryolu infrastrukturunun inkişaf yoluna nəzər salsaq görərik ki, dəmiryolu nəqliyyatının inkişafı ölkəmizdə XIX əsrin sonlarına təsadüf edir. Bu dövrdə neft sənayesinin inkişafı istehsal olunmuş məhsulun daşınmasını zəruri edirdi. Bu baxımdan Azərbaycanda dəmiryolu çəkilişinə başlanması, onun sonrakı inkişafı, neft istehsalı və emalı ilə birbaşa bağlıdır. Həmin dövrdə neftin primitiv üsullarla, dəvə karvanı və arabalarla daşınması çox baha başa gəlirdi. Bu neft sahibkarlarına daha yüksək gəlir əldə edilməsinə şərait yaradacaq, dəmir yollarının çəkilməsinə maraq göstərirdilər. Bu elə, neftin daşınması, öncə Bakı şəhərində, daha sonra bütün Azərbaycanda dəmiryolunun inşası və inkişafı üçün zərurət yaratdı.

Ölkənin ilk dəmiryolu xətti 1878-ci ildə çəkilmiş 20 km uzunluğu olan Bakı-Suraxanı-Sabunçu dəmiryoludur. Daha sonra 1883-cü ildə salınmış Bakı-Tbilisi-Batumi, 1890-cı ildə çəkilmiş Biləcəri-Dərbənd dəmiryoludur. Dəmiryolu ilə yükdaşınmanın maksimum həcmi 1987-ci ilə təsadüf edir. Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan dəmiryolunda yük dövriyyəsi 43 milyard ton-kilometr olub.

SSRİ dövründə də qeyd etmək lazımdır ki, 1926-cı ildə ilk elektrikləşdirilmiş dəmiryolu Bakı-Sabunçu xətti olub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə də bu ölkədə iqtisadiyyatın bu sahəsinə xüsusi diqqət yetirib və bu sektorda mühüm işlərin görülməsinə rəhbərlik edib. Ümumiyyətlə, iqtisadiyyatın bu sahəsinin də inkişaf tarixinin böyük bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qayğı və diqqəti sayəsində Azərbaycan dəmiryolu infrastrukturu özünün ən yüksək inkişaf həddinə çatıb. Hələ SSRİ dövründə Şirvan, Yevlax, Balakən, Şəki, Güzdək-Qarabağ dəmiryolu xətləri və digər dəmiryolu stansiyaları istismara verilib. 1975-ci ildə konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada bu sahədə ixtisaslaşmış yeganə müəssisə olaraq istifadəyə verilir ki, bu gün də Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə inşa olunmuş bu depo bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir. Gəncə şəhərində texniki nailiyyətlərin son tələblərinə uyğun yük vaqonlarının təmiri və istismarı gün ərzində 60 elektrovoza texniki baxış keçirmək gücünə malik Şirvan dövriyyə depoları da bu qəbildəndir.

Azərbaycan 90-cı illərin əvvəllərində dərin tənəzzül keçirirdi. Həmin dövrdə bütün sahələrdə olduğu kimi dəmiryolu sahəsi də tənəzzül içində idi. Ümummilli lider Heydər Əliyev iqtisadiyyatın bütün sahələrini, eləcə də respublikanın polad şəbəkəsini diqqət mərkəzində saxladı. Bununla paralel olaraq dəmiryolunun idarəetmə strukturları dəyişdirildi, xidmət və şöbələrin bazasında müstəqil fəaliyyət göstərən istehsalat birlikləri, müəssisələr və təşkilatlar formalaşdırılırdı. Ölkələrarası, respublikadaxili sərnişin daşınması təşkil olundu, qonşu dövlətlərlə dəmiryolları və iqtisadi əlaqələr yenidən quruldu. Tranzit yükdaşımaları bərpa olundu. 1998-ci ildə Dübəndidə terminal və stansiyanın açılışı həyata keçirildi. Heydər Əliyev dəmiryolunun Azərbaycan iqtisadiyyatındakı böyük rolunu bilir və dəyərləndirirdi. Çünki hər bir ölkənin geosiyasi və geoiqtisadi mövqeyinin gücü, həm də onun nəqliyyat sisteminin inkişafından asılıdır. Bu mənada da dəmiryolu nəqliyyatının rolu mühüm önəm daşıyır. Çünki milli iqtisadiyyatların qarşılıqlı asılılığının getdikcə artdığı, regionlararası, qitələrarası mal dövriyyəsinin yüksəldiyi bir şəraitdə dəmiryolu nəqliyyatı dövlətlərin inkişafının təkanverici elementinə çevrilmişdi.

Bu baxımdan ölkəmizdə dəmiryolu sisteminin tərəqqisi daim dövlətin diqqət mərkəzindədir və bu gün iqtisadiyyatın prioritet istiqamətlərindən biridir. Ulu Öndərin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə 2005-ci ildən 13 oktyabr dəmiryolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Cənab İlham Əliyevin 2009-cu il 20 iyul tarixli sərəncamı ilə “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu gün Azərbaycan dəmiryollarının inkişafı üçün bütün imkanlar var. Beynəlxalq maliyyə qurumları ilə bu gün “Azərbaycan Dəmiryolları” arasında iqtisadi əlaqələr daha da intensivləşib. Azərbaycan dəmir yollarının infrastrukturu yeniləşmiş, göstərilən xidmətlərin səviyyəsi artırılmışdır. Bakı Dəmiryolu vağzalında əsaslı yenidənqurma işləri həyata keçirilmişdir. Bakı-Sumqayıt sərnişin dəmiryolu yenidən əsaslı təmir olunaraq istifadəyə verilib. Qonşu İran dövləti ilə gələcək iqtisadi inkişafa təkan verəcək Astara (Azərbaycan) - Astara (İran) dəmiryolu uğurla istifadəyə verilib. Avrasiya nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli olan layihələrdən biri Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Qarabağ müharibəsindən sonra da bu sahənin inkişafı diqqət mərkəzində olaraq qalır.

