Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elm və təhsil komitəsinin iclasında

Elm və təhsil komitəsinin iclasında

07.03.2024 [10:50]

2026-cı ildən etibarən...

Dünən Milli Məclisin Elm və təhsil komitəsinin iclası baş tutub. İclasda “Təhsil haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Belə ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

“Təhsil haqqında” qanundakı dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

- Şəhid ailəsinin üzvləri;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteran” adı almış şəxslər;

- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər;

- Əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

- “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;

- Peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;

- Peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələr. Həmçinin 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobil AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.

Minimum əməkhaqqı 1000 manatdan yuxarı ola bilər

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev çıxışında bildirib ki, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir: “Bu stimullaşdırıcı tədbirdir. Bir tərəfdən təhsil verənlərin öz üzərilərində çalışması, bilik, bacarıq və səriştələrinin artırılması baxımından önəmlidir. Digər tərəfdən isə onların maaşlarının artırılması təsir göstərir”.

B.Əliyev qeyd edib ki, kim daha çox bal toplayırsa, onların əməkhaqqına əlavələr olur: “Bu da müəllimlərimizin 2026-cı ildən etibarən təqribən minimum əməkhaqqının 1000 manatdan yuxarı başlayacağına dəlalət edir. Bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var. Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”.Qazilərin universitetlərə qəbulu üçün güzəştlər...

B.Əliyev həmçinin vurğulayıb ki, Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlər təklif edilir. Onun sözlərinə görə, “Təhsil haqqında” qanunda yer alan bakalavr təhsil səviyyəsi üzrə hazırlıq qruplarının yaradılması barədə maddə var: “Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hələ hazırlıq qrupları fəaliyyət göstərmir. Bu qruplarının təşkilinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“Ali təhsil haqqında” qanun layihəsini müzakirə etdikdə bu məsələ də orda danışılmışdı ki, qazilər üçün hazırlıq qruplarında müəyyən kvotalar nəzərdə tutula bilər. Çünki həmin şəxslər hazırlıq qruplarına qəbul olduqdan sonra sonda imtahandan keçdikdə I kurs üzrə müvafiq ixtisaslara qəbul olunurlar.

Bu, o demək deyil ki, onlar imtahansız universitetə qəbul ediləcək? Xeyr. Sadəcə bir illik hazırlıq müddətdəki tədris onlara imkan verəcək ki, qəbul imtahanlarına hazırlaşsınlar, gələcək I və II kurslarda həmin fənlərlə bağlı müəyyən kreditləri qazana bilsinlər. Bu məsələnin Elm və Təhsil Nazirliyinin bir daha nəzərdən keçirməsini xahiş edirəm. Çünki məsələ aktual və gündəmdədir”.

Şəhid övladı istədiyi məktəbdə ödənişsiz oxumalıdır

Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev isə şəhid övladlarının təhsil alması ilə bağlı bir sıra məqamlara toxunub: “Şəhid övladı istənilən məktəbi seçə bilər. Şəhid övladlarının istəyidirsə, özəl orta məktəblər bu uşaqları ödənişsiz oxutmalıdır”.

Deputat qeyd edib ki, bizdə bələdiyyələrin orta və ali məktəbləri yoxdur: “25 ildir bələdiyyələr yaranıb, amma məktəbləri yoxdur”.

İclasda iştirak edən Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov məktəblərdə davranış qaydalarının hazırlandığını qeyd edib: “Bu, pilot layihə kimi hazırda 300-dən çox məktəbdə tətbiq olunur. Orada təhsilalanların, təhsilverənlərin və eyni zamanda, valideynlərin məsələlərin tənzimlənməsində etməli olduğu məsələlər öz əksini tapıb”.

S.Mahmudov həmçinin orta məktəblərdə şagirdlər arasında baş verən xoşagəlməz hallardan da danışıb: “Hər zaman məktəbdə şagirdlər arasında müxtəlif davranış qaydalarının pozulması olub. Bu, normaldır. Amma hadisənin ictimaiyyətə təqdimat forması bir qədər dəyişib, daha çox qabardılır”.

O, qeyd edib ki, burada valideyn-məktəb münasibətləri birgə işlənilməlidir: “Bu vəzifələri tək ümumtəhsil müəssisəsinin üzərinə qoymaqla vəziyyəti tənzimləmək mümkün deyil. Burada ailənin də üzərinə kifayət qədər yük düşür”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30