Naxçıvandan çəkiləcək dəmiryolu geosiyasi və geoiqtisadi üstünlüklərə malikdir. Bu, Avropa ilə Asiyanın unikal nəqliyyat kommunikasiya imkanlarına malik olan bir layihə olmasıdır. Bu layihəyə Türkiyə, İran da qoşulacaq, Ermənistan dövlətinin ərazisindən keçəcək bu beynəlxalq dəmiryolu layihəsinə Ermənistan dövləti hələ də cavab verməyib. Bu layihələr bütövlükdə Azərbaycan dövlətinin beynəlxalq ticarətdə rolunun əhəmiyyətli dərəcədə artmasına və beynəlxalq aləmdə onun mövqelərinin möhkəmlənməsinə səbəb olacaq. Beləliklə, Heydər Əliyevin Azərbaycanda təkcə dəmiryolu nəqliyyatı deyil, bütün sahələrin bərpası, qəbul edilmiş qanunlar, ölkəmizin digər ölkələr ilə istər dəmiryolları, istərsə də hava, su yolları ilə əlaqələrin yaranması, İpək Yolunun Azərbaycandan keçməsi, ölkənin tranzit rolunu oynaması iqtisadi inkişaf üçün geniş imkanlar açırdı. Bu imkanları görüb ondan səmərəli istifadə və gələcək dövrlərdə nəqliyyatın ayrı-ayrı sahələrinin inkişafı da Heydər Əliyevin uzaqgörənliyi idi. Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz inkişafını bərpa edirdi, yaradıcılıqla inkişaf etdirirdi.

Azərbaycanın regional iqtisadi inkişafında “Əsrin kontraktı” BTC və BTƏ-nin xüsusi rolu və əhəmiyyəti qeyd olunmalıdır. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş formalaşmış iqtisadi siyasətdən bu gün də uğurla bəhrələnirik. Bu Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi və müvafiq layihələr regional əməkdaşlığı inkişaf etdirməklə, onu beynəlxalq əməkdaşlığın inkişaf zəmininə çevirib. Bunlar Heydər Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin nəticəsidir.

Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı. İpək yolu hələ qədimdən bu günə kimi Avropa ilə Asiya arasında körpü rolunu oynayırdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzit rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verirdi. 1993-cü ildə Brüssel şəhərində keçirilmiş Konfransda Avropa Komissiyasının TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Proqramının yaradılmasının təşəbbüskarı kimi 8 ölkədən biri də Azərbaycan Respublikası olmuşdur. Avropa Birliyinin TASİS (MDB ölkələrinə texniki yardımı) çərçivəsində nəqliyyat infrastukturu üzrə çoxmilli TRASEKA proqramı (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Mərkəzi Asiyadan Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat marşurutunun yenidən qurulmasını qarşıya məqsəd qoymuşdur. Heydər Əliyevin yorulmaz əməyi nəticəsində 1996-cı il dəmiryolların yenidən bərpası mümkün oldu. Azərbaycanda dəmiryollar yenidən yük daşınmasında öz gücünü bərpa edə bildi. Azərbaycanın daxili və xarici ticarətində mühüm əhəmiyyət kəsb etməyə başladı. Beynəlxalq yüklərin daşınması üçün öz imkanlarının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Dəmir Yolu beynəlxalq təşkilatlara müraciət etdi. Dəmir yolu MDB və Baltikyanı dövlətlərin dəmiryolu nəqliyyatı Şurasının, Dəmir Yolları Əməkdaşlıq Təşkilatının və Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü oldu.

Sovet ideologiyasının əksinə olaraq Heydər Əliyev bu dövrdə ilk dəfə ümumrespublika müşavirələrində təmiz Azərbaycan dilində çıxışlar etməyə başladı, Azərbaycan SSR-nin Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail oldu, azərbaycanlı gənclərin SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində, o cümlədən ali hərbi məktəblərdə təhsil almaları, respublikada elmin, təhsilin, səhiyyənin, mədəniyyət və incəsənətin və digər sosial infrastruktur sahələrinin inkişaf etdirilməsi, yerli kadr potensialının hazırlanması üçün əməli işlər gördü. Bütün bunlar Ümummilli Liderin şəxsi nüfuzunun nəticələri idi. Təsadüfü deyildir ki, bu dövrdə Heydər Əliyevin şəxsi nüfuzu o qədər yüksəlmişdir ki, artıq 1982-ci ildə keçmiş hakim Sovet İttifaqı Kommunist Partiyası Büro Üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu və ona böyük bir ölkənin əsas təsərrüfat və digər müxtəlif sahələrinin inkişafınin koordinasiyası, o cümlədən XX əsrin qlobal layihələrindən biri olan BAM (Baykal-Amur magistral dəmir yolu) tikintisinin həyata keçirilməsi həvalə edildi. Həmin illərdə bacarıqlı rəhbərlik, yüksək idarəetmə qabiliyyəti, şəxsi işgüzarlıq nəticəsində onun beynəlxalq və ölkədaxili nüfuzu o qədər yüksəlmişdir ki, SSRİ rəhbərliyində olan Qorbaçov komandası ona ciddi bir rəqib kimi baxaraq hər vəchlə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışırdılar və bir müddət sonra müxtəlif intraqalarla buna nail ola bildilər.

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının “Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli” mövzusunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqəsinə təqdim etmək üçün hazırlanmışdır

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31